Xəbər lenti
Zərraf Şirinov:"28 ildir həsrət çəkirsən, Kəlbəcər alınıb, qoşunlarımız ordadır, amma..." - MÜSAHİBƏ
Getdim haraya bilmədim,
Gəlib araya bilmədim.
Səni qoruya bilmədim,
Ay Dədəmin Yurd yeri!
İllər əvvəl yazdığı bir şeirdən nümunə gətirdiyim bu bənd onun yurd həsrətinin yanğılı ifadəsidir. Elə nurlu çöhrəsini boyayan xoş təbəssümün altında gizlənən kədərin də adı məhz yurd həsrəti, torpaq nisgilidir. Doğrudur, indi həm onun doğulub boya-başa çatdığı Tanrı möcüzəsi Kəlbəcər, həm də işğalda olan torpaqlarımızın bir qismi azadlığına qovuşub. Yaradan 28-30 il çəkdiyimiz acıların mükafatı olaraq, rəşadətli oğullarımızın qanı-canı bahasına bizə Qələbə sevincini yaşamağı nəsib etdi. Ancaq illər boyu göynəyən, qaysaq tutmayan yaramız hələ də sağalmayıb. Bu yara elə bir dərin iz açıb ki, üstündən nə qədər zaman keçsə də ağrısı qalır. Keçmiş deyib ötmək olmur dünən yaşadıqlarımıza. O da yüzlərlə soydaşı kimi 28 ilə yaxın ruhunu göynədən didərginlik ağrısına dözmək məcburiyyətində qalıb. Ovuna bilməyəndə sözə üz tutub, dərdini ağ kağıza danışıb. Olduqca təvazökar, sadə, səmimi şairin yurd həsrəti ilk kəlməsindən duyulur. Ruhundan əsən söz yeli kimi əlləri də şəfalıdır. Söhbətdaşım sözü və əməliylə insanların könlündə taxt quran həkim-şair, Zərraf Təhməzoğludur.
Manevr.az-ın əməkdaşının Akademik M.A.Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin qaraciyər, öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsinin müdiri, həkim-şair Zərraf Şirinovla müsahibəsini təqdim edirik:
Tanıtma:Zərraf Təhməz oğlu Şirinov 1962-ci ildə Kəlbəcər rayonunun Kilsə kəndində doğulub. 1983-ci ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakultəsinə qəbul olub və fakultəni fərqlənmə diplomu ilə bitirib. Fərqlənmə ilə ali təhsili bitirdiyi üçün həmin ildə internanı bitirməmiş birbaşa yeni yaranmış Elmi Tədqiqat Qastroenterologiya İnstitutuna klinik ordinator kimi işə götürülüb. 2 illik kliniki ordinatura dövründə həmin illərdə qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi üzrə ixtisaslaşma kursu keçib. Bundan sonra həmin klinikanın qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi şöbəsində kiçik elmi işçi kimi işləyib. 1997-ci ildə namizədlik dissertasiyasını müadfiə edib və tibb elmləri namizədi elmi adını alıb. 2000-ci ildə həmin şöbəyə müdir təyin edilib. 2005-ci ildə Moskvada Xalqlar Dostluğu Universitetində doktorluq dissertasiyasını müdafiə edib. 2008-cı ildə isə Azərbaycan Resbublikası Ali Attestasiya Komissiyası tərəfindən ona tibb elmləri doktoru elmi adı təqdim edilib. 100 dən artıq çap edilmiş elmi məqalələri var. Bir monoqrafiya müəllifidir. Rusiya Federasiyası Patent İdarəsi tərəfindən səmərələşdirici işinə görə 3 patent alıb. Onun namizədlik və doktorluq işi mədə və onikibarmaq bağırsağın xorasının cərrahiyyəsi mövzusundadır. 5 ildən çoxdur ki, Akademik M.A.Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin qaraciyər, öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsinin müdiridir. Bu müddət ərzində 600-dən artıq qeyd olunan cərrahiyyə sferasında əməliyyatlar icra edib. Öd kisəsində aparılan həm açıq, həm də laporaskopik əməliyyatları da həyata keçirir. 2008-cu ildə Elmi Cərrahlıq İnstitutunun Türkiyənin Ankara şəhərində Hacettepe Universitetinin klinikasında laporaskopik öd cərrahiyyəsi və 2010-cu ildə Ukraynanın Kiyev şəhərində Şalimovun klinikasında endoskopik cərrahiyyə və qaraciyər köçürülməsi (transplantasiya) üzrə ixtisasartırma kursu keçib. 2012 -ci ildə Almaniyanin Manhaym şəhərində ixtisasartırma kursu keçib. 2017-ci ildə Istanbulda Yeni Yüzyil Üniversitesi Gaziosmanpaşa Hastahanesinde transplantasiya şöbəsində ixtisasartırma kursunda olub. Əməliyyatlarının çoxunu öd kisəsində aparılan əməliyyatlar (xolesistektomiya) təşkil etsə də, bir cox digər daxili xəstəliklərdə olduqca elmi-tibbi əhəmiyyət kəsb edən yeni cərrahi taktikalar tətbiq edib. Bu da əsasən öd və qaraciyər yollarında yatrogen zədələnmələr zamanı rekonstruktiv əməliyyatları əhatə edir. Ailəlidir. Bir qız, iki oğul atasıdır.
-Salam, Zərraf bəy! Düzü, bilmədim, sizə həkim, ya şair deyə müraciət edim. Çox düşünmədən ziyalılığınızın, söz rəngli ruhunuzun üzünüzü boyadığı işığın əyninizə biçdiyi bəy ifadəsinin daha uyğun müraciət olduğuna qərar verdim. Siz necə, daha çox kim olduğunuzu düşünürsüz?
-Ümumiyyətlə müraciət formalarında Bəy sözü türk milli düşüncə baxımından doğru müraciət formasıdır. Məncə bundan kimsə inciməz. Yox, o ada layiq olmaq məsələsinə gəldikdə isə, hər kəs öz davranışı ilə bunu təsdiqləmyə borcludur. Mənə həkim və ya doktor deyə daha çox müraciət edirlər. Hesab edirəm ki, mən buna layiqəm: 10 il orta məktəbi əla qiymətlərlə oxumuşam, hərbi xidmətdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olub 6 il əla qiymətlərlə oxumuşam, fərqlənmə diplomu ilə bitirmişəm. Tələbəlik illərindən elmi işlərə maraq göstərdiyimə görə məni Qastroenterologiya İnstitutunun cərrahiyyə bölməsində iki illik kliniki ordinaturaya göndərdilər, sonra kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, şöbə rəhbəri hazırda baş elmi işçi kimi çalışıram. 1997- ci ildə namizədlik, 2005-ci ildə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişəm. Hal-hazırda professor attestatı almağı gözləyirəm. 170 dən artıq dünyanın müxtəlif ölkələrində məqaləm dərc olunub, iki monoqrafiyam, üç elmi yeniliyə görə patentim var. Rəhbərliyimlə 4 nəfər müdafiə edib, 4 nəfər isə dissertasiya işi ilə məşğuldur. Həkim cərrah kimi 5000-dən artıq uğurlu əməliyyat icra etmişəm.
Mən şair deyiləm. Şeirə böyük marağım var. Özümü dərk eləyəndən allah verəndən cızma-qara edirəm. İki şeir kitabım çap olunub.
- 28 ilə yaxın yurd həsrəti çəkmək, Kəlbəcər adlı möcüzə yurda əli çatmamaq yaradıcı insan üçün daha ağır, daha dözülməzdi. Ağrılarınızı necə ovutmusuz bu illər ərzində?
-Buna deyirlər yaman yerdə axşamladıq: tarixdən çoxlu müharibələr haqqında oxumuşuq. Ən çox bizi incidən Faşist Almaniyasının Sovet höküməti ilə olan müharibədə 600 000 Azərbaycanlı müharibəyə gedib onların tən yarısı şəhid olub, o cümlədən, mənim iki əmim. Almanlar işgal etdikləri ərazidə soyqırım və deportasiya həyata keçirməyiblər. Bizim məkirli qonşularımız- düşmənlərimiz isə rusların və başqa havadarlarının köməyi ilə bisə qarşı həm soyqırım, həm deportasiya tətbiq etdilər. Bu acını yaşamaq hamı kimi mənə də çox əzab verirdi. Mən bu həsrəti içim göynəyə- göynəyə yaşamışam. Bəzən bu hisslərimi şeirlə ifadə edib təskinlik tapmışam. Şeirlərimdə kimsəni yatmağa, itirilən torpaqları və yurd yerlərini unutmağa qoymamışam. Çox şükür ki, həsrətin sonu gəldi, yoxsa bütün yaşlı nəsillərimiz kimi bizim də sonumuz gələcəkdi.
- Söhbətimizə qəmli notlarla başlamaq istəməzdim əslində. Ancaq bu bizim yaşadıqlarımızdı və göynək ağrıları unutmaq, keçmişi xatırlamamaq mümkün deyil. Hansı arzularınızın üstündən xətt çəkib Kəlbəcərsiz illər?
- Bu bizim taleyimizdir, ondan qaça bilmərik. Kəlbəcər çıxanda bizim ailədən tək mənim iş yerm var idi, təzə ailə qurmuşdum, "kvartirant" qalırdım- evim eşiyim yox idi, qızım təzəcə dünyaya gəlmişdi. Bütün yük mənim üzərimə düşdü, ailəni yerləşdirmək, qardaşlarımı oxutmaq. Nə isə, bu günə şükür hər şer öz yolundadır. Kəlbəcər çıxmasa idi, mənim arxamda böyük bir el maddi dəstək olsaydı indi mən yəqin ki akademik ola bilərdim. Bunu itirmiş sayıram.
- Şükürlər olsun, Kəlbəcərimiz və işğaldan azad olunmuş digər yurd yerlərimiz indi müzəffər ordumuzun nəfəsilə isinir. Qələbə xəbəri hansı ruha köklədi sizi, hislərinizi sözlə necə ifadə edərdiniz?
- Bilirsiz, bu möhtəşəm bir iş- bir qələbə oldu. Müharibə başlayan kimi mən Daşkəsəndə qurulan hərbi hospitala yollandım. Yaralılara qulluq göstərdim. İlk günlərdən müharibədən gələn xəbərlər hər kəsi ruhlandırırdı. Yaralı əsgərlər belə yarası sağalmadan geriyə- döyüşə getməyi israr edirdilər. Keçirdiyim o hissləri FB sosial şəbəkəsində paylaşmışam, oradan baxa bilərsiz. 200 ildən artıq bir müddətdə biz yalnız torpaqlarımızı kimlərə isə uduza-uduza gəlmişdik. 2020-ci ildə Cənab Ali Baş Komandan bu işə dur dedi. Prezidentin qətiyyəti, millətimizin birlik və bərabərliyi, hərbiçilərimizin rəşadəti, şəhidlərimizin ruhu, qazilərimizin torpağa bastırılan əzaları ilə və dostumuz Türkiyə dövlətinin yanımızda kişi kimi duruşu ilə biz bu qələbəyə nail olduq! Allah bu milləti və məmləkəti daima uca eyləsin!
-Özünüzün də qeyd etdiyiniz kimi, bu möhtəşəm Qələbədə sizin də payınız var. Sizi cəbhə bölgəsinə çəkən nə idi, içinizin səsi, peşəniz, ya yurda qovuşmaq istəyi?
-Doğrusu bunların hamısı var idi. Tovuz hadisələri zamanı General Polad Həşimov, polkovniklər və hərbçilərimiz şəhid olanda mən artıq dözməyin mümkün olmadığını hiss edib Prezidentə müraciət ünvanlamışdım. FB səhifəmdə var, istərsəniz baxa bilərsiz. Müharbə başlamasını istəyirdim. Əlimdən gələn iş yaralılara xidmət etmək olduğu üçün köməyimi təklif etmişdim. Daşkəsənə getməyim isə oradan ordu ilə Murov dağını aşıb hamıdan tez Kəlbəcərə qovuşmaq istəyimdən irəli gəlirdi.
-Təkcə Vətən müharibəsində deyil, tariximizin Qanlı 20 Yanvar səhifəsini çevirəndə orda da qəhrəman həkim obrazınızı görürük...
-Deyərdim ki, bütün sonrakı faciələrimizin başlanğıcı 20 yanvar hadisəsi oldu. Onda mən təzəcə kliniki ordinator kimi işə başlamışdım. O vaxta qədər biz Sovetlər Birliyində yaşadığımız üçün rusların və daşnak tərəfdarlarının bizə qarşı belə rəftar edəcəklərini heç gözləmirdik. Silahsız, əliyalın şəhərə dörd tərəfdən tanklar BTR-lər və işıqsaçan güllələrlə daxil olub milli heysiyyətimizlə oynadılar. Onda 25-dən çox yaralıya 1 ay xəstəxanadan çıxmadan qulluq etdim. 1993-cü ildə 1 ay ərzində Fizuli bölgəsində 170 dən çox yaralıya xidmət etmişəm. 1994-cü ilin qışında Kəlbəcərə uğursuz hücum əməliyyatında 40 nəfərdən artıq ətrafların donvurması ilə olan hərbiçilərimizə canl-başla xidmət eləmişəm. Bu mənim həkimlik və vətəndaşlıq borcumdur.
-Mənzilə çatmağa az qalmış insanın səbri tükənir, sanki yorulur. “Kəlbəcərə gedə bilmədikcə illərdir içimizdə göyərən həsrət, Kəlbəcər alınarkən yaşadığımız sevinci üstələyir”, deyirsiz. Bu, yorğunluğun, daşmış səbrin ifadəsidir?
-Bir az real baxmaq lazımdır. 28 ildir həsrət çəkirsən. Kəlbəcər alınıb, qoşunlarımız ordadır. Amma biz hələ gedə bilmirik, bu da adamı üzür. Ancaq anlayışlı olmalı, gözləməliyik. Sevinərək gedib minaya düşmək daha böyük fəlakətdir.
-Yaz fəsli gələndə o yerlərin başqa bir əsrarəngiz gözəlliyi olur. Kəlbəcərin yazını necə xatırlayırsız?
-Bunu gərək sazla, şeirlə deyək. Mənim kitabım sizdə olmalıdır. Cavabı orda var.
-"Gorumuza sarı gedək" şeirlər kitabınızı açan kimi qarşıma ilk çıxan bu şeir oldu, hardasa sualımın cavabını tapdım, deyə bilərəm...
BU DAĞLARDA
Yetkin olur, aqil olur,
İnsan, sərən bu dağlarda.
El gücündə selgücü var,
Sınır kərən bu dağlarda.
Yağıya verməyib aman,
Qovğa açıb, uddurub qan.
At oynadıb zaman-zaman,
İgid, ərən bu dağlarda.
Şeiriyyət mülkündə kamil,
Bəhmən, Əli, Məmməd, Şamil...
Qəlbə, ruha var çox amil,
Şəfaverən bu dağlarda.
Şəmşir babam yenə yaşar,
Xoş təbilə şeir qoşar.
Gündən-günə cavanlaşar,
Ömür sürən bu dağlarda.
Çiçəkləyib bağ çiçəyi,
Kəklikotu, dağ çiçəyi,
Xatırladır, bax, çiçəyi,
Çiçəkdərən bu dağlarda.
Seyrinə çıx açan yazın,
Dinlə quşların avazın.
Görəcəksən dağlar qızın,
Zülfün hörən bu dağlarda.
Unudarmı səfasını,
Dəlidağın havasını,
İstisuyun şəfasını,
Gəzib-görən bu dağlarda?
-Həkim Zərraf Şirinovla, şair Zərraf Təhməzoğlu necə yola gedir?
-Mən bir adamam: Şirinov Zərraf Təhməzoğlu. Həkimlik Nizami babamın ogluna nəsihətini oxuduqdan sonra seçdiyim və sevərək işlətdiyim peşəmdir. Şeiriyyət isə Haqq vergisidir. Gücüm çatıb haqq sözü deyə bilirəmsə, buna da şükürlər olsun!
-Qarışıq hislərə rəvac verən, sevinc və kədərin üzləşdiyi kövrək söhbətə görə sizə təşəkkür edirəm.
-Sizə çox böyük sayğı və sevgilərlə sualları cavablandırdım. Olanımızdan bu qədər...
Söhbət etdi: Sevinc QƏRİB
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar