Sizin Reklam Burada
Xəbər lenti
03-09-2026
02-09-2026
BÜTÜN XƏBƏRLƏR

Gənc olimpiadaçı Riadd: “Gələcəkdə Azərbaycana qayıdaraq cərrah olmaq istəyirəm” - Şəkillər

Tarix: 03-09-2026 21:50     Baxış: 331 A- / A+
Dəqiq elmlərə olan marağı onu əvvəlcə fizikaya, daha sonra isə astronomiyaya yönəldib. Respublika Fənn Müsabiqələrində və Respublika Fənn Olimpiadalarında fizika üzrə, eləcə də astronomiya olimpiadalarında iki dəfə bürünc medal qazanıb. Qarşısına qoyduğu hədəflər isə bununla bitmir.

Manevr.az xəbər verir ki, 2010-cu ildə Bakıda anadan olan Riad təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirir. Hazırda əsas diqqətini Türkiyədə tibb təhsili almaq məqsədilə hazırlaşdığı YÖS imtahanına yönəldib. Gələcəkdə isə təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdaraq cərrah kimi fəaliyyət göstərmək istəyir.

Onun üçün fizika və astronomiya gələcək peşədən daha çox böyük maraq və hobbi mənbəyidir. Bəs bu maraq necə yarandı? Olimpiadalarda qazandığı medallar onun üçün nə ifadə edir? Süni intellekt dövründə fundamental elmləri öyrənmək niyə vacibdir? Riadla bu və digər mövzular barədə söhbətləşdik.

— Fizika və astronomiya kimi dəqiq elmlərə marağınız necə yarandı? Sizi bu sahələrə bağlayan ilk nə oldu?

— Olimpiada və müsabiqələrdən əvvəl də təbiət elmlərinə həmişə marağım olub. Bu yarışmaların keçirildiyini öyrəndikdən sonra qərara gəldim ki, bir sahə seçib həmin istiqamətdə özümü inkişaf etdirim. Fənlər arasında isə məni ən çox cəzb edən fizika oldu. Çünki fizika ətrafımızda baş verən hərəkət və hadisələrin səbəblərini izah edir.

Bir qədər də uzağa getdikdə isə Yer kürəsinin və Günəş sisteminin hərəkət qanunauyğunluqları mənə xüsusilə maraqlı gəlirdi. Məhz bu məqam məni astronomiyaya həvəsləndirdi.

“Ekranda “Qalib oldunuz” yazısını görəndə çox sevindim”

— Respublika Fənn Müsabiqələri və Respublika Fənn Olimpiadalarında iki dəfə bürünc medal qazanmaq sizin üçün nə ifadə edir? İlk medalınızı qazandığınız an nələri hiss etdiniz?

— Mənim üçün çox şey ifadə edir. Respublika Fənn Müsabiqəsinə az müddət qalmış hazırlaşmağa başlamışdım və medal qazanacağıma o qədər də ümidim yox idi. Hətta imtahandan sonra bəzi suallarda diqqətsizlik etdiyimi düşündüyüm üçün inamım xeyli azalmışdı.

Nəticələr açıqlananda ekranda “Qalib oldunuz” yazısını görmək məni hədsiz sevindirdi. Ailəm də mənimlə birlikdə qürur hissi keçirdi.

Respublika Fənn Olimpiadalarına qatıldığım ilk il yarımfinalda çox yüksək nəticə göstərmişdim və medala rahat gözlə baxırdım. Lakin həmin il qalib ola bilməməyim mənim üçün böyük dərs oldu. İkinci il isə son günə qədər maksimum çalışdım və nəhayət, uğur qazandım.

Ən çox qürur duyduğum medal isə üçüncü il qazandığım medaldır. Çünki həmin dövrdə YÖS imtahanına hazırlaşdığım üçün olimpiadaya demək olar ki, vaxt ayırmamışdım. Buna baxmayaraq, medal qazanmağım mənim üçün gözlənilməz və qürurverici nəticə oldu.

“Fizikanı seçərdim, çünki kvant mexanikasını dərindən öyrənmək istəyirəm”

— Fizika və astronomiya arasında seçim etməli olsaydınız, hansını seçərdiniz və niyə?

— Fizikanı seçərdim. Çünki onun daxilində müasir elmə istiqamət verən kvant mexanikası kimi çox maraqlı bir sahə var. Kvant mexanikası ilə məşğul olmaq və onu daha dərindən öyrənmək çox istəyərdim.

“Astronomiyanın arxasında nə qədər böyük hesablamaların olduğunu gördüm”

— Astronomiya olimpiadasında iştirak etmək qərarına necə gəldiniz? Bu sahədə sizi ən çox heyrətləndirən və düşündürən nədir?

— Astronomiya olimpiadasının keçirildiyindən məktəbimiz bizə məlumat verənə qədər xəbərim yox idi. Öyrəndikdən sonra bu elmə marağım olduğu üçün iştirak etmək qərarına gəldim. Fizikaya güvəndiyim üçün astronomiyada da uğurlu ola biləcəyimi düşündüm. Çünki bu iki sahə müəyyən mənada bir-biri ilə sıx bağlıdır.

Məni ən çox heyrətləndirən isə bizə çox sadə görünən hadisələrin — məsələn, ulduzların işıqlanmasının və şüalanmasının, planetlərin və sistemlərin hərəkətinin arxasında nə qədər böyük və mürəkkəb hesablamaların dayanmasıdır.

“Düzgün vaxt planlaması ilə hər şeyi çatdırmaq mümkündür”

— Olimpiadalara hazırlaşmaq gündəlik həyatınızı necə dəyişib? Dərslə, hazırlıqla və şəxsi həyatınızla vaxtı necə bölüşdürürsünüz?

— Düzdür, olimpiada hazırlığı insandan kifayət qədər vaxt tələb edir. Amma düşünürəm ki, düzgün vaxt planlaması ilə gün ərzində hər şeyi etmək mümkündür. Buna görə də hazırlıq prosesində ciddi çətinlik çəkmirdim. Vaxtımı düzgün bölüşdürməyə çalışırdım və həm dərslərimi, həm hazırlığımı, həm də şəxsi həyatımı bir arada davam etdirirdim.

“İstedad zəhmətsiz heç bir nəticə vermir”

— Sizcə, olimpiadalarda uğur qazanmaq üçün daha vacib olan nədir: istedad, zəhmət, düzgün strategiya, yoxsa səbr və davamlılıq?


— Məncə, ən önəmlisi zəhmətdir. İnsanda nə qədər istedad olursa-olsun, zəhmət çəkmədən heç bir uğur əldə etmək mümkün deyil. İstedad müəyyən üstünlük verə bilər, amma onu inkişaf etdirmək və nəticəyə çevirmək üçün mütləq çalışmaq lazımdır.

“Süni intellektin verdiyi nəticələri elmi baxımdan yoxlamaq lazımdır”

— XXI əsrdə, xüsusilə süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə fizika və astronomiya kimi fundamental elmləri öyrənmək sizcə niyə vacibdir?

— Süni intellekt nə qədər inkişaf etsə və böyük qanunauyğunluqları müəyyənləşdirə bilsə də, ondan düzgün istifadə etməyi bilmək və onun verdiyi nəticələri elmi cəhətdən yoxlayaraq doğruluğundan əmin olmaq üçün insan zəkası mütləqdir.

Məncə, fundamental elmləri öyrənmək bizə təkcə müəyyən məlumatlar vermir, həm də hadisələrə məntiqi və elmi yanaşmağı öyrədir. Bu baxımdan fizika və astronomiyanın əhəmiyyəti gələcəkdə də qalacaq.

“Fizika və astronomiya mənim üçün daha çox hobbidir”

— Gələcəkdə tibb təhsili almaq istəyirsiniz. Fizikaya və astronomiyaya olan marağınızla tibb arasında hansısa əlaqə görürsünüzmü?

— Xeyr, onları birbaşa əlaqələndirməzdim. Fizika və astronomiya daha çox mənim hobbim kimidir. Tibb isə bir peşə olaraq mənə ən maraqlı gələn və gələcəkdə sahib olmağı ümid etdiyim sahədir.

“Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdıb cərrah olmaq istəyirəm”

— Türkiyənin aparıcı universitetlərindən birində tibb təhsili almaq hədəfiniz var. Özünüzü 10 il sonra harada və hansı peşədə görürsünüz?

— Hədəfim Türkiyənin aparıcı universitetlərindən birində tibb təhsili almaq, təhsilimi başa vurduqdan sonra isə Azərbaycana qayıdaraq cərrah kimi işləməkdir. Özümü 10 il sonra artıq bu istiqamətdə peşəkarlaşmağa başlamış və ölkəmə fayda verən bir həkim kimi görmək istəyirəm.

“Qızıl medal, əlbəttə, böyük arzudur”

— İki dəfə fizika, iki dəfə isə astronomiya üzrə bürünc medal qazanmısınız. Qarşınıza qızıl medal hədəfi qoymusunuzmu və gələn il üçün ən böyük məqsədiniz nədir?

— Əlbəttə ki, qızıl medal almağı çox istəyərəm. Bu, hər bir olimpiada iştirakçısı üçün böyük hədəfdir. Lakin gələn il diqqətimi daha fərqli imtahanlara yönəldəcəyim üçün olimpiadadan qızıl medal qazanmaq ilkin hədəfim olmayacaq.

Hazırda əsas məqsədim qarşıdakı imtahanlara yaxşı hazırlaşmaq və gələcəkdə tibb təhsili almaq üçün yüksək nəticə göstərməkdir. Bununla yanaşı, iki fənn üzrə indiyə qədər qazandığım uğurları davam etdirərək daha yüksək nailiyyətlər əldə etmək də istəyirəm.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar