Müharibə təzminatının ödənilməsi beynəlxalq hüquqda müharibəyə aid hüquq qaydalarına, başqa sözlə, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə görə tənzimlənən gücdən istifadənin qadağan olunmasına və beynəlxalq humanitar hüququn tələblərinin pozulmasına əsaslanır.
Manevr.az xəbər verir ki, Ermənistan Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazilərini işğal edərək, eyni zamanda, İkinci Qarabağ müharibəsində öz cinayətlərini davam etdirərək gücdən istifadə qadağasını, həm də beynəlxalq humanitar hüququn çoxlu sayda tələbini pozub. Azərbaycan sonuncu müharibədə öz ərazilərini işğaldan azad etsə də, Ermənistan beynəlxalq səviyyədə cinayət məsuliyyətinə cəlb olunmayıb, 30 il boyunca Azərbaycana vurulan zərər ödənilməyib. Azərbaycanın hər iki müharibə dövründə və sonra çəkdiyi zərərə görə Ermənistandan təzminat tələb etmək haqqı var.
Təzminat məsələsi BMT Nizamnaməsinə, ayrı-ayrı beynəlxalq konvensiyalara, beynəlxalq məhkəmə qərarlarına əsaslanır.
Dünya tarixinə nəzər saldığımız zaman müharibə təzminatı məsələsinin İkinci Dünya müharibəsindən sonra müxtəlif konfransların müzakirə mövzusu olduğunu və sülh müqavilələrində tənzimləndiyini görə bilərik.
Məsələn, hələ hərb bitməmiş, 4-11 fevral 1945-ci ildə keçirilən Yalta Konfransında SSRİ-nin nümayəndəsi olmuş İvan Mayski bildirmişdi ki, Birinci Dünya müharibəsindən sonra tətbiq olunan müharibə təzminatının ödənilməsi sisteminin uğursuzluğunun səbəbi təyin edilən miqdarın böyük olması deyildi. Bunun əsas səbəbi müharibə təzminatının nağd şəkildə və dollarla tələb olunması idi. Xatırladaq ki, Almaniyanın təzminatı ödəməsi qərarı Yalta Konfransının 11.02.1945-ci il tarixli Protokolunda qeyd olunub.
Müharibə təzminatı məsələsi BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapıb. Belə ki, İraqın Küveyti işğalından (1990-91) sonra BMT TŞ-nin qəbul etdiyi 674, 686, 687 və 692 saylı qətnamələri ilə Bağdadın işğal nəticəsində dəyən zərərə görə məsuliyyət daşıdığı və təzminat öhdəliyinin olduğu qərarı verilib.
Bununla belə, BMT TŞ-nin daimi üzvlərinin təzminat məsələsində fərqli fikirdə olduqları zamanlar da olur, bu isə öz növbəsində çətinliklər yaradır. BMT-nin Beynəlxalq Hüquq Komissiyasının 2001-ci ildə hazırladığı "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında Maddələr Layihəsi"nə görə, nəzəri və praktik baxımdan asılı olmayaraq, müharibədən meydana gələn problemlərin həlli dövlətlər arasındakı digər problemlərin həllindən fərqli dəyərləndirilə bilməz. Bu kontekstdə layihənin 31-ci maddəsinə görə, müharibə təzminatı məsələsi də məsul dövlətin öhdəliyi çərçivəsində müzakirə edilir. Bu maddənin 2-ci bəndində isə bunun hər cür maddi və mənəvi zərəri əhatə etdiyi bildirilir.
"Təzminat" başlıqlı 36-cı maddənin 1-ci bəndində məsuliyyət daşıyan dövlətin beynəlxalq səviyyədə qanunsuz əməlinə görə ortaya çıxan zərəri keçmiş halına qaytarmaq qeyri-mümkün olduğu zaman təzminat ödəməli olduğu qeyd edilir. 36-cı maddənin 2-ci bəndində isə təzminata müəyyən edilə bilən qazanc itkisi ilə birlikdə maliyyə baxımından qiymətləndirilməsi mümkün olan bütün növ zərərlərin daxil olduğu təsbit edilib.
Bəhs etdiyimiz layihənin 1-ci maddəsində dövlət tərəfindən beynəlxalq öhdəliyin heçə sayılmasının və beynəlxalq hüquqa zidd olan bir aktın həyata keçirilməsinin həmin dövlət qarşısında məsuliyyət doğuracağı vurğulanıb. Bu, həm də beynəlxalq hüququn oturuşmuş prinsipidir.
Müharibə ilə bağlı hüquq gücdən istifadəyə aid (jus ad bellum) və humanitar qaydaları (jus in bello) özündə birləşdirir. Beynəlxalq hüquqda təcavüzkarlıq və ekspansionizm olaraq qəbul edilən gücdən istifadə, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə görə, qadağan olunub. Burada, eyni zamanda, qeyd olunan qaydanın pozulmasının, digər hüquq pozuntularında olduğu kimi, dövlət qarşısında təzminat məsuliyyəti doğurduğu öz əksini tapıb.
Beynəlxalq hüquqda zərər insanların hüquqlarının pozulması zamanı meydana çıxan əksilmə kimi tərif edilir. Başqa sözlə, zərərin baş verməsi üçün beynəlxalq hüquqa zidd olan hərəkət nəticəsində zərər çəkmiş dövlətin beynəlxalq hüquqla qorunan hüquq və ya mənafelərinə ziyan dəyməli, nəticədə zərər və itki baş verməlidir.
Zərərvurma və meydana gələn zərər birbaşa və dolayı olaraq iki yerə bölünür. Birbaşa zərərvurma metodlarına insanları öldürmək və ya yaralamaq, binaları dağıtmaq və s. üçün müəyyən silahların istifadəsi daxildir. Bundan başqa, ifrat gücdən istifadə, proporsionallıq prinsipinin pozulması da dövlət məsuliyyətini doğurur.
12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının 1977-ci il tarixli I Əlavə Protokolunun 91-ci maddəsində IV nömrəli Lahey Müqaviləsinin 3-cü maddəsində müharibə və ya silahlı toqquşmalar zamanı bütün hallarda dövlətin məsuliyyət daşıyacağı bildirilib.
İndi isə bəhs etdiyimiz məsələləri Qarabağ müharibələri kontekstində təhlil edək. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın 890 yaşayış məntəqəsi ələ keçirilib, 20 mindən çox insan həyatını itirib, 50 min nəfər yaralanıb, beş min nəfər itkin düşüb, əsir götürülüb, bir milyondan çox insan isə məcburi köçkün və qaçqın olub. İlkin araşdırmalarda müharibə zamanı Ermənistanın Azərbaycana 60 milyard ABŞ dolları ziyan vurduğu müəyyən edilib. Ancaq hazırda bu miqdar göstərilən rəqəmdən dəfələrlə çoxdur. Çünki 30 ilə yaxın müddətdə bu zərər hər il artıb.
Müharibə zamanı mülki insanların qorunmasından bəhs edən IV Cenevrə Protokolunun 49-cu maddəsinin 6-cı bəndində işğalçı dövlətin tutduğu ərazilərə öz əhalisini köçürməsi qadağan olunub. Bundan başqa, Cenevrə Konvensiyalarının I nömrəli Əlavə Protokolunun 85-ci maddəsinin 4-cü bəndinin a variantına görə, işğal altındakı xalqın ölkə sərhədlərindən kənara çıxarılması qadağan olunub.
Ermənistan Azərbaycanın mədəni abidələrinə də ciddi ziyan vurub. 100-dən çox arxeoloji abidə, muzeylər, rəsm qalereyaları, kitab və əlyazmaların olduğu 927 kitabxana, mədəniyyət evləri, teatrlar qarət edilib, dağıdılıb. Ermənistanın törətdiyi müharibə cinayətləri zamanı "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, Cenevrə Konvensiyalarının I Əlavə Protokolu, 1972-ci il tarixli "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası kobud şəkildə pozulub.
İkinci Qarabağ müharibəsi zamanı da Ermənistan öz qanunsuz əməllərinə davam edib. Belə ki, Ermənistan ordusunun cəbhədən uzaqda yerləşən şəhərləri raketlə vurması nəticəsində çoxlu sayda insan qətlə yetirilib və yaralanıb.
Ermənistan bu cinayətlərlə 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə mülki insanların qorunmasını nəzərdə tutan IV saylı Cenevrə müqaviləsini və 1977-ci il I Əlavə Protokolunun 48, 51-ci maddələrini pozub. Yuxarıda da qeyd etdiyimiz kimi, bütün bu addımlara görə birbaşa cavabdeh olan dövlət məsuliyyət daşıyır. Ermənistan BMT-nin Beynəlxalq Hüquq Komissiyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında Maddələr Layihəsi"nin 4 (dövlət orqanlarının törətdiyi əməllər dövlətin əməlləri kimi qəbul olunur) və 8-ci (dövlət orqanı olmayan, ancaq dövlətin əmri və təlimatı ilə hüquqazidd əməllər törədən qrupların cinayətinə görə də əmr verən dövlət məsuliyyət daşıyır) maddələrinə görə də hüquq məsuliyyətinə cəlb oluna bilər.
Azərbaycanın 30 ildir çəkdiyi zərər üçün də təzminat tələb etmək haqqı var. Ermənistan bəhs etdiyimiz cinayətkar əməlləri həm öz qurumları, həm də Qarabağdakı separatçılar və silahlı dəstələr, terrorçular vasitəsilə həyata keçirib. Ona görə də bəhs etdiyimiz məqamlar çərçivəsində Azərbaycanın hər iki müharibədə dəyən ziyanın ödənilməsi üçün müharibə təzminatını dolayı və nağd yolla təmin etmək haqqı var.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar