Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Köhnə məktəb pəncərəndən yağır qəm...."- İlham Qurbanoğlu (şeirlər)

Tarix: 05-02-2018 14:57     Baxış: 2524 A- / A+
"Köhnə məktəb pəncərəndən yağır qəm...."- İlham Qurbanoğlu (şeirlər)

Manevr.az İlham Qurbanoğlunun şerlərini təqdim edir:


Kəndimizi unutmayın, amandı!

Kəndimizi unutmayın, amandı!
Ərk etdiyim kənddən köçən cavanlar,
Bu çığırdan, yoldan keçən cavanlar,
Sularından bir vaxt içən cavanlar,
Siz bilin ki, unutqanlıq yamandı,
Kəndimizi unutmayın, amandı!

Bu kənd yolu bir sevinə, gülə bir,
El yığışa bu yol ilə gələ bir,
Köhnə hasar gileylənir elə bil
Divarına əl dəyməyib zamandı,
Kəndimizi unutmayın, amandı!

Bir cığırda, bir döngədə fağır mən,
Dərd ələyir, qəm ələyir bu aləm,
Köhnə məktəb pəncərəndən yağır qəm,
Həsrət seli gözlərimdən damandı,
Kəndimizi unutmayın, amandı!

Arxlar quru, suyu aşa sellənə,
Sevincindən bu el-oba şənlənə,
Məzarların dili yoxdu dillənə,
Ruh tutar hamımızı amandı,
Kəndimizi unutmayın, amandı!

Unutmayın gül-çiçəyin ətrini,
Nəğməsini, misrasını, sətrini,
Unutmayın kəndin lavaş-fətrini,
Çörək ətri ruhumuza damandı,
Kəndimizi unutmayın, amandı!

Həsrət çəkir yol gözləyən adamlar,
Həsrət çəkir dağ bildiyim adamlar,
Səcdə edib əyildiyim adamlar,
Övladların həsrəti çox yamandı,
Kəndimizi unutmayın, amandı!

Ümidvaram, bir nəsihət aldınız,
Ümidvaram, kəndi yada saldınız.
Gözləyirəm deyin harda qaldınız?,
Hacı İlham susdu xeyli zamandı,
Kəndimizi unutmayın, amandı!


Dağlar amanatı, yurd amanatı!

Yağılar əlində talandı, talan,
Dağlara sevgimiz əfsanə,yalan,
Atadan, babadan yadigar qalan,
Dağlar amanatı, yurd amanatı!

Bəs hanı bu yurdun igidi harda?
Yoxsa ləngiyibdi boranda, qarda,
Qoynuna yollanam gələn baharda,
Dağlar amanatı, yurd amanatı!

Dağlar xəstəsiyəm, dağ əlacı var,
Dağlarsız qəlbimdə min bir acı var,
Könlümün dağlara ehtiyacı var,
Dağlar amanatı, yurd amanatı!

İndi bu yurdların öz sahibi yox,
Sözü yadlar deyir söz sahibi yox.
Kül altında qalan köz sahibi yox,
Dağlar amanatı, yurd amanatı!

Keçən gün əfsanə, nağıldı getdi,
Hayımız göylərə yayıldı getdi,
Amanat yuvaydı, dağıldı getdi,
Dağlar amanatı ,yurd amanatı!

Bu vətən unutmaz şəhid oğlunu!

Əzəldən sevdiyin torpağa gəldin,
Səcdə elədiin çırağa gəldin,
Sarılıb üçrəngli bayrağa gəldin,
Bu vətən unutmaz şəhid oğlunu!

Talanan torpaqlar dəydi şəstinə,
Düşmən bu ellərin durub qəsdinə,
Qorxmadan yeridin düşmən üstünə,
Bu vətən unutmaz şəhid oğlunu!

Özün örnək oldun hər bir əsgərə,
Vətənçün hər əsgər istər can verə.
Üzünü tutmuşdun allı səhərə,
Bu vətən unutmaz şəhid oğlunu!

Tabutun qarışıb insan selinə,
Büründün vətənin çiçək-gülünə,
Ucalıq gətirdin doğma elinə,
Bu vətən unutmaz şəhid oğlunu!

Azadlıq şərqisi dövlətin, varın,
Qazandın xalqının sən etibarın.
Ziyarət yerinə dönüb məzarın,
Bu vətən unutmaz şəhid oğlunu!

Sevgilin heykəldi məzarın üstə,
Ruhuna ruh qatar, təki sən istə.
Səni yola sallıq muğamat üstə,
Bu vətən unutmaz şəhid oğlunu!

Ruhumu oxşayır dinəndə kaman

Ötən günlərimdən verir xəbəri,
Hopdurur qəlbimə qəmi, kədəri.
İnləyir içimdə illərdən bəri,
Ruhumu oxşayır dinəndə kaman

Minillik yarama o, məlhəm qoyur,
Ahıyla yaralı köksümü oyur,
Məni taleyimlə üz-üzə qoyur,
Ruhumu oxşayır dinəndə kaman.

Gör neçə illərdi hay-haray salır,
Qəm üstə dil açır, yanır, ağlayır,
Bu kövrək qəlbimi didir, dağlayır,
Ruhumu oxşayır dinəndə kaman.

Şirin duyğularım köksümə hopur,
Elə bil içimdə qiyamət qopur.
Əllərimdən tutur, qolumdan tutur,
Ruhumu oxşayır dinəndə kaman.

Təhləli obası düşür yadıma,
Dağların havası düşür yadıma,
Anamın laylası düşür yadıma,
Ruhumu oxşayır dinəndə kaman.

Tükənib səbri dağların

Əriməz zirvədə donubdu qarı,
Çağırar qoynuna o dostu-yarı,
Keçirib gör bizsiz neçə baharı,
Tələs, tükənibdi səbri dağların.

Gülü də əvvəlki ətrini vermir,
O gözəl libasın əyninə geymir.
İllərdir toy-nişan səsi eşitmir,
Tələs, tükənibdi səbri dağların.

Ələnib dərd, kədər bahar - yazına
Həsrətdir elimin telli sazına,
Ümid edir doğma oğul-qızına,
Tələs, tükənibdi səbri dağların.

Qanadı qırılmış bir qartal olub,
Nisgildən çöhrəsi saralıb, solub.
Nə yaxşı bu qədər dözümlü qalıb,
Tələs, tükənibdi səbri dağların.

Boylanır həsrətlə, küsməsin barı,
Əyilməz qaməti, sınmaz vüqarı.
Dikib gözlərini bizlərə sarı,
Tələs, tükənibdi səbri dağların.

İnciyibdi bizdən, küsübdü bizdən,
İllərdir haray yox heç birimizdən.
Axı niyə çıxdıq yurd yerimizdən?
Tələs, tükənibdi səbri dağların.

Boynumuzda haqqı çoxdu dağların,
Vallah bir günahı yoxdu dağların,
İllərlə yemişik çörəyin-varın,
Tələs, tükənibdi səbri dağların.

Nə vaxtdan sevinci yazını görməz,
Elat qızlarının nazını görməz,
Dədə Qorqudların sazını görməz,
Tələs, tükənibdi səbri dağların.

Eldən ayrı

Keçirmişəm çox baharı,
İtirmişəm dostu-yarı.
saçımda dağların qarı,
Eldən ayrı, eldən ayrı.

İtirdiyim qazancdan çox,
Ətrafımda həmdəmim yox.
Sevincimdən kədərim çox,
Eldən ayrı, eldən ayrı.

Açılmadı heç ürəyim,
Sərvət olmadı gərəyim.
Tamın qaçırıb çörəyim,
Eldən ayrı, eldən ayrı.

Yorulmuşam səsdən-küydən,
Tale məni saldı heydən.
Nur ələnmir sanki göydən,
Eldən ayrı, eldən ayrı.

Yenə xəyal dünyam uçub,
Ağzımın da dadı qaçıb,
Ölüm mənə qucaq açıb,
Eldən ayrı, eldən ayrı.

Mənim səndən başqa kimim var axı!

Səndən başqa kimsəm yoxdu, bilirsən.
Baxasan yenə də ruhum isinə.
Səndən ayrı qalmaq elə çətindi,
Elə öyrəşmişəm sənin səsinə.

Bu səsi dəyişik sala bilmərəm
Ruhuma, canıma hopubdu bu səs
Köksümün altında əbədi məskən,
Əbədi bir yuva tapıbdı bu səs.

Ayrı cığırım yox, ayrı yolum yox,
Mənim gedəcəyim başqa yerim yox,
Mən sənin səcdənə sığınmışam ki,
Bir ayrı ocağım, ayrı pirim yox.

Yerdən alov yağsa, göydən od yağsa.
Qəlbimə sərinlik gətirəcəksən.
Bircə bağışınla, incə səsinlə,
Olan dərdlərimi itirəcəksən!

Yayın istisində qızmar çağında,
Mənə çarə olsan sən olacaqsan,
Çovğunda, boranda, qar yağanda da,
Başımın üstündə çən olacaqsan

Yel əsib, qar yağıb, şaxta düşəndə.
Gilavar əsəndə, xəzri əsəndə,
Çoxları inciyib, məndən küsəndə,
Yenə də həmdəmim sən olacaqsan.
Mənim səndən başqa kimim var axı!

Səni unuda bilmirəm

Heç mənə demədən çıxıb getmisən,
Nəğməli könlümü yıxıb getmisən,
Özgə tərəflərə baxıb getmisən,
Mən səni unuda bilmirəm axı!

Sənsiz gedəsiyəm bu yolu sənsiz,
Qaldım qərib kimi tənha, kimsəsiz,
Sənə məhəbbətim bir ümman,dəniz,
Mən səni unuda bilmirəm axı!

Yuxuma qaçırsan, gəlirsən hərdən,
Xəyalın ağlımı aparır sərdən,
Asılıb qalıram xatirələrdən,
Mən səni unuda bilmirəm axı!

Dərdi ağır imiş ilk məhəbbətin,
Bu eşqin önündə nə danış, nə din,
Sənin həsrətinlə yaşamaq çətin,
Mən səni unuda bilmirəm axı!

Nə çəkirəm onu hardan biləsən

Sənsiz sınıb mənim qolum, qanadım,
Bu taleyi, bu qisməti sınadım,
Əriyibdi bir döngədə inadım,
Nə çəkirəm onu hardan biləsən.

Yollarında dayanmağa dözüm yox,
Nəğməm küsüb deyiləsi sözüm yox,
Bu sevdanın qarşısında üzüm yox,
Nə çəkirəm onu hardan biləsən.

Unuduldum kimsə yada salmadı,
Məhəbbətim köksüm altda solmadı,
Nələr çəkdim heç xəbərin olmadı,
Nə çəkirəm onu hardan biləsən.

Allı-güllü yaylaqlarda küsübdü,
Sahil boyu çaylaqlarda küsübdü,
Sən gedəli bulaqlarda küsübdü,
Nə çəkirəm onu hardan biləsən.

Yollarımda neçə qəmli səhər var,
Ürəyimi həsrət yıxar, parçalar,
Yol gözləyən gözlərimdə qəhər var,
Nə çəkirəm onu hardan biləsən.

Harda oldu, nədən oldu günahım,
Bu dünyada tək sən idin pənahım,
Mən çəkəni bircə bilir Allahım,
Nə çəkirəm onu hardan biləsən.

Qalmışam

Hüsnünə baxmaqdan doymaz gözlərim,
Uzaqlardan baxa-baxa qalmışam.
Vallah qara buludlardan betərəm
Gözlərimi sıxa-sıxa qalmışam!

Dərd içində səndən yazır qələmim,
Bir gün görməz şair dünyam, aləmim,
O dağlarsız nəyim olar de mənim,
Qəm selində axa-axa qalmışam!

Kaş yenə də el karvanı düzülə,
Küsən bulaq sinəm üstə süzülə,
Allah qıyma, ümidlərim üzülə,
Dillənmirəm, qorxa-qorxa qalmışam!

Oxu, bülbülüm oxu!

Çoxdandır həsrətəm sənin səsinə,
Həzin cəhcəhənə, xoş nəfəsinə.
Səni salmasınlar tor qəfəsinə,
Oxu, bülbülüm, oxu!

Sənə hardan alım gülü, çiçəyi,
Sənə hardan alım gözəl-göyçəyi,
Çoxları anlamaz daşdı ürəyi,
Oxu, bülbülüm, oxu!

Vətən deyə iki gözüm qan ağlar,
Səsindən sevinər baxçalar, bağlar,
Ahın ürəyimi odlayar, dağlar,
Oxu, bülbülüm, oxu!

Nəğməndə qəm dolu, kədər var sənin,
Zümzüməndə acı qəhər var sənin,
Üzünə açılan səhər var sənin,
Oxu, bülbülüm, oxu!

Yurd yuvan talandı, düşmən top atdı,
Səsindən bir fəryad, nalə yaratdı,
Susmağın qəlbimi yaman qanatdı,
Oxu, bülbülüm, oxu!

Özgəsini neylərəm

Könlüm quşu qonub sənə,
Özgəsini neylərəm.
Səntək biri qismət mənə,
Özgəsini neylərəm.

Çox aradım, çox axtardım,
Açılmadı yenə baxtım.
Sonda, gülüm səni tapdım,
Özgəsini neylərəm.

Qamətin şux, üzün gözəl,
Ləhcən şirin, sözün gözəl,
Qəlbim tutub düzün gözəl,
Özgəsini neylərəm.

Hər gülüşün bir bənövşə,
Qəmzələrin yarar işə.
Belə görün sən həmişə,
Özgəsini neylərəm.

Hər sözündən bal tökülür,
Eşidincə üzüm gülür.
Gözüm səndə, hamı bilir,
Özgəsini neylərəm.

Sevinc dolu yuvamız var,
İki oğul payımız var.
Köks ötürür sənə qızlar,
Özgəsini neylərəm.

Yenə təmiz, təzə-tərsən,
Sən mənimçün mücəffərsən.
Məni sevsən bəxtəvərsən,
Özgəsini neylərəm.

Qəlbim sinar, göynər sənsiz,
Məhəbbətim ümman, dəniz.
Mən ölərəm, gülüm sənsiz,
Özgəsini neylərəm.

Hələ xoş gün qabaqdadır,
Arzular səni axtarır.
İlham səndən ilham alır,
Özgəsini neylərəm.

Mənim sevgi dünyamda

Eşqim oda qarışdı,
Qəlbim, oda alışdı.
Dərdim dərdə qarışdı,
Mənim sevgi dünyamda.

Eşq gəmimiz üzmədi,
Rüzgar əsdi bezmədi,
Yelkən açdım, süzmədi,
Mənim sevgi dünyamda.

Dağlarında çən oldum,
Sularında duruldum.
Çox dolaşdım, yoruldum,
Mənim sevgi dünyamda.

Xəyal idim, həvəsdim,
Yolunda dondum,əsdim,
Görüşünə tələsdim,
Mənim sevgi dünyamda.

Ulduz səpdim səmaya,
Yarı bənzətdim aya.
Üz tutmuşam Tanrıya,
Mənim sevgi dünyamda.
Mənim sevgi dünyamda.

Getdi

Hər kəs ki, elində yazdı-yaratdı,
Sözləri dillərdə gül oldu getdi.
O kəs ki, sarayda başını qatdı,
Zəhməti daş, torpaq, gil oldu, getdi.

O kəs ki, yanmadı elin halına,
Göz dikdi xalqının dövlət,malına.
Şair düşgün oldu gül camalına,
Yazdığı nəğmələr kül oldu, getdi.

Şair də sevməzmi eli, vətəni,
Sevərsən bu torğaq ucaldar səni,
Dolaşar gözündə dumanı, çəni,
Göz yaşı gözündə göl oldu getdi

Haqdan yapış, çevir üz vətəninə,
Qoşar şirin nəğmə söz vətəninə,
Çoxları qul oldu öz vətəninə,
Ömrü eli üçün yol oldu getdi.

Taleyi acıdan acı, İlhamın,
Vətənsiz olarmı gücü, İlhamın?
Bir gün deyərlər ki, Hacı, İlhamın,
Özü bu millətə qul oldu, getdi.


İlham Qurbanoğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar