Xəbər lenti
“XƏZAN” jurnalının iyun sayı işıq üzü görüb - ŞƏKİL
“XƏZAN” jurnalının iyun (2019) sayı çapdan çıxıb.
Manevr.az xəbər verir ki, hər zaman təbiətin bir çağını əks etdirən jurnalın üz qabığında bu dəfə iyun axşamının ecazkarlığı yer alıb. 126 səhifəlik jurnalın iyun sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Redaktor guşəsində verilmiş ““Oxu tar”, “oxuma tar”” yazısında mövcud oxu mədəniyyətinə və oxumamaqlıq ucbatından iflasa uğramaqda olan nitqdən söhbət açılır.
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Həsən Hüseyninin qələmə aldığı məqalə ilə başlayan jurnalda Qəşəm Nəcəfzadənin və Ələsgər Talıboğlunun 60 yaşları qeyd olunmuş və bu münasibətlə şairlər haqqında yazı və onların şeirlərindən nümunələr yerləşdirilmişdir.
Nəsr bölməsində Seyran Səxavətin, Namiq Zamanın, Məmməd Mirzənin, Aynur Yasəmən Qarabağlının, Əli bəy Azərinin bir-birindən maraqlı hekayələri və Nizami Kolanılının “Sevgimizə vəfasız oldun” povesti vardır.
Poeziya həvəskarları Damət Salmanoğlunun “Özbəkistan duyğuları” lirik poeması, Məhəmməd Əlinin, Budaq Təhməzin, Oqtay İsmayıllının, Hafiz Əlimərdanlının, Rafiq Ağa Qafarın, Rüfət Axundlunun, İltimas Səmiminin, Sevinc Qəribin, Aygün Hüseynin, Xəzər Mirajın, Arzu Müzəffərqızının, Səhrab Musaoğlunun, Ruslan Hüseynlinin şeirləri, Bəxtiyar Hüseynovun qəzəlləri ilə tanış ola bilərlər.
Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın “Qədim yazılı abidəmiz – Kitabi-Dədə Qorqud” məqaləsi indiyədək Dədə Qorqud mövzusunda aparılan tədqiqat və araşdırmalar istiqamətində atılmış növbəti uğurlu bir addımdır.
Bakı Mühəndislik Universitetinin dosenti Ətrabə Gülün “Abdulla Şaiq öyrədir: həpimiz bir günəşin zərrəsiyik” məqaləsində Abdulla Şaiqin həyat və yaradıcılığına qismən nəzər salınmışdır.
Almaniyanın Köln şəhərində yaşayıb elmi fəaliyyətlə məşğul olan doktor Səlahəddin Hüseynlinin “Əcdadlarımızın sorağında” ikihissəli məqaləsində ABŞ-da mühacir həyat yaşayan digər həmyerlimiz doktor Tariyel Azərtürkün uzun illər araşdırmasının nəticəsi olan “Türkün və türk dilinin mənşəyi” kitabında əcdadlarımız haqqında verilən ən dəqiq və səhih məlumatlara işıq salınmışdır.
Lalə İsmayılın “Yağı köçüb yurd salıbdır elimdə” məqaləsində Məmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığından bəhs olunur.
Qorxmaz Abdullanın “Qocalıq ucalıq deyilmiş” essesində olduqca maraqlı məqamlara toxunulmuşdur.
“Vedibasar” qəzetinin baş redaktoru, XX əsr doxsanıncı illərdə Qarabağ hadisələrinin canlı iştirakçısı Sərtib İslamoğlunun “Xankəndinin sirli günləri” məqaləsində orada baş verən hadisələrdən danışılır.
Pərvanə Bayramqızının “Axırıncı aşırım” məqaləsində əsər-kino-müasir həyat üçbucağından baxış konteksti müəyyənləşmişdir ki, yüz il əvvəlin hadisələrinə müasir baxış formalaşdırmaq mümkünlüyü mövzunu diqqətə gətirir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanova “Sözə sevgidən biçilən don” məqaləsində Arzu Müzəffər qızının yaxın vaxtlarda çapdan çıxmış “Taleyimi yazan mələk” şeirlər kitabından bəhs olunur, ədəbi cərəyanlar arasında müəyyən paralellər aparılır.
Kənd təsərrüfatı üzrə elmlər namizədi Şamxal Hüseynovun “Xarı bülbüllü kəndimiz” məqaləsində “talan olan, viran qalan yurd yerlərimizin birində keçirilən növraq həyat tərzindən bəhs olunur.
Sənan Çıraqın “Allah” məqaləsi dini-fəlsəfi baxışların nəticəsi olaraq qələmə alınmış yazı nümunəsidir.
Beləliklə, “Xəzan” jurnalının növbəti nömrəsini də ədəbiyyat sahəsində atılmış uğurlu addımlardan biri hesab etmək olar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar