Xəbər lenti
Yazıçı və rejissor insan xarakterini mükəmməl səviyyədə təhlil etməyi bacarmalıdır -ŞƏKİLLƏR
"Ağalar İdrisoğlu: “Yazıçı, qaranlığı yaran işıq olmalı və millətini yazdığı əsərlərlə inandırmağı və öz ardınca aparmağı bacarmalıdır”.
Bu sözlər tanınmış yazıçı, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna məxsusdur. Bu ilin mart ayının 16-da 71 yaşı tamam olan Ağalar müəllim geniş dünya görüşünə məxsus olan ziyalılardan biridir. Ömrünün 71-ci baharını yaşayan Ağalar İdrisoğlu ilə müsahibəni oxuculara təqdim edirik.
- Ağalar müəllim, söhbətimizə keçmişdən, uşaqlıq illərinizdən başlamaq istərdik. Uşaqlığınız necə olub?
- Çox vaxt uşaqlıq illərimdən danışmağı xoşlamıram. Desəm ki, uşaqlıq illəri keçirməmişəm bu daha düzgün olar. Çünki ailəmiz kasıb yaşadığına görə artıq 10 yaşımdan günün birinci hissəsi məktəbə, ikinci hissəsi isə işə getmişəm. Çalışmışam ki, qazandığım pul ailəyə az da olsa kömək olsun. Ən azından anamın müalicəsinə köməklik eləsin. Dörd il naxırçı olmuşam. Masallının inək-camışını otarmışam. Ona görə də mənə pul veriblər. Sonra 3 il, yəni 17 yaşıma qədər Masallı Kərpic-Kirəmit zavodunda atamın yanında fəhlə işləmişəm. Amma çalışırdım ki, dərslərimi yaxşı oxuyum ki, bu cəhənnəm əzabından qurtulum... Boş vaxt tapan kimi bədii əsərlər oxuyurdum. O vaxtlar Masallıda çap olunan "Çağırış” və "Azərbaycan pioneri” qəzetlərinə kiçik həcmli hekayələr, miniatürlər, məqalər göndərirdim. Eləcə də orta məktəbin divar qəzetinə çoxlu yazılar yazırdım. Arzum jurnalist olmaq idi, amma teatr bu arzuma güc gəldi. Çünki ara-sıra Masallıdakı Şakir Həsənov və Adil Səfərovun yaratdıqları, Cənub bölgəsində məşhur olan Miniatür teatrında da çıxış edirdim.
- 50 ildən artıqdır ki, peşəkar teatr sənətində çalışırsınız. Aktyor kimi müxtəlif xarakterli rollarda çıxış etmisiniz. İlk rolunuz yadınızdadırmı?
- İlk böyük rolum Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyan vaxtı Cəfər Cabbarlının "Almaz” pyesində Barat rolu olub. Sumqayıt Dövlət Dram Teatrında Anarın "Adamın-adamı” tamaşasında Fənd Fərəc və Cəfər Cabbarlının "Vəfalı Səriyyə” tamaşasında Məhərrəm rolları ilk böyük rollarım olub. Moskvada tələbə olduğum vaxt Üzeyir Hacıbəyovun "Arşın mal alan” tamaşasında Əsgər və Mixail Bulqakovun “Kabala svyatoş” tamaşasında Jan Batist Molyerin rolunu oynamışam. Sumqayıt teatrında isə Ernest Heminqueynin rolunu Xalq şairi Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” tamaşasında oynamışam. Teatrlarda işlədiyim müddətdə qırxdan artıq tamaşalarda ayrı-ayrı səpgilərdə rollar oynamışam. Amma istəyim rejissorluğa daha çox olduğundan, az bir vaxtda özümü bu sənətə yönəltmişəm. Hələ tələbəlik illərimdən dram dərnəklərinə rəhbərlik etmişəm. Sonra Sumqayıt Dövlət Dram Teatrında aktyor işimlə paralel 1977-ci ildə bu şəhərin tarixində ilk dəfə “Ümid” adlı teatr-studiyası yaratmışam. Bu teatr-studiyanın da 300-dən artıq üzvü olub. İki ilə hazırladığım on beşdən çox maraqlı tamaşalara və respublika festivallarında həmişə birinci yeri tutduğuna görə bu kollektivə Xalq teatrı adı verildi və Sumqayıt Gənclərinin Xalq Teatrı adlandı. Tezliklə rejissor kimi təhsilimi davam etdirməyi qarşıma məqsəd qoyub, Moskvada A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Teatr Sənəti Akademiyası) rejissorluq fakültəsinə qəbul olmuşam və beş il orada təhsil almışam.
- Sizin həm də tərcüməçi kimi də fəaliyyətiniz olub.
- Elədi. Dünyanın ən məşhur daramaturqlarının xoşuma gələn pyeslərini dilimizə tərcümə etmişəm. Onların bəzilərinə özüm, bəzilərinə də başqa rejissorlar quruluş veriblər. Ümumiyyətlə, dünyanın ən tanınmış 15 dramaturqunun Azərbaycanın peşəkar teatrına gəlişi bilavasitə mənimlə bağlıdır. Onların bəzilərinin pyeslərini Azərbaycan dilinə tərcümə eləmişəm və bəzilərinin də pyeslərinə ilk dəfə Azərbaycan səhnəsində mən quruluş vermişəm.
- Siz yüzdən artıq teatr tamaşalarına və teatrlaşdırılmış kütləvi tamaşalara quruluş vermisiniz. Özünüzü daha çox hansı peşə sahibi kimi hesab edirsiniz?
- Aktyorluq əgər Allah vergisidirsə, rejissorluq artıq peşədir. Bu sənətin gərək hökmən təhsilini alasan. Rejissor öz sənəti ilə bərabər, demək olar ki, bütün sənətlərdən də xəbərdar olmalıdır. Ədəbiyyatı, tarixi, incəsənəti, psixologiyanı, təbabəti, siyasəti daha mükəmməl bilməlidir. Yazıçı və rejissor insan xarakterini mükəmməl səviyyədə təhlil etməyi bacarmalıdır. Məhz ona görə də rejissor sənəti dünyada ən çətin sənət hesab olunur. Qaldı kütləvi tamaşalara və teatr tamaşalarına quruluş verməyə, əlbəttə, kütləvi tamaşalara quruluş vermək daha çətindir. Çünki kütləvi tamaşalar hazırlayanda rejissor ən azından 500-1000 və hətta daha çox adamla işləyir. Onların da demək olar ki, ən azından 80 faizi peşəkar aktyor yox, həvəskarlar olurlar. Burada rejissordan daha böyük təxəyyül, səbr, uzaqgörənlik və həmin adamları öz ideyasına inandırmaq üçün daha böyük bilik tələb edilir. - Gəlin bir qədər də müasir teatrlarda olan problemlərdən danışaq. - Mən 26 il Azərbaycanın ayrı-ayrı teatrlarına rəhbərlik etmişəm. Sovetlərin vaxtında hazırladığımız tamaşalara dövlət tərəfindən quruluş xərcləri ayrılırdı və biz tamaşa hazırlayanda maliyyə sarıdan elə də əziyyət çəkmirdik. Amma müstəqillik dövründə hansısa “qara əl” dövlət səviyyəsində verilən həmin quruluş xərclərini kəsdi və teatrlar məcbur oldu ki, həmin quruluş xərcləri üçün pulu özü qazansın. Ona görə də bu gün dünya səviyyəsinə çıxarmaq üçün yüksək peşəkar tamaşa hazırlamağa çox böyük maliyyə lazımdır. Bu da çox çətindir. Çünki teatrın buna imkanı yoxdur.
- Bu gün teatrlarımızın repertuarı sizi qane edirmi?
- Əvvəllər Mədəniyyət Nazirliyi dramaturqlardan pyesləri alıb, onların qonararını verirdi və həmin pyesləri də teatrlar tamaşaya qoyurdu. Artıq uzun illərdir ki, Mədəniyyət Nazirliyi həmin pyesləri almır və teatrların da maliyyə imkanı yoxdur ki, pyes alsın. Ona görə də artıq dramaturqlar da demək olar ki, pyeslər yazmırlar. Deməli, müasir pyeslərin yazılmaması Azərbaycan dramaturgiyasına çox böyük zərbədir. Məhz buna görə də Azərbaycanda dramaturgiya ağır bir vəziyyətdədir. Dünya dramaturqlarının yaxşı pyeslərini tərcümə etmək üçün də tərcüməçiyə pul vermək lazımdır. Teatrların buna da imkanı yoxdur. Ona görə də bu gün teatrlarda yüksək dramaturji materialı olan müasir pyeslər olmadığından sensassiya olan tamaşalar yaranmır.
- Bu gün əksəriyyət Azərbaycan teatrlarına az sayda adamın gəldiyini düşünür. Tamaşaçı salonu adətən boş qalır. İnsanların belə düşüncəyə sahib olması sizcə nə ilə bağlıdır?
- Gəlin danmayaq ki, biz elə də teatral xalq deyilik. Bizdə musiqiyə, meyxanaya, hansısa yüngül şouya olan maraq teatrdan daha çoxdur. Dövlət səviyyəsində idmana olan köməkliklər də teatrlara olmur. Amma mənim quruluşçu rejissoru olduğum Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaçı problemi azdır. Çünki teatrımızın inzibatçıları öz işlərini yaxşı bildiklərindən teatra tamaşaçı cəlb eləyə bilirlər. Pandemiyadan əvvəl teatrımızda uşaq tamaşaları həmişə anşlaq olurdu. Axşam tamaşalarına da 150-200 tamaşaçı gəlirdi.
- Bildiyimizə görə 15 kitabın müəllifisiniz. Yaradıcılığınızda daha hansı yeniliklərin olacağı gözlənilir?
- Artıq 10 kitabım da çap olunmaq üçün hazırdır, amma maliyyə imkanım yoxdur ki, onları çap etdirim. Sovet dövründə yazıçıların bir sanballı kitabı çap olunanda həmin kitabdan aldıqları qonorarla ən azından iki-üç il ailələrini dolandıra bilirdilər. İndi isə yazıçı yazdığı kitabı öz maliyyəsi hesabına çap etdirməli və sonra həmin kitabla kimlərinsə qapısını döyüb, onlara satmalıdır ki, heç olmasa, kitaba çəkdiyi xərcini götürə bilsin. Ona görə də bu gün yazıçılar çox çətin vəziyyətdə yaşayırlar. Ailəsinə hər gün heç olmasa, çörək pulu qazanmağı düşünən əsl yazıçıdan indi hansısa şedevr əsər gözləmək olarmı? Mənim bu gün yüzdən artıq çap olunmayan hekayəm, altı povestim, on pyesim, çoxlu publisist yazılarım, rejissor, aktyor sənəti ilə bağlı maraqlı təkliflərim, dərs vəsaitim var. Şah İsmayıl və İmam (Şeyx) Şamillə bağlı iki irihəcmli pyesim var. Bilirəm ki, onlar böyük oxucu və tamaşaçı marağı yarada bilər. Əfsus ki, maliyyə imkanına görə çap etdirə bilmirəm. Mənim kimi yüzlərlə yazıçılar var ki, kitablarını çap etdirə bilmirlər. Bax bu, artıq cəmiyyətimizin faciəsidir. Özü də keçmiş MDB məkanı ölkələrdə yalnız bizim məmləkətdə bu belədir.
- İstərdik bir qədər də Sumqayıt, Ağdam, Füzuli, Qusar, Mingəçevir teatrlarına verdiyiniz töhfələrdən danışasınız.
- Uzun illər Sumqayıt və Ağdam teatrlarına rəhbərlik etmişəm. Həmin teatrların bədii rəhbəri və direktoru işləməklə yanaşı, çoxlu tamaşalara da quruluş vermişəm. Füzuli teatrı qaçqınlıq dövründə mənim köməkliyimlə Sumqayıtda məskunlaşmışdı. Onların da teatrında mənim rəhbərliyimlə tamaşalar hazırlanırdı. Qusar Dövlət Dram Teatrında 2012-ci ildə Mirzə Fətəli Axundovun "Hekayəti xırs quldurbasan” pyesinin ilk variantına quruluş vermişəm. Bu variantı da ilk dəfə məhz mən hazırlamışam. Həmin tamaşa hələ də teatrın repertuarındadır. 2019-cu ilin son dörd ayında Mingəçevir Dövlət Dram Teatrında iki tamaşaya quruluş vermişəm. Bunlar - Qənbər Şəmşiroğlunun (səhnələşdirənlər Nəriman Ocaqlı, Ağalar İdrisoğlu) “Caninin etirafı” iki hissəli məhəbbət odası və Nobel mükafatı laureatı Reynhard Kiblinqin “Mauqli” əsəri əsasında Nicat Kazımovla mənim səhnələşdirdiyim “Mauqlinin yeni il arzuları” tamaşaları olub. Hər iki tamaşa çox maraqla qarşılanıb. “Caninin etirafı” tamaşasını 2021-ci ilin fevral ayının 17 və 18 də Milli Akamemir Dram Teatrının səhnəsində çox böyük uğurla oynamışıq. Hazırda quruluşçu rejissoru olduğum Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq şairi Nəriman Həsənzadənin “Qarabağ Azərbaycandı, “Qarabağnamə”m İlhamdı” dramatik qəhrəmanlıq odasına quruluş verirəm. Bu tamaşada teatrın aparıcı aktyorları böyük həvəslə onlayn məşqlər edirlər. Pandemiya olduğuna görə hələ ki, teatr işləmir və səhnədə məşqlər edə bilmirik. Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin birgə layihəsi olan bu tamaşa son vaxtlar Qarabağ müharibəsinə həsr olunan yeganə pyesdir.
- Vətən müharibəsində qazanılan qələbə ilə bağlı hansısa bir əsəri səhnələşdirmək ideyası planlarınıza daxildirmi?
- Bəli var. Vətən müharibəsi ilə bağlı bir neçə hekayə, çoxlu məqalə yazmışam. Hazırda isə "Şəhid anası” və "Ağdaban faciəsi” pyesləri üzərində işləyirəm. Sağlıq olsun. Yəqin ki, az bir vaxtda bu pyeslər də ərsəyə gələcək.
- Gənc dramaturqlarımıza və yazıçılarımıza nə məsləhət vermək istərdiniz?
- Yazıçı millətinin görən gözü, düşünən beyni və danışan dilidir. Dramaturqlar üçün isə bu gün yazmağa mövzular həddindən artıq çoxdur. Çünki ölkəmizdə bütün sahələrdə və ailə-məişətdə problemlər həddindən artıq çoxdur. Ona görə də gənc yazar özündə böyük təpər tapmalı və bunları yazmalıdır. Kimlər ki, bu problemləri, xalqın dərdini qələmə alıblarsa, onlar ədəbiyyatda dahilər kimi qalıb. Millətini öz canlarından çox sevən həm dünya, həm də Azərbaycanın dahi yazarları hakimiyyətin təpkilərinə, sürgünlərinə, həbslərinə baxmayaraq, öz ürək sözlərini, xalqın dərdini, problemlərini yazıblar. Məhz onların yazdıqları ilə bizim həmin dövrlər haqqında təsəvvürümüz var. Yazıçı, qaranlığı yaran işıq olmalı və millətini yazdığı əsərlərlə tərbiyə etməli, öz ardınca aparmağı bacarmalıdır. Yazıçı, gəmini idarə etməyi bacaran və həmin gəmini qayaların arasından böyük ustalıqla keçirən yüksək peşəkar kapitan olmalıdır. Bu gün yazıçının işi daha çətin və əzablıdır. Amma yazıçı səbrlə, dözümlə bütün bu çətinliklərdən keçməyi bacarmalı və zamanın barometri, onun nəbzini tutmağı bacaran yüksək təfəkkürlü həkim olmalıdır.
Yazıçı peşəsi ilə bağlı onlarla dahilər çox maraqlı kəlamlar deyiblər. Mənə elə gəlir ki, dahi Maksim Qorkinin bu kəlamı günümüzlə çox yaxşı səslənir: “Qələmi əlimə almazdan öncə özümə üç sual verirəm: mən nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq istəyirəm”.
Azər ƏLİZADƏ
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar