Xəbər lenti
“Mənsum İbrahimov haranın tulasıdır ki…” – Sənətkarların qalmaqalı böyüyür
Xəbər verdiyimiz kimi, Beynəlxalq Muğam müsabiqəsinin 5 nəfər münsif üzvü: xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov və Sərdar Fərəcov həmkarları Canəli Əkbərovun muğam müsabiqəsində münsif olmasının əleyhinə çıxıblar. Canəli Əkbərov haqqında sərt ittihamlar səsləndirən xanəndələr bildirib ki, o, münsif olarsa, müsabiqədə iştirakdan imtina edəcəklər.
Məsələ ilə bağlı Canəli Əkbərovgeniş müsahibə verib. Xalq artisti ona ünvanlanan ittihamların hər birinə ətraflı cavab verib.
– Necəsiniz, Canəli bəy?
– Bu çirkin dünyada necə olmaq olar? Təəssüf ki, öz mənliyini itirən adamlar çoxdur və biz bu dünyada onlarla istəsək də, istəməsək də qarşılaşırıq. Əlbəttə ki, qüsursuz insan yoxdur, amma hər şeyin də bir həddi olmalıdır axı…
– Həmkarlarınızın haqqınızda dedikləri səhhətinizə necə təsir göstərir? Övladlarınız və nəvələriniz narahatçılıq keçirirlər?
– Belə söz-söhbətlər mənə təsir etməz, “bar verən ağaca daş atarlar”.
– Müsabiqədə iştirak etmək üçün siz şəxsən Nadir Axundova (sözügedən müsabiqənin layihə rəhbəri – red.) müraciət etmişdiniz?
– Xeyr, qətiyyən. Layihənin rəhbərinə heç vaxt müraciət etməmişəm ki, məni də müsabiqəyə münsif kimi qəbul edin. Sadəcə jurnalistlər sual verəndə bu barədə açıqlama vermişəm. Bilirəm ki, Nadir Axundov münsif kimi müsabiqədə iştirak etməyimə icazə vermir. Görün kim mənim qarşımda baryer qurur? Nadir Axundovla birlikdə Azərbaycanın istənilən guşəsinə getsək, sizcə, xalq kimə yiyə duracaq? Əlbəttə ki, Canəli Əkbərova.
– Ölkəmizin sevilib-seçilən muğam ustası və Xalq artistisiniz. Amma Mənsum İbrahimov, Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Sərdar Fərəcov ünvanınıza mənfi rəylər bildiriblər. Bütün bunlara son vermək üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyi düşünürsünüz?
– Adlarını çəkdiyiniz sənətçilərin səsləri, sənətləri, səviyyələri mənimkindən artıq ola bilməz. Sağlıq olsun, lazım olsa müraciət edə bilərəm. Əbülfəs bəyə dərin hörmətim var, münasibətlərimiz çox yaxşıdır. Amma bu oyunları cənab nazirə söyləmək mən tərəfdən doğru olmazdı. Özləri nə lazım bilsə, edərlər.
– Mənsum İbrahimov verdiyi açıqlamada sizi qərəzli insan adlandırıb və “O, ağzına gələni danışır” , – deyə bidlirib. Onun sizə qarşı olan kini və nifrəti nədən irəli gəlir? Bəlkə, hər zaman həqiqəti danışmağınız onlarda sizə qarşı qıcıq yaradır?
– Mənsum İbrahimov kimdir ki, haqqımda belə sözlər deyə bilsin? Haranın tulasıdır? Mən onu heç saymıram. Azərbaycan Radiosunun fonotekasına və Televiziyasının filmotekasına verdiyim sənət əsərlərini Mənsum İbrahimov 100 il sonra da dünyaya gəlsə, onları yenə icra edə bilməz. Bunu tam səmimiyyətim və məsuliyyətimlə deyirəm. Qərəzli insan deyiləm, qərəzlə heç vaxt işim olmayıb. Həci də qərəzli olar?
– Mənsum İbrahimovu Məcnun roluna siz hazırlamısnız?
– Bəli. “Aşıq Qərib”də Qərib roluna onu mən hazırlamışdım. Amma indi bunu danır, guya ki, onu Arif Babayev hazırlayıb. Görün nə qədər qədir bilməzdir ki, bunu unuda bilib. Yalançının zatına lənət! Müsəlmanın ayağı bir balaca yer tutan kimi “Burada mənəm Bağdadda kor xəlifə” deyir. Axı bu yaxşılığı necə dana bilər? Onun Allahı yoxdur? Yenə deyirəm, yalançıya Allah qənim olsun. Mənsumu hazırladığıma görə Arif Babayev məni həmişə danlayırdı. A.Babayev ona “Çənəsi əyri gədə” deyirdi, min cürə ad qoyurdu. Mənsum İbrahimov indinin özündə də dahi Füzulinin kəlmələrini düzgün ifadə edə bilmir, vurğuları və hecaları yerində demir.
Heç kimdən qorxmuram, xalqımın da, prezidentin də vicdanlı vətəndaşıyam. Halbuki, Mənsum İbrahimov vaxtı ilə xalq cəbhəsinin üzvi olub…
– Onun üzərində çəkdiyiniz əziyyətlərə görə, peşmansınız?
– Heç vaxt, oldu keçdi. Halal xoşu olsun.
– Səkinə İsmayılovanı da Leyli roluna siz hazırlamısınız?
– Səkinə xanım deyə adını çəkdiyiniz qadına xanım demək olarsa, onu da səhnəyə hazırlayan mən olmuşam. Hətta instituta da müəllim kimi mən qəbul etmişəm, yarım ştatdan ştata keçirtmişəm. Səkinə ilk dəfə mənimlə səhnəyə çıxıb. Onun ilk Məcnunu mən olmuşam. Səhnədə onun əlindən tutan insanı bu qadın tanımırsa, mən ona nə ad verim, bilmirəm? Ayıb olsun! O unudub ki, əli əsə-əsə Leyli kimi səhnəyə çıxanda mən ona dayaq olmuşam? Nə tez unudub? Günümə bax ki, Səkinə indi üzümə durur. O vaxtlar tarımı da götürüb Gülxar Həsənovanın evində Səkinə İsmayılovanı Leyli roluna hazırlaşdırardım. Onun həm mətn müəllimi, həm Məcnunu, həm də İbn Sinası olardım. Çünki Leylinin üçü ilə də dialoqu var idi. İndi qudurğanlığından danışır, görmədiyi günləri görür. Vaxt var idi ki, Mənsuməni (Mənsum İbrahimov – red.), Arif Babayevi, Səkinəni özümlə dövlət tədbirlərinə aparardım. Bunu da onlara dəstək olmaq üçün edirdim.
– Sərdar Fərəcov da sizi yovuşmaz adam olmaqda ittiham edib və xanəndələr haqqında sərt fikirlər bildirdiyinizi irəli sürüb.
– Sərdar Fərəcov kimdir ki? O şəxs Azərbaycan muğamının inkişafı üçün nə edib? O həmkarlarım barədə mənfi fikirlər səsləndirdiyimi harada görüb? 30 il mikrofonsuz toylarda, konsertlərdə əsərlər səsləndirmişəm. Bəs onlar nə edib? Əgər haqqımda açıqlama verən 5 nəfərdən söhbət gedirsə, onların sözlərinin qarşılığında susmalıyam? Çox sağ ol deməliyəm? Körpə uşağam? 77 yaşım var, dövlət səviyyəsində 3 dəfə yubileyim keçirilib. Mənlə kəsdiyi çörəyə görə ayıb olsun. Arif Babayevlə atamın yurdunda bir oturmuşuq, çörək kəsmişik. Allah canlarını sağ eləsin. Onların dedikləri ilə mənə nə olacaq? Məni hamı tanıyır, böyük ailənin, elin ağsaqqalıyam.
– Ən maraqlısı odur ki, 5 nəfər həmkarınızın üstünüzə birdən düşüb…
– Bütün bunları Nadir Axundovun yanında nüfuzlarını qaldırmaq, özlərini yaxşı kimi qələmə vermək üçün edirlər. 63-cü ildən bəri muğam ifaçısı kimi fəaliyyət göstərirəm. Bu illər ərzində muğamlar ifa edib onun inkişafına töhfə vermişəm. Muğamın inkişafına illərini və ağlını sərf edən insana qara yaxmaq olmaz, onu gərək müdafiə edəsən. Bir də Canəli Əkbərov kimi sağlam muğam ifaçısı dünyaya gətirmək üçün bu xalq xeyli əziyyət çəkəcək.
– Arif Babayev belə hesab edir ki, müsabiqədə münsif kimi iştirakınız qalmaqallara səbəb olacaq. Beş nəfər münsif üzvi də onunla həmfikirdir. Lakin özlərinin dünənki açıqlaması Azərbaycan mətbuatında kifayət qədər böyük müzakirələrə səbəb oldu.
– Tamamilə haqlısınız. Mənim yovuşmaz və problemli insan olduğumu iddia edirlər. Halbuki müsabiqə başlamadan artıq özləri onun ətrafında böyük “skandal” yaratdılar. Özləri özünü inkar edirlər. Mən meydanda onlara sərf edən sənətkar deyiləm. Bütün bunlar oyundan başqa heç nə deyil. Sadəcə Nadir Axundovun xoşuna gəlmək və məni kənarlaşdırmaq üçün hər şeyi quraşdırıblar.
Onların dediyi kimi eqoist, şovinist və liberal deyiləm. Sadəcə tələbkaram, lakin bu, o demək deyil ki, ziyan verən və qəddar insanam. Evimdə də yaxşıya yaxşı, pisə də pis deyən insanam. Heç vaxt xalqın çörəyinə bais olmamaşam. Onlarsa pula görə, hər işə əl atmağa hazırdır. Arif Babeyevin muğam savadı yoxdur. Nə olsun ki, məndən 2 qarış hündürdür, savadsızın dal ayağıdır. İnsanlıq və mədəniyyət hər kəsə “Əla oxuyursan” deməklə ölçülmür. İş bununla bitmir. Gəlin Arif Babayevlə məni tribunaya çıxardaq, ikimizə də eyni mətni verək. Görək kim sanballı söyləyər? Əlbəttə ki, mən.
– Bəlkə muğamın incəliklərini onlardan daha dərin bildiyiniz üçün iradlarınız onlara pis təsir edir?
– Çünki mənim nəslim-köküm muğamla yoğurulub. Babam da, atam da xanəndə olub. Bir nəsil 3 muğam ifaçısı yetişdirib, hələ qardaşlarım da bu sənətlə məşğuldur. Seyid Şuşinski kimi ustadım olub. Arif Babayevin ədavəti Zeynəb xanımın mənimlə “Leyli Məcnun” tamaşasında oynamağa razılıq verməsi ilə başladı. Bu, onun xətrinə dəydi. Çünki Zeynəb xanım əvvəllər onunla oynayırdı. Halbuki, burada inciməli heç nə yoxdur. Tamaşada bu gün səninlə, sabah da mənimlə oynaya bilər. Müsəlman paxıllığı və qısqanclığıdır. Xalq bunu belə qoymaz.
– Hiss olunur ki, onlardan çox incimisiniz.
– Çox… Xalqım məndən nə vaxt nanəcib iş görüb, nə vaxt nəyi yalan danışmışam. Nə vaxt ədəbsiz iş görmüşəm? Nə vaxt tərbiyəsiz əməl sahibi olmuşam?
– Zeynəb Xanlarovanın bu söz-söhbətdən xəbəri var?
– Maraqlanmamışam, bəlkə də bu məsələyə qarışıb digər ifaçılarla münasibətlərini korlamaq istəmir. Zeynəb xanım cənab prezident tərəfindən ulu öndərimizin adını daşıyan şöhrətli orden ilə təltif olunanda onu təbrik etdim. Sənət yoldaşı kimi öz borcumdan çıxdım.
– Bəs Əlibaba Məmmədov sizdən niyə küsüb?
– Çünki onun səsi yoxdur. O səs ona adam söymək və qarğış etmək üçün verilib. Bu sənəti bilən və duyan bir insan kimi onun səsini bəyənmirəm. Əlibaba Məmmədovun səsində zövqverici elementlər yoxdur. O, meyxana və mərsiyə tərzində oxuyur. Səsdə bədii zövq olmalıdır. Etdiklərinə görə hamısını Allaha tapşırmışam.
– Sizcə, Allahın dinlər vasitəsilə təbliğ etdiyi ədalət öz yerini tutacaq?
– Onlar kimi əhli-kef deyiləm, Allah adamıyam. İnanıram ki, tutacaq. Onların etdiyi kişi işi deyil, nakişilikdir. Məni insanların gözündən salmaq və sındırmaq istəyirlər. Bu isə heç vaxt baş verməyəcək, sınan deyiləm. Başım indi necə dikdirsə, ömrümün axırına qədər də belə olacaq. üzüm ağ, alnım açıqdır.
– Sabah haqqınızda ittiham səsləndirən insanlarla üz-üzə gələndə necə reaksiya verəcəksiniz?
– Mənə də maraqlıdır. Bunlardan sonra onlar üzümə necə baxacaqlar? Axı xeyir və şər var. Ar olsun.
– Bəs muğam müsabiqəsini izləyirsiniz?
– Vaxtım və imkanım olanda baxıram.
– İştirakçıların səsini bəyənirsiz?
– Yaxşıdır, amma münsiflər mənim tələbələrimə qısqanclıqla yanaşırlar.
– Verdikləri açıqlamalara görə üzr istəsələr onları bağışlayarsınız?
– Kin-küdurətli insan deyiləm, amma artıq dediklərini deyiblər, bundan sonra üzr istəsələr, nə olacaq, istəməsələr nə? Onlar ciddi danışıblar, mən hələ insafla danışıram.
– Tələbələriniz sizi çox istəyir?
– Tələbkar olsam da, tələbəni kəsən müəllim olmamışam. Verdiyim tapşırığı icra edə bilməyən tələbənin qiymətini tənbeh məqsədilə bir bal aşağı salaram vəssalam. Tələbələrim hamısı məni çox istəyir.
– Ulu öndər Heydər Əliyevlə çəkdirdiyiniz xatirə şəkli diqqətimi çəkdi.
– İllədir ki, bu şəkil masamdadır. Onunla bağlı qısa hekayə danışım. Bir dəfə ulu öndər şəhərə xalqla gəzintiyə çıxmışdı. Xalqım arasında idim, onunla görüşüb söhbət edə bilmək üçün həyatımda ilk dəfə sırtıqlıq etdim. Bizim yanımızdan keçəndə özümü qabağa verib onunla vətəndaş kimi görüşüb qucaqlaşdıq. Bu cəsarətimə görə, çox şad olmuşdu.
– Oxuculara başqa nə isə demək istərdiniz?
– Ürək sözlərimi artıq dedim, maaşımız gəlib deyə bir balaca tələsirəm. Bazarlıq etməliyəm, evdəki külfət yesin və kef-çəksin (Gülür).
– Oldu, onda sizə də, bizə də yaxşı yol.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar