Məsələnin ciddiliyini nəzərə alıb Səhiyyə Nazirliyinin mütəxəssisi qan duruldan dərmanların qəbulu ilə bağlı əhaliyə xəbərdarlıq edib.
“Qan duruldan dərmanların müəyyən xəstəliklərin müalicəsi zamanı istifadəsi tövsiyə edilə bilər. Lakin bu, yalnız həkim tövsiyəsi ilə olur. İstər qan duruldan, istər vitamin, istərsə də digər dərman vasitələrinin həkim məsləhəti olmadan qəbulu yolverilməzdir”.
“Apteklərdə qan durulducu dərmanlar normal dozada verilmir”
Məsələ ilə bağlı həkim Abbas Bağırovun fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu çox ciddi bir məsələdir:
“Qan duruldan dərmanla bağlı cəmiyyətimiz ciddi problem yaşayır. Bu sahədə bir özfəaliyyət var. Apteklərdə qan durulducu dərmanlar normal dozada verilmir. Çəki və yaş düzgün hesablanmır. Xəstənin hansı kateqoriyaya aid olmasına baxılmır. Hamıya 100 milliqramda verilir. Ən pisi də odur ki, bundan hər gün istifadə edilir.
Lakin əksər hallarda orqanizmin real vəziyyəti və patologiyanın gedişatı bunu tələb eləmir. Ümumiyyətlə, qan durulducu dərman məsələsi çox ciddi problemdir. Bəzi insanlar infarktın qarşısını almaq üçün təkcə qan durulduculardan istifadə edirlər. Amma belə hallarda damar tonusunu tənzimləyici preparatlardan da istifadə etmək lazımdır.
Bizim həkimlər nədənsə daha çox qanı durultmağa çalışır. Bunun da ciddi fəsadları olur. Qanın duruldulması ilə yanaşı damar yollarının təmizlənməsi də vacibdir. Bu iki proses birlikdə aparılanda effektiv olur. Lakin çox zaman qanın duruldulmasına fikir verilir, amma damar yada düşmür. Qan durulur, laxtalanma olur və tromp əmələ gəlir. Nəticədə, xəstə infakt olur və hətta həyatını itirir”.