Xəbər lenti
Günay Əfəndiyeva: “Din ən ali dəyərdir”

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ilə müsahibəni təqdim edirik.
- Günay xanım, Nazirlər Kabinetinin dövlət ümumi təhsil
müəssisələrində şagirdlərin vahid məktəbli forması ilə bağlı yeni qərarı cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Məktəbli forması məsələsinin dini müstəviyə çəkilməsini necə qiymətləndirirsiniz?
- Bilirsiniz, Azərbaycan dövləti İslam dininin tarixən formalaşdırdığı zəngin mənəvi dəyərlərin yaşadılmasına, milli-mədəni irsimizdəki yerinin qorunmasına daim xüsusi önəm vermişdir.
Azərbaycan xalqı tariximizin bütün mərhələlərində, əsrlər boyu dini dəyərlərinə sadiq qalıb. Eyni zamanda, biz müsəlman dünyasına mənsub olmaqla yanaşı, digər dinlərin nümayəndələrinə də hörmətlə yanaşmışıq. Ölkəmiz dünyada tolerantlıq və multikulturalizm nümunəsi kimi tanınır. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh və qarşılıqlı hörmət şəraitində yaşayıblar, yaşayırlar, fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir”.
Baxın, dövlətimiz tərəfindən nə qədər müxtəlif dini məbədlər inşa olunub. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu nəinki Azərbaycanda, dünyada dini ibadətgahların bərpası istiqamətində layihələr həyata keçirib. Bu, bizim dövlətimizin dinə münasibətidir. Çünki, din ən ali dəyərdir.
İşğal zamanı Qarabağdakı məscidlərimiz ermənilər tərəfindən təhqiramiz məqsədlərlə istifadə olunub. Məscidlərimizdə qəsdən heyvan, donuz, inək saxlanılıb. Azərbaycan Prezidenti bunu dəfələrlə öz çıxışlarında dünyaya bəyan edib.
Bu gün isə dövlətimiz həmin məscidləri bərpa edir, qoruyur və gələcək nəsillərə çatdırır. Bütün bunlar dövlətimizin milli-mənəvi dəyərlərimizə verdiyi önəmi nümayiş etdirir.
Çünki İslam bizim üçün tariximizin, mədəniyyətimizin və mənəvi dəyərlərimizin mühüm bir hissəsidir.
Ancaq gəlin, bir məsələni də aydın şəkildə ayıraq: Dini inancları qoruyub saxlamaq başqa məsələdir, məktəbin əsas təyinatı olan təhsil və maarifçilik funksiyasını qorumaq isə tamam başqa məsələdir.
Məktəb nədir? Məktəb, ilk növbədə, nizam-intizam ocağıdır. Bilik almaq, dünyagörüşünü genişləndirmək, elmin təməllərini öyrənmək və eyni zamanda ünsiyyət qurmaq məkanıdır. Həyata, gələcəyə, ümumilikdə dünyaya hərtərəfli hazırlıqlı olmaq və belə demək olarsa, əmin şəkildə çıxmaq üçündür.
Ümumi uniforma qaydasının tətbiqi İslama qarşı yönəlmiş addım deyil, sadəcə hamı üçün müəyyən edilmiş ümumi qaydalara riayət olunmasıdır, cəmiyyətdə hər kəsə eyni yanaşmanın təmin edilməsidir.
Mən özüm məktəbdə oxuduğum dövrdə bütün şagirdlər vahid məktəbli formasını geyinirdik. Bu, şagirdlər arasında sosial fərqlərin ön plana çıxmasının qarşısını alır, kimin imkanlı, kimin aztəminatlı ailədən olduğunu geyim üzərindən müəyyən etməyə imkan vermirdi.
Yadınızdadırmı, böyük Hüseyn Cavidin 1914-cü ildə qələmə aldığı "Qız məktəbində" şeiri? O məşhur misraları xatırlayaq:
“— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var… lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti”.
Yadınızdadırmı, görkəmli yazıçımız Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Şeyx Nəsrullah obrazı? Necə ki, Şeyx Nəsrullah insanların dini inanclarından şəxsi məqsədləri üçün istifadə edir, bu gün də dini dəyərlərdən sui-istifadə edərək insanları öz təsiri altına salmağa çalışan qüvvələr var.
Bu pyes 1909-cu ildə qələmə alınıb. Baxın, hələ ötən əsrin əvvəllərində bizim görkəmli ziyalılarımız bu fikirdə olublar.
Ümumilikdə, dünyəvilik ənənəsi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizdə dövlətçilik səviyyəsində öz əksini tapdı.
Bu gün də dünyəvi dövlət prinsipi bizim konstitusion quruluşumuzun əsas xüsusiyyətlərindən biridir. Dünyəvilik dini dəyərlərin inkarı demək deyil. Dünyəvilik dövlətin bütün dinlərə və inanclara bərabər münasibət göstərməsi, dövlət idarəçiliyinin isə qanunlar əsasında həyata keçirilməsidir.
Ona görə də dini dəyərlərimizlə dünyəvi dövlət prinsiplərini bir-birinə qarşı qoymaq düzgün deyil. Biz həm milli-mənəvi dəyərlərimizi qoruya, həm də müasir, dünyəvi təhsil sistemimizi inkişaf etdirə bilərik.
Bizim vətəndaşlarımız çətin sınaqlar qarşısında, müharibələrdə böyük birlik və həmrəylik nümayiş etdiriblər. Qarabağın azad olunması uğrunda 44 Günlük Vətən müharibəsində dünyaya Dəmir Yumruğun gücünü göstəriblər. Ancaq təəssüf edirəm ki, bu gün bəziləri belə təxribatlara uyurlar.
Yəni, vətəndaşlarımızın dini inancları, dünyagörüşləri və şəxsi mövqeləri fərqli ola bilər. Ancaq yenə də deyirəm, bu fərqlər heç vaxt bizi bir-birimizə qarşı qoymamalıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























