Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sən saydığını say... Arif Ərşad

Tarix: 20-10-2021 16:24     Baxış: 2731 A- / A+
                             Arif Ərşad         

        (Hekayə)

Baharın gəlməsinin digər fəsillər kimi təbiət hadisəsi olmasına baxmayaraq, kənd camaatı üçün həmişə daha çox sevindirici olur. İnsanlar əkin-biçinlə bağlı hazırlıqlarına başlayır, bağı-bağatı sulayır, iri və xırdabuynuzlu heyvanlarını təbii otlaq sahələrinə çıxarmağa, yamyaşıl xalı kimi görünən dərələrdə qoyun-quzularını otarmağa imkanları yaranır. Kimlərsə yaşadığı evin təmiri ilə məşqul olur, bir çoxları övladlarının toy-nişan tədbirlərinə hazırlıq görürlər və bir sözlə kənddə canlanma hiss olunur. Axı, bu onların dolanışıqlarının, gələcək həyat güzaranlarının yaxşılaşması üçün bir amil olduqlarını gözəl anlayır və bu həvəslə də hər açılan səhərlərinə şükür edirlər. Kənd qızları allı-güllü donlarını geyinib su gətirmək üçün bulağa çıxır, bığ yeri təzəcə tərləyən oğlanlar isə özləri üçün gözaltı etdikləri qızları görməyə görə bulağın yaxınlığındakı böyük çinar ağacının kölgəsində yığışıb söhbətləşirlər. Bunu, bir çox cavanların evlənənə qədər özlərini məşqul etdikləri iş-peşə kimi də adlandırmaq olar. Bir sözlə istənilən halda kənddə həmişə iş var və bu işlərdən də kənd camahatı həzz almağı bacarırlar. Təkcə Qasımdan başqa... Altı ay bundan qabaq Vətən müharibəsindən qəhrəman kimi qayıdan Qasım bekar gəzməkdən artıq yorulmuşdu. Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın azad olunmasında fərqləndiyinə görə sinəsini medallar bəzəyən nimdaş kostyumunu geyinərək o, bir neçə dəfə işlə bağlı rayonun rəhbər işçilərinin qəbulunda olsa da, hələ ki bir nəticə yox idi. Ali təhsili olduğundan ona uyğun bir iş tapmaq müşkülə çevrilmişdi. Sonuncu dəfə rayon məşqulluq idarəsində ona Komunal Təsərufatı Birliyində bağban işi təklif olunsa da, əmək haqqının az olduğundan və rayonla kəndlərinin arasındakı məsafənin uzaqlığını əsas gətirən Qasım, bu işdən də boyun qaçırmışdır. Bir sözlə qışda ona “bir az gözlə, sənə uyğun bir iş tapan kimi çağırarıq” kimi verilən vədlər hələ də ümid olaraq qalırdı. Onun arzu və istəyi öz kəndlərində işləmək, evdə onunla birlikdə yaşayan qoca anasının yanında olmaq və ona həyan olmaqla yanaşı, təsərüfat işlərində də əl tutmaq idi. Lakin əlində heç bir mayası olmayan Qasımın bu arzusu da ona bir röya kimi gəlirdi. Həyətdəki bağçalarında eşələnən 20-25 toyuğu, 5-6 hindüşkanı nəzərə almasaq, öz təsərüfatını yaratmaq üçün anasının təqaüdü buna imkan vermirdi. İşıq, qaz pulları kəlləçarxa qalxdığından komunal xərclərin ödənişindən sonra əldə qalan pul xırda-para şeyləri almağa ancaq yetirdi. Rayon Məşqulluq idarəsindən yenə ümidlə yola salınan Qasım əynini dəyişib anasının açdığı süfrəyə əyləşdi. Yorğun olsa da anasının onun qabağına qoyduğu bir kasa dovğanı ləzətlə qaşıqlamağa başladı. Anası qupquru yuxanı əlində ovuşdurub arabir oğlunun kasasının içinə tökür, hələlik işi-gücü olmasa da oğlunun müharibənin alovunun içindən sağ-salamat qayıtmasına ürəkdən sevinir, yaxşı insanların sayəsində oğlunun nə vaxtsa bir işlə təmin olunacağı günə inanır, balası ilə bir süfrədə əyləşdiyinə görə ürəyində Allaha şükür edirdi. -Bu gün nə dedilər, ay oğul? Qasım qaynar dovğasını yeyir, cavav verməyə tələsmirdi. O, boşaltdığı kasanı bir kənara qoyub anasının masanın üzərində qoyduğu əlini sığallayaraq çiyinlərini çəkib, başını yellədi. Qasım gözlərini qıyaraq sınayıcı nəzərlərlə anasına baxıb dedi: -Buralarda iş tapmaq çətin məsələdir. Bütün torpaqlar imkanlı iş adamları tərəfindən zəbt olunub, torpaqlarda işləyən işçilərə verilən əmək haqqı da qəpik-quruşdur. Kolxoz yox, sovxoz
yox, əvvəlki vaxtlar deyil ha... Anası heç bir söz demədən oğluna qulaq asır və arabir başını tərpədirdi. Qasım dünəndən beyninə dolan fikirlərini ehtiyatla anasına çatdırmağa çalışırdı: -Burada iş tapmaq çətin məsələdir. Ana, bəlkə Bakıya və ya Sumqayıta köçək? Gülgəz arvadı sanki tok vurdu, əlini oğlunun ovcundan çəkib, çiyinlərinə düşən yaylığını yuxarı qaldıraraq başını örtüb dilləndi: -Ay oğul, bu qoca vaxtımda mənim şəhərdə nə ölümüm var? Mənim yerim, yurdum, şəhərim, Vətənim də buradır və öləndə də burada öləcəm. Əzizlərimizin, dədəvin qəbrini, bizə əmanət olunan bu evi burada yiyəsis qoyub hara köçürük? Bir qarın çörəkdən yana durub indi küçələrəmi düşəcəyik? Yox, a bala, heç hara getmərəm və səni də heç hara buraxmaram. Budu saa deyirəm, ana-bala bir qarnı ac, bir qarnı tox dolansaq da burada qalacağıq, acından öləsi olsaq da burada öləcəyik. Bunu birdəfəlik qulağında sırğa elə! Bir də ay boyuva qurban olum, Allah böyükdür, onun rəhmi var! İndiyə qədər bizi nə təhər dolandırıbsa, innən sonra da dolandıracaq. Heç nə yox, elə qapımızın toyuq-cücəsini, yumurtasını, bağımızın mer-meyvəsini, göy-göyətisini yesək, bəsimizdir. Allah torpağımıza bərəkət versin! Qasım heç bir söz demir, anasının söyədiklərinə sakitcə qulaq asırdı. Bilirdi ki, anasını bu torpaqdan, bu daxmadan heç bir qüvvə ayıra bilməz. Onun gözündə babasından qalma bu torpaqda atasının tikdiyi bu kürsülü balaca daxmadan gözəl şəraitli evi heç harda nə tapa bilməz, nə də ki yenisini qura bilməz. Gəlin köçdüyü bu komada o, özünü dünyanın ən xoşbəxti sayır, aman-zaman gözünün qarası olan bircə oğlunun Vətən müharibəsindən sağ-salamat, əli-ayağı üstündə qayıtmasından sonra isə bəxtəvərlik quşunun bu evin damında özünə yuva qurmasına inanırdı. Birinci Qarabağ müharibəsindən əlil qayıdan ərini hələ cavanlığında itirdikdən sonra könlünü əbədi olaraq bu evə və tək oğluna bağlamışdı. Qasım ehtiyatla da olsa anasını yola gətirməyə çalışırdı: -Ay ana, sənin dediklərin yaşamaq üçün deyil, mövcud olmaq üçün bir dolanışıq vasitələridir. İndi ayrı zamandır. Pul qazanmaq üçün isə şəhərdə daha geniş imkanlar var. Köçərik, mümkün olsa Bakıda Neft daşlarında işə düzələrəm və ya tikintidə işləyərəm. Eşitdiyimə görə onlar işçilərinə babat maaş da verirlər. Orda mənim kimi sağlam və cavan oğlanlara çox böyük ehtiyac var. Bakı gündən günə böyüyür, əhalinin yerləşdirilməsi üçün gündə yeni-yeni hündür mərtəbəli evlər tikilir. Bilirsən də, əsgərlik dövründə elektrik qaynaqçısı sənətinə yiyələnmişəm. Mənim sənətimə hər yerdə böyük ehtiyac var. Əgər bu gün mən pul qazanmayacamsa, bəs nə vaxt qazanacam? Ömür boyu beləmi yaşamalıyıq, ay ana? Qasım danışır, arabir anasının nə düşündüyünü duymaq üçün sınayıcı nəzərlərlə ona baxırdı: -Hələ ki, subayam. Bir azdan boğazımdan tutub deyəcəksən ki, evlən! Gülgəz arvadın elə bil çiçəyi çıtdadı, sevincək dilləndi: -Hə, deyəcəm! Niyə deməyəcəm ki?! Anası ayağa qlxıb iki əlini masanın üstünə qoyaraq üzünü düz oğlunun üzünə zilləyərək danışmağına davam etdi: -Bilirsən, ay oğul?! Mənim də bir ana kimi oğul toyu görmək, nəvələrimi qucağıma almaq kimi gözəl arzularım var. Mən də istəyirəm ki, bir halal süd əmmiş gəlinim olsun, əlimdəki çömçəni ona verim, bu qoca vaxtımda nəvə-nəticələrimlə ömür sürüm. Allah mənə o günləri görməyə qismət eləsin, ay oğul. Nəvələrim bir az böyüyən kimi onları Şuşadakı dədəm evinə aparmaq, Xankəndində gəzdirmək, Qarabağın füsünkar təbiətini onlara göstərmək çoxdankı arzum deyilmi?! Bircə o günü görsəydim, daha dərdim olmazdı. Qasım anasının kövrəldiyini görüb, aram-aram danışmağa davam elədi: -Ay sağ olmuş, bütün bu arzularının həyata keçməsi üçün pul lazımdır eyy, pul! Pulu da
insana gördüyü işin müqabilində verirlər, daha qara qaşına, qara gözünə görə yox! Bu kənddə də ki iş yoxdur, bəs onda nə etməli? Bir yol qalır, iş üçün şəhərə getməliyəm. Gülgəz arvad gözlərinin yaşını yaylığının ucu ilə qurulayıb yenidən yerində əyləşdi. Nəsə yeni bir fikir ağlına gəlirmiş kimi alnını ovuşdurub gülümsədi və sevincdən parlayan gözlərini oğluna yönəldib dilləndi: -İş var! Qasım təəcüblə anasından soruşdu: -İş var? Nə iş? Harda? Gülgəz özündən razı halda dilləndi: -Bilirsən ki, əmivin qapısında yüzdən çox qoyunu olan sürüsü var. -Hə, var! Ondan bizə nə? -Necə yəni bizə nə?! İndiyə qədər həmin sürünü qonşumuzun oğlu Tağı otarırdı. Əmin də hər qoyuna görə ona ayda bir manat əmək haqqı verirdi. Dünən Tağının anasını bulaqda gördüm, söhbət əsnasında dedi ki, oğlum bir həftədən sonra əsgərliyə gedəcək. Anası deyirdi ki, oğlu gedəndən sonra... Qasım əllərini yelləyərək anasının sözünü kəsdi: -Ay ana, daha əvvəlki zamanə deyil. Şükürlər olsun ki, bütün torpaqlarımızı erməni quldurlarından təmizləmişik. İndi əsgərlikdə qulluq eləməyə nə var ki! Sən Tağının anasına denən ki, oğul böyüdəndə bilmirdin ki, bir gün gələcək oğlunu Vətənin keşiyində durmaq üçün orduya çağıracaqlarr? Vallah, sənin dərdin olmasaydı, mən heç ordudan təxris olunmazdım. İndi bizim qalib orduda xidmət eləmək həm şərəflidir, həm də... Bu dəfə anası ona sözünü bitirməsinə imkan vermədi: -Ay boyuna qurban olum. Mən demədim ha, anası şikayət eliyir, oğlunun orduya çağrılmasından narazıdır. Yox, bala, əksinə, deyir şükür Allaha ki, oğlum da kişi olub, kişilərə qoşulacaq və bu da onu qürurlandırır. -Lap yaxşı. Bəs onda, bunun bizim söhbətimizə nə dəxli var? Bu dəfə Gülgəz arvad sağ əlini oğlunun masanın üzərinə qoyduğu sol əlinin üzərinə qoyub sığallamağa başladı: -Ana qurban, deyirəm ki, iş tapana qədər, bəlkə əmivin qoyunlarını elə sən otarasan? Əmindir də, yada verdiyi pulu, bəlkə də bir az da artırıb elə öz doğmaca qardaşının balasına verər. Həm onun işi yoluna düşər, həm də iş tapana qədər sənin başın qarışar. Bəlkə bundan sonra elə güzaranımız da düzələ. Nə deyirsən, oğul, əminlə danışım? Qasım bir söz deməyib alnını ovuşdurdu. Sanki böyük bir işin altına girəcəyindən, bu işin gələcəkdə hansı perespektivlərinin olacağını götür-qoy edirdi. O, çox düşünməyə luzum görməyərək dilləndi: -Nə bilim Vallah. Əmim bu işi mənə həvalə etsə, mən işləməyə razıyam. Elə evimizin içində olmaq hamısından yaxşıdır. Neynək, danış, gör nə deyir? Gülgəz arvad bu işi isti-isti həl etmək üçün balağını əlinə alıb bir başa kəndin ayaq tərəfində yaşaya qaynıgilə tərəf üz tutdu. İncəvara qaynı da evdə idi. Üzü darvazaya baxan iki mərtəbəli evinin eyvanında oturub arvadı Ruhiyyə xanımla çay içirdilər. Ruhiyyə xanım eltisinin darvazadan içəri daxil olduğunu görüb ona yuxarıya qalxmağı əli ilə işarə etdi. Gülgəz arvad onlarla salamlaşıb əyləşdi və qabağına qoyulan armudu stəkandakı çaydan bir qurtum içib, bir başa gəlişinin məqsədini söylədi. Qaynının razılığını alan kimi çayla dolu armudu stəkanını ehmalca kənara itələyib bu şad xəbəri oğluna çatdırmaq üçün ayağa qalxdı. Hər ikisinə alqış edə-edə onlardan ayrılıb evinə tələsdi. Üç gündən sonra, elə təzə ayın birindən işə başlamaq xəbərini oğluna verdikdə, hər ikisi çox sevindilər və Gülgəz arvad bu münasibətlə həyətdə qaçışan toyuqlardan birini kəsməyi oğluna tapşırdı. Özü isə cücə-plov bişirmək üçün qollarını çirmələyib
hazırlığa başladı... Çobanlığa başladığı gündən bir ayın tamam olmasına artıq iki gün qalırdı. Qasım öz işini vicdanla yerinə yetirir, qoyun-quzunun yaxşı və otu bol oan sahələrdə otlaması üçün onları kənddən xeyli aralı olan örüş sahələrinə sürürdü. Bu müddət ərzində bir dənə də olmuş olsa qoyun-quzu itgisinə yol verməmişdi. Ayıq-sayıq olduğundan canavarlar da sürüyə yaxın düşməyə cəsarət eləmirdilər. Atasından qalma beşaçılan tüfəngini həmişə çiynində gəzdirirdi. Bu işdə ona dayısının Bozdar adlı itinin də köməyi çox dəyirdi. Hər səhər anasının onun torbasına qoyduğu bir büküm yuxa çörəyindən Bozdara da pay ayırırdı. Qarnı tox olan Bozdar bir dəqiqə də olsa bir yerdə oturmur, daima sürünün başına dolanır, onların təhlükəsizliyini təmin etdiyini sanki, ona çörək verən Qasımın yaddaşında həkk etməyə çalışırdı. Qasım da onun bu sayıqlığını qiymətləndirir, hərdən Bozdarın başını sığallayaraq sanki başa düşürmüş kimi ürəyindəkiləri onunla bölüşürdü. “Hə, Bozdar, hər şey yaxşı olacaq. İki gündən sonra maaşımı alacam. Bax onda, yenə anam cücə plov bişirəcək, mən də toyuğun sümüklərini sənə gətirəcəm. Əmim məndən qabaqki çobana hər qoyuna görə ayda bir manat maaş verirmiş. Mən onun qanı qanından, canı canında olan doğmaca qardaşının tək balası olduğumdan, həm də dolanışığımızın çətin olduğunu nəzərə alıb düşünürəm ki, yəqin hər qoyun üçün iki manat ödəyəcək. Niyə də axı, ödəməsin? Bir oğlu var, o da Bakıda universitet tələbəsidir. Əmim ona hər cür şərait yaradıb, Bakıda üç otaqlı ev alıb, təzə “Mersedes” maşını da qoyub altına ki, uşaq avtobuslara minib korluq çəkməsin. Mən də özgə deyiləm ki, mən də onun doğma qardaşının balasıyam da...” Bozdar Qasımın danışıqlarına diqqətlə qulaq asırmış kimi gözlərini ondan çəkmir, dilini çölə çıxardıb ləhləyərək hərdən başını silkələyirdi. Qasım da bunu hətta itin də əsil sahibinin əliaçıq olmasını təsdiq edirmiş kimi qəbul edirdi... Həmişəki kimi bu gün də Qasım sürünü kəndə sürəndə əmisi eyvanda oturub arvadı ilə mürəbbəli çay içir, uzaqdan görünən qoyun sürüsünə baxaraq fərəhlənirdilər. Onlar Qasımın işinə can yandırmasından razı idilər. Amma işlədiyi müddət ərzində bir dəfə də olsun qoyun sürüsünü tövləyə yerləşdirəndən sonra nə əmisi, nə də əmisinin arvadı onu çaya belə dəvət etməmişdilər. Heç Qasımın da nədənsə bu vaxt ərzində eyvana qalxaraq əmisi ilə çay içmək arzusu olmamışdı. Arvadının yenicə süzdüyü çayı aramla içən əmisinin nə düşündüyündən hələ ki Qasımın xəbəri olmasa da, o, öz fikirini daima arvadı ilə bölüşürdü. Bu gün də istisna olmadı: -Deyirəm, ay arvad, nə yaxşı ki, Qasımı özümə çoban götürdüm. Qonşunun yad oğluna ayda hər qoyuna görə bir manat verməkdənsə, elə öz doğma qardaşım oğlu 50 qəpikdən otarar da. Elə xeyir də özümüzünkünə qalar. Nə deyirsən, arvad? -Bəs necə, adama qalan elə özününkü olacaq!- deyərək, arvadı da ərinin sözünü təsdiqlədi. Sürünü yerbəyer elədikdən sonra eyvanda oturan əmisinə əl yelləyərək xüdahafisləşən Qasım darvazadan çıxaraq yorğun addımlarla evlərinə sarı yönəldi. Hər gün oğlunun işdən qayıdacağını sevinc və səbirsizliklə gözləyən anası da yəqin evdə narahat idi. Artıq hava da yavaş-yavaş qaralırdı...


 10-07-2021.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar