Xəbər lenti
Qarabağ Universitetinin tələbələri həm Xankəndidə, həm İstanbulda oxuyacaq
Manevr.az-ın xəbərinə görə, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ikili diplom proqramı İnşaat mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Təhsil İTÜ-nün tədris proqramları əsasında və tamamilə ingilis dilində təşkil olunur. Tələbələrin ilk üç tədris ilini Xankəndi şəhərində, dördüncü tədris ilini isə İstanbul şəhərində keçirməsi nəzərdə tutulur. Proqram çərçivəsində tədris İTÜ professorları tərəfindən həyata keçiriləcək.
Proqramın məzunları Qarabağ Universitetinin və İTÜ-nün bakalavr diplomlarını əldə edəcəklər. Proqramla bağlı bütün xərclər dövlət hesabına maliyyələşdirilir.
Qarabağ Universitetində İTÜ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu proqram mühəndislik təhsilinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təcrübənin tətbiqi və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ Universiteti İTÜ ilə əməkdaşlığın genişləndirilməsini və iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin daha da inkişaf etdirilməsini yüksək qiymətləndirir.
Qeyd edək ki, sözügedən proqramın reallaşması çərçivəsində 26 avqust 2026-cı il tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Texniki Universitetinin (İTÜ) müvafiq akademik bölmələrinin açılması ilə bağlı qərar imzalayıb.
Mövzu ilə bağlı saytımıza açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, İstanbul Texniki Universitetinin Qarabağ Universitetinin nəzdində ayrıca akademik bölmələr yaratması ali təhsilin beynəlmiləlləşməsi və Cənubi Qafqazda yeni böyük intellektual mərkəzin formalaşması baxımından ciddi geosiyasi, elmi və pedaqoji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, 2026-2027-ci tədris ilindən etibarən ingilis dilində fəaliyyətə başlayacaq bir neçə mühəndislik proqramı Qarabağ Universitetinin gələcək profilinin formalaşmasına da təsir göstərəcək.
“Bu proqramlar ali məktəbin gələcək profilini klassik regional universitet modelindən tədqiqatyönümlü texnoloji universitet modelinə gətirib çıxaracaq. Eyni zamanda Qarabağ Universitetini IV Sənaye İnqilabının tələblərinə cavab verən rəqəmsal və biomühəndislik mərkəzinə çevirəcək”.
İ.Orucov hesab edir ki, strateji tərəfdaşlıq çərçivəsində nəzərdə tutulan ikili diplom modeli universitetin beynəlxalq mövqeyinin güclənməsinə şərait yaradacaq.
“Fikrimcə, bu strateji tərəfdaşlıq çərçivəsində tətbiq olunacaq ikili diplom modeli - 3 il Xankəndidə, 1 il İstanbulda olmaqla - və proqramların beynəlxalq akkreditasiya standartlarına uyğunlaşdırılması təhsil ocağının qlobal arenadakı institusional reputasiyasını sürətlə yüksəldəcək. Bu, həmçinin regiona güclü tələbə və beyin axınını stimullaşdıracaq”.
Cəmiyyət sədri bildirib ki, İstanbul Texniki Universitetinin professor-müəllim heyətinin prosesdə birbaşa iştirakı Qarabağda yeni akademik mühitin formalaşmasına da töhfə verə bilər:
“Dərslərin birbaşa İstanbul Texniki Universitetinin beynəlxalq reytinqli professor-müəllim heyəti tərəfindən keçirilməsi, müasir laboratoriya infrastrukturunun qurulması və TÜBİTAK daxil olmaqla birgə elmi-tədqiqat fondlarına çıxış imkanlarının yaradılması Qarabağda köklü, rəqabətli və davamlı akademik ekosistem formalaşdıracaq”.
İ.Orucov layihənin əhəmiyyətinin yalnız kadr hazırlığı ilə məhdudlaşmadığını vurğulayıb:
“Ümumilikdə düşünürəm ki, bu makroakademik layihə təkcə kadr hazırlığı deyil, həm də postmünaqişə dövründə Qarabağ regionunun elmi reinteqrasiyasını, ağıllı şəhər və yaşıl enerji konsepsiyaları əsasında yenidən qurulmasını, regionun yaxın onillikdə aparıcı texnoloji şəbəkəyə çevrilməsini təmin edən milli təhlükəsizlik və inkişaf layihəsidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































