Xəbər lenti
Vicdanının səsini dinləyən insan
Rafiq ƏliyevÇox zaman “ziyalılıq” anlayışını yerli-yersiz, sağa-sola işlədərək dəyərini kiçiltməkdəyik. Subyektiv düşüncəmə görə, vicdanlı, ədalətli, əqidəli, intellektli, səmimi, sadə, humanist, ləyaqətli, azadfikirli, cəsarətli, qürurlu, əyilməz, əzilməz, sınmaz, vətəndaş mövqeyini qorumağı bacaran, milli mənafeyini, xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutan, həqiqətin keşiyində dayanan və digər müsbət mənəvi keyfiyyətləri özündə cəmləşdirən insan olmaq ziyalılığın meyarıdır. İnsanlıq belə şəxsiyyətlərin çiynində yaşayır.Onlar Vətənini, yurdunu, millətini urvatlandıranlardır.
Professor Rafiq Əliyev belə ziyalılarımızdandır. Beş dildə kitablar yazan, Təbrizdə, ABŞ-da, Almaniyada, İsveçdə, uzaq Avstraliyada və başqa ölkələrdə Vətənimizi ləyaqətlə təmsil edən Rafiq müəllim təfəkkürü Qərbə, əxlaqı Şərqə uyğun gələn mənəviyyat adamıdır. Yaxından tanıyanlar onu “Şərqlə Qərb arasında möhtəşəm körpü”, yaxud “bir ölkədən başqa ölkəyə işə gedən” bilim adamı kimi təqdim edirlər.
Rafiq müəllimin fikrincə, “ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən, ağlı ilə xalqın yoluna işıq salan şəxsiyyətdir”. O, özü də “bunu bacaran, buna nail olan alimi, fikir adamını ziyalı adlandırır. Özünün şəxsiyyəti də bu kriteriyalara uyğun gəlir. Bir də professor tam əmindir ki, əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyəndir.
Rafiq müəllimin bu cəmiyyətdən istəyi nədir? Bunu bir müsahibəsində jurnalistə konkret deyir: “elə belə də yazın, normal yaşamaq istəyirəm!” Rafiq müəllimin normal yaşam ölçüsü azad, demokratik, ancaq qanunların şah olduğu, insanlara dəyər verilən, “dostluqda tarazlıq gözlənilən”, əhalisinin heç olmasa 2-3%-i əsl ziyalı olan, bütün eybəcərliklərə, özünə müxalif insanların düşüncələrinə sayğı ilə yanaşılan bir cəmiyyətdə yaşamaqdır. O, Vətənimizi belə görmək istəyir. Jurnalist Pərvizin gözəl deyimi var: “O, (Rafiq Əliyev-V.O.) Azərbaycandir. Təkcə buna görə Azərbaycanin bir parçası olmağa dəyər”. Professor vətənsevər, yurdsevər, torpağa bağlı, “vicdanının tələb etdiyini yerinə yetirən” (L.Tolstoy) İnsandır.
“Bir ifadə var, invariantlılıq. Yəni heç kimdən asılı olmamaq, kobud mənada, heç kəsə yaltaqlanmamaq, heç kimə yarınmamaq. Çox qəribədir ki, mənim övladlarım da, nəvələrim də həmişə invariantlılığı saxlayırlar. Heç birində sapma olmayıb. Müstəqil, heç kimdən asılı olmamaq, yarınmamaq, sınmamaq çox vacib şeydir. Palıd ki, sınmır. Amma onun yanındakı alaq otları o tərəf-bu tərəfə əsir, əyilir sınır. Amma palıda külək dəyə bilmir”.
Bu izahda - 6-7 cümlədə elm də var, əxlaq da, ağsaqqal məsləhəti də, əsl ziyalılıq da...
Macar yazıçısı İmre Kertez əxlaqı insan varlığının xadiməsi adlandırır. Şeyx Məhəmməd Xiyabaninin “xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlayır” deyimində böyük həqiqət var. Professorun qənaətinə görə əxlaq təfəkkür kimi beyindən gəlmir, qandan gəlir. Rafiq müəllim “böyüklüyü sadəlikdə görən əxlaq nümunəsi, insanlıq etalonu”dur, mənəviyyat adamıdır (R.Tağızadə), “nəfsini yenməklə, ona qalib gəlməklə Allaha varan, Ali Məqama çatan hürufidir” (M.Yaqub), vicdanın və elmin həmişəyanar işığıdır.
Rafiq Əliyevin ziyalılıq meyarlarında dostluqda tarazlıq da mütləqdir. “Mən azad düşüncəli, sınmayan insanlarla dostluq edirəm” cümləsində onun dostlarının xarakteri, dostluq əyarı dəqiq bilinir.
Biz ətrafımızdakı örnək götürüləsi insanların dəyərini yetərincə bilmirik. Lütfizadə kimi böyük elm adamı Rafiq müəllimlə dostluğu özünə şərəf bilirdi. Mənəvi və bilim dünyası ilə nümunə olan Xudu Məmmədovun düşüncəsi ilə desək, elə qala tikəsən ki, hər yerdən görünə, izi qala. Rafiq Əliyev hətta məşhur amerikalı alim Ronald Yagerin təbirincə desək, uzaq ABŞ-dan – yeddi min mil uzaqlıqdan görünən əzəmətli qaladır – özünün tikdiyi qala...

Vaqif OSMANLI
14.11.2025
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































