Xəbər lenti
Tarixin dönüş nöqtəsi: 15 iyun olmasaydı nələr olacaqdı?– Tural VƏLİZADƏ YAZIR...

Tural Akif oğlu Vəlizadə
MMU tabeliyində Bakı Hərbi Kolleci və
Bakı Qızlar Universitetinin müəllimi
Bakı Dövlət Universitetinin doktorantı
Dövlətlərin və xalqların inkişaf tarixi nəzərdən keçirildikdə görürük ki, suverenliyin və milli müstəqilliyin əldə edilməsi, qorunması və davamlı inkişafı asan və hamar bir proses deyildir. Dünya tarixinin mütərəqqi subyektləri öz dövlətçilik ənənələrini fundamental böhranlar, ictimai-siyasi sarsıntılar və böyük fədakarlıqlar bahasına formalaşdırmışlar. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından ötən dövr də millətimizin ən mürəkkəb tarixi və geosiyasi şərtlər daxilində milli varlığını qorumaq, daxili sarsıntıları dəf etmək və gələcəyə yönəlik strateji hədəfləri müəyyənləşdirmək qabiliyyətini nümayiş etdirən fundamental bir epoxadır. Düz bir qərinədən artıq müddətdir ki, Azərbaycan dövləti qarşılaşdığı bütün daxili və xarici təhdidləri neytrallaşdıraraq, xüsusilə son dövrlərdə əldə etdiyi tarixi və hərbi-siyasi uğurlarla qlobal və regional güc mərkəzləri arasında özünəməxsus yer tutmağı bacarmışdır.
Azərbaycanın XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etməsi xalqımızın çoxəsrlik tarixində dönüş nöqtəsi olsa da, 1991-1993-cü illəri əhatə edən ilkin mərhələ sistemli böhranlar və idarəetmə xaosu ilə xarakterizə olunur. Həmin dövrdə ölkədə mövcud olan siyasi qeyri-sabitlik, səriştəsiz idarəçilik, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğalı və daxili silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi dövlətin funksional mexanizmlərini tamamilə iflic etmişdi. 1993-cü ilin iyun ayında bu böhran pik nöqtəsinə çataraq ölkəni vətəndaş müharibəsi və parçalanma astanasına gətirdi. Belə bir tarixi şəraitdə milli məsuliyyət hissi və xalqın ortaq iradəsi fenomenal dövlət xadimi Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsini tarixi zərurətə çevirdi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin - milli qurtuluş və dövlət quruculuğu erasının əsası qoyuldu. Bu tarix 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi olaraq “Milli Qurtuluş Günü” kimi təsbit edilmişdir. 15 iyun, sadəcə təqvim dəyişikliyi deyil, eyni zamanda:
- · Azərbaycanı parçalamaq, xalqı qardaş qırğınına sürükləmək istəyən daxili və xarici destruktiv qüvvələrin strateji məğlubiyyəti;
- · Dövlətin idarəetmə vakuumunun aradan qaldırılması və qanunun aliliyinin bərpası;
- · Formal müstəqillikdən real, suveren dövlət modelinə keçidin hüquqi və siyasi rəsmiləşməsidir.
“1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu... Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.
Ümummilli Lider Heydər Əliyev, sadəcə siyasi lider deyil, eyni zamanda müasir Azərbaycanın dövlətçilik fəlsəfəsini, azərbaycançılıq ideologiyasını formalaşdıran mütəfəkkirdir. O, dahi strateq, mahir diplomat və xalqın ortaq milli iradəsinin təcəssümü kimi qəbul edilir. Onun siyasi fəaliyyəti ağıl, cəsarət, strateji səbir və sarsılmaz inam üzərində qurulmuşdur. Heydər Əliyev idarəçilik məktəbi ölkənin daxili potensialını səfərbər edərək xarici siyasətdə balanslaşdırılmış, milli maraqlara əsaslanan xəttin formalaşmasını təmin etdi. Bu gün 15 iyun tarixi, Ulu Öndərin xalqımız üçün apardığı titanik mübarizəni, qazandırdığı milli dəyərləri və bizə miras qoyduğu strateji hədəfləri anlamaq və dərk etmək baxımından böyük elmi-metodoloji əhəmiyyət kəsb edir.Milli Qurtuluş Gününün gətirdiyi daxili sabitlik və dövlət quruculuğu xətti sonrakı mərhələdə Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artmasına zəmin yaratdı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı rəsmi tariximizin ən şanlı səhifəsini yazdı. 1993-cü ildə qoyulmuş möhkəm dövlətçilik təməlləri 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və ardınca həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkənin ərazi bütövlüyünün və tam suverenliyinin bərpası ilə nəticələndi.
Bu tarixi proses göstərir ki, Azərbaycan “Qurtuluş” fəlsəfəsindən “Zəfər” fəlsəfəsinə doğru təkamül edərək regional geosiyasətdə şərtləri diktə edən lider dövlətə çevrilmişdir. Müasir Azərbaycan, Ulu Öndərin dediyi kimi, beynəlxalq münasibətlər sistemində bir günəş kimi doğmuş və Qafqazın parlayan geosiyasi ulduzuna çevrilmişdir.
Bizə əmanət olunan bu müstəqil dövləti qorumaq, ucaltmaq, müasir sivilizasiyaların ən ön sıralarına daşımaq və Heydər Əliyev ideyalarını gələcək nəsillərə fundamental elmi və ideoloji irs kimi ötürmək hər bir Azərbaycan vətəndaşının və gənc nəslin ən ümdə borcudur. Bu ali düşüncələrlə, çağdaş Azərbaycan Respublikasının memarı Ümummilli Lider Heydər Əliyevi, onun milli məfkurədaşlarını və dövlətimizin istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda canından keçmiş bütün qəhrəmanlarımızı sonsuz ehtiram, dərin minnətdarlıq və hörmətlə anırıq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































