Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qurultayda AYB sədrliyinə namizəd ola bilərəm”

Tarix: 05-08-2019 14:11     Baxış: 3594 A- / A+
“Qurultayda AYB sədrliyinə namizəd ola bilərəm”

Ələmdar Cabbarlı: “O şairlərin çoxu küyə gedəndir”

Manevr.az şair, filologiya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Ələmdar Cabbarlı azadinform-a müsahibəsini təqdim edir:

-Nə var, nə yox, Ələmdar bəy?

Salam, olana şükür.

-Şükürlü bəndəsiniz?

Əlbəttə.

-Ən çox nəyə şükür edirsiniz? Şair taleyi qismətiniz olduğuna?

İndi şair taleyi o qədər də cazibədar deyil ki, ona şükür edəsən. Qonorar yox, kitabını çap eləyən yox, əvvəlki tiraj yox...

-Kitab çap etdirmək bir az dəbdən düşüb axı. Oxucu yazarı indi daha çox facebook-da, instagram-da görmək istəyir...

Düşünmürəm dəbdən düşüb. Maşallah, hər gün kitab təqdimatıdı, imza günüdü. Həm də ki, kitabın çapından yazıçı qazanc da əldə etməldir axı.

-Deyirsiniz şair taleyi o qədər də cazibədar deyil. Bəs onda nəyə görə son dövrlərdə şairlərin sayı birə-min artıb?

Bilirsiniz, əsl şairlər o taleyi yaşamağa məhkumdu, amma çoxları küyə gedənlərdi, bəziləri də özü də bilir ki, yazar-filan deyil, sadəcə o cür pərdələnib mükafat-filan alırlar, rahat yaşamağı bu cür görürlər.

-Bəs əsl şairləri müəyyən etməyin bir yolu varmı? Bəziləri deyirlər ki, istedadı ölçən bir cihaz yoxdu, yaradıcılıq zövqə görədi. Sənin üçün bir şair, başqası üçün də digər bir şair maraqlıdı...

Əsl şairləri zaman müəyyən edir. Çalxalandıqca, bulandıqca zaman nehrə kimi hər şey ortaya çıxır.

-Bayaq kitab təqdimatlarından danışdınız; son vaxtlar hansısa təqdimatlarda, imza günlərində iştirak etmisiniz? Belə tədbirlər bezdirici deyil?

Son dəfə Ayaz Arabaçının kitab təqdimatında olmuşam, çox maraqlı idi, həm də qələbəlik idi.

-Orada da təsadüfi adamlar üç-üç, dörd-dörd kitab aparırdı? Çox görmüşəm belə şeyləri, ona görə deyirəm. Pulsuz olduğuna görə sanki qənimət bilib daşıyırlar kitabları. Nəticədə həqiqi oxuculara kitab çatmır...

Yox, hamı alırdı. Pulsuz deyildi. Ondan az əvvəl də mənim özümün imza günüm oldu. 500 kitabdan 350-si satıldı. Amma indi tiraj o qədər azdır ki, oxucuya onsuz da kitab çatmır.

-Onda niyə gileylənirsiniz ki? İlin-günün bu vaxtında 350 kitabınızı bir təqdimatda sata bilirsinizsə, kiçik göstərici deyil məncə...

Mən kitabın qiymətini 3 manat qoymuşdum, lap hamısı satılsaydı belə, maddi baxımdan bir əhəmiyyəti yoxdur, əlbəttə ki, mənəvi dəyəri başqadı. Amma deyək ki, sovet dövründə şair, yazıçı kitabının pulu ilə maşın alırdı.

-Axı o dövrdə qapalı bir sistem vardı; tribuna çox az idi. Bir “informasiya susuzluğu” vardı. Cəmiyyətə nə təqdim olunsaydı, fərqinə varmadan “başına çəkirdi”. İndi isə auditoriya minlərlə hissəyə, hissəciklərə bölünüb...

Əlbəttə ki, o dövr üçün nostaljim yoxdur, indi daha yaxşı dövrdür, çünki öz dövlətimiz, öz bayrağımız var, qalanları düzələr.

-Vaqif Yusifli bir dəfə demişdi ki, Kəlbəcər alınmasaydı, Ələmdar şair olmayacaqdı. Nə qədər razısınız bu fikirlərlə?

Vaqif müəllim onu yazanda mən hərbi xidmətdə idim, gələndə münasibət bildirdim, dedim ki, əksinə Kəlbəcərdə daha yaxşı şeirlər yazacaqdım, Kəlbəcərin təbiəti, Səməd Vurğunun vəsf etdiyi kəklikli daşları yazdıracaqdı bu şeirləri. Bizim Qənbər müəllimin belə misraları var: Bizə şair deməsinlər, Kəlbəcər özü şairdi. Amma deyim ki, Vaqif müəllim sonralar mənim kitablarım haqqında çox yaxşı məqalələr yazdı.

-“Bizim Qənbər müəllim” deyəndə kimi nəzərdə tutursunuz?

Əlbəttə ki, Dədə Şəmşirin övladı Qənbər Şəmşiroğlunu.

-Həm də “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun atası...

Bəli.

-Cavid Qurbanovla şəxsən tanışsınız?

Mən Cavid müəllimin seçicisiyəm, məncə, hər bir seçici deputatını tanımalıdır.

-Bəs deputat necə, öz dairəsinin istedadlı adamlarını tanıyıb qiymətləndirə bilirmi?

Bəli, heç şübhəsiz.

-Əvvəllər “Ələmdar Cabbarlı” təkcə bir gənc şairin imzası idi. İndi isə bu imzanın əhatə dairəsi xeyli genişlənib: nəsr, publisistika, elmi-pedaqoji fəaliyyət... Bunlara rəğmən şairlik istedadınız əvvəlki qaydada özünü büruzə verə bilirmi? BDU-da çalışırsınız, orada işləriniz necədir?

Şairlik, şeir yazmaq elə bir şeydir ki, harda olsan da özünü biruzə verəcək. Özünüz də yaradıcı adam kimi bunu bilirsiniz. Universitetdə isə tarixən yaradıcılıq üçün mühit olub, ədəbi mühit burada qaynar olub. Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu kimi görkəmli ədiblər burada çalışıblar. Ədəbiyyat dərnəkləri olub, indi də Məti Osmanoğlunun rəhbərlik etdiyi belə bir dərnək var, yəni ki, bu tarixi bir ənənədir. Amma əlbəttə ki, Universitet ilk növbədə elm və təhsil məbədidir. Yeri gəlmişkən, bu il universitetin 100 illik yubileyidir. Bu münasibətlə bütün həmkarlarımı, tələbələri təbrik edirəm.

-Bayaq dövlətdən, bayraqdan danışdınız. Çoxmu bağlısınız bayrağa, dövlətçiliyə?

Məncə, bu, türkiyəlilər demiş, söz konusu belə olmamalıdır.

-Çox yaxşı. Deməli, bu, sizin üçün həssas mövzudur. O zaman dövlətçiliyə, atributlarımıza qarşı yönələn təxribatlar sizi çox narahat edər - təbiidir. Belə hallar olanda reaksiyanız necə olur? Yoxsa siz də siyasətə qarışmaq istəməyənlərdənsiniz? Ümumiyyətlə, siyasətin sərhədi haradan başlayır; ziyalı fikri bu sərhədi keçəndə nə baş verir?

Bilirsiniz, siyasətə qarışsan gərək siyasətçi olasan. Əlbəttə ki, bu mənim işim deyil. Amma dövlətimizə qarşı təxribatlara cavab vermək siyasətə qarışmaq deyil, vətəndaşlıq borcu, insanlıq halıdır və buna da həmişə hazıram.

-Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, həm də qurumun Gənclər Şurasının üzvü idiniz deyəsən?

Üzvü idim, 5-10 gün bundan qabaq yaşa görə çıxarıblar katibliyin iclasında. Bəlkə də bu, qocalığın ilk rəsmi bildirişidi...

-Təbrik edirəm! Amma Gənclər Şurasından çıxarıldığınıza görə deyil, ad gününüz münasibətilə. Bu gün yaşınız tamam olur. Müdriklik dövrünüzə qədəm qoymağınıza cəmi bir il qaldı. Əldə etdiklərinizə görə kimlərə borclusunuz? Yoxsa bunlar Şir bürcünün üstünlükləridi?

Çox sağ olun, deyim ki, ad günlərimi heç vaxt xüsusi qeyd etmirəm, sıradan bir gündü mənim üçün, Salam Sarvanın belə misraları var: hər gün ad günüdü dünyada... Bürclərə də inanmıram. Əldə etdiklərimə görə isə, Allaha və valideyinlərimə borcluyam.

-AYB Gənclər Şurası sizin üçün nə ilə yadda qaldı? Orada üzv olarkən hansı işləri gördünüz? Ümumiyyətlə, bu şuranın işi nədən ibarətdir?

Açığı, bir neçə dəfə iclaslarda oldum. Sədrimiz də əziz dostum Elşad Ərşadoğlu idi. İndi də dostumuz Fərid Hüseyn sədr seçilib, yeni tərkib var. Onlara da uğurlar arzulayıram. Biz də yavaş-yavaş AYB Ağsaqqallar Şurasına doğru irəliləyirik.

-O iclaslarda nə kimi məsələlər müzakirə edilir?

Yaradıcı adam nəyi müzakirə edərsə, onu. AYB-nin gənclərlə bağlı gördüyü və görəcəyi işlər, kitabların çap oluması, kitab təqdimatları, gənc yazarların beynəlxalq tədbirlərdə iştirakı kimi məsələlər. Məsələn, mən özüm Türkiyədə keçirilən şeir festivalında iştirak etdim.

-Sizcə, gənclərlə bağlı görülən işlərdə obyektivlik necə qorunur? Bəzi gənclər hansısa səbəblərdən, Birlikdən ya istefa verir, ya da uzaqlaşdırılır. Gənclərin, tutaq ki, kitablarının çap olunmasını, yaxud beynəlxalq tədbirlərdə iştirak etməsini kimlər müəyyənləşdirir? Belə işlərdə ayrı-seçkilik olurmu? Məsələn, mən də AYB üzvüyəm, lakin istər gənclik yaşlarımda, istərsə də sonrakı illərdə bircə dəfə də olsun, dövlət büdcəsi hesabına Birlik tərəfindən nə kitabım çap olundu, nə də beynəlxalq tədbirlərə göndərildim....

Amma mənim yadımdadır, AYB ilə birgə təşkil edilmiş tədbirdə - 2011-ci il idi məncə “Natəvan” klubunda sizə “İlin ən yaxşı şairi" mükafatı verildi. Əlbəttə ki, siz kitablarınız çap olunmağa da layiqsiniz, ölkəmizi, ədəbiyyatımızı təmsil etməyə də. Bu suallarınızın cavabını isə AYB-nin yetkililəri verə bilər, mən də sizin kimi sıravi bir üzvəm.

Qısa düzəliş edim: 2011 yox, 2009-cu il idi. Həm də o mükafatı mənə AYB deyil, “Bizim söz” qəzeti verdi. AYB-də konkret olaraq mənə qarşı da səbəbi bəlli olmayan haqsızlıqlar edilib. Lakin belə şeyləri ictimaiyyətə açıqlamaq barədə heç vaxt düşünməmişəm. Nə isə, demək istəyirəm ki, gənclərə, yaradıcı şəxslərə diqqət bu formada olmamalıdır...

-AYB-dən söz düşmüşkən, bildiyimə görə yaxınlarda təşkilatın qurultayı olacaq, sizcə sədr kim olmalıdır, eşitdiyimə görə artıq iddialılar, yeni namizədlər var.

Bilirsiniz, kim namizəd olmaq istəyirsə, onlara uğur arzulayıram, bu, onların hüququdur. Səhv eləmirəmsə, 90-cı ilin prezident seçkilərində Yusif Səmədoğluna deyiblər ki, sən də prezidentliyə namizəd ol, hörmətli adamsan, Səməd Vurğunun oğlusan, camaat səni seçər. Rəhmətlik Yusif müəllim deyib ki, tutaq ki mən namizəd oldum, birdən xalq da məni seçdi, bəs mən nə nağayrıcağam? Yəni bu mənada prinsipcə istənilən bir üzv, deyək ki, AYB-nin 20 ilə yaxın bir üzvü kimi mən də qurultayda AYB sədrliyinə namizəd ola bilərəm. Amma namizədliklə iş bitirmi? Əvvəla, gərək səni seçsinlər, ikincisi də lap tutaq ki, Yusif müəllim demişkən, seçdilər, nə edəcəksən? Gərək vəzifənin məsuliyyətini də hiss edəsən, dediyim odur ki, bu cür açıqlamalar verəndə bir az fikirləşmək lazımdır.

-Tanınmış tənqidçi Əsəd Cahangir deyir ki, Birlik üzvlərinin sayını 2000-dən 200-dək azaltmaq lazımdı. Razısınız bu fikirlərlə?

Əsəd bəyə böyük hörmətim var, amma bunun proseduru necə olacaq? Əvvəla o 200 nəfər necə müəyyənləşəcək? İkincisi də belə bir təcrübə varmı ki, hansısa təşkilata üzvlüklə bağlı limit qoyulsun?

-Siz də bunu Əsəd müəllimdən soruşun...

İlk gördüyümdə soruşacam.

-Başqa nə soruşacaqsınız Əsəd Cahangirdən? Sizin yaradıcılığınız haqda yeni məqaləni haçan yazacağını?

Onu da soruşa bilərəm. Amma kitablarımın təqdimatında elə gözəl danışıb ki, yazıya alsan, əla məqalə alınar.

-Əslində maraqlı ideyadır. Bəzən şifahi nitq yazılı məqalədən daha sanballı olur. Yeri gəlmişkən, indiyədək neçə kitabınız işıq üzü görüb və çap olunan sonuncu kitabınız hansıdır?

10 kitabım çap olunub, sonuncu "Qızıl" povest və hekayələr toplusudur.

-Səməd Vurğunun sözü olmasın, bu “Qızıl” da əbədi qiymətini özündə saxlamağa iddialıdırmı?

Zər qədrini bilənlər üçün hə.

-Heç şeir oxumadın. Günah məndə oldu deyəsən, söhbətin istiqamətini çox o tərəf-bu tərəfə çəkdim. İsti-isti nəyin varsa, ilk dəfə oxucularımızla bölüşə bilərsən.

Heç bir kitabımda olmayan şeirimi oxuya bilərəm:

İstəyirəm bir tərəfə üz tutam –
Çəpər durur, hasar durur qarşıda.
Həsrət məni yaman vaxtsız qocaltdı,
İnanmışdım – vüsal durur qarşıda...

Yavaş-yavaş haqlıyıram əllini,
O da ola, ya olmaya bəllimi?
Bilirəm ki, tapmayacam həllini –
Yaman çətin misal durur qarşıda...

Hələ kefimizin çağ vaxtlarıdı,
Hələ üzümüzün ağ vaxtlarıdı.
Hələ canımızın sağ vaxtlarıdı –
Ağrı durur, azar durur qarşıda.

Hələ bəxtimizin xoş günləridi,
Bir də gördün o xoş günlər əridi...
Hələ ömrümüzdə iş günləridi –
Şənbə durur, bazar durur qarşıda.

Yavaş-yavaş ömrün-günün dadı yox,
Bir də gördün bu ocağın odu yox.
Yekə-yekə danışmağın adı yox –
Ölüm durur, məzar durur qarşıda.

Ölüm sözü hardan düşdü dilimə,
Neçə dəfə əli dəyib əlimə.
“Qürbət eldə can vermərəm ölümə” –
Kəlbəcərə güzar durur qarşıda!'


-Şeirə görə sağ olun. Yox, elə üslubunuz həminkidi, ovqat elə o ovqatdı. Qoruya bilmisən şairliyini. Bəs ailə barədə necə, sual vermək olarmı?

Olar, əlbəttə.

-Neçə övladınız var?

Allah bütün övladları qorusun. 2 övladım var.

-Allah saxlasın. Sözlə maraqlanırlar?

İndiki uşaqların sözdən çox internetə, yutuba-filana marağı var.

-İnşallah, bir gün Kəlbəcəri işğaldan azad edərik, Qənbər Şəmşiroğlunun dediyi o şair Kəlbəcər sizin övladlarınızda da sözə həvəs yaradar...

Başqa yolumuz da yoxdur. Əgər mən gedib Kəlbəcərin torpağına qismət olmayacağamsa, demək bu ömrü hədər yaşayıram.

-Bəs siz özünüz necə, internetə maraq göstərirsiniz? Yaradıcılığınızı internetə inteqrasiya edə bilirsinizmi?

İnternet, artıq istəsək də, istəməsək də həyat tərzimizə çevrilib, evdə də, işdə də, yolda da.

-Mənə elə gəlir ki, yenə nəsə soruşacaqdım, yadımdan çıxdı... Sizcə, daha hansı sualı verməliydim?

Məncə, soruşduğunuz ən çətin sual elə bu oldu.

-Ən çətin suala ən yaxşı cavabı da verdiniz əslində...

Çox minnətdaram. İlin-günün, istinin-bürkünün bu vaxtında yadınıza düşmüşəmsə, çox şanslıyam.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar