Sizin Reklam Burada
Xəbər lenti
15-05-2026
14-05-2026
BÜTÜN XƏBƏRLƏR

SON (hekayə)

Tarix: 15-05-2026 20:39     Baxış: 326 A- / A+
(hekayə)

Tribunaya qalxıb əl-qolunu ölçə-ölçə məmur özbaşınalığından, rüşvətxorluqdan uzun-uzadı danışdı. Kimlərisə hədələdi, asdı-kəsdi. O danışdıqca adamlar əl çalır, “Halal olsun!” səsləri hər tərəfdən yüksəlirdi. Çıxışının gur yerində elə cuşa gəldi ki, tribunaya təpik vurdu. Ağır zərbəyə dözməyən tribuna laxlayıb adamların üstünə aşdı. Ətrafındakılar onu birtəhər sakitləşdirib maşınına tərəf apardılar.Onunla görüşmək üçün uzanan əlləri bir-bir sıxdı: 
- Qarşınızda baş əyirəm, xalqım mənim...
Maşın yerindən tərpənəndə isə şüşəni endirib coşquyla əl yellədi:
- Eşq olsun! Eşq olsun!
Camaat da sevinə-sevinə ona səs verdi:
- Qeyrətli oğula canımız qurban!
- Bir deyil, min səs ona fəda olsun!  - O, xalq üçün çox işlər görəcək!
Zaman keçdi.Bu dəfə tribunaya millət vəkili kimi qalxdı. Qaşını qaldırıb gördüyü “böyük işlərdən” danışdı. Adamlar yenə heyranlıqla onu dinlədi. Tribunadan düşəndə görüşmək üçün uzanan əllərdən bir-ikisini saymazyana sıxdı. Sonra dodağının altında mızıldandı:
- Əşi, bunların da işi-gücü yoxdu. Hamıyla görüşsəm, məndə can qalar?
Onu qürurla yola salan seçicilərinə tərəf heç dönüb baxmadı.
Birdən külək qopdu,  toz-torpağı göyə sovurdu. Boş qalmış tribuna silkələnib yan üstə aşdı. Adamlar bir-birinə qısılıb küləkdən qorunmağa çalışanda leysan başladı. Yağış küçələri, meydanı yuyub apardı. 
O isə maşınına çatmağa çalışırdı. Ancaq külək gücləndikcə ayaqları yer tutmurdu. Gözünə dolan qum, üzünə çırpılan yağışdan heç nə seçə bilmirdi. Ətrafdakı səslər də get-gedə uzaqlaşırdı. Bir anlıq elə bildi meydanda tək qalıb. Külək daha da sərtləşdi. Meydan gözündə bulanmağa başladı. Ayaqları sanki yerə dəymirdi.
Bir anın içində özünü boşluğa düşmüş kimi hiss etdi.
Elə həmin an qollarından tutub  sürüməyə başladılar.
“Axı mən ölməmişəm...” - deyə düşündü.“Bəs niyə məni belə sürüyürlər?”
Qışqırmaq istədi:
- Məni buraxın! Görmürsünüz sağam?!
Amma səsi çıxmadı.Elə bil dili tutulmuşdu. Bədəni ağırlaşmışdı. Təkcə beyni işləyirdi.
Bu zaman yaddaşının dərinliyində gizlənən xatirələr boy verdi. Ayaqyalın, başıaçıq halda soğan çörəyini yeyə-yeyə tarlada işləyən atasına yemək aparırdı. Atası torpaqlı əlini paltarına silib iştahla yeməyə başlayırdı. Tarladan qayıdandan sonra da dincəlmirdi - bulaqdan su daşıyır, qış üçün odun yığır, heyvanları otarırdı.O vaxtlar həyat ağır olsa da, insanlar saf və təmiz idi.
Onu ağacın altına atıb getdilər. Bir müddət gözünü açmadı. Kəndlə bağlı xatirələri uçub getdi. Handan-hana dikəlib oturdu. Ağacların sıxlığından göyün üzü görünmürdü. Ayağa durub yerimək istədi. Yıxıldı. Başı  yerə çırpıldı. Özünə gələr-gəlməz yenə sürükləndiyini hiss etdi. Artıq düşünmürdü. Yenə onu harasa atıb getdilər. Qorxa-qorxa gözünü açdı. Dənizin kənarındaydı. Göyün üzü qızarmışdı. Çətinliklə dikəlib oturdu. Dənizin alışıb yandığını gördü. Dalğalar alov içində sahilə çırpılırdı.  Canını qorxu bürüdü. Çığırmaq istədi.  Səsi çıxmadı. Başını qaldırıb göyə baxdı, ayla günəş yanaşı durmuşdu. Birdən-birə göy üzü bürmələnib büküldü və zərblə yerə çaxıldı. Dağlar parçalandı, toz-duman qalxdı.Yer  titrədi, yarılan torpaq köksündən od püskürdü. Qiyamətin ortasında qalıb Allahı çağırdı. Ona yaxşı bəndə olacağına söz verdi. Ancaq Allahı adamlar kimi aldada bilmədi.















Mənsurə XƏLƏFBƏYLİ
Yazıçı

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar