Xəbər lenti
Prezidentdən təhsillə bağlı MÜHÜM SƏRƏNCAM
Prezident Əliyev müsəlman ölkələrindən Azərbaycanda təhsil alan tələbələrinin qrant alamaları üçün xüsusi sərəncam imzalayıb.
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının və müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, mühüm beynəlxalq layihə, tədbir və təşəbbüslərin həyata keçirildiyi məkana çevrilmişdir.
Ölkəmizdə 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan Respublikasının dünyada islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardandır.
Azərbaycanda ali təhsil, treninq və araşdırmalar sahəsində əldə olunmuş nailiyyətlər İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyi tərəfindən də yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatının Təhsil Mübadiləsi Proqramı çərçivəsində üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali təhsil müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə təhsil üçün qrant təsis edilməsi beynəlxalq əməkdaşlığın genişlənməsinə və dünyanın bir çox ölkələrində insan resurslarının inkişafına mühüm töhfə verə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam ölkələri ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələrində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsilinə dəstək verilməsi məqsədi iləqərara alıram:
1. 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilsin.
2. Müəyyən edilsin ki:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır;
2.2. həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təhsilalanlar üçün təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini iki ay müddətində təsdiq etsin;
3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirsinlər.
5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Sərəncamın 4-cü hissəsinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən etsin və onlara növbəti ildən başlayaraq dövlət hesabına təhsil qrantı ilə əhatə olunan xərclərin ödənilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli digər aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı ilə bağlı xərclərin müvafiq illərin dövlət büdcələrində nəzərə alınmasını təmin etsin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar