Xəbər lenti
Soydaşımızdan İsveçdə sərt çıxış: “14 milyon insan…”
2017-ci il martın 8-də İsveç parlamentində “İranın gələcəyində milli azlıqların rolu” mövzusunda konfrans keçirilib.
Manevr.az “GAMAC.info”ya istinadən xəbər verir ki, konfransda güneyli soydaşlarımızı tanınmış siyasi fəal Maşallah Rəzmi təmsil edib. O, konfransda ana dilində təhsil hüququ, İran İslam Cümhuriyyətinin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri, Urmu gölü böhranı və azərbaycanlılara qarşı mədəni, ictimai, iqtisadi, siyasi və irqi ayrı-seçkilik məsələləri üzrə çıxış edib:
“Azərbaycan İranda demokratiya və modernləşmənin öncülü olub. Lakin indi azərbaycanlılar digər etnik azlıqlar kimi ana dilində təhsil almaqdan məhrum edilib və bir çox iqtisadi, ictimai, siyasi, irqi ayrı-seçkiliyə məruz qalıblar. Hətta İran İslam Cümhuriyyətinin yanlış siyasəti nəticəsində bizim ətraf mühit problemlərimiz də artıb. Dünyanın ikinci şor gölü olan Urmu gölünün 95 faizi quruyub, onun yerində qalan 8 milyard ton duz yaxın gələcəkdə ətraf bölgələrə yayılarsa, gölün ətraf bölgələrində yaşayan 14 milyon insanın həyatı ciddi təhlükə altına düşəcək”.
O, İranda azərbaycanlı aktivistlərin təzyiqlərə məruz qaldığını bildirib:
“İslam hakimiyyəti azərbaycanlı mədəni fəalları bir çox təzyiqlərə məruz qoyur, onlara müxtəlif bəhanələrlə həbs və işgəncə edilir. Ötən Beynəlxalq Ana Dili Günü (21 fevral) ərəfəsində 4 mədəni fəal həbs cəzasına məhkum edildi. Əkbər Azad 10 il, Əlirza Fərşi 15 il, Behnam Şeyxi 10 il və Həmid Mənafi 10 il azadlıqdan məhrum edildi, onlar həmçinin iki il sürgün edilmə cəzası ilə üzləşdilər. Fəallar 2014-cü ildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə mərasim keçirdiklərinə görə məhkəmə tərəfindən cəzalandırılıblar”.
İclas iştirakçılarına Azərbaycanın iqtisadi vəziyyəti haqqında məlumat verən Rəzmi burada da böyük çətinliklərin yaşandığını söyləyib:
“Azərbaycanda iqtisadi vəziyyət də acınacaqlıdır. Gənclər iş tapmaq üçün ölkənin digər bölgələrinə köçməyə məcbur olur. Belə bir iqtisadi vəziyyətdə Azərbaycan əhalisi Tehrandan 2, İsfahandan isə 7 dəfə çox vergi ödəyir. Azərbaycan əhalisinin tələbi əsasında ölkə parlamentində 100 deputatın iştirakı ilə Türk Deputatlar Fraksiyası yaradılıb. Ana dilində təhsil məsələsi və iqtisadi ayrı-seçkilik siyasətini dayandırmaq fraksiyanın əsas fəaliyyət istiqamətini təşkil edir. İran çoxdilli və çoxmillətli bir ölkədir. Lakin hökumətin strukturu ölkənin etnik strukturuna uyğun gəlmir. Azərbaycanlılar və digər azlıqlar ikinci dərəcəli vətəndaş hesab olunur, onların təməl hüquqları əksəriyyəti fars olan İran hökuməti tərəfindən tapdalanır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar