Xəbər lenti
Məktəb-ailə, müəllim-valideyn münasibətləri arzuolunan səviyyədə deyil - SƏBƏB
İstəsək də, istəməsək də raılaşmaq zorundayıq ki, bu gün məktəb-ailə, müəllim-valideyn münasibətləri heç də arzu olunan səviyyədə deyil. Bəlkə də elə bunun nəticəsidir ki, xüsusilə son vaxtlar məktəb-vaıideyn münasibətlərində soyuqluq tendensiyası özünü daha qabarıq şəkildə biruzə verir. Təlim-tərbiyə sahəsində baş verən neqativ hallara görə qarşılıqlı ittihamlar irəli sürülür, məktəb valideyni, valideyn məktəbi günahlandırır. Ancaq, indi bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxılır. Bəlkə də, ifrat dərəcədə virtuallıq buna şərait yaradır. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi məktəb, müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib.
Kimdir günahkar?
Bəzən günahı valideynlərin məktəbə müdaxiləsinin həddən çox olmasında görürlər. Problemin səbəbini tanınmış təhsil eksperti, təhsilimizin ağsaqqalı Nadir İsrafilovla, AVMA İB-nin rəhbəri Şahin Rəcəblə və DİN-lə çözməyə çalışdıq. Ekspertlərin fikri ilə yanaşı mənə DİN-in ötən dərs ili üçün statistikası da maraqlı idi. Bilmək istəyirdim ki, valideyn-məktəb münasibətləri necə görünür hüquqi müstəvidən? 2022-2023 tədris ilində məktəb, yaxud valideynlər tərəfindən bir-birilərinə qarşı nə qədər şikayət daxil olub? Nəticə nə olub? Təəssüf ki, DİN-in Mətbuat Xidmətinin rəisi Anar Qafarov sorğumu cavabsız qoydu...
İlk ekspertim Nadir müəllimin fikrincə bu gün həssas və mühüm inkişaf sahəsi sayılan təhsildə dinamik dəyişikliklər, mühüm islahatlar aparılır. İslahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar, yeni stereotiplər formalaşır, diqqət və qayğı artırılır. Təlim-tərbiyənin, təhsilin komponentləri, faydalanan hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə, məsuliyyət və hüquqlar dəyərləndirilir. Pedaqoji heyətin, müəllimin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır, ailənin, valideynin bu proseslərdə rolu və məsuliyyəti məsələsi aktuallaşır. Valideynlərin təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bu sahədə maarifçilik və praktik tədbirlər həyata keçirilir.
Bəs niyə valideynlər təlim-tədris prosesinə dəstəkçi kimi yox, maneə kimi qəbul edilir? - sualımıza təhsil eksperti maraqlı arqument gətirir:
"Hələ ki, valideynlər, məktəb kollektivi və rəhbərliyi arasında qarşılıqlı münasibətləri tənzimləyən əməkdaşlıq konsepsiyası yoxdur. Bu qarşılıqlı münasibətlərin təşkil edilməsi və tənzimlənməsinin vahid sistemi işlənib hazırlanmamışdır. Məktəb rəhbərlərinin pedaqoji kollektivlə valideyn resurslarından səmərəli istifadə etmə istiqamətində apardıqları iş bir o qədər effektli deyil, müəllimlərin valideynlərlə apardığı iş o qədər də ürəkaçan deyil. Valideynlərin məktəb həyatına cəlb olunması mexanizmi, onların təhsilin inkişafında iştirakı, məktəbə kömək imkanlarını müəyyənləşdirən konsepsiyanın ortalığa qoyulmasına böyük ehtiyac duyulur.
Hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir. Cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur. Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması fikri bir çox mütəfəkkirlərimizin yaradıcılığında da özünə geniş yer alıb, "təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir, ümummilli məsələdir” kimi şüarlar irəli sürülüb".
Nadir müəllim Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələri də önə çəkir:
" "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. Təhsil siyasətinin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.
Görünür bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik. Yoxsa nə oldu ki, bir ara birdən birə cəmiyyətimizdə məktəbə edilən maddi dəstək müzakirə mövzusu oldu, "fond pulu”, "süpürgə pulu”, "kağız pulu”, "KSQ, BSQ pulu”, "printer üçün katric pulu” və s. bu kimi yeni anlayışlar dövriyyəyə buraxıldı, "Müəllimlər günü”, "8 mart Beynəlxalq qadınlar bayramı” adı ilə pul yığımına başlanıldı” kimi yazı başlıqları manşetlərin bəzəyinə çevrildi, məktəbin korrupsiyaya bulaşması haqqında fikirlər səsləndirildı, ayrı-ayrı müəllimlərə, məktəb rəhbərlərinə qarşı ittihamlar irəli sürüldü...
N.İsrafilovun fikrincə bir vacib məqamı da həmişə önə çəkməliyik ki, bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz: "Valideynin təhsilin idarəolunmasinda iştirakı və töhfəsi məsələləri Təhsil haqqında qanunun və Təhsilin inkişafı strategiyasının müvafiq bəndləri ilə tənzimlənir. Valideyn məktəbə istər təşkilati, istər maddi və digər dəstəyi yalnız qanunvericilik çərçivəsində həyata keçirə bilər və dünya praktikasında da bu mövcuddur. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır,
təhsili müəssisələrinin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi və idarəetmənin demokratikləşdirilməsi mexanizmi tətbiq olunur".
Valideynlər hansı halda məktəbin fəaliyyətinə müdaxilə edə bilər?
Ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları sırasında təhsilalanlar, təhsilverənlər, ümumi təhsil müəssisəsi ilə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər kimi valideynlər və ya digər qanuni nümayəndələrin də yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsini seçmək, təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək kimi hüquq və vəzifələri müəyyənləşdirilib. Valideynlər yalnız, qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri çərçivəsində məktəbin fəaliyyətinə müdaxilə edə bilərlər...
Təhsil sahəsində problemlər çox olsa da, Nadir İsrafilov nikbindir və ümid edir ki, məktəb-valideyn münasibətlərinin yeni müstəviyə qaldırılmasında maraqlı olan əsas tərəflərdən biri kimi valideynləri təhsil prosesinin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik, aşkarlıq və şəffaflıq ab-havası gətirmək olar. Bununla da şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq məktəbin məhsuldar fəaliyyətini tənzimləmək olar. Məktəblərdə yaradılan assosasiya, komitə, icma olmasından asılı olmayaraq bunun bir adı, bir məramı, bir məqsədi var – məktəb müqəddəs məbədgah kimi öz nüfuzunu qorumalıdır...
Azərbaycan Müəllim-Valideyn Assosiasiyası İctimai Birliyinin rəhbəri Şahin Rəcəb məsələyə fərqli rakusdan yanaşaraq məktəbə "valideyn müdaxiləsi" anlayışını ümimiyyətlə qəbul etmədiyini bildirdi:
"Məktəbə "valideyn müdaxiləsi" anlayışı, "bu müdaxilənin ifrat olması, yaxud qarşısının alınması" fikirlərini qəbul etmirəm, bu pedaqoji yanaşma deyil. Valideyn təhsilin sifarişçisidir, məktəbin, müəllimin bərabərhüquqlu, qarşllıqlı tərəfdaşıdır. Əksinə, biz uzun illər iş apardıq ki, valideynləri məktəbə, onun idarəolunmasına cəlb edək. "Təhsilin inkişafı strategiyası"nda da dövlət və ictimai xarakterli idarəetmə modeli təqdir edilir. Valideynin iştirakı olmadan təhsildə hər hansı bir prosesdə ugur qazanmaq mümkün deyil. Valideynin məktəbə davamlı ictimai nəzarəti əslində məktəbə və təhsilə dəstəkdir. Çünki, bu gün məktəb də valideyn dəstəyi olmadan öz funksiyasını tam icra edə bilməz".
Söhbət hansı növ dəstəkdən gedir? Maddi, yoxsa mənəvi?
Şahin Rəcəbin fikrincə, burada dəstəyin müxtəlif formalarından söhbət gedir: idarəetmədə ictimai nəzarət, təşkilati-texniki-maddi dəstək, uşaqların saglamlığı, təhlükəsizliyi, asudə vaxtının təşkili, mədəni kütləvi tədbirlər, xeyriyyə aksiyaları, açıq dərslərdə iştirak, davamiyyətə dəstək, psixoloji dəstək, tərbiyə məsələləri və s. Sadəcə valideynlərin bu işlərdə iştirakı və sivil təsiri üçün valideynlərin özlərinin pedaqoji maarifləndirilməsini təşkil etmək, valideyn-müəllim-şagird əməkdaşlığını gücləndirmək lazımdır. Müəllimdə, yaxud valideyndə günah axtarmaqdansa, məktəbdə ailə mühitini formalaşdırmaq, cəmiyyətdə müəllim nüfuzunu yüksəltmək lazımdır ki, biz uzun illər buna çalışırıq.
Niyə valideyn-məktəb münasibətləri dostluğa yox, gərginliyə meyllidir?
Şahin Rəcəbin fikrincə son dövrdəki anlaşımamazlığın bir neçə səbəbi var:
1. Təhsildə təlim-tədrisə tərbiyədən çox fikir verilməsi, tərbiyənin arxa planda qalması.
2. Ölkədə tərbiyə konsepsiyasının işlənilməməsi. ("Tərbiyə haqqında" Qanunun hazırlanıb qəbul edilməməsi)
3. Təhsilin ideologiyasız olması və milli ideologiya, milli mənəvi dəyərlər, milli tərbiyəyə diqqətin kifayət qədər yetirilməməsi
4. Valideynlərlə düzgün işin yuxarı səviyyədə qurulmaması, valideyn icmaları (VMA, assosiasiyalara) məktəb rəhbərləri və digər orqanlar tərəfindən kifayət qədər şəraitin yaradılmaması.
5. Dövlət icra orqanlarında valideynlərlə baglı rəsmi strukturun yaradılmaması.
6. Valideynlərin davamlı maarifləndirilməsinin kifayət qədər olmaması.
Assosiasiya rəhbərinin sözlərinə görə bu iş bir neçə ictimai təşəbbüslər və layihələrlə icra edilir ki, bu da kifayət deyil, məsələyə konseptual yanaşma lazımdır:
"Valideyn uşağın ilk psixoloqu və ilk müəlimidir, bunu unutmaq olmaz. O üzdən valideynə münasibət dəyişilməli, xoşməramlı əməkdaşlıq çərçivəsindən baxılmalıdır. Müəllimlər də məsuliyyətlərini artırmalıdlr ki, məktəbin funksiyası azalmasın, hər şey repetitor üzərində qurulmasın və müəllimin nüfuzu yüksəlsin".
Şahin Rəcəb vətəndaş cəmiyyətinin təmsilçisi kimi bu sahənin inkişafı üçün atılan addımları da sadaladı və əmindir ki, görülən işlər də məktəb-valideyn münasibətlərinə müsbət tövhə verəcək:
"Bizim "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin keçən il icra etdiyi layihə milli tərbiyə modelinin (ailə nümunəsi) ölkədə hazırlanıb tətbiqi ilə baglı qanunvericilik təşəbbüsünün parlamentdə qaldırılması təklifinə həsr olunmuşdu. Bu il də yeni layihəyə başlayacayıq ki, bu da ilkin olaraq 15 rayonda müəllim nüfizunun bərpasına, ən nümunəvi müəllimlərin ictimaiyyətdə, KİV və sosial mediada təbliğinə yönələcək".
Elnurə Abuşova
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar