Xəbər lenti
Bağlanan universitet, yaddaşlara yazılan imza - İlham Məmmədli yazır
yazıçı-jurnalist, filologiya üzrə fəlsəfə doktoru, dosent
İki ay öncə müxtəlif saytlarda və media qurumlarında belə bir xəbər yayıldı: “Bakı Qızlar Universitetini akkreditasiyası ləğv olunub”.
Bu xəbər oxucular üçün adi bir informasiya, universitetdə təhsil alan tələbələr, burda çalışan müəllimlər və texniki işçilər üçün isə böyük mənəvi bir zərbə idi. Onsuz da Azərbaycan oxucusunun qulaqları son illərdə müxtəlif təhsil ocaqlarının bağlanması ilə bağlı bu cür xəbərlərə öyrəncəli olub. Yəqin ki, çoxları bu xəbəri də eyni ovqatla qarşıladı. Bəs, görəsən, Bakı Qızlar Universitetinin akkreditasiyasının ləğvi bu qədərmi qaçılmaz idi?
Qızların adına məktəbdən söz açılanda ilk yada düşən böyük xeyriyyəçi-messenant Hacı Zeynalabdin Tağıyev olur. Ötən əsrin əvvəllərində ölkə savadsızlığın və dini xürafatın burulğanında çabalayanda H.Z.Tağıyev böyük fəhmlə və uzaqgörənliklə ilk olaraq millətin qız övladlarının təhsil almalı olduqlarını anladı və bu binanın təməlinə ilk daş qoyanlardan biri oldu. Tarixə “Hacı Zeynalabdin Tağıyevin qız məktəbi” kimi daxil olan həmin təhsil ocağı sonradan Azərbaycan qadınının cəmiyyətin bərabərhüquqlu bir üzvünə çevrilməsində böyük xidmətlər göstərdi.
Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində öz dövlət müstəqilliyini əldə edəndən sonra təhsil sahəsində də böyük yeniliklər baş verdi. Ən diqqətçəkən addımlardan biri də yeni kolleclərin və universitetlərin yaranması ilə bağlı idi. Bu gün yaddaşlara Bakı Qızlar Universiteti adıyla yazılmış universitet də bu ilklərdən biri idi.
Universitetin təsisçisi tanınmış pedaqoq və təhsil qurucusu, pedaqoji elmlər doktoru, professor Ağarəhim Rəhimov idi. Böyük pedaqoji təcrübəsi və həyat yolu olan Ağarəhim Rəhimov sonrakı müsahibələrində niyə məhz qızlar üçün Universitet açdığını təxminən belə izah edirdi: “Bu gün qızların ali təhsil almasına böyük ehtiyac var. Atanın təhsilli olması ailədə bir nəfərin təhsilli olması deməkdirsə, ananın ali təhsil alması bütün ailənin təhsilli olması deməkdir. Ailədə övladların yetişməsində ən ağır yük anaların üzərinə düşür. Biz gələcəyin anaları olan qızlarımıza yüksək təhsil və tərbiyə verməliyik ki, gələcək nəsillərimiz yetkin və ağıllı olsunlar”.
Xatırladaq ki, dünyanın bir çox ölkələrində də eyni profilli universitetlər az deyil. Bəs, 34 il fəaliyyət göstərmiş Bakı Qızlar Universiteti Azərbaycan cəmiyyətinə nə verdi?
Uzun illər orada dərs demiş bir müəllim kimi əlimi vicdanımın üzərinə qoyub uca səslə bəyan edə bilərəm ki, bu universitet cəmiyyətdə halallığın və təmizliyin örnəyi oldu. İllər boyu rüşvət, əyri yollar bu universitetin halal mayasına haram qata bilmədi. Bəli, kimsə mənim yazdıqlarıma inanmaya da bilər. Lakin fakt böyük dəlildir. Bəli, Bakı Qızlar Universitetində də tamahına qul olub bu yollara cəhd eləyənlər də illər boyu tapılıb, lakin bu proses uzun müddət davam etməyib. Çox qısa müddətdə bu cür insanlar ifşa olunaraq dərhal oradan uzaqlaşdırılıblar.
Mən özüm bir neçə il orada elmi işlər üzrə prorektor vəzifəsində çalışmışam. Bir də görmüşəm ki, Ağarəhim müəllimdən zəng gəlib və məni təcili olaraq otağına dəvət edib. Az keçməmiş dekanlar, kafedra müdirləri, məsul əməkdaşlar da oraya çağırılıblar. Ağarəhim müəllim hansısa müəllimin tələbələrdən rüşfət umduğunu qaçılmaz dəlillərlə həmin “personajın” üzünə oxuyub. Həmin şəxsin öz ərizəsi iləmi, yoxsa hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə yola salınmasını təklif edib. Günahkarların hansı miskin duruma düşdüklərinin bir neçə dəfə şahidi olmuşam. Mütəmadi olaraq tələbələr arasında anonim sorğular keçirilib, nöqsanların qarşısı zamanında alınıb. Bu universitetin professor-müəllim kollektivi də bütün hərəkətlərində özlərinə ölçü-nizam veriblər. Oranın darvazasından içəri ayaq qoyan hər kəs özündə böyük məsuliyyət hiss edib.
Bakı Qızlar Universiteti təkcə tələbələrə müxtəlif ixtisaslar üzrə ali təhsil verməyib. O, Azərbaycan qızlarına daim mənəviyyat, əxlaq qaydalarını aşılayıb. Tələbələrimiz də universitetin və müəllim kollektivinin onların üzərində çəkdikləri əməyi boşuna xərcləməyiblər. Hər yerdə universitetin adını yüksək tutublar. Bu gün ölkənin çox sayda ali və tam orta məktəblərində, elmi qurumlarında, mətbuatda və televiziya kanallarında Bakı Qızlar Universitetinin çox sayda məzunu ləyaqətlə çalışır. Nə xoş ki, bu universitet öz adını Azərbaycan təhsilinin yaddaşına əbədi həkk edib. Onun bağlanmasının cavabını isə tarix verəcək. Onu hansısa bir qərar, yaxud əmrlə xalqın yaddaşından silmək mümkün deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






















.jpg)





