Xalqımıza qarşı soyqırımları törədənlər isə indi olduğu kimi, o dövrdə də imperialist qüvvələrin oyuncağı olan erməni cəlladları idi.
Belə ki, 1918-ci ildə ermənilər aysorlarla birlikdə Cənubi Azərbaycanın Urmiya, Salmas, Maku və Xoy vilayətlərində də azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər.
Erməni terror təşkilatları, “Daşnaksütun”, “Hınçak” və digərləri tarixi Azərbaycan torpaqlarında və Şərqi Anadolu ərazisində yerli əhalini etnik təmizləmə yolu ilə məhv edərək, demoqrafik dəyişikliyə nail olmaq, “Böyük Ermənistan” xülyasını reallaşdırmaq arzusu ilə yaşayırdılar.
Bu mənfur plan nəticəsində, Cənubi Azərbaycanın qərb bölgəsində Sulduzdan Xoya qədər olan ərazilərdə yaşayan azərbaycanlılar soyqırımına məruz qalıblar.
Erməni vəhşiliyi nəticəsində I Dünya müharibəsi başlanandan 1918-ci ilin ortalarına kimi Cənubi Azərbaycanın qərb bölgəsində 200 minədək azərbaycanlı qətlə yetirilib. Onların da 130 minə qədərinin təkcə 1918-ci ildə həyata keçirilən qırğınlar nəticəsində öldürüldüyü bildirilir.
Ermənilər törətdikləri vəhşilik zamanı südəmər körpələrə, yaşlı insanlara belə aman verməyiblər.
Erməni vandalları ilk olaraq, Urmiyada 1918-ci il fevralın 22-dən 25-dək sistematik qırğınlar törədiblər. Martın 17-də isə onların vəhşiliyi daha kütləvi xarakter alıb. Birləşmiş erməni-aysor silahlı dəstələri 12 saat müddətinə şəhərdə günahsız əhalinin qətliamını həyata keçiriblər.
Urmiyada 500 evə od vurub, yandırıblar. Bir gün ərzində Urmiyada öldürülənlərin sayı 10 min nəfərə çatıb.
Ermənilər dini mərkəzlərə sığınan dinc sakinlərə də rəhm etmirdi. Salmas bölgəsinin mərkəzi Dilmanda erməni hücumu qarşısında çarəsiz qalan əhali məscidə sığınsa da, onlara da aman verilməyib, kütləvi şəkildə güllələyiblər.
Erməni vandallar Salmasın Köhnəşəhər və Dilmandan, eləcə də ətraf ərazilərdən 40 min nəfəri əsir götürüb, cəsədlərin üzərindən keçirməklə bir həftə Nəftvan və Qala adlı ərazidə ac saxlayıblar. Daha sonra soydaşlarımızı əzabla şaxtada donub ölmələri üçün ac-yalavac səhralığa buraxıblar. Onların böyük əksəriyyəti Nəftvan xarabalıqlarında aclıqdan və soyuqdan donub ölüb.
Erməni faşisti Andranik isə Xoy şəhərində soyqırım törətməyə çalışırdı. Lakin şəhər əhalisinin ciddi müqaviməti və Cənubi Azərbaycana daxil olan Osmanlı ordusunun Xoya yaxınlaşması ilə Andranikin planı iflasa uğradı.
Ermənilərin türklərə qarşı törətdikləri bu qanlı qırğınların hamısı eyni məkrli planın tərkib hissəsi olub, təkcə “Böyük Ermənistan” dövləti yaratmaq məqsədinə xidmət etməyib.
Eyni zamanda həmin dövrdə törədilən bu qırğınlar ermənilərə siyasi və hərbi yardım edən İngiltərə, Fransa, Rusiya kimi dövlətlərin də maraqlarına uyğun olub.
Təəssüflər olsun ki, bu gün də həmin siyasət davam etdirilməkdədir... (Bizim.Media)