Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sevinc Qərib: "Ovcun əllərimin isti yuvası, əllərin ovcumda ən əziz sakin"

Tarix: 12-07-2019 10:06     Baxış: 2561 A- / A+
Sevinc Qərib: "Ovcun əllərimin isti yuvası, əllərin ovcumda ən əziz sakin"

Bu gün istedadlı şair Sevinc Qəribin doğum günüdü. Manevr.az olaraq əməkdaşımızı təbrik edir, həyatında və yaradıcılığında uğurlar diləyirik. Sevinc Qəribin bir neçə şeirini oxuculara təqdim edirik:

SƏN MƏNİM EVİMSƏN...

Guya ki, mən sənin evin deyiləm,
bu yuva, bu ocaq bizimki deyil?!
Gözündən asılan alovlu baxış,
ruhuna qovuşan ruh mənim deyil?!...
Ovcun əllərimin isti yuvası,
əllərin ovcumda ən əziz sakin.
Sən məndə var olan ilahi adam,
mən səndə yaşayan bəxtəvər qadın.
Bizim yaşamağa evimiz yoxdu...
sən mənim EVİMSƏN,
mən sənin EVİN...

HARDASAN?

Hardasan,
yolların yorduğu adam?!
Yenə yollara naxışmı hörürsən,
ürəyimi çəkib aparan izlərinlə?
Köhnə yollar ayaqlarına sərilib
yəqin, sevgilin kimi...
Hardasan,
xəyallar qurduğum adam?!
Gecənin bətni dolub,
birazdan qaranlıqlar doğulacaq,
izlərini addım-addım yaddaşına
köçürən,
dabanlarını hərisliklə öpən
yollar görünməz olacaq...
Bir cüt göz nəmlənir
gecəyə açılan pəncərəmdə,
bir ağrı sızıldayır
qoynumda daşa dönmüş
əllərimdə...
Hardasan,
ruhunun səcdəcinə durduğum adam?!
De, harda dincəldirsən yorğun
ayaqlarını,
qayğılarını qucaqlayıb yuxuya
getmisən yoxsa?!.
Bir ucuz otel otağının
nimdaş yatağı
rahatmı qollarımtək,
İsidə bilirsənmi üşüyən ruhunu
nəfəsim olmayan yerdə?
Hardasan?!!

QADIN

Tök daşı ətəyindən,
Barış yönsüz qismətlə.
Bəxt adlı itiyindən
Üz əlini, üz qadın!

Gözündə yaş ağrıyır,
Salamı kəs buludla.
Fələk elə qarğıyıb
Odun tutmaz köz, qadın.

Pəncərən ulduz görməz,
Gecən qara eynəkli.
O əl saçını hörməz,
Gözləməkdən bez, qadın!

Yollarını daş kəsər,
Qan yuyar ayağını.
Sevincindən yox əsər,
Qəm-kədəri yüz qadın.

Ürəyin dəlmə-deşik,
Ağrı damır yerindən.
Susur orda bir beşik,
Dilin dolu söz qadın.

"Ol" deyənin qəsdi nə,
Niyə çağırdı səni?
Sən boğuldun tüstünə,
Anan dedi döz, qadın!

TA RUHUM YERDƏN İYRƏNİB

Əlim havadan asılı,
duam ovcumdan tökülür.
Dilim ağzıma qısılı,
özüm abrıma bükülü.

Dualarım çatmır göyə,
uzaqdı Tanrının yolu.
Eşitmir çağıram deyəm:
"öldür, ay Allah bu qulu"

Ta ruhum yerdən iyrənib,
göyə çəkilmək istəyir.
Çoxdakı cana öyrənib,
candan sökülmək istəyir.

Susadığım arzular kəm,
qulağım səsə küylənir.
Gözlərimin dibi hey nəm,
dinsəm "yağışım" sellənir.

TANRININ EVİNDƏ BİR RUH DUL QALIB

Bu taleyin son qadını mən idim,
Ürəyini gözlərinə sığdıran.
Mən idim e buludların bətnindən
Göz yaşıtək yağışları yağdıran...

Könül köçüm göy üzünə yol alıb,
Ulduz-ulduz ilmələnir izlərim.
Tanrının evində bir ruh dul qalıb,
Ora çəkir, ora çəkir dizlərim...

Yeri varmı bir adamlıq komaya,
Ətəyində yuva qurum tanrının.
Gör nə qədər göz dikilib səmaya,
Gözü hardan məni görsün tanrının?!.

BİR ŞEİR ÖMRÜNÜN VAXTI DARALIR

Bir az hava sıxır, bir az qayğılar,
Bir az da həsrətə boyun əyirəm.
Düşür iməkləyir halsız duyğular,
Ruhumdan utanıb, dayan deyirəm.

Qələm ağır-ağır sözə sarılır,
Di gəl, barmaqlara hökm elə görüm.
Bir şeir ömrünün vaxtı daralır,
Calayım ömrünə bir ömür hörüm.

Çəkir ağ vərəqi özünə sarı,
Gözümün içində gizlənən işıq.
Alır bəbəyimdən hıçqırıqları,
Tökür yanağıma qan-yaş qarışıq.

Ruhum iztirabdan asır özünü,
Tellərim küləyin əsiri olur.
Bir ah oda dönüb kəsir sözümü,
Dilimdə alovun təsiri qalır.

KƏFƏNLƏDİM SABAHLARI...

Hisslərim yaman ağrıyır,
Üstündən ağır söz keçib.
Ürəyim məni qarğıyır -
Deyirəm, yenə döz, keçib.

Yorub bu tale, bəxt məni,
Dilim ağzımda süst düşüb.
Ruhum cismimdən eymənib,
Bir ayrı cana dəst düşüb.

Əlim harayıma çatmır,
Yanağımı gün qurudur.
Bu dərdin günəşi batmır,
Saçlarımda dən qurudur.

Arzumun çırağı yanmır,
Könül susub süqutdadı.
Bu ömür yatıb, oyanmır..,
Hər nəfəsi sükut dadır.

Ümidə məzar qazıram,
Dəfn edəcəm sabahları.
Daha sondu... son yazıram,
Kəfənlədim sabahları...

YOXA, MƏCHULA ÇIXACAM...

Qapına gələn yorğunam,
Hanı qapının açarı?!
Yüz yalanda bir doğrunam,
Al evinə bu naçarı.

Aç, uyuyum dizlərində,
Dizlərin savaba batsın.
Hicran gəlib izlərimdə,
Qoyma diləyinə çatsın.

Alım gözümün ağrısın,
Sonra xəyala dönəcəm.
Lap əzab məni doğrasın
Könül taxtından enəcəm.

Yox olacam dumanlarda,
Gözümdə bulud bitəcək.
Bəlkələr də, gümanlar da
Düşüb yollarda itəcək.

Varıb qeyblərin göyünə,
Yoxa, məchula çıxacam.
Kilidlənib bir düyünə,
Kəndirə boyun sıxacam.

ÖLÜRƏM SƏNSİZ...

Yağışa susamış quraqlar kimi,
ruhum qəribsəyir nəfəsin üçün.
Xiffətdən çatlamış dodaqlar kimi,
ürəyim göynəyir, ölürəm sənsiz...

Kimə rəhmi gəlib mənə də gəlsin,
hicranın xisləti dönməz, dəyişməz.
İmanı yoxdu ki, dinə də gəlsin..,
qəlbimi qəm didir, ölürəm sənsiz...

Aynalar xəstəhal göstərir məni,
rəngim avazıyıb, yanağım solub.
Ağlasın xan Araz, dəli Kür məni,
əcəl sinəmdədi, ölürəm sənsiz..

SEVGİDƏN YETİM QADIN

Getdin...
kimsəsiz qaldı bu şəhər,
boşaldı küçələr,
bu boyda şəhərin
sən boyda itgisi
dərd oldu gecələrə,
ayın çöhrəsində
ölüm nişanəsi,
ulduzlar öləziməkdə olan
köz kimi...
Getdin...
işıqları qaranlıq rəngdə
yandı bu şəhərin,
günəşi buludlar uddu,
könülsüz açıldı səhərləri,
zamanı ötmədi,vaxtı keçmədi
bu şəhərin.
Getdin...
kimsəsiz qaldı bu şəhər,
bir də bir qadın hönkürdü
şəhərin kimsəsizliyinə,
səndə itən qadın,
sevgidən yetim qadın...

ANA

Oğul düşmən çəpəriymiş,
Çəpər "göyərdə" bilmədim.
Qız dizinin təpəriymiş,
Təpərsizdi dizim, ana!

Özümdən Tanrıya yolam,
Ruhum göylərə körpüdü.
Dərdin yarıtdığı qulam,
Qəmə toxdu gözüm, ana!

Varım-yoxum sözdü elə,
Misra-misra ömr edirəm.
Tale yazan yazdı belə,
Deyirsən döz, dözüm, ana...


Sevinc Qərib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar