Xəbər lenti
Şövkət Zərin Horovlunun ömür poeziyası

Tanınmış şair, yazıçı Şövkət Zərin Horovlu bu dəfə ömrünə şeirlə səyahət etməli oldu. O, “Yaşananlar yadda qalanlardır” deyimi ilə ağrını, sevinci, ovqatın anını oxucuları ilə bölüşür.
Xatirələri çözələyərək ömrünə salam verən Şövkət xanım keçmişi zaman-zaman vərəqləyir. Yaşananlara poetik don geyindirən şair olanları yaddaşdan yaddaşa köçürür. Gah atalı-analı günlərə, gah gənclik sevgisinə, gah payıza dönüb həsrəti, ayrılığı, ağrını təzədən yaşayır.
Görürsən kövrəlib ev də, otaq da,
Soyuq divarlarda nəm qoxusu var.
Göz yaşına dönür çəkilən ah da,
Hər düşən qətrədə qəm qoxusu var.
İnsan hara getsə özü ilə özünü apardığı kimi, Şövkət xanım da hara getsə özü ilə Arazı, Xudafərini, Horovlunun kəhrizini, Cəbrayılın çinarını – Vətəni aparır. Harda şeir yazsa, orda mütləq Araz var, Xudafərin var, kəhriz var, çinar var. Bu onun vətənə sevgisidir, bağlılığıdır. İstər Avropada olsun, istər Əfqanıstanda, istərsə də ..., Bakıda. Fərq etməz.
Yovşandan, Arazdan şeir yazmağı öyrənən Şövkət xanım başdan-başa vətəndir. Ruhuyla, canıyla birlikdə. Bu özü vətən olan şairin şeirlərində də, poemalarında da belədir.
“Vətən, səni sevmişəm”, - deyən Şövkət Zərin Horovlu vətən, yurd haqqında ən çox yazan şair, yazıçılarımızdandır.
Neçə dəfə Arazın qəm dolu sularından,
Ovuc-ovuc içmişəm,
Neçə dəfə xəyalda şəhid Xüdafərindən,
Karvan sürüb keçmişəm.
Əlim yetməyib sənə, sevgimi o tay-bu tay
Bölməmişəm mən yenə.
Xəyallarda Təbrizi, Borçalını gəzmişəm.
Keçmişəm Qarabağdan, Laçından, Kəlbəcərdən,
Zəncandan, Rəştdən, Ərdəbildən,
Türkün ayağı dəyən, hər tərəfdən, hər yerdən,
Torpağa şəhid-şəhid düşüb vətənləşmişəm.
İndi özümə dönüb, sən boyda böyümüşəm
– deyib, sonra da Tanrıya üz tutub
Əlinə yetişsin əlim,
Diz çöküb səcdə eləyim,
Vətənsiz mən necə ölüm,
Bir az da rüsxət ver, Tanrım!
– diləyən Ş.Horovlu nə yaxşı ki torpaqların işğaldan azad olmasını görüb sevinə bildi. Qarabağı, Horovlunu gördü.
Milli-mənəvi dəyərlərə, millətə, yurda, vətənə bağlılığı nəsr əsərlərində olduğu kimi onun poeziyasında da içdən gələn sevgi ilə özünü göstərir.
Torpaq eşq, sevgidir, atam,
Ondan keçə bilmir adam.
Şəhidliyə imza atan,
Çoxlar üçün darıxıram.
Şövkət Zərin Harovlunun ömrünə xitab etdiyi “Salam, ömür” kitabı yaşadıqlarının poetik ifadəsidir. Burda təbii olaraq ağrı da var, həyacan da, sevinc də, sükut da.
Ruh adamının ruhu bir yerdə qərar tutmur. Harda ağrı, sevinc varsa ora qanad çalır.
Pəncərəni açıq saxla
Mehtək əsim gəlim sənə,
Bir udumluq nəfəs kimi
Gizlicə dolum sinənə.
Bu çağacan həsrətini
Axı geyməkdən yoruldum,
Kipriyimlə pəncərəni
Hər gün döyməkdən yoruldum.
Könül rübabımın simi
Zilindən düşüb inləyir,
Bir günahın kəndirində
Bir sevgi edam gözləyir.
Şairin hissləri təmiz, etirafı səmimidir. Həyat hadisələri sözün qüdrəti ilə zənginləşərək təqdim olunur.
Şövkət xanım payızı da fərqlidir. Orda təbiətin halıyla yanaşı qarışıq duyğular da var...
Yenə payız gəlib səndən xəbərsiz,
Üzümə bozarır gendən xəbərsiz,
Həsrətim bir ümman, qəmim bir dəniz,
Sənsiz gələn payız nəyimə gərək.
Şövkət xanım şeirlərindəki kimidir. Bəzən çılğın, bəzən sakit, bəzən üsyankardır. O, ləpəsiylə, dalğasıyla, fırtınasıyla sevdiyi dənizə bənzəyir. Ömrüylə tez-tez söhbət edir:
Bir şeir çırpınır sinəmin altda
Bilmirəm, bəxtindən inciyib nədir?
Hərdən həlimləşir, hərdən sərtləşir,
Mənim bu şeirim də özüm kimidir.
Ş.Horovlunun poeziyası həyatın poeziyasıdır. Onun şeirlərində həyatın səsini eşidirsən. Mövzular rəngarəng, deyim və bənzətmələr fərqlidir, özünəməxsusdur. Təbiətdən gələn, ruhdan süzülən çalarlarla zəngindir. Şeirlərində olanları duymaq azdır, onu həm də yaşayırsan. O, hadisəyə, baxışa, duruşa poetik gözlə baxa bilir və onu kövrək şeirə çevirir. Bu hissin, duyğunun, yanğının kövrəkliyidir. İçdən yanmaqdır. Onun şeirlərində susan və haray çəkən ağrılar yaşananlarla bərabər, həm də cəmiyyətin ağrılarıdır, həyatın yaratdıqlarıdır.
Həyatın qəribə şəkli görünürdü
Qocanın ayaqqabılarının altındakı yırtıqdan.
***
Başını gecənin çiyninə qoyub,
Sahildə bir tənha qız ağlayırdı.
***
Bir qadın qəm çəkir tənha otaqda.
Gümanı aldadıb, ümidi itib,
Nə arzuya çatıb, nə kama yetib.
Sanırsan yaşamır, xəyaltək gəzir,
Təkliyi qəlbini xışlayır, əzir.
Şövkət xanımın xatirə yarpaqları başqa yarpaqlar kimi üzüquylu deyil, çinarın xəzəl yarpaqları kimi arxası üstə uzanıb adamla danışır, olanları bölüşür.
Şövkət xanım şeirləri sadə dildə yazıldığından anlaşılandı, yadda qalandır. O, şeirlərində səmimidir. Şeirlərdəki narahatlığı, çağırışı, çırpıntını, pıçıltını duya, görə bilirsən. Şeir sanki səninlə mehriban dost kimi danışır, bölüşür. Dərdin, həsrətin ağrıları elə həssaslıqla verilir ki, onu özününkü bilirsən.
Sözə həssas olan Şövkət xanım fikir və düşüncələrini istər poeziyada, istərsə də nəsrdə eyni məharətlə ifadə edə bilir. Oxucunu sözlə hadisəyə şahid edir, onu iştirakçıya çevirir.

Rəfail Tağızadə
30.11.2025
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























