Xəbər lenti
Ölkəni qadın qətlləri bürüyüb - cəmiyyət niyə susur?
Avropada xanıma bir çırtma vurulanda minlərlə qadın meydana tökülür, bizdə isə...
Elə gün olmur ki, Bakıda, eləcə də bölgələrdə qadınlara qarşı zorakılıq halları ilə bağlı xəbərlər yayılmasın. Ya qadının döyülməsi, ya öldürülməsi, ya təcavüzə uğraması... ilə bağlı bir-birindən fərqli həyat hekayələri yayılır xəbər saytlarında. Məhkəmə jurnalistlərinin məhkəmələrdə hər gün qarşılaşdığı cinayət işləri arasında da bu kimi hallar çoxluq təşkil edir.
Son bir ayda baş verən belə halların bir neçəsini yada salaq.
5 oktyabrda Gədəbəydə döyülmə faktı qeydə alınıb. Hadisə rayonun Armudlu kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Yasəmən Şamilova ağır bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan qadın reanimasiya şöbəsinə köçürülüb. Yaxınlarının deməsinə görə, 3 uşaq anası olan Y. Şamilova həyat yoldaşı tərəfindən möhkəm döyülüb.
Oktyabrın 12-də Abşeron rayon Masazır qəsəbəsində qətl hadisəsi baş verib. Sadiq Muxtarov həyat yoldaşı Lalə Muxtarovanı dəmir parçasıyla döyərək öldürüb.
Lalə Muxtarova bir dəfə ailəli olub və 2-ci dəfə əmisi oğlu 26 yaşlı Sadiq Muxtarovla ailə həyatı qurub. Bu nikahdan 2 aylıq körpəsi olan qadın qohumundan da boşanmaq üçün məhkəməyə müraciət edib.
Sadiq isə dəfələrlə Lalənin atası evinə gələrək onunla barışmaq istəyib. Növbəti dəfə əmisi evinə gələn Sadiq Muxtarov yaranan mübahisə zamanı arvadını öldürdükdən sonra bıçaqla özünə də xəsarət yetirib. Sadiq Muxtarov Akademik Mirqasımov adına Respublika klinik xəstəxanasına aparılıb.
Lazımi tibbi müdaxilədən sonra Muxtarov Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Oktyabrın 11-də isə Xətai rayonunda ərlə arvadın mübahisəsi qanlı sonluqla bitib. Rayonun Naximov küçəsində yaşayan 26 yaşlı Qızbəs Məmmədova ilə həyat yoldaşı arasında mübahisə düşüb. Həyat yoldaşı əvvəlcə Qızbəs Məmmədovanı döyüb daha sonra isə şişlə ona xəsarətlər yetirib. Yaralı qonşuların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib.
Q.Məmmədovanın bədənində şişlə vurulma nəticəsində 6 ədəd deşilmiş yara olub. Hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Oktyabrın əvvəlində Qazaxda orta məktəb müəllimi 82 yaşlı həmkəndlisini döyüb.
Məlumata görə, Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Dusiya Məmmədova ilə qonşusu arasında mübahisə məişət tullantıları üstündə yaranıb. Belə ki, evinin yaxınlığında zənbildə “zibil” qoyulduğunu görən müəllim onu təpiklə vurub, ətrafa yayıb. Bu zaman 82 yaşlı qadın müəlliməyə “zibili niyə dağıdırsan” deyə irad bildirəndə qonşular arasında mübahisə düşüb. Tərəflərin mübahisəsi əlbəyaxa davaya kimi böyüyüb. Müəllim zibili yerdən götürüb yaşlı qadının başına töküb. Müəllim onu yerə yıxaraq saçını yolub, üz-gözünə xəsarətlər yetirib.
Şahidlərin sözlərinə görə, müəllim qoca qadını döydüyü vaxt kürəyində 6 aylıq uşaq var imiş.
Bir müddət əvvəl isə Tovuzda hərbçi qadının boğazını əri küçənin ortasında kəsib öldürüb. Həmin qadının can verdiyini əks etdirən videogörüntülər də yayılmışdı.
Dediyimiz kimi, bu, təkcə son bir ayda baş verən bəzi zorakılıq hadisələrindən bir neçəsidir. İnternetdə axtarış verəndə qarşınıza çıxan zorakılıq faktlarından dəhşətə gələ bilərsiz. Eyni hal dünya üçün də keçərlidir. Amma dünyanın inkişaf etmiş ölkələrində bu kimi hallara qarşı ictimai qınaq güclü olur, bu kampaniya halına gətirilir, etiraz aksiyaları keçirilir. Azərbaycanda isə sayı gün-gündən artan bu sayaq hallar sanki adiləşib. Nə qadın təşkilatları, nə də qadın haqları ilə məşğul olan qurumlar bu problemi çözmək üçün hərəkətə keçir.
Zəruri bir faktı xatırladaq. Hindistanda yerli və xarici qadınların zorlanması artıq adət halına çevrilib. Çoxmillətli ölkədə hər 20 dəqiqədən bir qadın zorakılığına rast gəlinir. Təqdim olunan hesabata əsasən, Hindistanda zorlama halları 2010-cu ildən bəri 7,1 faiz artıb. Həmçinin o da qeyd olunur ki, Hindistan dünyada yeganə yerdir ki, bir qadın oraya getməzdən öncə iki dəfə düşünməlidir.
Psixoloji araşdırmalar isə müəyyən edib ki, ümumən cinsi təcavüzün kökündə psixoloji problemlər dayanır. Zorlamaya məruz qalanlar əksər hallarda bu faktı gizlədir. Bu da gələcəkdə daha ağır nəticələrə gətirib çıxarır.
Hətta evində, həyat yoldaşı tərəfindən təcavüzə uğrayan qadınlar da var ki, bu halların əsas psixoloji səbəbi cinsi səmimiliyin olmamasındadır. Araşdırmalara görə, cütlüklər arasında cinsi səmimiyyət olmayanda ailədə heç nə harmoniya yarada bilmir. Eyni zamanda bura sosial-maddi çətinlikləri, kənar müdaxilələri də əlavə etmək olar. Maddi problemlər qadını işləməyə vadar edir və beləcə ailədə əri ilə narazılıq yaranır. Ər evi tam təmin edə bilmədikdə daha da aqressivləşir, sanki öz qəzəbini ən yaxında olanlara tökür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, məişət zorakılığı böyük bir problemdir: “Bizim komitə tərəfindən artıq məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb. Məişət zorakılığı haqda bütün məlumatlar həmin bankda toplanır”.
H.Hüseynova qeyd edib ki, bu gün kişilər Dövlət Komitəsindən daha çox kömək istəyir, nəinki qadınlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, bu məsələdə ailə tərbiyəsi ilə məktəb tərbiyəsi üst-üstə düşməlidir: “Biz dini maarifləndirmə işlərini davam etdirməliyik. Məişət zorakılığı həm qadına, həm də uşaqlara qarşı baş verir. Bütün dünyada zorakılıq halları olur. Səmavi dinlərin müqəddəs kitabları hər cür zorakılığın əleyhinədir. İslam dini qadın hüquqlarına böyük önəm verir. Qadına qarşı zorakılıq elementləri xristian ölkələrinə nisbətən islam dünyasında daha azdır”.
Rəqəmlər isə başqa gerçəkdən xəbər verir. Dövlət Statistika Komitəsindən femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il Azərbaycanda qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara qarşı 422 cinayət faktı qeydə alınıb. Nəticədə 361 qadının sağlamlığına yüngül zərər dəyib, 8 qadın isə öldürülüb. Bundan başqa, 4 qadının sağlamlığına ağır, 25 qadının sağlamlığına isə az ağır zərər vurulmuşdur. Cari ilin ilk altı ayında 2 qadın intihar həddinə çatdırılmış, 6 qadını isə öldürməyə cəhd ediblər. Komitədən verilən məlumata görə, 4 qadına müxtəlif üsullarla işgəncə verilib, 12 qadın isə başqa zorakılıq vasitələrinə məruz qalıb.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar