Xəbər lenti
"Bu, sovet dövrü deyil ki..." - Deputat mətbuatın durumundan danışdı (Müsahibə)
"Azərbaycan” qəzetinin redaktoru, deputat, prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqov AzadlıqRadiosuna müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Qarşıdan Milli Mətbuat Günü gəlir. Son bir ili götürsək, bu dövr Azərbaycan mediası üçün nələrlə yadda qaldı?
- Qoy görüm nələri yada salıram. Son bir il "Azərbaycan” qəzeti üçün 100 illik yubileyi ilə yadda qaldı. Cümhuriyyət dövründə "Azərbaycan”ın 443 sayı çıxmışdı. Amma qəzet sonradan qadağan edildiyindən bir çox nüsxələri itmişdi. Biz onları tapıb elektron variantını yarada bildik və arxivlərə verdik. Bizim üçün əlamətdar oldu. Cənab prezident yubiley münasibətilə bizə məktub ünvanladı, 9 əməkdaşımızı orden-medallarla, fəxri adlarla təltif etdi. Bütövlükdə isə müstəqil mətbuatın yaşaması üçün müəyyən çətinliklər yaranıb. Buna görə şərtlər dəyişdirildi. Həmin şərtlər də mətbuata dövlət dəstəyinin daha yaxından verilməsi və təsirli olması ilə bağlıdır. Qəzetin çapını dayandırıb sayta keçmək istəyənlərə dövlət yardım göstərdi ki, onlar yaşasınlar. Bundan başqa, jurnalistlər şəhərciyində tikinti davam edir. İnanırıq ki, növbəti il elə bu vaxtlar daha bir bina hazır olacaq və evsiz, kirayədə qalan, ailə qura bilməyən, darısqallıqda yaşayan jurnalistlər evlə təmin olunacaqlar. Bütövülkdə mən bu bir ili mətbuat və söz azadlığının inkişafı baxımından müsbət dəyərləndirirəm. Çətinliklərə baxmayaraq inkişaf var, qəzetlər yaşayır. Mən inanıram ki, proqnozlara baxmayaraq qəzetlər hələ bir müddət, bəlkə də daim yaşayacaq.
- Siz bir ili müsbət dəyərləndirirsiniz, ancaq fərqli fikirlər də var ki, Azərbycanda çap mediası artıq ölüb, saytlar bloklanmaqdadır, ölkədə peşəkar jurnalistikanın yerini təhqir, aşağılama jurnalistikası tutur, mətbuata basqılar var.
-"Çap mediası ölür” deyirlər... Mən bilmirəm, hərə öz düşündüyü kimi deyir. Mən faktla qeyd etdim ki, dövlət onu yaşatmaq istəyir və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun vasitəsilə müstəqil mətbuata yardım göstərilir. Bu, dövlət mətbuatına, iqtidar mətbuatına aid deyil.
Misal üçün biz o yardımdan kənardayıq. İndi bazar iqtisadiyyatıdır, qəzet özü də biznes sayılır. O insanlar ki çevik fəaliyyət göstərirlər, çabalayırlar, maraqlı məsələlərlə, mövzularla oxucu cəlb edirlər, onlar yaşayacaqlar. Amma bazar iqtisadiyyatının qanunu var, bu bazarda fəaliyyət göstərə bilməyən, özünü yaşada bilməyən sıradan çıxacaq. Bu, təbiidir. Ancaq bütün proqnozlara görə, Azərbaycan üçün bu qədər sayda qəzetin olması çoxdur. Hətta bu yaxınlarda söhbət də getdi ki, oxşar qəzet və saytlar birləşsin, maliyyə güclərini birləşdirib qəzetlərini, ya saytlarını yaşatsınlar. Hər şeydə hökuməti günahlandıraq, gözümüzü dövlətə dikək ki, bizə dayaq olsun... Bu, sovet dövrü deyil ki, hər şeyi dövlət idarə etsin.
- Siz mediaya basqı olduğunu düşünmürsünüz?
- Nəyə görə basqı olmalıdır? O başqa məsələ ki vətəndaş narazı qalanda qəzeti, saytı məhkəməyə verə bilir. Sirr deyil ki, bizdə reket qəzetlər, saytlar var. Mətbuat Şurası il ərzində bu qəzetlərin, saytların fəaliyyətini araşdırır, buna şikayətlər komissiyasında, daha sonra reket jurnalistikaya qarşı mübarizə komissiyasında baxılır, qərar qəbul olunur və İdarə Heyətində təsdiqlənir. Reketçiliklə məşğul olan qəzetlər, saytlar bu ədalətli qərarla rastlaşanda, əlbəttə, buna basqı deyəcəklər. Onlar da belə qiymət verir. Dövlət indiyədək hansı qəzeti bağlayıb, hansı saytı bloklayıb?
- Gəncə hadisələrində bəzi məlumatları yaydıqlarına görə "Arqument.az”, "Criminal.az” saytları bloklanmışdı və ya...
- İndi hansı dövlət öz sirrinin yayılmasına, kütləvi iğtişaşlara və ya dövlətçilik əleyhinə çağırışlara, qeyri-qəzetçilik fəaliyyəti göstərənlərə, ziyanlı informasiyanın yayılmasına dözür? Hələ bir çox dövlət qanunlar qəbul edir ki, sosial şəbəkədə bu cür informasiyalar yayılanda onun fəaliyyəti məhdudlaşdırılsın. Kim buna razı olar ki, saytlar vasitəsilə çağırışlar olsun, hətta yerli hakimiyyət orqanlarının əleyhinə meydanlara toplaşsınlar və nəticədə asayişi qoruyan polis zabitləri amansızcasına qətlə yetirilsin? Beləsinin saytı bağlanlmalıdır, bağlanmalı deyil? Bəs dövlət nədən ötrüdür? Dövlət vətəndaşı qorumaq üçündür, dövlət sabitliyi saxlamaq üçündür. Ona görə mən buna normal baxıram.
- Axı onlar kütləvi iğtişaşlara çağırış etməyiblər, informasiya yayıblar, sadəcə.
- Onda çağırış olmayıb, meydana çıxan da olmayıb, iki polis zabiti də qətl olunmayıb? Bunlar axı olub. Onlar durduqları yerdə öldülər?.. Mənim Gəncəylə sıx əlaqəm var. Bacımgil orda yaşayır. Tək rəsmi kanallarla yox, qeyri-rəsmi kanallarla da əlaqəm var. Gəncə mənə yaxın şəhərdir. Mən çox təəssüfləndim, çıxıblar aksiayaya, özü də polisə 20-dək bıçaq zərbəsi vurulub. Bu, yarayarmı? Dövlət məmuruna, asayiş keşikçisinə əl qaldırmaq doğrudurmu? Buna çağıran saytı niyə bağlamayaq?
- KİV-in borcudur ki, baş verənləri yaysın, işıqlandırsın. Amma buna görə saytı bağlamaq..
- Olanı deyirlər... Bilirsiniz, həm də rəsmi informasiya olmalıdır. Yoxsa bəzən şişirdirlər, bəzən düzgün demirlər, bəzən də çaşqınlıq yaradırlar. Bir var müvafiq qurumlar, polis, prokurorluq, Dövlət Təhülkəsizlik Xidməti, onlar hadisənin içindədir, bilirlər neçə nəfər yaralanıb, həbs edilib. Bir də var şayiələr ola, şayiələri də şişirdib ayrı tərəfə yönəldəsən. Dövlət bunun hamısını bilir, nizamlayır. Ortada maraqlı qüvvələr çalışırlar ki, öz məqsədləri üçün baş verənlərdən istifadə etsinlər. Ancaq dövlət qanunun qılıncı ilə o maraqlı qüvvələrin maraqlarının qarşısını almalıdır, Azərbaycan sabit ölkədir, qanun da var, vətəndaş da qorunur. Biz1990-cı illərdən keçib gəlmiş insanlarıq. Biz imkan verə bilmərik ki, Azərbaycanda xaos yaransın, anarxiya yaransın. Bu, mümkün deyil. Biz niyə imkan verməliyik ki, xaricdə oturan antiAzətbaycan qüvvələr bizim informasiya təhlükəsizliyimizi pozsunlar?
- Bir peşəkar, bir həmkar kimi cavab verməyinizi xahiş edirəm. İki il öncə qanunvericiliyə dəyişiklik edildi və məhkəmə qərarı olmadan saytların bağlanması reallaşdı. Bir peşəkar kimi, redaktor kimi, bunu nə dərəcədə düzgün addım sayırsınız? Bu, söz, ifadə azadlığının məhdudlaşdırılması deyilmi? Ən azı, məsələnin məhkəməyə daşınması doğru olmazdımı?
- Mən buna çox yaxşı baxıram. Mən hərbi müxbir olmuşam. Mən müharibəni, nələr baş verdiyini, torpaqların necə getdiyini gözümlə görmüşəm. Aprel hadisələri zamanı sosial şəbəkələrdə hərə gördüyünü yazmaqla bəzən düşmən üçün informasiya mənbəyinə çevrildi. Hamı sevindi, qürurlandı, bəzən eşitdiyini, bəzən gördüyünü şişirdərək yazdı-filan. Biz müharibə vəziyyətində yaşayırıq. Ona görə də çevik qərar vermək imkanı olmalıdır ki, dərhal o cür hadisələrin qarşısı alınsın. Yoxsa məhkəmə olsun, məhkəmə baxıb bloklansın. Hərbi əməliyyat gedir ey... Ona görə də bu məqamı nəzərə alıb bunu vaxtında atılmış düzgün qərar kimi qiymətləndirirəm.
- Ola bilsin, bəlkə də müharibə şəraitində siz bu dediyinizdə haqlısınız. Ola bilsin. Amma adi məsələlərlə bağlı bloklama qərarını tələm-tələsik vermək nəyə xidmət edir?
- Adi məsələ nəyə deyirsiniz?
- Məsələn, AzadlıqRadiosu intihar xəbərlərini verdiyinə görə ölkə ərazisində bloklanıb. Halbuki bu xəbərin qaynağı APA xəbər agentliyi idi.
- Mən jurnalistəm. Həm də siyasətçiyəm. Elə məsələlər var ki, mən onu sizə açıq demirəm. Açıq deyə bilmərəm. Siz də başa düşürsünüz ki, məsələ nə yerdədir. Dövlət öz maraqlarını qorumalıdır. Mən dövlətçi kimi, yurdundan didərgin düşmüş, torpaqsız, meşəsiz, çölsüz-düzsüz, evsiz qalmış, nəyi vardısa – keçmişi, xatirələri əlindən alınmış bir adam kimi, belə şeylərdə tam dövlətin mövqeyini dəstəkləyirəm. Bz imkan verə bilmərik ki, o müsibətlər təkrarlansın. Kifayət qədər adı azərbaycanlı olub Azərbaycanın əleyhinə işləyənlər var, istəyir adı müxalifət olsun, istəyir hüquq müdafiəçisi, istəyir də mühacir. Hələ biz demokratik yolla onların qarşısını alırıq. Sovet hökuməti olsaydı, onlar çoxdan danışmırdılar. Müqayisə üçün bunu deyirəm və nəzərə alın. Mənə belə gəlir ki, bir jurnalist kimi sizin bayramınızı təbrik edə bilərəm, cansağlığı...
- Çox sağ olun. Necə bilirsiniz, qanunvericilik Azərbaycanda KİV-lərin tam sərbəst fəaliyyətinə nə dərəcədə imkan verir? Media hüquqçuları deyirlər ki, bu sahədə qanunlara o qədər müdaxilə edilib ki, artıq dəyişikliyə, müdaxiləyə yer qalmayıb.
- Qanunlar doqma deyil. Həyatımız inkişaf etdikcə, gerçəkliklər dəyişdikcə qanunlar da dəyişməli, təkmilləşməlidir. Yenə deyirəm, Azərbaycan müharibə vəziyyətindədir, biz qələbə və ya təslimçilik aktı imzalamamışıq. Ona görə də qanunlarda diqqətli olmalıyıq. Bir dah təbrik edirəm, cansağlığı. Sağ olun.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar