Xəbər lenti
Nazirin xalası oğlu "açdı sandığı, ... " - Otelləri, yeşik sexləri... - FOTO
HÜSEYNQULU BAĞIROV OTELİMİ ƏLİMDƏN ALDI, ÜSTÜMƏ EKSKVATOR SÜRDÜRDÜ
Manevr.az xəbər verir ki, iş adamı Abbas Zeynalov xalası oğlu olan Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırov barəsində şok ittihamlarla çıxış edib.
Adıçəkilən şəxs BakiPost.az-ın redaksiyasına gələrək, şikayətçi olduğu xalası oğlu ilə bağlı bir sıra iddialar səsləndirib və bu iddiaları ilə bağlı bəzi sübutlar təqdim edib.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Appelyasiya Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əleyhinə qərar çıxarılması barədə məlumat vermişdik. Həmin materialda qeyd olunurdu ki, nazirlik əməkdaşları məhkəmə qərarını gözləmədən Qubada iş adamı, həmçinin, nazir Hüseynqulu Bağırovun doğma xalası oğlu Abbas Əbil oğlu Zeynalova məxsus istirahət mərkəzini dağıtdığı üçün onların iddiası ləğv edilib. Bu xəbərdən sonra nazirlik məsələ ilə bağlı geniş açıqlama yayıb, zərərçəkmişin dələduzluq etdiyini, onun iddiasının heç bir əsasının olmadığını, restoranın isə qanun çərçivəsində söküldüyünü bildirdi
.
Hər iki yazının linki:
Hüseynqulu Bağırov xalası oğlunun milyonluq obyektini dağıtdı - Nazirin məhkəmə çəkişməsi/ FOTO
Hüseynqulu Bağırov xalası oğlunun obyektini niyə sökdürüb? – Nazirlikdən sərt AÇIQLAMA
A.Zeynalov da məhz nazirliyin bu açıqlamasına cavab vermək və iddialarını faktlaşdırmaq məqsədilə redaksiyaya müraciət edib. Şikayətçi bildirir ki, nazirlik həmin açıqlaması ilə əslində özünü ifşa edir:
"Bu il sentyabrın 29-da özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqşünası kimi təqdim edən Rzayev Malik və özünü Ali Məhkəmənin sədri Ramiz Rzayevin qohumu kimi qələmə verən, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Mustafa Əhmədov 40 nəfərə yaxın adamla və texnika (ekskavator və s.) ilə Quba rayonu ərazisində Qəçrəş kənd yolunda 18 il işlətdiyim "Naxçıvan" ("Orman") mövsümi istirahət obyektini özbaşınalıq edərək, qanunsuz və əsassız olaraq dağıdıb, vəhşicəsinə məhv edib və yerini də şumlayıblar.
Hadisə zamanı həmin şəxslərin qanunsuz hərəkətlərinin səbəbini soruşduqda mənə bildirdilər ki, "bu Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun birbaşa tapşırığıdır”. Həmin predmetlə bağlı Quba rayon Məhkəməsinin icraatında mülki işin olduğunu, tərəfimizdən məhkəməyə qarşılıqlı iddia ərizəsinin verildiyini bildirdikdə, onlardan söküntü barədə məhkəmənin və ya icra məmurlarının müvafiq qətnamə və qərarlarının olub-olmadığını soruşduqda, dedilər, "məhkəmə, qanun tanımırlar, heç kimdən də qorxmurlar və bu işi nazir Hüseynqulu Bağırovun israrlı tələbi ilə həyata keçirirlər”.
Mən bir sahibkar kimi onlara bu hərəkətlərinin ölkə başçısının sahibkarla bağlı sərəncam və fərmanlarına zidd olduğunu dedikdə, onlar öz nazirlərin əmirlərini yerinə yetirdiklərini söylədilər. Dedilər, Hüseynqulu Bağırov lazımı yerlərə zəng edib tapşırıb, ona görə də məsələnin prosedurlara uyğun, qanuni şəkildə həyata keçirmələrinə lüzum görmürlər”.
Şikayətçi bildirir ki, obyektinin sökülməsinə mane olmağa çalışarkən ona zor tətbiq edilib, ciddi bədən xəsarətləri alıb: "Əmlakımın məhv edilməsinin qarşısını almaq istəyərkən, üstümə ekskavator sürüb mənə ağır xəsarət yetirdilər və mən huşumu itirib yerdə yıxıldım. Sonra Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya aparıldım. Həmin hadisədən keçirdiyim stress və qorxudan uzun müddətdir ki, müalicə alıram. Bununla bağlı həkim kağızları və ekspert rəyləri də var”.
A.Zeynalov bildirir ki, sökülən restoran uzun illərdir ona məxsus olub və həmin ətrafda olan digər istirahət məkanları kimi "ümumi qayda” ilə fəaliyyət göstərib. O, obyektinin qəsdən və qərəzli şəklidə sökülməsini də məhz ətrafdakı restoranların hələ də fəaliyyət göstərməsiylə əsaslandırır: "Vəhşicəsinə dağıdılmış həmin restoran Qəçrəş yolunda işləyən ən qədim mövsümü restoran olub və 30 ildən çox fəaliyyət göstərib. 18 ildir, mənə məxsusdur və ətrafı da mövsümü restoranlarla əhatə olunmuşdu. Həmin yerdə onlarla belə mövsümü restoranlar, istirahət yerləri fəaliyyət göstərir. Əgər orada restoran işlətmək qanunsuzdursa, bəs başqaları niyə işləyir? İkincisi, bu 20-30 ildə nazir hara baxırdı, niyə bu "dəhşətli qanunsuzluğu” görmürdü?
Nazirin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə almanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Nazir bu 30 ildə siz haradaydınız?”.
İş adamı nazir qohumunun onun obyektini niyə sökdürdüyünün də səbəblərini açıqlayıb. O, bunu nazirin onunla şəxsi ədavəti olması ilə əsaslandırıb: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuata verdiyi açıqlamada mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı və 188-ci maddələri ilə cinayət əməli törətməyim, dövlətin rüsum və vergilərini də ödəmədiyim göstərilib. Bu tam əsassız ittihamdır və böhtandır. Nazir Hüseynqulu Bağırov qanunsuz hərəkətlərini pərdələmək və ört-basdır etmək niyyəti ilə belə bir cəfəngiyat yazdırıb. Nazir məndən iki məsələyə görə qisas aldı. Bu qisasçılıq hissi onun gözlərini elə bağladı ki, qanunları tapdalamaqdan belə çəkinmədi”.
Şikayətçi iddia edir ki, nazir A.Zeynalovun işlətdiyi obyektin ərazisində ağacları kəsdirib, özünə məxsus Yeşik Sexlərinə material apartdırırmış. İş adamı isə buna qarşı çıxandan sonra onun obyektinin dağıdılması qərarı verilib: "Mən və mənə məxsus olan obyekti işlədən şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyinin köməkliyi, göstərişi və təşəbbüsü ilə meşədən yaşlı, qiymətli və saf ağacları qanunsuz olaraq kəsib daşıyan, satan şəxslərə maneçilik törətdiyimizə və vətəndaşlıq borcumuzu yerinə yetirdiyimizə görə hazırkı problemlərə düşmüşük. Məhz bu səbəbdən də Hüseynqulu Bağırov tələm-tələsik, 10 günün içində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki məsul işçisini - Meşələrin Mühafizəsi Departamentinin rəisi Şakir İsmayılovu və Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Mustafa Əhmədovu vəzifəsindən çıxarıb. Nazir elə düşünür ki, kələfin ucunu bulanıq suya soxmaqla törətdiyi əməlləri çıxarılan adamların üzərinə ataraq, izi itirə biləcək. Bəs Hüseynqulu Bağırov Quba rayonunda fəaliyyət göstərən onlarla yeşik sexini bir anda yox edə biləcəkmi? Qırdıqları meşənin yüzillik ağaclarını bir anın içində bərpa edə biləcəkmi? İşdən çıxarılan Mustafa və Şakir cənabları bu özbaşınalıqları təkbaşına, nazirin dəstəyi və xəbəri olmadan edə bilməzdilər. Əlbəttə, onlar məndən qisas almağa çalışan nazirin qanunsuz göstərişlərinə əməl etməklə cinayət törədiblər”.
Biznesmen xalası oğluyla arasında olan ədavətin başqa bir səbəbini də açıqlayıb: "Hüseynqulu Bağırovun mənə qarşı düşmənçiliyi Bakı şəhəri, Nəsimi rayonu, "Təzə bazar”ın yanında yerləşən bir otelin tikintisindən sonra başladı. Həmin otelin inşasına birgə, şərik kimi başladıq. Sonradan o, məni aldatdı və oteli tamamilə ələ keçirdi, heç qoyduğum vəsaiti də qaytarmadı. Daha sonra mən məsələni qanuni yolla həll etmək istəyəndə "Sentral Park" adlı həmin oteli dövlətə bağışladığını bildirdi. Bəli, nazir dövlətin adından istifadə etməklə mənim əmlakımı qanunsuz olaraq ələ keçirdi. Mən aldadıldığımı, onun bu addan istifadə etdiyini sonradan bilmişəm. Və yenidən haqqımı tələb etməyə başlamışam. Bunu görən nazir məndən qisas almağa başladı”.
İş adamı deyir ki, əmlaklarının qanunsuz olaraq sökülməsi ilə ona təxminən 372000 manat məbləğində maddi zərər dəyib: "Hüseynqulu Bağırova bir daha bildirmək istəyirəm ki, 2001-ci ilin yanvar ayının 1-dən müqavilə heç bir tərəfdən mübahisələndirilmirsə, Azərbaycan qanunvericiliyinə görə yenilənmiş sayılır. Həmən müqaviləyə əsasən, sizə pul ödənilməsəydi, bizi bir saat da orada işləməyə qoymazdınız. Mən hələ ekologiya işçilərinin, qonaqlarının və şəxsən sizin çoxsaylı qonaqlarınızla yeyib-içib pulunu ödəmədiyinizdən danışmıram”.
Şikayətçi bildirir ki, bu günə kimi onlar tərəfindən nazirliyin Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə hər il müqavilədə nəzərdə tutulduğundan çox icarə haqqı nağd şəkildə ödənilib: "Hər il Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin nümayəndələri gəlib icarə haqqını özləri alıb aparıb. Lakin bizə icarə haqqının ödənilməsi barədə qəbz verməyib. Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin qanunsuz hərəkətləri ilə bizə həm maddi, həm də mənəvi zərər dəyib. Bununla bağlı Quba Rayon Məhkəməsinin icraatında mülki iş var.
Həmin ərazidə onlarla mövsümü istirahət obyektləri fəaliyyət göstərir. Biz də uzun müddətdir ki, həmin obyektlərin əhatəsində onlardan birini işlədirik, həmin əraziyə və meşə zolağına vicdanlı münasibət bəsləyirik. Lakin Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən bizə qarşı edilən qanunsuz hərəkətlər nəticəsində sahibkar kimi bizim imicimizə və işgüzar nüfuzumuza xələl gəlib.
Nazir Hüseynqulu Bağırov və onun savadsız komandası unudub ki, Qanunun 12.4-cü maddəsinə əsasən Sahibkarın hüquqlarını pozan dövlət orqanlarının və ya digər orqanların, yaxud onların vəzifəli şəxslərinin fəaliyyəti nəticəsində, habelə sahibkar barəsində qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin həmin orqanlar və ya vəzifəli şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin orqanlar və vəzifəli şəxslər ödəməlidirlər.
Təəssüflər olsun ki, nazir Hüseynqulu Başırovun ya həmin Qanundan xəbəri yoxdur, ya da belə bir Qanunu tanımaq istəmir. Və bununla dövlətçiliyimizi şübhə altına qoymaq istəyir”.
A.Zeynalov iddia edir ki, nazirlik əməkdaşları xoşları gəlməyən, dediklərini etməyən, meşənin qırılmasına qarşı çıxan sahibkarlardan müqavilənin artırılması müqabilində külli miqdarda rüşvət tələb edirlər: "Maraqlıdır ki, Hüseynqulu Bağırov bu qanunsuz və özbaşınalığı bir ənənəyə çevirib. İki il öncə yenə də qanunları tapdalayaraq mənim obyektimdən 400 metr aralı yerləşən başqa bir iş adamının da obyektini dağıdıb. Bu ayın əvvəlində mənimlə yaxın olduğu üçün başqa bir sahibkara məxsus kottecləri yerlə yeksan edib”.
Zərərçəkmiş şəxs nazirlə mübarizəni davam etdirəcəyini, onunla bağlı yeni faktları təqdim edəcəyini bildirib: "Hüseynqulu Bağırov, səninlə tam ifşa olanadək mübarizə aparmaq əzmindəyəm və bu mübarizəni aparacağam. Sənin Dövlət orqanından istifadə edərək orada yaratdığın ab-hava gec-tez dövlətimiz tərəfindən ifşa olunacaq. Ürəyində olan və vaxtı ilə mənimlə bölüşdüyün arzular elə ürəyində də qalacaq”.
İş adamı son olaraq onu da qeyd edib ki, yuxarıda göstərdiyi faktları hüquq mühafizə orqanlarına sübut etməyə hazırdır: "Bununla bağlı məndə kifayət qədər faktlar və sübutlar var. Həmin sübutları Azərbaycan Respublikası Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə təqdim edə bilərəm”.
Bakı Post
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar