Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Sözün Lətafəti" - Mənsurə Xələfbəyli yazır

Tarix: 07-08-2026 09:54     Baxış: 352 A- / A+

  Qubanın dağlarına səhərlər duman yox, sanki Ulu Yaradanın ilahi nəfəsi enir. Meşələrin dərinliyindən süzülüb gələn meh qədim el havaları kimi insanın ruhunu oxşayır, qəlblərdə unudulmuş duyğuları oyadır. Qayalara çırpılıb geri dönən çayın səsində bu torpağın minillik yaddaşı, dərdi və sevinci yaşayır.
  Burada təbiət yalnız gözəllik deyil, həm də vüqarın, sərtliyin və əzəmətin özüdür. Sıldırım dağlarla yaşıl meşələrin qucaqlaşdığı  ulu diyar əsrlər boyu neçə-neçə söz adamı, sənət və fikir sahibi yetişdirib. 
Ziyalı ocaqları ilə tanınan Çiçi kəndində dünyaya göz açan Lətafət Abıyevanın Azərbaycan poeziyasında özünəməxsus səsi, səmimi duyğuları və mənəvi dərinliyi ilə seçilən qələmi var. Onun şeirlərində söz yalnız ifadə vasitəsi deyil, həm də iman, mərhəmət və insanlıq yükünü daşıyan mənəvi məsuliyyətdir.
  Lətafətlə ilk tanışlığım otuz il əvvəl Poeziya Klubunun nəzdində fəaliyyət göstərən "Dəniz" Ədəbi Birliyinin məclislərində başladı. O zaman bu tanışlığın illər ötdükcə  doğmalaşacağını ağlıma belə gətirmirdim. Zaman öz axarı ilə keçdi. Hər görüş, hər telefon söhbəti onun mənəvi dünyasının qapısını üzümə bir az da araladı. Və mən gördüm ki, Lətafətin yazdığı şeirlər yaşadığı ömrün, inandığı həqiqətlərin, qoruduğu mənəvi dəyərlərin səsidir. İmanı, mərhəməti və hikməti Uca Yaradanın ona bəxş etdiyi ilahi əmanətdir. Elə buna görə də  poeziyasında söz sadəcə oxunmur, dua kimi ucalır, qəlblərə işıq salır, ümid və mərhəmət toxumu səpir.
Ürəyim sıxılanda şeirlərinə pənah aparıram. Misraları ilə dərdləşdikcə, sətirlərin işığında özümə yol tapıram. Gözəl bacım, əziz və doğma Lətafətin yaradıcılığı mənim üçün yalnız poeziya deyil; o, mənəvi  sığınacaq, insan ruhunun ən saf duyğularına açılan işıqlı pəncərədir.
Lətafət Abıyevanın poeziyası haqqında çox yazmaq olar. Amma elə bir məqam yetişir ki, artıq şeirlərdən çox, o misraların arxasında dayanan insanı dinləmək istəyirsən. Çünki həqiqi poeziya yalnız qələmin deyil, həm də şəxsiyyətin tərcümeyi-halıdır. 
Söhbətimizə isə uzun illərdir məni düşündürən bir sualla başladım.

- Lətafət, sən heç vaxt görünmək üçün yazan şairlərdən olmadın. Şeirlərin illərdir müxtəlif mətbuat orqanlarında, ədəbi dərgilərdə və internet portallarında dərc olunsa da, nə kitab çap etdirməyə tələsdin, nə də ad və şöhrət arxasınca getdin. Bu təvazökar duruşunun arxasında hansı həyat fəlsəfəsi dayanır? 
- Əvvəlcə, bu yazıya görə sənə təşəkkür edirəm.
Sənətdə şöhrət dediyimiz anlayışın da iki üzü var. Yaradan bu dünyanı ziddiyyətlərin harmoniyası üzərində qurub. Canlıların ən alisi olan insanın özü də iki cürdür: aydın insanlar var, qaranlıq insanlar var. Gecə ilə gündüz kimi - biri işıqdır, biri zülmət. Təbiətdə də elədir: qaranlıq meşələr var, aydın düzənliklər var. Belə misalları sonsuz saymaq olar. Şöhrət də istisna deyil. Halal şöhrət var, saxta şöhrət var.
Mən bu ədəbi cameyəyə ilk gündən nə şöhrət eşqi ilə, nə də tanınmaq məqsədi ilə gəlmişəm. Sadəcə yolum buradan keçdi. Heç vaxt imzam üzdə olsun deyə can atmadım, qapılar döymədim, kimlərinsə qapısında minnətçi dayanmadım.
Dostlarım sağ olsunlar, məni hər zaman diqqətdə saxladılar. O halal şöhrətin sahibi olan, təkcə ölkəmizdə deyil, bütün türk dünyasında tanınan, imzası sərhədləri aşmış şair dostlarımız yazılarımın yayılmasına böyük dəstək verdilər. Mənim yerimə onlar səy göstərdilər. Hətta bəzən susqunluğuma görə məni danladılar, qınadılar, imzamın unudulmaması üçün daha fəal olmağa sövq etdilər.
Nədənsə şöhrətin hərarətindən özümü həmişə  kölgəyə çəkmişəm. Çünki zorla heç nə olmur. Hər şey insanın içindən gəlməlidir.
Düşünürəm ki, bu xarakter mənə valideynlərimdən keçən genetik bir xüsusiyyətdir. Atam da, anam da qürurlu, nəfsi tox, heç kimə əyilməyən, ömürlərini yalnız insanlıq amalına xidmət etməklə yaşayan insanlar idilər. Yəqin ki, mənə miras qalan da elə onların bu mənəvi var-dövlətidir.

- Sözün məsuliyyətini bütün varlığı ilə hiss edən şair kimi, poeziyaya münasibətin də maraq doğurur. Bəs sənin üçün poeziya nədir?
- Poeziya mənim üçün ürəyimi duyğuların çırpıntısından xilas edən bir yol deməkdir. Duyğularını, ürəyindəki dərdi, darıxmağını, şükranlığını, fərəhini, hətta ani bir görüşün buraxdığı təəssüratı, sosial və ya dünyəvi narahatlığını - ümumiyyətlə, sənə rahatlıq verməyən nə varsa, hamısını yazırsan. Yazdığın könlüncə alınanda isə ruhunu dumduru göylərdə hiss edirsən. İçində bir rahatlıq duyursan, sanki ağır bir yükün altından çıxmış kimi olursan.
Bu dediklərim yalnız mənim dünyamda poeziyanın necə dərk olunmasının qısa tərifi idi. Əsl poeziya isə əbədi yaşayan poeziyadır. Füzulinin, Nəsiminin, Nizaminin, Vaqifin, Sabirin, Səhhətin poeziyası kimi! Zaman keçib, yüzilliklər ötüb, amma bu dahilərin poeziyası bu gün də təravətini qoruyub saxlayır. Nə əsrlər, nə ictimai quruluşlar, nə müharibələr, nə də yeniliklər onların poeziyasını soldura bilib.

- Biz sözə aşiq bir nəslin övladları idik. Kitab oxumaq da, kitab haqqında mübahisə etmək də həyatımızın bir parçası idi. İndi isə həyatın yükü ağırlaşıb, insanlar daha çox dolanışıq qayğıları ilə yaşayırlar. Belə bir dövrdə poeziya yenə də insanın ruhunu özünə qaytara biləcək gücdədirmi?
– İnanıram ki, poeziyanın missiyası heç vaxt dəyişmir. Dəyişən zamanın özü, həyatın ritmi və insanın yaşadığı qayğılardır. Bu gün insanlar bəlkə də əvvəlki kimi kitab oxumağa vaxt tapa bilmirlər. Amma insan ruhunun sözə, sevgiyə, ümidə ehtiyacı dünən necə var idisə, bu gün də elədir.
Poeziya həyatın səs-küyündən qaçmaq deyil, insanın özünə qayıdış yoludur. Bəzən bir misra uzun-uzadı nəsihətdən daha çox təsəlli verir, insanın unudulmuş duyğularını oyadır, ona yenidən nəfəs almağı öyrədir.
  Mən heç vaxt düşünməmişəm ki, poeziya yalnız şair üçündür. Əsl şeir ürəyi yorulan, ruhu incinən, ümidini itirmək istəməyən hər kəs üçündür. Nə qədər ki, insan sevinəcək, darıxacaq, dua edəcək, itirəcək və yenidən tapacaq, poeziya da yaşayacaq. Çünki söz insanın ruhuna gedən ən qısa yoldur.
Söhbətimiz başa çatsa da, düşüncələrim hələ də Lətafət Abıyevanın söz dünyasında dolaşırdı. Bir daha anladım ki, onun poeziyasının gücü mürəkkəb bədii vasitələrdə deyil, sözün saflığında, duyğunun səmimiyyətində və Uca Yaradana sonsuz bağlılığındadır. Hər misrası insanı öz daxilinə boylanmağa, həyatın mənasını yenidən duymağa çağırır.
Bəlkə də Qubanın dağlarına enən o ilahi nəfəs illər öncə bir qız uşağının ruhuna da toxunmuşdu. Bu gün həmin nəfəs Lətafət Abıyevanın misralarında yaşayır. 


Elə buna görə də inanıram ki, ürəkdən doğulan sözün ömrü zamanla ölçülmür. O, illər keçsə də, öz dəyərini və təsir gücünü itirmir.
Müsahibəmizin davamını  onun şeirləri danışacaq.  Əziz oxucuları Lətafət Abıyevanın söz dünyası ilə baş-başa buraxıram.












Mənsurə XƏLƏFBƏYLİ
Manevr.az



Həyatımın tablosu

Günbatana açılan bir pəncərə önündə
Dayanasan, çəkəsən həyatının şəklini.
Çəkəsən yanğı ilə kəpənək ümidlərin,
Tozu uçmuş, cövhərsiz qanadının şəklini.

Qatasan yeddi rəngi, çəkəsən uşaqlığı -
Bir az gendən baxasan xoşbəxtliyin rənginə.
Sonra da Xan gəncliyi...yaratdığın o tablo
Bir şəffaf güzgü ola gəncliyin ahənginə.

Otuzun hasarını aşasan üzü bəri,
Dünya çıxa qarşına təkəbbürlü,
niqabsız - donasan, karıxasan...
Addım-addım gələsən qırxa, əlliyə sarı,
Bu sarımtıl dünyada qərib tək darıxasan.

Bir qığıltı səsinin şəklini çəkmək üçün...
Elə taleyin kimi seçəsən kəskin boya...
Verəsən ilğım rəngi, bir az qara-qarışıq,
qol açıb fərəh ilə süzmədiyin o toya...

Vətənin qarşısında susasan xəcil kimi,
Bir boş əsgər yerinin utancını çəkəsən...
Qarışdırıb boz ilə qara rəngi, beləcə,
acı-acı gülərək... qazancını çəkəsən.

Çəkəsən ürəyinin silsilə dağlarını,
Dərdlərin təzəsinin, boyatının şəklini.
Günbatana açılan bir pəncərə önündə
Çəkəsən axşamçağı həyatının şəklini...


Bilmirəm sən mənim nəyimsən indi

Bilmirəm sən mənim nəyimsən indi,
Bir karvan həsrətim, bir köç qəmimsən.
Doğmadan doğmasan, ögeydən öyey,
Sən candan əzizim, sən heç kimimsən.

Yol alıb taleyim üzü tərsinə,
Yeriyir üstümə dərd axın-axın.
Bilmirəm sən mənim nəyimsən indi,
Uzaqdan uzaqsan, yaxından yaxın...

Nə yadıq yad kimi, nə də doğmayıq,
Bu eşqin astarı üzə düşübdür.
Doğma ola-ola yad olmaq zülüm,
Elə bu zülüm də bizə düşübdür.

Sən mənim ümiddən sonrakı ağrım,
Bir dünya kədərim, qəmimsən indi.
Nə yadsan yad kimi, nə də doğmasan,
Bilmirəm sən mənim nəyimsən indi...

Lətafət Abıyeva

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar