Xəbər lenti
Xaricdə təhsillə bağlı nazirlikdən çağırış - "Yanmamaq" üçün kimi seçməli
Hər il olduğu kimi, bu il də xaricdəki ali təhsil müəssisələrinə tələbə yığan şirkətlər, bu işlə fərdi şəkildə məşğul olan şəxslər fəallaşıblar. Artıq indidən sosial şəbəkələrdə xaricdə imtahansız qəbulla bağlı elanlar yerləşdirilir, bu il ali məktəblərə qəbul imtahanlarında uğursuz nəticə göstərənlərə xaricdə təhsil almaq imkanı vəd edilir.
Qeyd edək ki, dünən axşam saatlarında Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Heç şübhəsiz ki, bu gündən etibarən xaricdə imtahansız təhsil elanları ilə bağlı maraqlananların sayı artacaq. Ənənəvi olaraq bu işlə məşğul olanların da "bazarı" elə məhz Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edildikdən sonra başlayır. Bəs görəsən, xaricdə imtahansız ali məktəbə qəbul təklif edən şirkətlərə, bu işlə fərdi məşğul olan şəxslərə nə dərəcədə inanmaq olar? Ümumiyyətlə, xarici ölkələrdəki ali təhsil müəssisələrinə imtahansız qəbul olunanların diplomu Təhsil Nazirliyi tərəfindən tanınacaqmı?
Bu suallara aydınlıq gətirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı kiçik araşdırma aparıb. Xaricdə təhsil xidməti göstərən şirkətlərdən birindən bildirdilər ki, Çin Xalq Respublikasındakı ali məktəblərə imtahansız tələbə qəbulu aparırlar. Son qeydiyyat tarixi isə avqustun 15-dəkdir. Qəbul attestatla aparılır, illik təhsil haqqının 50 faizini Çin dövləti, 50 faizini tələbə özü ödəyir. Tələbənin ödəyəcəyi təhsil haqqı isə illik 2600 ABŞ dollardır. Təhsil ya ingilis, yaxud da çin dilində verilir. Bu dillərdən heç birini bilməyənlərə bir illik dil kursu keçilir".
Şirkətin Ümid Məmmədzadə adlı əməkdaşı əmin edir ki, tələbə yaxşı oxusa, hələ Çin dövləti ona təqaüd də verəcək. Belə halda o, təhsil haqqını ödəməyəcək. Amma Ü. Məmmədzadə bunun üçün tələbənin onların kriteriyasına cavab verməli olduğunu söyləyir.
Əlaqə saxladığımız digər şirkətdən isə Gürcüstan ali məktəblərinə imtahansız tələbə qəbul edildiyini söyləyirlər. Şirkət nümayəndəsi deyir ki, ali məktəbə qəbul attestatla aparıldığından, Azərbaycanda abituriyentin qəbul imtahanında topladığı bal onları maraqlandırmır. İllik təhsil haqqı isə 600-1200 ABŞ dolları arasında dəyişir.
Kiçik araşdırma sonucunda bəlli olur ki, xaricdə təhsil vəd edən şirkətlərin abituriyentin Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında hansı nəticəni göstərdiyi onları maraqlandırmır. Onları maraqlandıran ancaq abituriyentin xaricdə oxumağa maddi imkanının olmasıdır.
Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi xaricdə təhsil xidməti göstərən özəl şirkətlərin, bu işlə fərdi məşğul olanların fəaliyyətinə müdaxilə etmək imkanından məhrumdur: "Bununla bağlı Təhsil Nazirliyi öz veb saytında, sosial şəbəkə resurslarında da məlumat verib. Nazirlik xaricdə təhsil məsələləri ilə bağlı heç bir özəl şirkətlə əməkdaşlıq etmir, bununla bağlı gələcəkdə baş verəcək hər hansı məsələyə görə də məsuliyyət və cavabdehlik daşımır".
Amma bununla belə N. Məmmədli deyir ki, xaricdə təhsillə bağlı nazirlik Türkiyə tərəfinə müraciət edib. Həmin müraciətdə qeyd edilib ki, Türkiyədəki ali təhsil müəssisələrinə Azərbaycandan tələbə qəbulu zamanı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanın nəticələri əsas götürülsün.
O ki qaldı diplomların tanınmasına, nazirlik səlahiyyətlisi bildirir ki, azərbaycanlı abituriyentin seçdiyi xarici universitet həmin ölkənin ali təhsil sistemi tərəfindən tanınırsa, həmçinin tələbə təhsili normal qaydada alırsa, diplomun tanınması ilə bağlı problem yarana bilməz:
"Biz xarici ölkələrin ali təhsil müəssisələrini ancaq DİM-in imtahan nəticələri əsasında qəbul aparmağa məcbur edə bilmərik. Bu mümkün olan hal deyil. Diplomun tanınması təhsilin keyfiyyətinə bağlıdır".
N. Məmmədli xaricdə təhsil adı ilə aldatmaların da çox olduğunu bildirərək vətəndaşları diqqətli olmağa səsləyib.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında xaricdə təhsil alanların sayını da açıqlayıb: "İlk növbədə qeyd etmək istəyirəm ki, hal-hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır".
Onun sözlərinə görə, xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar: "Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir ki, bunların sayı hədsiz dərəcədə çoxdur.
İkinci kateqoriyanı o şəxslər təşkil edirlər ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar.
Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər".
"Hesab edirəm ki, xarici ölkələrdə təhsil alan tələbələrin Ukrayna, Gürcüstan kimi ölkələrin universitetlərinin diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmaması çox normaldır. Belə ki, Ukraynada və bir neçə başqa ölkələrdə elə universitetlər var ki, ora Azərbaycanda ali məktəblərə qəbul imtahanı zamanı 12 bal toplamış insanlar sadəcə attestatın surətini təqdim etməklə qəbul olunurlar. Təhsil haqqını ödəyirlər və bir çox halda 4 il bakalavr pilləsində, 2 il magistratura pilləsində cəmi bir neçə dəfə universitetdə olurlar, amma nəticədə diplom da alırlar.
Bu diplomların tanınması, sadəcə təhsil haqqı ödəmək və bir neçə dəfə universitetdə görünməklə həmin şəxslərin həmin sahələr üzrə mütəxəssis olmaqlarını təsdiq etmək deməkdir. Bu isə yüksək bal toplamış, illərlə universitet auditoriyalarında, kitabxanalarında istirahətindən, yuxusundan fədakarlıq edərək dərs oxumuş, müxtəlif bilik və bacarıqlar əldə etmiş şəxslərə qarşı haqsızlıq olardı. Bu baxımdan, bəzi universitetlərin diplomlarının tanınmaması normaldır və bunu gənclərin xaricdə təhsili üçün maneə adlandırmaq doğru olmaz", - deyə ekspert bildirib.
K.Əsədovun fikrincə, xaricdə təhsil alanların təqaüdlərinin azaldılması Azərbaycanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq, xərclərin azaldılması istiqamətində cəhdlərdən biri ola bilər:
"İqtisadiyyatı neftdən asılı olan ölkənin neft qiymətlərinin aşağı olduğu dövrdə digər bir çox səmərəsiz investisiya layihələri, büdcə xərclərini azaltdığı dövrdə, ən çox xaricdə təhsilə ayrılan vəsaiti artırmalıdır. Azərbaycanı indiki və gələcəkdəki iqtisadi problemlərdən çıxaracaq insan kapitalına daha çox vəsait ölkədə qalar".
"Azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər. İlk olaraq diqqət olunmalıdır ki, gedəcəkləri universitetin xaricdən tələbə almaq icazəsi varmı? Digər tərəfdən, xarici təhsil aldığı ali məktəblərin diplomlarının tanıması üçün ölkədən çıxış-giriş prosesi ilə bağlı Sərhəd Qoşunlarına sorğu yollamalıdır. Ən əsas məsələ isə şəxsin xaricdə təhsil aldığı ali məktəblə Azərbaycan Təhsil Nazirliyi arasında müqavilə olmalıdır. Əgər müvafiq müqavilə olmasa, həmin diplom tanınmayacaq. Azərbaycanda məzun olan tələbələrin 7 mini Dağıstan universitetlərinə gedib. Dağıstan universitetləri isə birmənalı olaraq tanınmır. Yəni 4 il müddətində həmin təhsil mərkəzinə getmədən diplom alaraq o diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir. Bu baxımdan tövsiyə edirik ki, xaricdə təhsil almaqla bağlı əhali ciddi məlumatlanmalıdır", - deyə Əsədov xəbərdarlıq edib.
Ekspert xaricə getməyə hazırlaşanların valideynlərinə də tövsiyələr verib: "Azərbaycanda ali məktəblərə qəbul olmayan şəxslər ilk növbədə orta məktəb sənədi ilə xarici ölkələrdə təhsil almağa üz tuturlar. Bu zaman valideynlər, abituriyentlər bir neçə vacib nüanslara diqqət yetirməlidirlər.
Birincisi, baxsınlar ki, övladlarının təhsil alacağı universitet nostirifkasiya.edu.az saytında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınırmı. İkincisi, həmən universitetin özünün fəaliyyət göstərdiyi ölkədə fəaliyyət göstərmək üçün icazəsi, lisenziyası varmı? Bunlar ilkin əsas səbəblərdir.
Hər il yüzlərlə valideyn xaricdə təhsil xidməti göstərən özəl mərkəzlər tərəfindən aldadılıb. Əsasən valideynlərə vəd edilən şəhərlərdə, universitetlərdə və ixtisaslarda aldadılma faktları aşkar olunur.
Bundan başqa, valideynlərə vəd edilir ki, övladları birbaşa birinci kursda təhsil alacaq, amma məlum olur ki, onları hazırlıq qruplarına qəbul etdiriblər.
Bəzi xaricdə təhsil xidməti göstərən mərkəzlər valideynlərə təqaüd, qalma yeri kimi məsələdə vəd etsələr də, bunu yerinə yetirmirlər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar