Xəbər lenti
Zadənin arzusu və Azərbaycan alimlərinin töhfəsi
şair-publisist.
Tarixdə İLKlər qalır.
İmzalar içində imzası olan İLKlər.
İlk sözdür, yenilikdir insan düşüncəsində iz salan.
Fərqlilikdir unudulmayan.
“Bütün zamanların dahisi” Lütfi Zadə banisi olduğu “Qeyri-səlis məntiq” nəzəriyyəsi ilə elmdə inqilab etdi. Dünyanın inkişafını dəyişən bu nəzəriyyə indiyədək qəbul olunmuş elmi dünyagörüşün əksinə olaraq təbiət və cəmiyyətdə baş verən mürəkkəb prosesləri Aristotelin binar məntiqinə əsaslanan klassik riyaziyyat çərçivəsində öyrənməyin mümkünsüzlüyünü təsdiqlədi və qeyri-səlis məntiqə əsaslanan yanaşmanın təbii istifadəsini daha ifadəli dil, təfəkkür və hasablama üçün böyük imkanlar yaradacağını göstərə bildi.
Bu elmdə yeni bir dönüşün başlanğıcı oldu. Bununla texnika və texnologiya yeni mərhələyə qədəm qoydu.
Təbii dilin imkanları müasir texnologiyalar vasitəsilə daha da genişləndirildi.
Qeyri-səlis məntiq təbii dilin xüsusiyyəti olan qeyri-müəyyənliyi, natamam məlumatları və məhdudiyyətləri nəzərə ala bilən güclü bir vasitə olmaqla yanaşı, həm də onun tətbiq sahələrindən, bəlkə də, ən mühümü nağıllardan, hekayələrdən, rəvayyətlərdən, bədii əsərlərdən fikir, nəticə çıxarmaqdır.
Qeyri-səlis məntiq sözlə ifadə olunan tolerantlıq məntiqidir. Bu birmənalı olmayan, qeyri-müəyyən sözləri, ifadələri daha yaxşı başa düşməyə imkan verir, real həyatımızda çox məsələləri daha səmərəli, tez və effektiv həll etməyə şərait yaradır.
İdeya generatoru olan Zadənin nəzəriyyəsindən bəhrələnən onun həmvətənləri – azərbaycanlı alimlər – Zadənin davamçısı, dünya elminə nəzəriyyələr verən Rafiq Əliyev və Kamal Abdulla – qeyri-səlis məntiqi folklorda, ədəbiyyatda tətbiq etməklə Zadənin arzusunu həyata keçirdilər.
Demək ki, genetik köklər özünü göstərdi. Məhz ona görə də güclü və dərin şəkildə əsaslandırmaq bacarığı olan həmvətənləri tərəfindən Zadənin ideyalarını bu qədər dəqiqliklə fundamental şəkildə reallaşdırmaq mümkün oldu. Bu daha dərindən hiss etməkdən, duymaqdan, anlamaqdan irəli gəlir. Yoxsa, bir-birlərini bu qədər başa düşməkdə təsadüf ola bilməzdi.
Qeyri-səlis məntiqin bütün sahələrə tətbiq olunmasına baxmayaraq onu sosial sahələr üçün yaratdığını bildirən Lütfi Zadənin arzularına qol-qanad verən, onun tətbiqini reallaşdıran Kamal Abdulla və Rafiq Əliyev 2022-ci ildə “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabını yazaraq ilkə imza atdılar.
İlk dəfə olaraq onlar qeyri-səlis məntiqin türk dünyasının qədim dil-mədəniyyət abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanına tətbiqini həyata keçirdilər.
“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı müəlliflərin dərin fəlsəfi düşüncələri və qeyri-səlis məntiqə söykənən yaradıcılıqları sayəsində meydana gəlmiş mükəmməl bir kitabdır.
Müəlliflər bununla bəşəriyyətə qədim əcdadlarımızın təfəkkür dərinliyindəki humanist və demokratik baxışı göstərə bildilər.
Kitab Azərbaycanda üç dəfə çap edildi.
Lütfi Zadənin xatirəsinə ithaf olunan bu kitab humanitar və dəqiq elmlərin kəsişməsində yaranan unikal tədqiqat əsəridir. Bu əsər həm ədəbiyyatşünaslar – qorqudşünaslar, həm də informasiya texnologiyaları və riyazi məntiq mütəxəssisləri arasında elmi körpü rolunu oynadı. “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının elmi yeniliyi təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda da böyük marağa səbəb oldu və çap olunmağa başladı.
Kitab Türkiyə türkcəsinə Bəxtiyar Aslanın çevirməsi və prof. Dr. Ahmet B. Ercilacunun ön sözü ilə ”Ötüken” nəşriyyatı tərəfindən Türkiyədə (2024) çap olundu.
Almanca nəşri Almaniyada "Pem" nəşriyyatında (2024) alman dilində işıq üzü gördü. Nəşrin tərcüməçisi və ön sözünün müəllifi Dr. Orxan Arazdır.
Müəlliflərin dünya elmi mətbuatlarındakı çap olunmuş məqalələri ilə tanış olan dünya elminin ən nüfuzlu platformalarından sayılan “Şpringer” nəşriyyatı müəlliflərə belə bir kitabın nəşri üçün müraciət etdi.Nəticədə “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı ingilis dilində "Springer" nəşriyyatında – İsveçrədə (2026) nəşr olundu. Seriyanın müəllifi məşhur polyak alimi Yanuş Kaspşikdir.
Beləliklə, “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” dünyada yayılmağa başladı. ***
Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla və Rafiq Əliyev qeyri-səlis məntiqin dilçilikdə və nitqdə təzahürünü, onun özünəməxsus xüsusiyyətlərini izah etmək üçün yeni bir kitab üzərində işləməyə başladılar. Çünki qeyri-səlis məntiq dil-nitq sahəsində indiyə qədər hərtərəfli öyrənilməmişdi.
“Qeyri-səlis məntiq və dil, nitq” kitabı Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlər yaratdı və qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasına yeni üfüqlər açdı.
Həm fundamental elmi araşdırmalar, həm də praktiki tətbiqlər üçün dəyərli bir mənbə olan “Qeyri-səlis məntiq və nitq-dil” kitabı Azərbaycan dilçiliyində qeyri-səlis məntiqin tətbiqi baxımından çox mühüm əhəmiyyət daşıyır.
Bu dəyərli əsər dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin dilçiliyə və nitqə tətbiqinə həsr olunub.
Azərbaycan elmi üçün yeni bir töhfə olan bu kitab “Sim-Sim” nəşriyyatında (2024) nəşr edildi.
“Qeyri-səlis məntiq və nitq-dil” kitabı özbək və rus dillərində nəşrə hazırlanır. Kitabın ingilis dilində olan variantı "Springer" nəşriyyatına təqdim olunacaq.Bu kitabların davamı da yenə Azərbaycandan gəldi. Akademik Muxtar İmanovun yazdığı “Epos qəhrəmanlarında qeyri-səlislik” və Rafiq Əliyevlə professor Hacan Haçıyevun “Neftçıxarmada qeyri-səlis məntiq” kitabları qeyri-səlis məntiqin sosial elmlərdə və sənayedə tətbiqlərinə aid gözəl nümunələr oldu.
***
Kamal Abdulla və Rafiq Əliyev dünya təcrübəsinə əsaslanaraq qeyri-səlis məntiq fenomenini orta məktəblərdə tədris olunduğunu nəzərə alaraq uşaqlar – həm də “saqqallı uşaqlar” üçün kitab yazmaq fikrinə düşdülər. Bu dəfə onlara Türkiyənin sabiq təhsil naziri, görkəmli alim, pedaqoq, professor Ziya Səlcuq da qoşuldu və “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı ərsəyə gəldi. Hamı üçün anlaşıqlı olan – riyaziyyatsız qeyri-səlis məntiq dilində yazılmış bu kitab çox böyük maraqla qarşılandı.
Sadə dildə yazılan “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı qeyri-səlis məntiqin bütün sahələrə tətbiqi baxımından çox vacib və lazımlı mənbə olacaq.
Hamının kitabı olan “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı Azərbaycanda iki dəfə - “Qanun” (2025) və “İpəkyolu” (2026) nəşriyyatlarında nəşr olundu.
Bundan xəbər tutan Türkiyə və Özbəkistan alimləri öz ölkələrində kitabı tərcümə edib çap etmək ricasında bulundular.
Beləliklə, “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı Türkiyə və Özbəkistanda (özbək və rus dillərində) (2026) çap olundu. Rus nəşrinin əhəmiyyəti ondan ibarətdir ki, bu kitab başqa dillər kimi rus dillilər üçün də çox vacibdir.
Dünyanın qeyri-səlis məntiqə, süni intellektə keçdiyi bir dövrdə çox təəssüf ki, bizim universitetlərdə və məktəblərdə qeyri-səlis məntiq və süni intellektin fənn kimi tədris olunması indi nəzərdə tutulur. Halbuki, inkişaf etmiş ölkələrin orta məktəblərində, hətta uşaq bağçalarında da çoxdan tədris olunur. Ona görə də bizdə çox insanların bu sahədə ətraflı anlayışı yoxdur.
Özbəkistanda “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı iki orta məktəbdə tədris proqramına təsdiq edildi.
***
Qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastanlara ilk dəfə tətbiq edilməklə böyük diqqət cəlb etdi.
Bu kitablar həm də onu göstərdi ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzi olan tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan dəyərdir və əcdadımız demokratik tərzdə düşünərək, qeyri-səlis məntiqlə danışıblar.
Lütfi Zadənin arzusunu reallaşdıran bu ilklər – “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq”, “Qeyri-səlis məntiq – dil və nitq” və “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabları dünya elminin inkişafında yeni çığır açdı.
Bu əsərlər ədəbiyyatşünaslar və informasiya nəzəriyyəçiləri üçün faydalı və maraqlı mənbə kimi digər elm sahələrinə də yeni energiya gətirdi və gələcəkdə daha böyük tədqiqatlarda başlanğıc rolunu oynayacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































