Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

29 min nəfər ali məktəbdən kənarda qalacaq - Ən dramatik qrup açıqlandı

Tarix: 21-08-2025 15:14     Baxış: 326 A- / A+


Ali məktəblərə ixtisas seçimi başa çatıb. Ayrılmış plan yerləri ilə ərizəsi təsdiqlənənlərin sayı arasında kifayət qədər böyük fərq var. İxtisas seçiminin nəticələri nə vəd edir? Ümumi mənzərə necə olacaq?
Ən dramatik qrup
Manevr.az-ın xəbərinə görə, təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı teleqraf-a açıqlamasında bildirib ki, bu il ixtisas seçimi prosesinin yekun nəticələri ali təhsil sistemində struktur problemlərinin davam etdiyini və plan yerlərinin abituriyentlərin sayına adekvat cavab verməməsinin artıq kütləvi xarakter daşıdığını göstərir.
"Statistikaya nəzər saldıqda, I ixtisas qrupu üzrə ümumilikdə 20 385 plan yerinə qarşı 23 918 nəfər elektron ixtisas seçimini təsdiqləyib. Bu, 3533 nəfərin kənarda qalması deməkdir.
II qrupda 14 935 plan yerinə qarşı 19 039 ərizəçi var və nəticədə 4104 nəfər müsabiqədən kənarda qalacaq.
III qrupda vəziyyət daha dramatikdir: 15 583 yerə qarşı 24 414 ərizəçi qeydə alınıb və 8831 nəfərin ali təhsil almaq şansı itəcək.
IV qrupda 4732 yerə 6966 ərizəçi təsdiq verib, 2234 nəfər kəsiləcək.
Ən ağır mənzərə isə V qrupda müşahidə olunur: 4704 plan yerinə qarşı 16 517 ərizəçi olub və bu, 11 813 nəfərin qəbul ola bilməməsi deməkdir. Beləliklə, ümumilikdə təxminən 29 min nəfər ali məktəbdən kənarda qalacaq".

Bir tərəfdə sıxlıq, bir tərəfdə kadr çatışmazlığı
Kamran Əsədov qeyd edir ki, plan yerləri çoxaldılmadığı kimi ixtisaslara tələbat da balanslaşdırılmır: "Nəticədə, müəyyən ixtisaslarda yerlər boş qalır, digərlərində isə abituriyent sıxlığı süni şəkildə artır. Bu, ali təhsil siyasətinin proqnozlaşdırılmadığını və strateji yanaşmanın olmadığını bir daha sübut edir. “Təhsil haqqında” Qanunun 14.1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, dövlət təhsil sistemi əmək bazarının tələblərinə uyğun formalaşdırılır. Halbuki, reallıqda əmək bazarının sorğuları ilə ali təhsil planlaşdırılması arasında heç bir əlaqə yoxdur. Əmək bazarı hüquqşünas, beynəlxalq münasibətlər üzrə mütəxəssis, pedaqoq bolluğu ilə dolub, amma mühəndislik, texnologiya və innovasiya ixtisaslarında kəskin kadr çatışmazlığı davam edir. Bu, qanunun tələblərinin icra olunmadığını göstərir".
Abituriyentlər daha çox “populyar” sahələrə yönəlir, dövlət isə bu marağı idarə edə bilmir
Təhsil eksperti prosesdə diqqət çəkən müsbət məqamların olduğunu da vurğulayıb: "Bununla yanaşı, müsbət məqam kimi yalnız o deyilə bilər ki, bəzi ixtisas qruplarında (məsələn, I qrup) plan yerlərinin ərizəçi sayına nisbətən yaxın olması qəbul imkanlarını artırır və kəsilmə nisbəti azdır. Bu, ən azından texniki sahələr üzrə dövlətin müəyyən qədər planlaşdırma apardığını göstərir. Lakin burada belə mühəndislik ixtisaslarının bir qisminə marağın az olması səbəbindən yerlərin boş qalma ehtimalı da mövcuddur. Yəni bu “müsbət tərəf” əslində gizli bir çatışmazlığı da özündə daşıyır: abituriyentlər daha çox “populyar” sahələrə yönəlir, dövlət isə bu marağı idarə edə bilmir".
Dünya təcrübəsi ilə müqayisədə bizim model necə görünür?
Kamran Əsədovun sözlərinə görə, dünya təcrübəsinə baxanda Azərbaycan modelinin qeyri-sabitliyi daha da aydın görünür: "Məsələn, Almaniyada “dual system” adlanan təhsil modeli əsasında abituriyentlərin bir qismi peşə və texniki təhsilə yönləndirilir və bu, ali təhsil üzərində yüklənməni azaldır. Finlandiyada isə ali təhsil planlaşdırılması hökumətin əmək bazarı ilə birlikdə hazırladığı illik proqnozlara əsaslanır, hansı sahədə nə qədər mütəxəssisə ehtiyac olduğu əvvəlcədən müəyyənləşdirilir. Türkiyədə Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) hər il ixtisas plan yerlərini əmək bazarının təhlilinə əsasən dəyişir. Azərbaycanda isə belə proqnozlaşdırma və elastik mexanizm yoxdur, nəticədə ixtisas seçimi bir növ “təxmin və şans oyunu”na çevrilib".

Gənc və valideyn bu məsələləri bilmədən seçim edir
Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu sahədə heç bir maarifləndirmə işi aparmır. İxtisas seçiminə girən on minlərlə gənc və valideyn təhlil, tədris bazarı, əmək bazarının proqnozu barədə məlumat almadan seçim edir: "Nazirliyin özünün rəsmi saytında belə ixtisaslar üzrə gələcək karyera imkanları ilə bağlı sadə məlumatlandırma bölməsi yoxdur. Nə planlar var, nə də proqnozlar. Bu, gənclərin həyat yolunun tamamilə təsadüfi seçimlər üzərində qurulmasına səbəb olur. Halbuki, bu proses dövlətin üzərinə məsuliyyət qoyur".
Yekun olaraq bu il ixtisas seçimi nəticələri hansı mənzərəni vəd edir?
O qeyd edib ki, minlərlə abituriyent ali məktəbdən kənarda qalacaq və işsizlik ordusuna əlavə olunacaq: "Dəyişməli olan isə dövlətin yanaşmasıdır. Əmək bazarı ilə ali təhsil planlaşdırılması birləşdirilməli, illik proqnozlar hazırlanmalı, ixtisasların seçimi ilə bağlı geniş maarifləndirmə proqramları tətbiq olunmalıdır. Əks halda, ali təhsilin miqyası artsa da, keyfiyyəti və nəticəsi heç vaxt gözlənilən səviyyəyə çatmayacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar