Xəbər lenti
ABŞ və Azərbaycan təhsil sisteminin fərqi - Əfqan Abdullayevin araşdırması
Bax, bu da həmin an! Bəs niyə dincəlmir canımız? Bəs niyə qurtarmır əzab-əziyyətlərimiz (əgər buna belə demək mümkündürsə)?
Nədənsə insanın canında həmişə bir naşükürlük olub. O an yetişir, məktəb qurtarır, son zəng də çalınır, amma heç kim məktəbin qurtarmasını istəmir... Hər kəs kövrəlir o gün, 11 ilin günləri bir kino lenti kimi gəlib keçir gözümüzün qabağından. Məktəb bizə nə etdi, biz məktəbə nələr etdik? Lakin biz bunu məktəbdə oxuyarkən anlamırıq, elə ki "Son Zəng" sədası gəlir qulağımıza, onda başa düşürük ki, bu da bu. Bir mahnıda deyildiyi kimi "Məktəb illəri, ömrümün ən şirin, duyğulu, qayğısız günləri"nə bununla da son zəng son qoyur.
Amma məktəbi bitirmək də asan iş deyil, bu heç də hamıya qismət olmur. Son zəngə qədər gəlib çıxmısansa bu da bir qəhrəmanlıqdır. Biz də bu qəhrəmanlığa görə onları təbrik edir və deyirik - bu sonun əvvəlidir, heç zaman sizi sonun əvvəlinə gətirənləri - məktəbi, ordakı insanları unutmayın, həmişə onlarla fəxr edin. Unutmayın ki, sizi qabaqda daha mənalı həyat, daha şərəfli işlər gözləyir - Şagird həyatından sonra tələbə həyatı!
Elə həmin son zəng günlərində belə bir fikir keçdi ağlımdan. Görəsən ABŞ-da orta məktəbi qurtaranda deyirlərmi ki, "Bircə məktəbi qurtarsaydım canım dincələrdi!"? Niyə ABŞ-da? Ona gərə ki, mənim də həyatımın çox "son zəngləri" məhz bu ölkədə olub -Magistratura, doktorantura, universitetdə də administrativ iş (rektorun köməkçisi) və s. ABŞ orta məktəbləri ilə heç bir bağlılığım olmasa da, ordakı son zənglər, ona qədər olan proseslər, ondan sonrakı dövrlər haqqında - universitet seçimi, universitetə qəbul, ixtisas seçimləri, orta məktəbi qurtaranların gələcək haqqında düşüncələri - bilgilərim var. Ona görə də düşündüm ki, bildiklərim bizim son zəng hissi keçirən şagirdlərimizə (düşünmürəm təkcə onlara) də maraqlı olar.
Bu gün ABŞ əhalisi dünya əhalisinin 4.38%-ni (324 milyon) təşkil edir ki, bu da dünyada 3-cü böyük ölkə deməkdir. İstər əhali, istərsə də dünyada təsir dairəsi, söz sahibi olması ilə seçilən ABŞ-da təhsil, xüsusilə də orta təhsil sahəsində vəziyyət necədir? Əlavə olaraq bir məlumatı da verək ki, ABŞ-da ali təhsildən qabaqki təhsil K-12 (yəni bağçadan 12-ci sinfə qədər olan tədris dövrü) adlanır.
K-12 dövlət təhsil müəssisələrinin tədris proqramları (kurikulumları), büdcələri, və digər təhsil siyasətləri yerli orqanların seçdiyi "Məktəb Şuraları" tərəfindən müəyyən edilir ki, bunlar da individual məktəb bölgələri, sahələri üzərində idarəetmə gücünə malikdir. Dövlət qurumları isə bütöv təhsil standartlarıni müəyyən edir, K-12 səviyyəsi üçün standartlaşdırılmış testləri idarə edirlər. Məktəblərin büdcəsi əsasən üç mənbədən: yerli büdcədən, ştatın büdcəsindən və federal büdcədən maliyyələşir. Özəl məktəblər isə həm akademik, həm də maliyyə müstəqilliyini saxlayırlar. Onların müstəqil akkreditasiya qurumlarından akkreditasiyadan keçmələri də könüllüdür.
Məktəbyaşlı ABŞ uşaqlarının 87% dövlət məktəblərində, 10% isə özəl məktəblərdə və 3% uşaq ev-məktəblərdə təhsil alırlar. Ştatlardan asılı olaraq uşaqlar məktəbi 5 (8) yaşdan başlayaraq 16 (18) yaşda tamamlayırlar. K-12 məktəb sistemində bu gün 130 min məktəb (98 min dövlət məktəbi, 30 min özəl məktəb, 6800 Katolik məktəblər) vardır ki, bunların da 87 mini ilkin-ibtidai məktəb, 27 mini orta məktəb, 15 minı qarışıq tipli məktəblərdir. Hal-hazırda məktəblərdə 55 milyon uşaq oxuyur (bunlardan 5 milyonu özəl məktəblərdə təhsil alırlar). K-12 sistemində 3, 800,000 müəllim işləyir. Müəllim şagird nisbəti ABŞ üzrə təxminən 16.1-dir. Özəl məktəblərdə bu nisbət bir az da aşağıdır - 12.2.
ABŞ əhalisinin 29 yaşa qədərki əhalisinin 91% orta məktəbi bitirib, 46%-nin bakalavr dərəcəsi var, 36%-nin ixtisas dərəcəsi var, 9% isə Magistr dərəcəsi alıb. 29-34 yaş həddində olanların 90% orta məktəbi qurtarıb. 5-17 yaşlı uşaqların valideynlərinin 10.8%-nin aşağı orta məktəb dərəcəsi olub, 38.1%-nin isə bakalavr və yuxarı dərəcəsi olub. 6.5 milyon 3-21 yaşlı fiziki imkanı məhdud olan uşaqlara (12.92%) xüsusi təhsil verilir. Bir şagirdə çəkilən xərc 11,000 dollardır, (müqayisə üçün bir ali məktəb tələbəsinə çəkilən xərc isə 26,000 dollardır). Orta məktəbdən yayınma halları 7%-dir. Orta məktəbi qurtarıb ali məktəbə (iki illik kolleclər- (25%) və dörd illik - (44%) təhsil müəssisələri) gedənlər 69%% təşkil edir ki, bu da dərəcə verən 4207 ali təhsil müəssisəsində 17 milyondan çox bakalavr tələbəsi deməkdir.
Bəs orta məktəbi bitirən və birinci kursda oxuyan ABŞ tələbələri ali məktəbləri, ixtisasları seçərkən nələrə üstünlük verirlər, onların ailə xüsusiyyətləri, sosial vəziyyətləri və digər xarakterik xüsusiyyətləri nədədir?
2014-2015-ci tədris ilində birinci kursa qəbul olanların atalarının 54.8%, analarının isə 58.1% -nin kollec və ondan yuxarı dərəcələri olmuşdur. Birinci kursa qəbul olanlardan 20%-i ailədən kollec təhsili alan ilk uşaqdır. 12.3% birinci kurs tələbəsinin təhsil haqqını ödəməkdə ciddi çətinlikləri olmuşdur. 30%-nin təhsil haqqını ödəmək üçün ailədən ancaq 1000 dollar almaq imkanı vardır, 30%-dən bir az yuxarı tələbələrin ailədən 10000 dollar almaq imkanları olmuşdur. Birinci kurslardan yalnız 28%-nin təhsil haqqını ödəmək üçün özlərinin qazandıqları1000 dollar imkanları olmuşdur.
Birinci kurs tələbələrinin orta məktəbin axırıncı sinfində oxuduğu zaman vaxtlarını necə "xərclədikləri" də maraqlıdır. Onlardan 10%-dən azı dərsə-ev tapşırıqlarının hazırlanmasına həftədə 1 saat, 47% 5 saata qədər, 38%-ə qədəri 6-20 saat, 4.6% isə 20 saatdan çox vaxt ayırmışdır. Həmin tələbələrin 48% 1 saatdan az müddətdə, 13.7% 1-5 saat müddətində, 28.9% 6-20 saat müddətində, 9.4% isə 20 saatdan çox müddətdə ödənişli işdə işləmişdir. Onlar evdə də boş dayanmayıblar. 41.7% 1 saatdan az, 47.6% 1-5 saat, 9.3% 6-20 saat, 1.4% isə 20 saatdan çox ev işlərinə (dərslər nəzərdə tutulmur) vaxt sərf etmişlər. Əlavə oxu üçün ayrılan vaxtlar isə belə olmuşdur: 55.7% 1 saatdan az, 34.8% 1-5 saat, 8.5% 6-20 saat, 1% isə 20 saatdan çox həftəlik vaxtlarını əlavə oxumağa həsr etmişlər.
Axırıncı sinifdə (12-ci sinifdə) onların "tez-tez", ya da "hərdənbir" etdikləri maraqlı işlər də olmuşdur. Məsələn 61.3% başqa şagirdin dərslərə hazırlaşmağına kömək etmişdir, 52.9% dərsə həmişə gecikmişdir, 43.1% dərsdə yatmışdır, 52.5% dərslərini vaxtında yerinə yetirə bilməmişdir.
Bəs onlar özləri oxuduqları siniflərdə öz yoldaşları arasında birinci onluqda hansı keyfiyyətləri ilə seçilmişlər? 71.1% hesab edib ki, akademik qabiliyyətinə görə,53.7% yaradıcılığına görə, 62.6% liderliyinə görə, 47.5% riyazı qabiliyyətinə görə, 46.1% yazı qabiliyyətinə görə.
Hal-hazırda onlar özlərində hansı keyfiyyətləri üstün tuturlar? 80.7% başqalarının dini inanclarına tolerantlılıqlarına görə, 63.2% düşüncələrində açıq-sərbəst olmaqlarına görə, 70.1% mübahisəli məsələlərin həllində danışıqlara getməyinə görə, 85.5% müxtəlif insanlarla (irq, din, sosial durum,status və s. ) əməkdaşlıq etmək qabiliyyətinə görə.
Universitet seçimində onlar necə hərəkət etmişlər? 54.9% qeyd edir ki, sənədlərini hal-hazırda oxuduğu universitetdən başqa 5 universitetə də göndərmişdi. 28.7% 6-10 universitetə göndərib sənədlərini, 6.7% 11-dən çox universitetə sənədlərini göndərib. 55% tələbənin hal-hazırkı oxuduğu universitet onun 1-ci seçimi olub, 27.2%-nin isə 2-ci seçimi olub. 11.0% -nin isə 3-cü seçimi olub. Məsafəyə gəldikdə isə 5.4% tələbənin universiteti ilə yaşadığı yer arasındakı məsafə 5 mildən az (8 km), 7.2% 6-10 mil arası (10-16 km), 28.4% 11-50 mil arası (15-80 km), 16.1% 51-100 mil arası (80-160 km), 26.6% 101-500 mil (160-800 km), 16.3% isə 500 mildən çox (800 km-dən çox olmuşdur.
Ali təhsil almağa hansı amillər onları sövq etmişdir? 86.1% yaxşı iş tapmaq arzusu, 46.6% həm də mədəni səviyyəsini yüksəlmək məqsədilə, 72.8% daha çox pul qazanmaq üçün, 82.2% maraqlandığı şeylər haqqında daha çox öyrənməkdən ötrü, 77.1% xüsusi karyera qurmaq üçün yaxşı təlim almaq, 59.7% təhsilini növbəti etapda davam etdirmək üçün.
Oxuduqları universiteti neçə ilə qurtarmağı planlaşdırdıqlarına görə də tələbələr fərqlənmişlər. 2.5% düşünür ki, universiteti 3 ilə qədər oxuyub qurtaracaq. 84.7% 4 ilə, 9.4% 5 ilə, 2.2% isə 6 ilə və daha çox vaxta qurtara biləcək.
İxtisas seçimində isə vəziyyət belə olmuşdur. 10.6% humanitar ixtisaslara, 14.7% bilogiya elmlərinə,14.5% biznes sahəsinə, 5.2% pedaqoji sahəyə, 11.2% mühəndislik sahəsinə, 12.8% tibb sahəsinə, 3.7% riyaziyyat-kompüter elmlərinə, 2.4% fizika elmlərinə,10.1% sosial elmlərə üstünlük vermişlər. Birinci kurs tələbələrinin 20.9% bakalavr, 42.0% magistr, 30.8% isə Ph.D dərəcələrini son məqsəd olaraq göstərmişlər.
Sonda inanmaq istərdik ki, bu yazıda olan məlumatlar son zəng hissini keçirənlərlə bərabər təhsil sahəsində çalışanlar üçün də maraqlı olacaq.
Əfqan Abdullayev
Professor
(Enter.News)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar