Sizin Reklam Burada
Xəbər lenti
07-02-2025
06-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Ömür küçəsində elə azmışam..." - Xaqani Abbasəli Öztürk (şeirlər)

Tarix: 07-02-2025 17:54     Baxış: 245 A- / A+
Xaqani Abbasəli Öztürk (Xaqani Abbasəli oğlu Qasımov) 3 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində doğulub. 1991-ci ildə Azərbaycan Politexnik İnsititutunun Maşınqayırma fakültəsini bitirib.
 1982-ci ildən Sumqayıt şəhərində yaşayır.
 Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Manevr.az istedadlı şair Xaqani Abbasəli Öztürkün bir neçə şeirini təqdim edir:
 


NƏZİR DEMİŞƏM!..
"Ona" yazılan
 
Çiçək bürünən şehi,
Küləkdən qopan mehi,
Ömür deyilən behi,
Sənə nəzir demişəm!..
 
Tale qismət sovqatı,
Ayrılıqdı son qatı,
Ürəyim "qara qutu" –
Sənə nəzir demişəm!..
 
Yarıtmadı yaradan,
Sındı nə var yarıdan,
Nəyim varsa,var adam
Sənə nəzir demişəm!..
 
Çıxar belə yadından,
Yad kimi keç yanımdan,
Mən, məni öz adımdan,
Sənə nəzir demişəm!..
 
Şərur 2002
 

***
Arılar peyvəndləmir,
hamilə çiçəkləri,
Kəpənək dolması 
sarmır hörümçək...
Rüzgar edam edən,
Lalə ləçəkləri
Bulağın gözünə xalı hörəcək,
Əriyib, kiçilir şamın kölgəsi
ölür xatirənin vəfası gecə.
Könlüm tək odalı sevgi
ölkəsi,
Tanrı mürgüləyir orda gizlicə...
Acı qismətimin qara nəfəsi
Yavanlıq əvəzi düşür
içimə,
Əzrayıl paylıyan,
ölüm töhvəsi,
Bineyi-qədimdən dönüb
elçimə...
(Əzəldən bələdçi karvan köçümə...)
Quzuluyb,tökülür nəm
divarları
Günəş saçlarını kəsibdi 
qısa.
Bəyaz göyərçinlər ağ qapları,
Qapamır ki,ordan,yuvasın asa...
Saçları tökülüb qoca dünyanın,
əynində çuxası nimdaş,yamaqlı,
Gözünə ağ damsın bu
günə qoyanın,
Gəzirəm ol kəsi əli
çıraxlı...
 
eylül, 2003, Şərur.
 
 
 
ALIN YAZIM
 
Ayrılıq alın yazımdı
bir ovuc tanrı qarğışı
Çiçəyi ölən yazımdı,
Payızı ölüm ağuşu...
 
Yoxluğu yoxun ətrini,
Bürünübdü lıbas kimi,
Əziz tutubdu xətrini
Dilindəki ihlas kimi...
 
Sozalıb sevgi xınası
baxtımın siyah saçında.
Ümüd eşqin son xanası
yerlə göyün arasında...
 
Əlli ildi yol ölçürəm
Yolu geyib ayağıma.
Vaxtın içindən keçirəm,
Alnımda yazı ağlama...
 
Konya, 2003
 
 
SƏNSİZ
 
Kölgəm belə hıçqırıqdan,
boğulur sənsiz.
Ahımdan sükut diksinir,
darıxan odam kimi,
karıxan adam kimi.
Yaşlanmış ağ saçlı
dul xatirələr
yarpaq tökür,
saralır küçələr...
Öləziyən ocağam
külə bürünüb odum...
Aramızı kəsən "barı",
İblis səngəri,düşmən divarı
Dünyanın yuxusu qaçıb
çəkdiyim ahdan "edidən",
Bir ağ-qara şəklində
əlimdə bayraq kimi
səbrimi yonşudan,
təsəllimi kiridən...
Keçir hər səhər-axşam,
sənsizliyin qatarı,
içimdən sənsizliyə...
Darıxan ümüdümü,
əzizliyə-əzizliyə...
Bulud simsiyah pərdə
çəkincə göy üzünə
Bircə pərdəlik yağmur,
tamaşası başlayır.
Kölgəm ölür,
hıçqırığım boğulur,
işıqlar sönür...
Göz yaşıyla süslənir,
ayrılıq yanağımda...
 
Konya, 2000
 
 

GECƏLƏR
 
Əfkarlı gecələr,
yuxumu asıram
yuxusuzluq asqısından...
Tövşüyür içimdəki,
ayrılıq vulkanı,
yanır içimin canı...
Gecənin ortasında
puçur-puçur tər basır
saçı tökülən 
dişi protez
dünyanı...
Bir siqara molası
hoplatır ciyərimi,
rehin alır sükutu
qupquru göy öksürək,
ciyərimi sökərək...
Odam "qrip" tutur,
zəif çocuq tək
dan doğanacan...
Xəstə bir gün başlayır,
o yuxusuz gecədən,
gözləri qan çanağı...
Eh... əfkarlı gecələr 
ölümsüz sevdaların, 
"sülh geyimli"qonağı...
Yuxusuz gecələrin,
qınanmayan qınağı...
 
 Kars, 2001
 
 
QAN ƏTRİ
 
Köhnə nimdaş yaram,
elə kökəlib
çatlayan dodağı
qanayır təzdən...
Fələk istəyimi,
dördə qatlayıb
sökür yaxasını,
dörd ayrı gözdən...
Araz sinəm üstə,
qəm sətiridi.
dünyanın ən uzun,
şeir misrası...
Qarabağ burnumda
qan ətridi,
şəhidlər keçilməz 
əsgər sırası...
Könlümdə göyərən,
köz-köz lalələr
şəhid köynəyidi,
vətən geyinən...
Qeyrət möhürüdü,
igid qazilər...
Vətənlə öyünən,
Vətən öyünən...
 
 Bakı, 2000
 
 
AYRILIQ
 
Yalnızlığın əli əlimdə,
yolumuz ayrılığın
ucalığına...
Duaları edam olunan,
içi üşüyən,
çölü tövşüyən
ümidləri güllələnən
sevdanın payızına...
Kandarı qəm yağmurundan,
təpiməyən,
qaranlığın içində
bulunub öpülməyən
naləmin avazına...
Ayaqlarım yol geyəli,
çox oldu.
(ömür bir addım yoldu)
nəfəsimdən isindi hicrət,
kökdən düşən fikirlərim
əynində qara qiyafət,
yolağasız yolçudu.
Sondan, sonra
məzardı qara qutu,
ayrılıq dünyanın 
sonuncu notu...
 
 Naxçıvan, 1999
 
 
QURD ULAYANDA...
("ögey bəndə" silsiləsindən)
 
Qurd ulayan gecələr,
qecələr,
içimdə gecələr...
İçimi qaranlıq içib,
qara qanlıq içib,
içib içimə ələr...
Ələr yanağım boyu,
damar-damar duz çayı,
Təllənər duz təpəsi,
çatlamış dodağıma,
"güvə düşər" ağıma...
...balıqlar ölər,
ölər gözüm yaşında.
hamsı sevda yaşında.
Qurd ulayan gecələr,
ruhumda küçələr
sənin adını daşır,
yaraşır...
Kif tutan sevdalar,
təzədən sevdalanar...
Tanrı müsafir gələr,
qarımış qızların,
qara baxtına...
...axar göy üzündən,
sonuncu sevda,
Dünya alt-üst olar,
qurd ulayanda...
Qurd ulayan gecələr,
ruhum,
qecəni,
küçədə gecələr...
 
 
AYRILAQ...
 
Şimşək çaxdı, bulud selə dönüşdü,
Göydən yerə düşən damla öpüşdü,
Gecə-gündüz dan gözüylə görüşdü,
Gəl biz elə baki-baki ayrılaq!..
 
Bir of dedim yer yerindən titrədi,
Gözlərində öləziyən sirr nədi,
Mənim sevdam içimdəki pirdədi,
Anlamadın, təki-təki ayrılaq!..
 
Qısılmışam mən sevdanın çətrinə,
Məstəm onun bir ömürlük ətrinə,
Heç ağlına başqa bir şey gətirmə,
Gördün olmur deki-deki ayrılaq!..
 
Yol çıxanda bilirdim ki, yol uzaq,
Dağ dolaşdım,aşrım aşdım yalquzaq,
Ürəyincə oldu isə bu tuzaq,
Olsun nolar, pəki-pəki ayrılaq!..
 
Şərur 1998
 
 
 
BƏHANƏ...
 
Ümidin qonur gözündə,
bəlkə bəhanəsiylə,
böyütdüm səni,
gecə göydən ələnincə,
dan üzünü bürənincə...
sübh donunu geyinincə
kiridib üyütdüm qəmi...
Yuxusuz baxışlarım,
qəribsədi hər gecə,
pəncərəmdən asılan
sükutun kölgəsinə...
döndüm gün-gün böyüyən
ayrılıq çiləsinə...
Əllərimin qucağında,
bomboşdur bir ovuc yerin...
arxanca açılı qalıb,
qatarı getmiş rels kimi,
ekiz minarə əllərim.
Yarpaq-yarpaq qopub düşür
bəlkə dönər inancım
tükənmir acım...
Hər gün bir arpa boyda,
gözdən düşür ömürüm.
səbrimin divarına,
nə qədər yalan hörüm...
Baxtımın yaz bətninə,
ram atdı ağ qarı qış.
Könlümün evin yıxdı
İlahi nəmər – qarğış...
 
 Alanya, 2001
 
 
ÖMÜR BAŞLAR...
(Keçən əsrdə yazılan şeir)
 
Issız könlümdəki tanrı dağının
Təpəsindən başlar qəmin ırmağı.
Arı ınaması səssiz ağının,
Töşüyən təşnəsi,sönən çırağı...
 
Baxtım daşan çayın sel-seləliyi,
Hicran qisas alan ilk çalağandı.
Xatirə atəşin yağmur mələyi
Səbr təsəllinin son cığal andı,
 
Qiyamət dünyanın qara qapısıdı,
Açarı tanrının arxa cibində.
Ölüm ömrümüzün haqq tapısıdı,
Boşa çarə gəzmə şeytanda,cində...
 
Çox da istəyimcə deyil bu aləm,
Məcbur dözməliyəm ölümə qədər.
Mənim bir qərinə çəkdiyim çiləm,
Bir əsr ömürə bola-sol yetər...
 
Nə atdığım əsa dönər ilana,
Nə də baxdığım dağ toz-duman olar.
Ömür başlar-bitər üzü yalana,
Sonranın, sonrası hər zaman olar...
 
Bulut gözlüyünü geyincə Günəş,
Sipsiyah don geyər mas-mavi səma.
Ayrılıq həbəsin kül edər atəş,
Kül altda qor saxlar bir çınqı ama...
 
Qeydlər:
Issız:--ucsuz- bucaqsız
Inama:--arı vızıltısı
Irmaq:--axar çay

 
 
 ***
Daha şeir sevilmir,
Tanrının əsəbi vaxtında
qisməti hüznlə süslənmiş,
suç mövsümü kimi...
Baxışında gözlərimin,
uzaqlığından asılmış,
adamlar kimi...
Qanadı qırılmış quş qanadlı
şeirlər göyə tamarzı,
Göy üzü dopdolu liman sayağı,
şeirlə boşalır, dolur azı...
Ömrün ortasındayam,
zaman
sahibi ölmüş yelləncək,
yay səsiylə nəğmə oxuyur,
irəli-geri, geri-irəli...
Kitab-kitab şeirlər,
ölü rəngində
tökülür əynimdən.
Daha şeir sevilmir,
kimsə oxumur, kimsənin kitabını,
(turş deyən gördünmü öz ayranına)
Quş dimdiyindən düşən,
oğurluq dəndi, çox şeir...
var bilməyən bu fəndi...
öğulsuz vətəndi azı şeir...
bilən bilir əfəndi...
Şeir daha sevilmir,
bilən varmı nədəndi?..
Qatarı gecikən vağzal sayağı
adam-adam artan kitab dükanları,
tökülür ürəyimdən adam şeirlər...
dar ağacına gedən edam şeirlər.
Gecikəni var, gec əkiləni var,
gecə əkiləni var.
Daha şeir sevilmir
Dolabdan asılan çılpaq asılqan misalı,
toz basır geyimsiz misraları
hardasa lap yaxında 
bir türkünün,
son misrası yanqılanır,
daha şeir sevilmir....
Son sevgi məktubu tək,
şeirlər gizlənir kitab dükanlarında,
üzü qara çıxmış gəlin sayağı...
Daha şeir sevilmir,
baxtının suç mövsümü gəlib...
 
 Şərur, 2000
 

 
BULUD...
(Göyə qara bulud gələndə anam çox qorxardı... Niyəsin heç söyləmədi...)
 

Sipsiyah buludlar yağmur adası,
Dönür "şəlaləyə" çaxanda şimşək.
Yuyulur tanrıyla bəndə arası,
Qüsula, abtestə qalmayır gərək...
 
Çırpır qanadından yağmuru sərçə,
Bayram yorğanını nənəm çırpan tək.
Çığalçı çocuklar girirlər mərcə,
Cəng üçün yığırlar daş ətək-ətək...
 
Zəhimi daş yaran tünd,xallı ilan,
Saxlanır "şamama" tağının altda
Yağış göləyində çarəsiz qalan,
Qarışqa dolaşır yeddinci qatda...
 
Yağır,narın yağış göyün altından
Dopdolu buludlar "iftiar" açır.
Qopan dul buludlar, göyün qatından
Üzü göydən yerə "marafon" qaçır...
 
Bu dünya özü də bulud kimidi,
Yağır qəbir-qəbir, özünə yağır.
Ölüm ədalətin tək hakimidi,
Baxma ki, dolanır çox sakit, fağır...
 
Merac sularından doğan buludlar,
Toz basan qəlblərə yağın nə olur,
Mənim gözlərimə sığan buludlar
Öztürkü gözümdə boğun nə olur...
 
Şərur, 1994
 
 
TƏSBEH KİMİ...
(Şeir duyğu yasasıdı...)
 
Öz ömrümü təsbeh kimi,
Şeir-şeir dənələdim.
Alqışı səsli beh kimi,
İlhamıma dən elədim.
 
İki əlin kirli səsi,
Batırdı sözün qulağın.
Ruhumun, yerli nəğməsi,
Kəsdi önün olacağın.
 
Şeirlərim misra-misra,
Geyindi, soyundu qəmi.
Sevincim döndü qısıra,
Bar vermədi şeir zəmim.
 
Bir təsbehin sayı qədər,
Şeirli anım olmadı.
Ömrü şeirə böldüm hədər,
Yaşamağa vaxt qalmadı.
 
Mən yoxkəndə qalacaqdı
Gözü-könlü tox şeirim.
Çox gözə od salacaqdı
Şeşpər, nizə, ox şeirim.
Əsgər, paşa çox şeirim,
 
1996, Krım
 
 
KÖHNƏ YOL
 
Sonu gəlməz bir savaş içindəyəm,
aldığım nəfəsin qiyməti baha...
Ömür küçəsində elə azmışam,
İndinin sonrası qalıb Allaha...
 
Cibimdə gizlənən qonaq əllərim,
Əliboş çıxmağa xəcalət çəkir.
Allah umuduna keçən günlərim,
Qəlbimə çatlamış köhnə yol tikir...
 
Varlıqda olmuyan,yoxluqda yoxdu,
Xoruz ötür deyə günəş doğmayır.
Gönlüm yoxluqlara elə yoluxdu,
Bir ovuc ömürə daha sığmayır...
 
Mən uzaq bəndəyəm,tanrıdan uzaq,
Acımın ölçüsü dünya boydadı.
Gedişimdən kimsə qazanmayacaq,
Gəlişim tanrının özünə faydadı...
 
 
ŞEİRİM
 
Günahsız, sağır,
dilsiz fağır
iş kəsilən şeirlərim,
bu sənə də əhvə düşmədi...
Sandıq - cəza evlərində,
gözünə güzəm basılmış,
pünhan çeşmədi...
Soyğunçular gözün tökür,
görünürsə harada,
Təpəsindən közün tökür,
yaxır-yıxır ardı-arda...
Yıllardan üzü bəridi,
qoları çidarlıdı,
dili qadaxlı.
Şəhid düşəni düşüb,
"canbəsəri" ölümə adaxlı...
Qovuşda açıb solanı var,
kilit altda qarıyanı,qalanı var...
Gözünün işığı sönən,
səssiz park oturacaqlarına dönən,
gizli-saxlı öyünən,
Başqurd şeirim,
Başbuğ şeirim....
Aşırı vətən sevgisindən,
vəsiqəli "oruspu" kimi,
urusçular qapısından,
geri çevriləni var.
İkicə yaşı olmadan,
taxtdan devriləni var...
var da var...
İş kəsilən şeirlərim,
əhvə düşməyən ərlərim,
halən bağlı əllərim
bağışlamayın məni...
 
Sumqayıt, 1992

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar