Xəbər lenti
“44 günlük müharibədə də İranı düşmən, İsraili dost ölkə gördük” - deputatın müsahibəsi
Fəzail Ağamalı: “Son hadisələr göstərdi və sübut etdi ki, İran ötən zaman kəsiyində, bu günə qədər Azərbaycana olan dostluq və səmimi münasibətlər testindən keçə bilmədi”
Cənub qonşumuzun işğalçı Ermənistana görə özünün müsəlman qonşusu ilə münasibətlərini “soyuq savaş” səviyyəsinə çatdırması gündəmin mövzularından biri olaraq qalır. Rəsmi Tehranın son günlər ərzində yürütdüyü anti-Azərbaycan ritorikası səngimiş kimi görünsə də, hələ ki, tam aradan qalxmayıb. Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu mövzuda geniş müsahibə verib.
Manevr.az “Yeni Müsavat”a istinadla həmin müsahibəni təqdim edir:
- Fəzail bəy, proseslər onu göstərir ki, İran Azərbaycana qarşı son günlərin sərt ritorikasından imtina etməyə başlayıb. Heç şübhəsiz ki, rəsmi Bakının qətiyyətli növqeyi, Tehranın siyasətinə etirazlar, həmçinin beynəlxalq səviyyədə Azərbaycanın mövqeyinə dəstək verilməsi İranın siyasətində korrektələrə rəvac verib. Sizcə, bu, keçici olacaq, yoxsa İran artıq birdəfəlik öz dərsini aldı?
- Prosesləri əvvəldən-axıra qədər izlədim və izləməkdə davam edirəm. İran - molla rejimi vahid və konkret xətti olan bir ölkə deyil. O, ən müxtəlif şəkildə pərdələnmiş mövqeyini bir müstəvidən başqa müstəviyə keçirməyə alışan və bu ənənəyə söykənən dövlətdir. Ona görə İranın bizə qarşı ən xoş münasibətlərini biz bu ölkənin peşman olaraq, Azərbaycana səmimi münasibətlərinin yaranması kimi qəbul etməli deyilik. Dünyanın bəlkə də nadir ölkələrindən biridir ki, - mən onu təkcə Ermənistanla müqayisə edə bilərəm -İranın öz maraqlarına xidmət edən fəaliyyətini o dərəcədə kobud, riyakar mövqedə ortalığa qoyurlar ki, artıq hər şey bəlli olur. Təsadüfi deyil ki, İranın bu baxımdan dünyada dostu yoxdur. Heç Ermənistanın da dostu yoxdur, bu ölkəni müdafiə edən onun diaspor təşkilatlarının maliyyəsi ilə qidalanan, ayrı-ayrı ölkələrdə yaradılan lobbilərdir. Ona görə İran Azərbaycanın sərt mövqeyini, dəyişilməz qətiyyətini gördü. Xüsusi olaraq ölkə prezidentinin çox ölçülüb-biçilmiş, bütün diplomatik qaydalara, etik normalara əsaslanan, lakin bütün bunların fövqündə dayanmış olan sarsılmaz iradəsi və qətiyyəti İranı kifayət qədər silkələdi. Başqa bir tərəfdən, İran başa düşdü və qəbul etdi ki, Azərbaycan tək deyil, Azərbaycanın dünyada sınaqdan çıxmış dostları var. Xüsusilə Türkiyə və Pakistanın bütün hərbi potensialı ilə belə, Azərbaycanın yanında olması məncə, İranın o ritorikadan çəkilməsində mühüm rol oynayan ikinci faktor oldu. Üçüncü vacib şərtlərdən biri Azərbaycan xalqının İranın bu cür düşmənçilik mahiyyəti daşıyan, mollasının şirin quyruğundan başlayıb, ali dini rəhbərinin əlləri əsən, zərbəsi kifayət qədər olmayan şilləsinin önə çəkilərək Azərbaycanın üstünə gəlməsi xalqımızı sözün həqiqi mənasında hiddətləndirdi və mütləq əksəriyyətimiz moll rejiminin təhdid və təpkilərinə qarşı birmənalı mövqe nümayiş etdirdik, eyni cəbhədən çıxış etdik. Burada cənab prezidentimizlə xalqımızın mövqelərinin üst-üstə düşməsi, bu vəhdət, dövlət başçısının xalqımızın fikirlərini, maraqlarını yüksək səviyyədə, hər dəfə olduğu kimi, birmənalı şəkildə ifadə etməsi heç şübhəsiz ki, İranı çəkindirdi. Dördüncü, vacib faktorlardan biri cənublu soydaşlarımızın mütləq əksəriyyətinin birmənalı mövqeyidir. Ola bilsin ki, orda açıq çıxış etməyənlər çoxluq təşkil edirlər. Lakin onların hər birinin ürəyində bu gün Azərbaycandır. Bu yaxınlarda mən sosial mediada güneydəki bir yaşayış məntəqəsinin (Kəleybərdə-E.P.) önündə, dağ başında Azərbaycan bayrağının dalğalanmasının şahidi oldum. Bu cür dəstək və istəkdən başlamış, şer və mahnılarda, küçə yürüşləri və mitinqlərədək, hər yerdə Azərbaycanın mövqeyi müdafiə olunur. İran həm də bundan çəkindi. O, düşünmürdü ki, yürütdüyü siyasət İranda bu cür rezonans doğura bilər. Nəhayət, sonuncu faktor: həm də dünyanın, xüsusilə də Rusiyanın İranın mövqeyini paylaşmaması, daha məsuliyyətli dövlət kimi özünü ifadə etməsi öz təsirini göstərdi. Bu ritorikadan imtina gözlənilən idi. Biz bunu bilirdik, belə də olacaqdı. İran Azərbaycanın dövlətçiliyinin gücünü, cəmiyyətimizin dövlətimizlə bərabər olmasının testini qoydu və peşman oldu. Hətta İranın “beşinci kolon”u da burda heç nə edə bilmədi. Çünki Azərbaycan xalqının İranın mövqeyinə böyük təpkisi var. Hər halda biz yaranmış vəziyyətdən ləyaqətlə çıxdıq, dövlətimiz bu, ağır durumdan özünün gücünü, nüfuzunu qoruyub-saxlaya bildi və bu, Azərbaycanın dünya miqyasında nüfuzunun artmasında bir faktor kimi özünü təsdiq etdi.
- Azərbaycan Prezidenti də İtaliya mediasına müsahibəsində çox kəskin və açıq mövqe bildirib...
- Təbii ki, dövlət başçımız bir daha özünün yüksək peşəkarlığını, qətiyyətini, mövqeyini, uzaqgörənliyini sübut etdi və beləliklə, cənab prezidentin həm Azərbaycan xalqı qarşısında hər zaman olduğu kimi, mövqeyi xeyli dərəcədə gücləndi və dünya miqyasında da İlham Əliyev amili yenilməz iradəsi olan bir dövlət xadimi kimi gücünü nümayiş etdirə bildi. Təsəvvür edin ki, ordumuz Cəbrayılı azad edib, erməniləri darmadağın edib, Zəngilana doğru sürətlə irəlilədiyi zaman İran hərbçiləri guya nəyisə qorumaq adı ilə Azərbaycan ordusunun qarşısına çıxdı ki, “burdan keçmək olmaz!” Yenə də görün prezidentimiz ikinci cəbhənin açılmaması üçün nə qədər böyük təmkin göstərdi. Orda İranın bir əsgəri yaralansaydı, öldürülsəydi - baxmayaraq ki, bizim buna tamamilə haqqımız çatırdı - İran bundan sui-istifadə edib, Azərbaycana qarşı daha açıq şəkildə mövqe nümayiş etdirə, bəlkə də öz qoşunlarını Azərbaycan ərazisinə yeridə bilərdi. O halda münaqişənin mahiyyəti, məqsədi tamamilə dəyişərdi və olduqca çətin durum yarana bilərdi. Yenə də prezidentimizin müdrik siyasəti buna imkan vermədi, çətin də olsa, məlumata görə, 34 km-lik əlavə məsafə qət etməklə, olduqca qiymətli vaxt itirməli olsaq da belə, bizimkilər avantüraya getmədi. Təbii ki, bu, ölkə prezidentinin seçimi idi. Yekunda biz həmin əməliyyatı uğurla başa çatdırdıq. Mən müharibə dövründə də dəfələrlə demişdim ki, İran birmənalı şəkildə Ermənistanın yanındadır, bu ölkəyə yanacaq və hərbi sursatla yardım edir. Baxın, artıq yeni-yeni faktlarla gümanlarımız özünü doğruldur. İran heç zaman Azərbaycana səmimi və dost münasibət göstərməyib. İndi baxaq, görək bundan sonra bu münasibət dəyişəcəkmi? Mənim buna gümanım azdır.
- Müharibə günlərində və ondan sonra İran və Ermənistan mənbələri davamlı şəkildə saxta məlumatlar yayırdılar ki, guya Azərbaycan Qarabağda döyüşmək üçün terrorçu qüvvələrdən istifadə edib. Ola bilərmi ki, o zaman bununla Azərbaycanı Suriyaya çevirmək planını qurubmuşlar?
- Ermənistanın nə dövlətçilik təcrübəsi, nə də onun başında duranların elə bir yüksək ağlı yox idi ki, bütün bu prosesləri yaradıb, idarə edə bilsinlər. Məncə, bu, birbaşa İrandan qidalanırdı. Bu, İranın molla rejiminin, ayrı-ayrı hərbçiləri, hərbi-siyasi rəhbərliyi tərəfindən hazırlanmış “A” planı idi bəlkə də. Sadəcə olaraq Azərbaycan Prezidentinin çox müdrik və qeyri-adi qabiliyyəti, istedadı İranın bir çox planlarının pozulmasına səbəb oldu. Digər tərəfdən, həm də yadınıza gəlirsə, ölkə prezidenti çıxışlarının birində hərbi kəşfiyyatın, həm də Dövlət Təhlükəsizlik Xidmətinin müharibə dövründə çox fədakar və yüksək peşəkarlığını qeyd etdi. Hətta bu qurumların əməkdaşları Azərbaycanın ali mükafatları ilə təltif olundular. Məncə, bizim kəşfiyyat orqanlarımızın da, peşəkar kəşfiyyatçılarımızın da burada xidmətləri çox böyük olub. O informasiyaları əldə edən cənab prezident doğru və düzgün addım atdığı üçün, İranın - siz demişkən, mən bunu istisna etmirəm - Azərbaycanı “ikinci Suriya”ya bənzətmək arzu və istəyi reallaşa bilməyib. Çünki İran - mən deyilənlərlə tamamilə razıyam - milyardlarla ölçülən gəlirdən məhrum oldu. Çünki Əfqanıstan və İranda istehsal olunan külli miqdarda narkotik maddələr tranzit kimi Ermənistana, ordan isə müxtəlif yollarla dünyanın ayrı-ayrı ölkələrinə, xüsusilə də Avropaya yayılırdı, ordan da külli miqdarda vəsait gəlirdi. İşğal altındakı, nəzarətsiz ərazidə İran külli miqdarda vəsait əldə edirdi. Eyni zamanda İran özünün çirkli pullarını Ermənistan vasitəsilə “yuyurdu”, leqallaşdırırdı. Ona görə də İran ayaq üstəydı. Ancaq artıq bu qapı qapandı, İran nəyin hesabına öz problemlərini həll edəcək? Bir dənə neft qalır, onu da ABŞ-ın təzyiqləri nəticəsində ən müxtəlif ölkələrin İran neftindən imtinası prosesi gedir.
- Fəzail bəy, necə bilirsiniz, bundan sonrakı mərhələdə rəsmi Bakının İran siyasətində korrektələr ediləcəkmi? Xüsusilə də İsraildə səfirliyimizin açılması və sairlə bağlı addımların atılması tezliklə reallaşa bilərmi?
- Həqiqətən də son hadisələr göstərdi və sübut etdi ki, İran ötən zaman kəsiyində, bu günə qədər Azərbaycana olan dostluq və səmimi münasibətlər testindən keçə bilmədi. Bundan sonra da İranın Azərbaycana qarşı bu münasibətlərdən imtina etməsini gözləmək sadəlöhvlük olardı. İran zəifdir deyə, indi bizimlə barışığa can atır. Çünki o, heç kimdən, hətta ümid bəslədiyi Rusiya tərəfindən də dəstək almadı. Bu baxımdan Azərbaycan təbii ki, İranla əvvəlki münasibətlərini korrektə etməlidir. İrana qarşı bizim səmimi və dost münasibətlərimiz bundan sonra neytral xarakter daşıyıb, qonşu münasibətləri səviyyəsində olmalıdır. Əgər gələcəkdə bizim layihələrimizin reallaşmasına ehtiyac olarsa-olsun - söhbət Şimal-Cənub nəqliyyat dəhlizindən gedir, bununla bağlı artıq sənədlər imzalanıb, müəyyən işlər də görülüb - sadəcə olaraq, nə dostumuzdur, nə də düşmənimizdir. Biz bu prinsiplə yanaşaraq, İranla münasibətlərimizi qurmalıyıq. İsrailə gəldikdə, siz də şahid olmusunuz ki, mən dəfələrlə Milli Məclisdə bu ölkə ilə münasibətlərimizin daha yüksək səviyyədə olmasını arzulayan millət vəkillərindən biriyəm. Bizim İsraillə münasibətlərimiz yüksək səviyyədədir. Diplomatik münasibətlərimiz də daha da inkişaf etdirilməlidir, bizim İsraildə səfirliyimiz fəaliyyətə başlamalıdır. 44 günlük müharibədə də İranı düşmən, İsraili dost ölkə gördük və biz buna uyğun olaraq öz işlərimizi görməliyik.
- Azərbaycan İsrail və digər dost-qardaş ölkələrin silahları ilə işğalçıya qarşı mübarizə apardığı günlərdə İran öz ordusunu Arazboyu cəmləmişdi...
- Doğrudur. Bu amili də nəzərə almalıyıq. Baxın, cənab Prezident Cəbrayılda Arazboyu düzülən, sınıq-salxaq texnika ilə öz gücünü göstərməyə çalışan İran rəsmilərinə əlini İsraildə istehsal olunan pilotsuz aparatın üstünə qoyaraq, Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirdi. İsraili təkcə bizə dost ölkə olaraq münasibətlərimizin ifadəsi kimi dəyərləndirməli deyilik. Bunu eyni zamanda İsrailin Azərbaycana ən çətin anlarda dost ölkə olaraq münasibətinin ifadəsi kimi dəyərləndirməliyik. Dünyada yəhudi lobbisi çox güclüdür, bunu hər kəs bilir. Məhz bu lobbi vasitəsilə biz ayrı-ayrı siyasi qurumları, dövlətləri 44 günlük müharibədə xeyli dərəcədə neytrallaşdıra bildik. İran bütün gücü, imkanları ilə bizim əleyhimizə işləyərək, Ermənistanın yanında olduğu halda, İsrail bütün gücü, imkanları, potensialı ilə Azərbaycanın yanında oldu. Ona görə də təbii ki, biz bunu nəzərə alaraq, İsraillə münasibətlərimizi daha yüksək səviyyədə qurmaqda davam etməliyik.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar