Xəbər lenti
Şuşalıların müraciəti
Manevr.az bildirir ki, Birinci Qarabağ müharibəsinin veteranı, hüquqşünas Yavər Hüseyn Novator.az-a deyib ki, müraciətdə işğaldan azad edilmiş bölgələrdə aparılan bərpa və quruculuq işlərinin təqdirəlayiq olduğu vurğulanır: “Şuşa əhalisi cənab prezidentin çıxışlarının birində şuşalıların da təklif və fikirlərinin önəmli olmasını dilə gətirərək “Şuşanı necə görmək istəyirsiniz?” deyə müraciət etməsini məmnunluq hissi ilə qarşılayıb. Əvvəlki müraciətlərdə təklif və fikirlərimizi ifadə etmişik. Ancaq indi bəzi gözləntilərimizin hələ də özünü doğrultmadığının şahidi olmaqdayıq.
Bizi ən çox qayğılandıran Şuşa şəhərində şəhidlər məzarlığının abadlaşdırılması məsələsidir. Şuşanın azad olunmasından 4 ilə yaxın vaxt ötür. Lakin ötən bu müddət ərazində şəhidlər məzarlığında abadlaşdırma işlərinə başlanmayıb. Hesab edirik ki, Şuşanın müdafiəsi və işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizə böyük ehtiram əlaməti olaraq Cıdır düzü ərazisində yerləşən şəhidlər məzarlığının abadlaşdırılması və orada xiyabanın salınması, o cümlədən xiyabanın girişində Şuşanın müdafiəsi və işğaldan azad olunması uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının şəninə xatirə abidəsinin və guşəsinin yaradılması vacib idi. Əvvəlki müraciətlərimizdə də qeyd etdiyimiz kimi, biz şuşalılar şəhidlər məzarlığında aparılacaq abadlıq işlərinə öz maddi imkanlarımız və işçi qüvvəmiz hesabına dəstək olmaqla bu arzumuzu gerçəkləşdirmək istəyirik.
Həlli vacib olan ikinci məsələ digər məzarlıqların, Mirzə Həsən və Cıdır düzü məzarlıqlarının abadlaşdırılması və bizə həmin məzarlıqları ziyarət etməyimizə şərait yaradılmasıdır. Həmin məzarlıqları erməni barbarlar tamamilə dağıdıb və oraları ağaclar, kollar basıb. İnsanlarımıza bu məzarlıqları ziyarət etməyə və abadlaşdırma işləri aparmağa icazə verilmir. Belə bir icazənin verilməsinə təminat yaradılmasını xahiş edirik.
Bir xahişimiz də odur ki, bərpa və quruculuq işlərində Şuşanın yerli mütəxəssislərindən və işçi qüvvəsindən istifadə olunsun. Biz uzun illər öz doğma vətənimizdə çalışmağı arzulamışıq. Bu, işlə təmin olunaraq məskunlaşmağımız nöqteyi-nəzərdən də əhəmiyyətli ola bilər.
Digər bir məsələ şuşalı sakinlərin məskunlaşdırılmasıdır. Məlumdur ki, şəhərimizdə hökumətimizin hazırladığı layihələrə müvafiq olaraq tikinti işləri aparılır və buna görə də dağıntıya məruz qalmış bina və həyət evlərinin söküntüsü ilə yanaşı salamat qalmış bəzi bina və həyət evlərinin söküntüsü də aparılır. Bizdə olan məlumata görə, yaxın vaxtlarda bir qrup şəhər sakininin yeni tikilməkdə olan binalarda məskunlaşdırılması planlaşdırılır. Çox istərdik ki, bu məskunlaşdırma qanunvericiliyin tələblərinə uyğun və ədalətli olsun. Sakinlərimiz əvvəlki ev və mənzillərinin yerində və yaxud ona yaxın ərazilərdə inşa edilmiş ev və mənzillərlə təmin edilsinlər, bu mümkün olmadığı təqdirdə isə sakinlərimizə hökumətimizlə razılaşdırılmış layihələr əsasında ya evlərini bərpa etmək və yaxud da yenisini tikmək icazəsi verilsin.
Şuşa abidələr şəhəridir və mədəniyyət mərkəzidir. Odur ki, bərpa və quruculuq işləri zamanı abidələrin orijinallığının qorunub saxlanması və yerli memarlıq üslublarına əməl olunmasını zəruri sayırıq. Şuşa qalasının memarı Pənahəli xanın, Şuşanın müdafiəsi və azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin, həmçinin qəhrəman qazi və döyüşçülərimizin şərəfinə abidə ucaldılmasını da arzulayırıq.
İşğala məruz qalana qədər Şuşada müalicəvi əhəmiyyətli sanatoriyalar və istirahət evləri fəaliyyət göstərib. Həmin sanatoriya və istirahət evlərinin fəaliyyətinin bərpa olunmasını məqsədəmüvafiq sayırıq. Bu layihə çərçivəsində şəhid ailələri və qazilərimiz üçün ödənişsiz və yaxud güzəştli müalicə və istirahət mərkəzlərinin yaradılması da olduqca önəmlidir.
Digər əhəmiyyətli saydığımız məsələ Şuşada idman kompleksinin, o cümlədən futbol stadionunun tikilməsi məsələsidir.
Artıq bilirik ki, dövlət və hökumət səviyyəsində Şuşada turizmin inkişafına xüsusi diqqət ayrılıb və layihələr işlənib. Bu layihələr çərçivəsində Cıdır düzü ilə Topxana arasında asma körpünün və yaxud kanat yolunun çəkilməsi, həmçinin Daşaltı çayı üzərində süni gölün yaradılması yaxşı olardı.
Bir istəyimiz də var ki, Şuşa sakinlərinə, hər hansı yoxlama tədbirlərinə əməl etmək şərti ilə belə olsa da, sərbəst şəkildə Şuşaya getmək icazəsi verilsin”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar