Xəbər lenti
“Xocalı abidəsini ziyarət dövlət protokoluna salınmalıdır" -Sərdar Cəlaloğlu
Elçin Mirzəbəyli: “Qondarma soyqırım abidəsini ziyarət edənlər bu ayini könüllü yerinə yetirirlər”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıdan sonra İrəvana səfər etməsi və orada saxta soyqırım abidəsini ziyarət etməsi Türkiyə və Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurub. Erməni əsilli nazirin ziyarəti ilə bağlı ən müxtəlif fikirlər var.
Lavrovun səfər öncəsi müəyyənləşən protokol qaydaları ilə hərəkət etdiyini deyənlər də var, bu ziyarətin onun erməni sevgisini çılpaqlığı ilə bir daha sübut etdiyini söyləyənlər də az deyil. Rusiyanın Türkiyə ilə münasibətlərinin yüksək səviyyəyə çatdığı bir dövrdə XİN rəhbərinin bu hərəkətinin əlaqələrə ciddi kölgə salacağı ilə bağlı fikirlər də səslənir. Azərbaycanın Xocalı soyqırımı ilə bağlı ucaldılan abidənin ziyarətini belə səfərlər vaxtı protokola salmasının vacibliyi vurğulanır.
ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə açıqlamasında Azərbaycanda da soyqırım abidəsinin olduğuna işarə vurdu: “Milli Məclisin soyqırım haqqında qərarı var. Düşünürəm ki, Azərbaycanda soyqırım abidəsini ziyarət protokola salınmalıdır ki, Ermənistandakı saxta soyqırım abidəsini ziyarət siyasi çalarlar yaratmasın. Çox təəssüflər olsun ki, bunları hələ də Azərbaycan hökuməti nəzərə almır. Bundan əlavə, iqtidar düşünməli idi ki, Lavrov Bakıdan sonra İrəvana gedəcək və orada saxta abidəni ziyarət edəcək. Əgər Bakıda belə bir abidə qoyulsaydı, Lavrovun bu ziyarətinin heç bir mənası olmazdı. Digər tərəfdən, ziyarətin Rusiyanın Türkiyə və Azərbaycana mesajı olduğunu düşünürəm. İndiki vaxtda Rusiya hər iki ölkə ilə özünü müttəfiq kimi aparır. Amma mesaj da verir ki, Ermənistan Rusiya üçün Azərbaycan və Türkiyədən yaxın ölkədir. Lavrovun Qarabağ münaqişəsinin tezliklə həll olunmayacağı barədə mesajı da təzyiq xarakteri daşıyırdı. Yəni demək istəyirdi ki, Azərbaycan ölkəsinin tabeliyinə keçməyənə qədər Qarabağ probleminin həllinə imkan verməyəcəyik. Abidəni ziyarət etməklə onu da deyir ki, Rusiya hökuməti ermənilərin iddialarının yanındadır - baxmayaraq ki, Suriya məsələsində Türkiyə ilə əməkdaşlıq edirlər. Bir sözlə, Kreml ermənilərin dili ilə Türkiyə və Azərbaycana qarşı öz düşmənçiliyini aparır. Azərbaycan iqtidarı ağıllı addımlar ata bilər ki, ermənilərin əlində soyqırım məsələsi kozur olmasın. Niyə Xocalı abidəsi protokola salınmır ki, Bakıya gələn Lavrov ziyarət etsin, ermənilər və dünya yaxşı anlasın ki, tək ermənilər soyqırım iddiaları irəli sürmürlər”.
Politoloq Elçin Mirzəbəyli Lavrovun ziyarətinin məcburiyyətdən doğmadığını qeyd etdi: “Qeyd edim ki, rəsmi səfərlər zamanı protokol öncədən razılaşdırılır. Qondarma soyqırım abidəsinin ziyarət olunması kimi bir məcburiyyət heç bir ölkənin rəsmisi və yaxud nümayəndəsi qarşısında qoyula bilməz. Yəni bu, o deməkdir ki, qondarma soyqırım abidəsini ziyarət edən şəxslər bu ayini könüllü şəkildə yerinə yetirirlər. Etnik erməni olan Lavrovun hər səfərində qondarma abidəni ziyarət etməsində təəccüblü bir şey yoxdur. Digər tərəfdən, qondarma soyqırım abidəsi və bu abidənin yerləşdiyi ərazi ilk növbədə Rusiyanın, daha sonra isə Fransa və Böyük Britaniyanın Osmanlı Türkiyəsinə, regionun türk və müsəlman xalqlarına qarşı yürütdükləri siyasətin nəticəsidir. Erməni məsələsinin ideya mərkəzlərindən birini təmsil edən Sergey Lavrov da təmsil etdiyi dövlətin ”mənəvi-siyasi" irsini davam etdirir. Bu məsələyə görə rəsmi Ankaranın və Bakının Rusiyaya etiraz edəcəyini gözləmirəm. Bunun subyektiv və obyektiv səbəbləri var. Düşünürəm ki, Lavrovun Bakıya səfəri zamanı protokola Şəhidlər Xiyabanı ilə yanaşı Xocalı soyqırımı abidəsinin ziyarət edilməsi də salınmalıydı. Şübhəsiz ki, səfər proqramı öncədən bəlli olduğu üçün Lavrov protokolun bu hissəsində iştirak etməkdən imtina edə bilərdi. Doğrusu, Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin protokola salınıb-salınmadığı barədə məlumatlı deyiləm. Xocalı abidəsinin protokola salınması, hətta Lavrov bundan imtina etsə belə, qondarma erməni soyqırımı abidəsinin ziyarət edilməsinə etirazımızı diplomatik müstəvidə və daha ciddi şəkildə əsaslandıra bilərdik. Hesab edirəm ki, Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin bütün rəsmi səfərlərin protokolunda yer alması vacibdir".
E.Mirzəbəyli rəsmi Ankaranın bu məsələdə aktiv mövqe nümayiş etdirəcəyini düşünmür: “Belə bir etirazın səsləndirilməsi üçün bundan öncə də kifayət qədər fakt olub. Adətən Türkiyə dövlət səviyyəsində qondarma soyqırım abidəsinin ziyarət edilməsinə reaksiya vermir. Qondarma soyqırım, erməni məsələsi və Ermənistan Rusiyanın regiondakı geosiyasi alətləridir. Rusiya Türkiyə ilə münasibətlərinə görə bu alətlərdən imtina etməyəcək. Ümumiyyətlə, Rusiyanın tarixində ikitərəfli münasibətlərə görə könüllü şəkildə nələrdənsə imtina etmək təcrübəsi yoxdur. Rusiya yalnız məcbur olduqda nədənsə imtina edə bilər. Hazırda belə bir məcburiyyət üçün ciddi əsas olduğunu düşünmürəm”./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar