Xəbər lenti
Deputatlar xalqı qıcıqlandıran açıqlamaları qəsdən verir?
“Onlara yüksək səviyyədə reaksiya verilməlidir”
Son bir ildə cəmiyyət deputatların, məmurların ilginc açıqlamaları ilə şoka düşür. Ölkədə maddi böhran halları artıqca, əhalinin sosial problemləri pik həddə çatdıqca deputatların hökumətə yönəlik qəzəbləri azatlmaq üçün etdiyi cəhdlər diqqət doğurur. Onlar sanki yarışa girmişcəsinə cəmiyyətin əsəbinə toxunan açıqlamalar verərək, gündəmi məşğul edirlər.
Onlardan bir neçəsini xatırlayaq.
Son olaraq qalmaqallı açıqlamaları ilə yadda qalan deputat Hadı Rəcəblinin son dediklərini yada salaq: “Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq sperallarınından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.
O, 2015-ci ildə isə buna bənzər, qıcıq doğuran bir açıqlama vermişdi: “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir”.
Daha bir qalmaqallı açıqlamanın müəllifi isə deputat Hüseynbala Mirələmov olub. O da xalqa fərqli mesaj verib: "Ayağınızı yorğanınıza görə uzadın, azdı, az yeyin, çoxdu, çox yeyin. Adamlar var ki, ət yemir, balıq yemir, dieta saxlayır. Çox yemək də bir şey deyil. Çox yemək adamı qocaldır.".
Amma H.Mirələmov açıqlamanın ciddi müzakirə və etiraz doğurduğunu görüb qısa müddət sonra onu təkzib etmişdi: “Əvvəla, kiminsə məni təhqir etməyə ixtiyarı yoxdur. İkincisi də, dediklərimin hamısı konteksdən çıxarılıb. Müsahibə verəndə zarafatla dedim ki, "indiki dövrdə xanımlarımızın çoxu fiqura saxlamaq üçün heç nə yemir-içmir”. Özü də bir neçə dəfə dedim ki, "bu, zarafatdır”. Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb. Jurnalistlə səmimi şəkildə söhbət etdik, zarafatlaşdıq. Bu millətin bəzi üzvləri sanki bir-birinə qənim kəsilib. Belələri sanki 1937-ci ildə bir-birinin qanını içən adamların nəvə-nəticələridir. Belə olmaz axı! Böyük Vətən Müharibəsində ata-babalarımız nə qədər əziyyət çəkiblər. Çətinlik görüblər. Ac-susuz qalıblar, amma vətənə kömək ediblər. Əgər vətənimiz çətin durumdadırsa, onun yolunda canımızı da verməliyik. Hər bir azərbaycanlı belə düşünməlidir”.
Baxmayaraq ki, daldan atılan daş topuğa dəyər və H.Mirələmovun birinci dedikləri daha çox yadda qaldı.
Daha bir deputat – Aslan Şahverdiyevin “otxod” ittihamı da yaddaşlardan silinməyib. Onu da yada salaq: “Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir?
Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır”.
Milli Məclisin vitse spikeri Bahar Muradova isə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı “xalq ayağını yorğanına görə uzatsın və hökumətdən olan gözləntilərini sonraya saxlasın” deyərək, qəzəbi özünə çəkməyi başarıb. Amma o da sonradan verdiyi müsahibələrində belə bir fikir səsləndirmədiyini bildirib.
ARDNŞ prezidenti Rövnəq Abdullayevin mətbuat konfransında “insanlar içəridə qazı yandırır, amma pəncərəni açıq saxlayır” açıqlaması da yaddaşlardan silinməyib.
Göründüyü kimi, nümunələr az deyil. Xüsusən də ölkədə ciddi maliyyə böhranı yaşanan, gəlirlərin aşağı düşdüyü zaman ard-arda bu sayaq açıqlamaların verilməsi səbəbsiz görünmür. Ekspertlər isə hesab edirlər ki, bu, düşünülmüş siyasətdir. Burada iki məqsəd var: xalqın hakimiyyətə yönələn qəzəbini yayındırmaq, gündəmi dəyişdirmək. Birinci halda maddi problemlərin məngənəsində olan cəmiyyət bu cür danışan məmurlara qəzəbini ünvanlayır və daha çox “hakimiyyət belə məmurlarla nə iş görə bilər ki” deyib, hakimiyyətin xeyrinə mövqe sərgiləyir. İkinci halda isə gündəm bir anda dəyişir və bütün müzakirələr o sərsəm açıqlamalar ətrafında olur. Bu zaman da belə açıqlamalar birbaşa hakimiyyətin xeyrinə işləmiş sayılır.
Sosioloq Əhməd Qəşəmoğlu bu tendensiyanı zərərli hesab edir. Onun sözlərinə görə, hər məmurun danışığı, hərəkəti cəmiyyətdə modeldir. Müsahibimiz dedi ki, insanlar onlara baxıb, özlərini ona uyğun aparırlar: “Bu, sosial psixologiya elmində əsaslanmış bir şeydir. Cəmiyyətin öndə gedənlərinin danışıqları kütləyə təsir edir.
O biri tərəfdən, istənilən vaxt, istənilən məmurun hərəkəti, sözü insanlarda fikir yaradır. İnsanlar dərhal düşünür ki, “gör dövlətimiz, sabahımız nə cür insanların əlindədir”. Belə məsuliyyətsiz danışıqlar insanlarda sabaha inamı sual altına qoyur. Halbuki məmurlar məsuliyyətlə işləyəndə, işinin öhdəsindən gələndə insanlar da inamlı olurlar”.
Müsahibimiz dedi ki, məmurların hansını dindirsək, hamısı prezidentə sədaqətindən danışır: “Amma onların davranışı ölkənin başçısına layiq şəkildə olmalıdır. Bizim məmurlarla problemimiz var. Onların məsuliyyətsiz danışığı var. Bunu qəsdən etmirlər. Bu, onların səviyyəsini göstərir. Buna yüksək səviyyədə diqqət artmalı, bu cür məmurlar cəzalandırılmalı, qınanmalıdır. Əks halda, bunun qarşısını almaq olmayacaq və cəmiyyətdə pis əhval yaradacaq”.
Sevinc TELMANQIZI
(musavat.com)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar