Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Atam ölür, dua eləyin..." -Çinarə OMRAY

Tarix: 18-08-2017 17:21     Baxış: 4642 A- / A+
"Atam ölür, dua eləyin..."

Biz faciəmizi də, dərd-sərimizi, sevincimizi də adam balası kimi yaşaya bilmirik. Məsələn, yas mərasimi.
Deməli, kiminsə evində yas düşəcəyini isti-isti Feysbukdan öyrənirik. Birinin atası can verir, tez telefonu, ya planşeti əlinə alıb bir status guppuldadır ki, bəs "atama dua edin, can verir!"
Guya bu feysbukdakılar Allahın yaxın qohum-əqrəbasıdır və Allah keçəmməyəcək də bunların sözündən, bunun Fb dostlarının hesabına atasına 5-6 il təzədən yazacaq ki, get, şellən. Nəysə, üstündən bir neçə saat keçir, məlum olur ki, Allah bunun dostlarının duasını heç belə vejinə də almadı, öz bildiyi ilə getdi və... fatihə...
Deyirəm, qızdakı fərasətə bax ki, "uspet" edib girir Fb-yə, bir dənə qap-qara şəkil yapışdırır örtük fotosuna, atasının da qabaqcadan fotoşopda düzəltdiyi şəklini də profil edib yazır ki: "Atam keçindi. Di hələlik, mən getdim ağlamağa, xurmayla çay fasiləsində gələcəm".

Mənim anam kimisi də elə bir ayağı startda dayanır ki, görüm, bu gün kim öldü. Qaçır ərinə xəbərə: "Ə, filankəs öldü getdiyee..." Hətta mərhumun qızının "Dua edin!" statusunu görən professional fb-çilər günorta evdə yemək də bişirmirlər ki, axşama filankəsgildə pendir, göyərti, çörək yeyəcəyik, kişi ancaq axşama keçinər. Və qızın profilini ciddi izləməyə alırlar.
Hələ ölü evinə nəzər salsaq, ağlaşmanın qızğın yerində kişilərdən biri gəlir ki: "Bəs, dədəmin bir şəklini verin, aparım böyütdürüm gətirim, baxıb yaxşı ağlıya biləsiz dənə".
Qızı dil deyə-deyə başlayır: "Ə-əə qardaş-ş-ş, qar-da-ş-ş-ş, get gir Feysbuka, orda kişini profil şəkli-mə-ə-ə-ə qoymuş-a-a-a-a-m göt-ü-ü-ü-r, böyüt-dü-r, qar-da-ş-ş-ş , qar-da-ş-ş-ş..."
Ya da qız atasına ağı deyir: "Camaat dirisinə 5 layk yığammır, ölümüynən 500 layk yığan hörmətli atam, a layla!.."
Vallah, mənim anam kənddə kim can verir, hamısını ordan öyrənir. Deyir, qoy girim, görüm filankəsin atasına o gün dua eləmişdim, təsiri olub, yoxsa ölüb?
Keçid alırıq mağara, yəni "Mərasim evinə". Burda da çox şeylər baş verir. Biri də budur: bir qadın (molla) gətirirlər ki, sən Allah, al bu 70 manatı, bizi ağlat. Bu xala da özünə bir əl qatır ki, vallah, gəl görəsən. 70 manatdan ötəri özünü bir həlak edir, bir həlak edir! Biri deyir, "halaldı, qəşəy ağladır adamı". O biri deyir: "Bu lap 100 manatlıq ağladır e, mən də çağıracam öz yasımıza". Molla xala da yerdən bu söhbətləri eşidib səsini bir az da qaldırır, vallah, "Ana segahına" nətər başlayırsa, gözləyirsən ki, ardı "Leyli can, Leyli"yə çevirəcək, amma nədənsə çevirmir.
Vallah, bu gedişlə gözləyirəm, bir azdan yaslara rəqqasə də dəvət edələr. Ağır havaya qəmli-qəmli meyitin ətrafında yallı getmək üçün. Hələ fotoqraf da çağıran olacaq: Feysbuka şəkil qoymaq istəyən olar birdən. Təsəvvür edin, fotoqrafa yaxınlaşırsan ki:
- Atam, şəkil neçəyədi?
- Bacımsan, mərhumla 10 AZN, mərhumun yaxın qohumlarıyla 5 AZN. Tək, qırağı qara lentli isə 3 AZN.
- Çox sağ ol, atam.
Hələ mollanın vizitka paylamağı var, pəəhh.
Hə, yeri gəlmişkən, 3 dəqiqə bundan qabaq da Filankəs xalanın qayınanası rəhmətə gedib. Qohum əqrəbaları da statusa "halaldı sən kimi gəlinə ki, qayınanana belə qiymət verirsən", "O evi başacan yeyəsən bala", - kimi şərhlər yazıb və yas evinə yollanıblar. Başın sağ olsun, Filankəs xala. Halaldı, əlli gəlinsən…


Çinarə ÖMRAY

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar