Xəbər lenti
Sosial şəbəkələrdə üzə çıxan RƏZALƏT - NURAY AJİOTAJI
Yetkinlik yaşına çatmayan Nuray Bayramzadə ətrafında yaranmış ajiotaj hələ bitməyib. 10 yaşlı uşağın himayəsində olduğu xalasından alınaraq atası Əvəz Bayramova verilməsi səhnəsini əks etdirən videosüjet sosial şəbəkələr üçün trend olaraq qalır. Uşağın "bioloji ata"ya verilməsi barədə məhkəmə hökmünü reallaşdırmağa çalışan icra məmurlarının qeyri-peşəkar davranışları haqlı irad yaradır, əsəbləri coşdurur. Sosial statusundan asılı olmayaraq hər kəs - millət vəkilindən tutmuş QHT təmsilçisinə, sadə vətəndaşdan başlamış məmura qədər hamı - faktı pisləyir, yanlışa yol vermiş məhkəmə icraçılarının cəzalandırılacağını gözləyir.
Əsəbləri coşduran amil təkcə məhkəmə icra məmurlarının davranışları deyil. "Xəstə olduğu üçün həyat yoldaşını boşayan", "6 aylıq uşağına sahib çıxmayan", "qızının dolanışığı üçün aliment ödəməyən" atanın "10 ildən sonra gözlənilmədən peyda olması", "uşağı zorla özününküləşdirmək istəməsi" kimi feysbuk statusları videosüjetin təsirini artırır. "Bioloji ata" yarlığı vurulan "bu tip insana dəstək olduğu üçün ölkənin ədliyyə sistemi" qınanılır. Yaranmış ovqatı, əsəbi durumu fürsət bilib prosesləri fərqli məcraya yönəltmək istəyənlər də tapılır, hadisənin mahiyyətindən xəbərsiz olan milyonlarla internet istifadəçisini ədliyyə sisteminə və ölkəyə nifrət ruhunda kökləməyə cəhd edilir.
Hədəf seçilən, qınaq olunanlar arasında Azərbaycanın ənənəvi KİV-i də var. Qəzetlər, televiziyalar "başlanmış kampaniyaya dəstək vermədikləri" üçün tənqid olundular. Sosial şəbəkələrdə formalaşan yekun rəy budur ki, ənənəvi KİV-lər "bu tip məsələlərdə operativ davrana bilmədikləri üçün" tarixin bir küncünə qoyulmalı, yerini feysbuka, tvitterə verməlidir.
Problemin kökü də elə budur. Operativlikmi, yoxsa dəqiqlikmi? Operativlik naminə jurnalistikanın digər prinsiplərinə -araşdırmaya, dəqiqləşdirməyə önəm verilməməlidirmi? Dilemmadır, isbata ehtiyacı var, amma günümüzün reallığıdır.
Ənənəvi KİV sosial şəbəkələrdə "operativ yayılan", 10 yaşlı uşağın dramatik durumunu əks etdirən videosüjetin təqdimatında 1-2 saat "gec qaldı". Həmin 1-2 saat feysbukda paylaşılan statuslarda əks edilən "dəhşət" barədə rəsmi qurumların mövqelərinin öyrənilməsinə sərf edildi. Araşdırma aparmaq jurnalistikanın prinsipidir. Tələsik, araşdırılmadan, qeyri-dəqiq olaraq yayılmış informasiyanın necə problemlər yaradacığını hər kəs bilir. Bu prinsip Quba məhkəməsində yaşanmış olay fonunda da təsdiqini tapdı.
Ənənəvi KİV-in 1-2 saatlıq araşdırması nəticəsində müəyyən edildi ki, sosial şəbəkələrdə videosüjetlə bağlı təqdim edilən informasiyaların, ən azı, yarısı yalandır. Belə ki, videosüjetdə əks olunanlara qədər və ondan sonra baş vermiş, yaşanmış olaylar var ki, kəsilib çıxarılıb. Kəsilmiş hissələrin yeri isə boş qalmayıb, yanlış informasiyalarla doldurulub. Məlum olur ki, "Nurayın anasını boşamaq Əvəz Bayramovun təşəbbüsü olmayıb, boşanma qarşı tərəfin istəyi ilə baş tutub". Niyəsini bilmirik, bəlkə də boşanmaq Əvəz Bayramovla birlikdə yaşamaqdan daha münasib imiş? Əvəz Bayramovun məhkəmədəki davranışı da bu ehtimalı gücləndirir. Amma bütün bunlar versiyadır, ehtimaldır. İndilik dəqiq bildiyimiz budur ki, boşanmanın səbəbi haqqında sosial şəbəkələrdə yayılmış informasiya yalandır, Əvəz Bayramov keçmiş yoldaşından xəstə olduğu üçün imtina etməyib. Aliment verilməməsi xəbəri də yalandır, adamın əməkhaqqından aliment tutulub, rəsmi sənədlər var. "Bioloji ata"nın 10 il müddətində yoxa çıxması", Nurayla maraqlanmaması xəbəri də eyni qəbildəndir. O, ötən 10 ilin 6 ilini məhkəmələrdə keçirib, valideynlik hüququnu bərpa etməyə çalışıb.
KİV-in ortaya çıxardığı məqamlardan biri də hüquq sistemində müəyyən bir boşluğun olmasıdır. Azərbaycan Ailə Məcəlləsinin 52-ci maddəsi uşaqlara öz fikirlərini bildirmək hüququ verir. "Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir". Bu Məcəllə ilə nəzərdə tutulmuş hallara əsaslansaq, həm məhkəmə, həm də qəyyumluq üzrə icra orqanı 10 yaşına çatmış Nurayın razılığını nəzərə alaraq qərar qəbul etməlidir. Amma əldə olan məhkəmə qərarı fərqlidir. Məhkəmə bu qərarı hansı qanuna, hansı duruma istinadla çıxarıb? Məhkəmə təmsilçiləri qanunlara istinad etdiklərini isbatlamağa çalışırlar.
Videosüjetin mərkəzində dayanan əsas fiqurlardan biri, məhkəmə icraçısı Ümid Məsimov da özünü təqsirkar bilmir, əməlində qanuna söykəndiyini iddia edir.
Qanunlardakı boşluqlar icra qurumlarının yanaşmalarında da özünü göztərir. Məsələn, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rəxşəndə Bayramova Trend-ə açıqlamasında deyib ki, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası "yaranmış durumu nəzərə alaraq, Nurayın istəyinə uyğun qərar çıxarıb, onun xalası ilə qalması yönündə qərar çıxarıb". Ədliyyə Nazirliyi isə yaydığı açıqlamada Quba Rayon Məhkəməsinin qərarını, yəni Nurayın atasına verilməsi qərarını haqlı sayır, qanunlardan sitat gətirir. İlkin təsssürat budur ki, qanunlarda boşluq var. Araşdırılmalıdır, boşluqlar tapılıb üzə çıxarılmalıdır ki, Nuray qismində uşaqlar çarəsiz qalmasın, uşaq yaşında travma almasın.
Bu prosesdə KİV-in rolu mühümdür. Sosial şəbəkələr yaranmış durumda "operativ davrandılar", əhalini nifrətə, kinə, üsyana səslədilər, Əvəz Bayramovu, məhkəmə icraçılarını, ədliyyə sistemini linç etməyə çağırdılar. Ənənəvi KİV isə "operativ"liyi yox, obyektivliyi, dəqiqliyi əsas götürdü, araşdırma apardı və nəticə olaraq yuxarıda təsvir etdiyimiz məqamları üzə çıxardı.
Bu, təkcə Azərbaycan üçün xarakterik deyil. 6 ildir davam edən, bütünlükdə Yaxın Şərqin qan gölündə boğulmasına səbəb olan "ərəb baharı" kampaniyası "göyərtisatanın hüququnun pozulması"nı əks etdirən feysbuk statusu ilə başlamadımı? Türkiyəni təhdid edən bugünkü proseslər İstanbulun "Gəzi parkı" barədə yalançı informasiyanın, Liviyada baş vermiş hadisənin videoçarxını montaj edərək "Gəzi parkı olayı" kimi sosial şəbəkələrdə yerləşdirməklə başlamadımı? İnsanları çaşdırmaq, həyəcanlı, emosional, tələsik qərar verməyə çağırmaq "məhkəmə icraçılarının" davranışlarından azmı ziyanlıdır, məsuliyyətlidir?
Heç bir qanun, haqq və hüquq Nurayın yaşadıqlarına bəraət verə bilməz, onu bu duruma salanları haqlı çıxara bilməz. Nurayın atasına verilməsi barədə məhkəmə hökmünü köntöy icra edən məhkəmə icraçıları, Nurayın durumunu nəzərə almadan qərar vermiş hakimlər, uşaqların hüquqlarının qorunmasına məsul olan rəsmi qurumlardan başlamış uşağı iddialara, ailədaxili münaqişələrə qurban edən valideynlərə, qohumlara qədər hər kəsin məsuliyyəti müəyyən edilməli, müvafiq ölçü götürülməlidir. Amma yaranmış durumu fürsət bilən, həssaslıqdan faydalanıb siyasi ambisiyalarını gerçəkləşdirməyə çalışan, insanları dövlətə, hüquqa, KİV-ə etimadsızlıq göstərməyə çağıranlara da yerləri göstərilməli, məsuliyyətləri anladılmalıdır.
Müşfiq Ələsgərli
Milli.Az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar