Xəbər lenti
"Sevməyəndən əvvəl məcnun idim mən..."

Bəzən bir insanın sözləri milyon könlün sirdaşı, bir misrası min könlün aynası olar.
Sənubər Mehman elə bir könül şairidir, ruhun şairəsidir.
Onun yazdıqları könüllərə nur, ruha isə hüzur bəxş edir.
S. Mehman təkcə duyğuların şairəsi deyil, həm də böyük istedad sahibi, tanınmış özbək şairəsidir.
O, təkcə şeir- yazmır – o, düşüncəsi ilə danışır, könüllə toxunur... Onun poeziyasında Mövlana Cəlaləddin Rumi, Əhməd Yəsəvi, Fəridəddin Əttar kimi sufi mütəfəkkirlərinin izləri, ruhu, nəfəsi duyulur. Bu izləri təkrarlamır, bu izlərdə öz sözünü deyir – səmimi, ilahi və könüldən gələn bir dillə.
Xüsusilə vurğulamaq lazımdır ki, S.Mehman 19-20 yaşlarından etibarən artıq özbək ədəbiyyatının nəhəng simaları – ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi
Özbəkistan Qəhrəmanı, Ozod Şarofiddinov, filologiya elmləri doktoru Nəcməddin Komilov kimi ustadların diqqətini çəkmiş, onların dualarını almışdır.
20 yaşında yazdığı şeirlərə bu kimi ulu ədəbiyyat dayaqları sevgi və böyük etimadla ön sözlər, resenziyalar yazmışlar.
Bu isə şairənin fövqəladə istedadının və poeziyasındakı ilahi nəfəsin, halın bariz sübutudur.
S.M – öz xalqının ruhunu, millətinin mənəvi dərinliklərini və insanlığın əbədi suallarını könül aynasında əks etdirə bilən bir aşıqdır.
Onun səsi bir dövrün səsi deyil, bir çağırışın, bir işığın, bir eşqin səsidir.
O, Buxaranın qədim torpaqlarında, Çarzanə adlı bir kənddə doğulub, amma əsl doğuluşu –şeirə könül verdiyi gündür.
O gündən etibarən, o artıq “adi bir qələm sahibi” deyil, Tanrının sözlə vəsilə etdiyi könül quşudur.
Onun səsi artıq təkcə Buxaranın yox, Azərbaycandan tutmuş Keniya, Belçika, Hindistan, Almaniya, Amerikaya qədər könül coğrafiyalarında səslənir.
Şairənin şeirlərində təkcə kəlmə yox, hal var, nəfəs var, Allaha qayıdış var.
Hər kəs öz işinə batır dünyada,
Evi, gərdişinə batır dünyada.
Könlünü dünyaya satır dünyada,
Allahıma varıb, gəlsəm, olarmı?
Qəlbimi suvarıb, gəlsəm, olarmı?"
Bu sual – əslində bir şeirin yox, bir ömrün səcdəsidir.
Hər misra – bir zikr, hər misra – bir təvəkkül, bir müraciət, bir iç səsi.
Bu sətirlərdə Xəyyamın fəlsəfəsi, Ruminin ehtizazı, Nəsiminin yanğısı, Şəms Təbrizinin səssiz harayı ilə yoğrulmuş bir qəlb dərgahıdır.
Elə ona görədir ki, onun sözləri yalnız gözlə oxunmur, ürəklə duyulur, ruhla içilir.
Ən çox təsir bağışlayan misralarından biri:
“Mən kiməm:
Gülün yarpağına Haqdan düşən xətt,
Torpağa əmanət canam, bədənəm...”
Bu misralarda şairə öz varlığını maddi və mənəvi qatlarda sorğulayır.
Gül yarpağındakı Haq xətti – yaradılışın təcəllisidir.
O, bədənini torpağa əmanət edilmiş ruh kimi təqdim edir və bununla insanın müvəqqətiliyini, amma ilahi mənbəli mənliyini poetik dillə vurğulayır.
“Mövlanə Ruminin içdə naləsi,
Şəmsi Təbrizinin fəryadıyam mən.”
Bu bənzətmələr onun eşqi ilahi məna ilə dərk etdiyini göstərir.
O, yalnız duyğu halında qalmır – eşqi fəlsəfi və mistik bir yol olaraq izah edir. Mövlanə və Şəmsin fəlsəfəsinə istinad etməsi poetikasına sufilik işığı qatır.
“Eşq ilə bəlanı nikahlandırdım,
Aşıqsən – mübarək, Şəmsi Təbrizim!”
Bu misra isə şairənin eşqə fədakarlıqla boyun əyməsini, dərdi gözəlliklə qəbul etməsini bildirir.
Onun üçün eşq – fəlakətin özü deyil, fəlakətin gözəlləşdiyi, ruhun saflaşdığı yoldur.
“Məcnunlarım, məndən qaçın, dövrəmdə hey bihuş uçun,
Qəbrinizi tezcə açın – Leylinəfəs Sənubərəm.”
Bu sətirlərdə şairə qadın olaraq yalnız sevən deyil, həm də sevdirən, öz ətrinə bihuş edən, Leylinin nəfəsi kimi tənha, lakin sehrli bir varlıq kimi özünü təqdim edir.
Buradakı metaforalar – qəbir, uçuş, bihuşluq – onu həm mistik, həm də ehtiraslı bir poetik obraz kimi önə çıxarır.
“Köhnə dəftərləri açmamaq olmur,
Köhnə dəftərlərdə qalan dünya bu...”
Bu misralarda zamanın toz basmış səlnaməsi deyil, könüllərdə qalan təqvim var.
Bu dünyanı eşqlə dolan, hicranla yoğrulan, övliya ruhu ilə oxşayan bir dünya kimi təqdim edir.
Onun üçün dünya – badədir, amma şərab yox – sevgidən dolmuş bir badədir.
S. M yalnız bir qadın şair deyil – qəlbi Allahın nuruna yönəlmiş bir aşıqdır.
O, özünü dünyaya satmayan könüllərdən danışır, hər kəsin öz işinə batdığı bir çağda könlünü Tanrıya aparan yollar axtarır:
“Məni sevdiyi gün ağıldan azdı,
O bilici, səma – ağsaqqal səma.”
Sənubər xanım həm şeirin naxışkarı, həm könül dülgəri, həm də söz mücahididir.
“Mən meydan içində ürəyi tikdim –
Və tikdim ən təzə duyğularımı.”
– deyir.
Bu, sadəcə poeziya deyil, könül inqilabıdır.
O bu dünyanın səthində yaşamır – o dərinliklərdə nəfəs alır, orada yazır, orada ağlayır, orada dua edir.
Şeiri, təsəvvüf , Onun dili,zikr, Onun səsi, könül...
“Sənubər, halını aşiqlər bilər,
Eşq üçün dünyadan köçən dünya bu...”
Bu misra ilə öz ruhunu oxşayan hər bir aşığın kimliyini xatırladır.
Onunla bir cümlədə olmaq istəyirsən, çünki onun sözü sənə səssiz dua kimi toxunur, sən də onunla şeir oxumursan – könül ibadətinə durursan.
Və nəhayət, o öz varlığını belə tərif edir:
“Sevməyəndən əvvəl Məcnun idim mən,
Sevdiyimdən sonra oldum Sənubər.”
Bu misra onun həyat fəlsəfəsidir.
"Sənubər" – sevgidən doğan bir ad, eşqdən yoğrulan bir ömür, sözdə Tanrı axtar an bir könüldür.
Nəticə olaraq, S. Mehman poeziyasında həm Qərb romantizmi, həm Şərq sufizmi, həm də qadına xas zəriflik və ilahi sevgi var.
Onun misralarında hisslər yalnız duyulmur, həm də izah olunur.
Sözlər isə ruhun səması ilə yerin torpağı arasında qurulmuş bir körpüdür.
Ən dəyərli olan isə odur ki, bu poeziyada Allaha, eşqə, qadına və insanlığa olan saf bir dua var.
S. Mehman — duaya çevrilmiş bir şeirdir.
O, “Sözün Vətəni”ni qurub.
O vətəndə yalnız könüllər yaşayır, yalnız Tanrını sevənlər, yalnız sevib göz yaşını zikr sayanlar...
Və bu ruh sahibi – bizim zamanımızın aşiqlərinə Tanrıdan bir paydır.
Əziz və dəyərli oxucular!
Leylinəfəs bu şairənin şeirlərinə könül verin, onları sevgi ilə oxuyun, duyun və ən vacibi — səmimi bir qəlb ilə qiymətləndirin.
Bu şeirlər öz dəyərini könüllərdə tapacaq.
Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
"Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Sənubər Mehman Buxara vilayətinin Candan rayonunun Çarzanə kəndində anadan olub. 2004-cü ildə Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin beynəlxalq jurnalistika fakültəsini bitirib. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.
Şeirləri respublika mətbuatında və Qırğızıstan, Azərbaycan, Türkiyə, Hindistan, Belçika, Keniya, Almaniya və Amerika kimi ölkələrdə dərc olunmuşdur.
“Yaşıl ibadətlər”, “Xəyyamsayağı şadlıqlar”, “Eşq Gəlir”, “Sözün Vətəni” kitablarının müəllifi.
***
Köhnə dəftərləri açmamaq olmur,
Köhnə dəftərlərdə qalan dünya bu.
Təkcə badə kimi hicranla dolmur,
Sevgidən badəsi dolan dünya bu.
Mahnılar oxudum eşqin tarında,
Özünü övliya bilən bu dünya.
Məşrəbə çevrilib Bəlxin darında –
İmandan asılıb, ölən bu dünya.
Ey yar, əllərini əllərimə ver,
Ayrılıq - köksümü dələn dünya bu.
Gündüzü həsrətdə, gecə yaz şeir,
Dünyanı unudan, bölən dünya bu.
Həsrət, get, sinəmə sığmazsan ancaq,
Fəqət eşq neyini çalan dünya bu.
Əzizim, sevgilim, gözlərimə bax,
Sənə tələsməkdə dolan dünya bu!
Sənubər, halını aşiqlər bilər,
Eşq üçün dünyadan köçən dünya bu,
Hələ sübh kimi xoş mahnılar ilə
Vüsal şərbətini içən dünya bu!
GÖZLƏRINƏ ÇÖKÜB ÖLSƏM, OLARMI?
Hər kəs öz işinə batır dünyada,
Evi, gərdişinə batır dünyada.
Könlünü dünyaya satır dünyada,
Allahıma varıb, gəlsəm, olarmı?
Qəlbimi suvarıb, gəlsəm, olarmı?
Bir məqam istərəm, məqamdan artıq,
Bir aram istərəm, aramdan artıq.
Bircə an könlünü et pay, qonaqlıq,
Mən onu haylayıb gəlsəm, olarmı?
Allaha dayayıb gəlsəm, olarmı?
Səhərlər açılar göyün qapısı,
Qafillər yatmaqda qəflət yuxusu.
Dəyməyin, qoy yerdə qalsın hamısı,
Göylərə baş çəkib gəlsəm, olarmı?
Sonra yer şərhini bölsəm, olarmı?
Sənubər, ağaclar gecə ay əmər,
Gecə aləm evə məyus çəkilər.
Gecə qüssə qəlbi bəxtinə gömər,
Mən gülə çevrilib qalsam, olarmı?
Könülə çevrilib qalsam, olarmı?
Deyib, demədiyim etirazım var,
Çalıb, çalmadığım ürək sazım var.
Sənə etmədiyim sonsuz nazım var,
Sinəni aç, ora dolsam, olarmı?
Gözlərinə çöküb ölsəm, olarmı?
***
Qamış ağlar neyəm deyə,
Üzüm ağlar meyəm deyə.
Allahımdan bir saniyə
Üzülməz anım var mənim.
Gül sevilib həşəm oldu,
Bir damcı su körpəm oldu.
Sevdim, nəsibim qəm oldu,
Ölməyən canım var mənim!
Gedək, söyləyim zaram mən,
“Can”ımda olan “dar”am mən.
Yuxundan da kənaram mən,
Demək, imanım var mənim.
Dünyaya bax, necə gendir,
Gözünə ruhumu endir.
Gəl uçaq, qəfəsi sındır,
Qanadım, şanım var mənim.
Bu cür ömür - xırda əzab,
Xəyyamın min illik şərab.
Günəş ağlar, gətirməz tab,
Susmayan qanım var mənim!
Başı yaxşı vurdun daşa,
Nə çarə var, axan yaşa?
Sevməyimdi gələn xoşa,
Başqa nə şanım var mənim?
Sənə gəldim, - səni deyə,
Dünya vəsli, -günü deyə.
Görüb də sev, -məni deyə,
Eşqdə xoş anım var mənim.
Sevib, daha qəmgin oldu,
Çeşmi-giryanım var nəim.
Eşq qaynayan qanımdadır,
Ölməyən canım var mənim!
***
Başdan nəqqaşları çox sevən bədən,
Fitrətim zər olsa, qismətim zərgər.
Sevməyəndən əvvəl Məcnun idim mən,
Sevdiyimdən sonra oldum Sənubər.
Vallah, şövqündəyəm, şövqünəm bu an,
Ölü könülə də can bəxş edərəm can.
Məni sevdiyi gün ağıldan azdı,
O bilici , səma — ağsaqqal səma...
Mən onun ruhundən tökülən əhəng.
Səpildim köz rəngli yarpaqlarıma.
Sabaha özümdən əskik yaşasam –
Asın, verin məni torpaqlarıma!!!
Dayaq verməliyəm yeni ruhuma,
Kiminsə köhnəlmiş duyğularını.
Vaxt gəldi, səsləmək fürsəti yetdi -
Şeir adlı dəyər qayğılarını!!!
Mən meydan içində ürəyi tikdim –
Və tikdim ən təzə duyğularımı.
Ehtiraslar məğlub etməsin deyə,
Ağlayıb atdım mən gülüş varımı.
Gecələr səsləndi, qəlb kövrək, əsər,
Onun canındamı, sevgi, qədim iz?
Bir gün bu həyatdan getsəm mən əgər,
Məndən də qalarmı bircə yeni söz?
Fəna, nəqqaşları çox sevən bədən,
Fitrətim zər olsa, qismətim zərgər.
Sevməyəndən əvvəl Məcnun idim mən,
Sevdiyimdən sonra oldum Sənubər.
***
Hüzura gəlmədən, getməyim heç - “sağ”,
Təkliyə vermədən “sol” istiqamət.
Qəlbimə eşq saldın, bu qədər batmaq –
Tanrım, göylərində bu necə söhbət?!
Özümə gəlməmiş, gələr bir qayğı,
Yenə bir qəm onu edər bartərəf.
Öldürüb qoymazmı bu qədər sevgi -
Tanrım, pünhanında bu necə söhbət?!
Səndən başqasına gərək deyiləm,
Əllərim duada hər səhər, ya Rəbb!
Eyvah söyləyirəm, ürəkdən, eyvah –
Yerdə, asimanda bu necə söhbət?!
Fələkdən qar yağar, ürəkdən hüzün,
Sözü açıq desəm, titrəyər dodaq.
Bir hicran vermisən, uzundan uzan,
Bir bax, zindanında bu necə söhbət?!
Yar dedim, nalələr çıxdılar üzə,
Dost dedim, nadanlar durdular səf-səf.
Dost da öz dostuna belə edərmi –
Tanrım, məkanında bu necə söhbət?!
Qulsan! – möhür vurdun, itaət etdim,
Gül dedin, fəxr etdim, açılıb getdim.
Neynək, yad bağlarda yanılıb getdim-
İşlək bağbanında bu necə söhbət?!
Tozlandım, barından məhəbbət içəm,
Dəryaların var ki, daşarsan əlbət.
Sənubər quşunam, uçmağım gəlsə -
Tanrım, göylərində - bu necə söhbət?!
***
Mən kiməm:
Gülün yarpağına Haqdan düşən xətt,
Torpağa əmanət canam, bədənəm.
Min illik aşiqlər etməmiş diqqət,
Eşq deyə yaranmış ən surli fənnəm.
Mən kiməm:
Səmanın yerə əkdiyi,
Əhli-eşqə töhfə, günəşiyəm mən.
Züleyxanın Yusif dərdi çəkdiyi,
Sevgiyə çevrilən göz yaşıyam mən.
Mən kiməm:
Mövlanə Ruminin içdə naləsi
Şəmsi Təbrizinin fəryadıyam mən.
Anamın ən sadə, müdrik balası,
Yaradanın gözəl icadıyam mən.
Mən kiməm:
Qönçələr eşq deyə, buraxdığı iz,
Allah dediyində sədasıyam mən.
Min illik bir qəlbin önündə aciz,
İşıqlar, həsrətlər ədasıyam mən.
Mən kiməm:
Məcnunun göylərdə ahı,
Leylinin alınmaz qisasıyam mən.
Həzrəti Əyyubun ibadət çağı,
Allaha edilən duasıyam mən.
O dua üzündən dünyaya gələn –
Dünyanın səmimi duasıyam mən.
Bir anda min dəfə daşıb tökülən,
Bir könlün ən məsum dəryasıyam mən.
Ey fələk, əlindan dad çəkməyim yox,
Hər nə göstərmisən, şeydasıyam mən.
Qismətlə, əzəldən gül ilə bitən –
“Sənubər” adlanan inşasıyam mən.
***
Baxışlar, pıçıltı – qədim vaxt dindi,
Ey mənim bəlakeş, ağlayan gözüm.
Bizim bu sevdamız mübarək indi,
Aşiqsən – mübarək, Şəmsi Təbrizim!
Dünyanı alovlar içinə aldıq,
Nə ağlımız qaldı, nə ani sezim.
Aləmə çarəsiz qovgalar saldıq,
Məşuqsan – mübarək, Şəmsi Təbrizim!
Kimlərdən qlımayıb qədim dəlilik,
Bunca güvənirsən göylərə, gözüm.
Mübarək bu halın, adın üstəlik,
Aşıqsən – mübarək, Şəmsi Təbrizim!
Bizdən qalasıdır dünyaya ələm,
Allahım, bizimçün ver ona dözüm.
Diz çök qarşımızda, ey müqəddəs qəm,
Aşiqsən – mübarək, Şəmsi Təbrizim!
Qanıma susadı ah, bu ayrılıq,
Gəlirsən, indi gəl, ey qan əzizim.
O qədər gözəlsən, ey gözəl varlıq,
Məşuqsan – mübarək, Şəmsi Təbrizim!
Hal ilə sevdanı bir adlandırdım,
Dəlimdir başıma çıxan o kəsim.
Eşq ilə bəlanı nikahlandırdım,
Aşiqsən – mübarək, Şəmsi Təbrizim!
Xülasə
Mən hara gedim, ürək
İşarə etməyəndə?
Dağla torpaq, gillə su,
Köz bərə etməyəndə.
Xar olardımmı bunca,
Zar olardımmı bunca?
Mənə bircə yol baxıb
Qəlb parə etməyəndə.
Baxan deyildim əsla,
Yox, getdi dağlı bəla.
Bəlakeş yara İssık* –
Sitarə* etməyəndə.
Nə gələrdi gülümdən,
Eşq çəkilməz yolumdan.
Aramızı ölümdən
Kənarə etməyəndə.
Hesabın ver, qatil eşq,
Ey görən eşq, batil eşq.
Yarı yar et, kamil eşq,
Məsxərə etməyəndə.
Mən Sənubər, yar idim,
Od idim, yanar idim.
Gəl məni qurtar dedim,
Eşq çarə etməyəndə.
Vüsal ala dərdimi,
Eşq doldura qəlbimi.
Heç şair edərdimi,
Avarə etməyəndə!
LEYLİNƏFƏS SƏNUBƏRƏM
Yer ilə göy arasında, izindən pəst Sənubərəm,
Gözlərinin qarasında qaşına qəsd Sənubərəm.
Meydən dinən, meydən sönən ürək məndə,
İki dünyanın məstiyəm, bir meypərəst Sənubərəm.
Tozum eşqdir, tufanım eşq, abi-heyvanım sevgidir,
Asimanım, yerim eşqdir, ah, eşqpərəst Sənubərəm.
Gəlişi qəlb, gedişi qəlb, suyu, qumu, torpağı qəlb,
Getmə məndən, canım-konlüm, könülpərəst Sənubərəm,
Sizə gəldim, böyük Xəyyam, bu, nə afət, bu nə aram,
İki gözüm eşq dolu cam, nuş elə, iç, Sənubərəm.
Məcnunlarım, məndən qaçın, dövrəmdə hey bihuş uçun,
Qəbrinizi tezcə açın – Leylinəfəs Sənubərəm.
Sağam, azarlıq istərəm, dərdəm, xumarlıq istərəm,
Bir dəli varlıq istərəm, etməyin bəhs, Sənubərəm.
Tanrı, göstər yolum hanı, qəlbsizəm ki, qəlbim hanı?
Canım qədər sevdim səni, bir xara xas Sənubərəm.
Məhv elədim səni könlüm, könlümə qəsd Sənubərəm,
Axtarıb tap, məni könlüm, tamam əbəs Sənubərəm.
Etməyin bəhs, Sənubərəm, Leylinəfəs Sənubərəm!
Sənubər MEHMAN,
Azərbaycan dilinə uyğunlaşdıran:
Şahməmməd Dağlaroğlu
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar