Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Badam çiçəkləmişdi" - Nazilə GÜLTACdan yeni hekayə

Tarix: 25-04-2025 20:12     Baxış: 3347 A- / A+
                                  Nazilə Gültac
                                                    
                                                                  
                               (HEKAYƏ)
 
                                                                                  
       Zərrin  çiçəkləyən  badam  ağacının  önündə  donub  qalmışdı. Onu   Rəhman əkmişdi. Sevgisinə  dəyər vermədiyi Rəhman....
    ...Sinfə səssizlik çökmüşdü, şagirdlər inşa yazırdı.  İnşanı  hamıdan tez  yazıb bitirən Rəhman onunla eyni sırada oturan  Zərrinin  alnına tökülmüş, ona yaraşıq  verən qıvrım tellərinə, allanmış yanaqlarına sehrlənmiş kimi  oğrun- oğrun baxırdı.  Ona elə gəlirdi ki, bircə gün Zərrini görməsə, nəfəsi dayanar. Gülərkən yanaqlarının qəmzəsi, şirin təbəssümü,  gülümsəyən dodaqları, hirslənəndə sağ qaşını qaldırması, səsindəki məlahət,  dərs danışarkən  gözlərini məchulluğa dikməsi, bir sözlə, qızın hər cizgisi, hərəkəti Rəhman üçün doğma idi.  Zərrinin  varlığı  bütün nəcibliyi, zərifliyiylə onun ruhuna hopmuşdu elə bil. 
  Zəngə az qalmış inşasını bitirən Natiq  başını qaldıranda  Rəhmanın  Zərrinə heyran- heyran baxdığını gördü, qanı qaraldı.  Onun da qızdan xoşu gəlirdi. Zərrin  ilə eyni məhəllədə yaşayırdı. Həmişə dərsə birlikdə  gedib gəlirdilər. 
   Rəhmangilin evləri  uzaqda olsa da,  hər səhər məktəbə  tez gəlir, pəncərənin önündə oturub gözlərini yola dikir,  Zərrinin gəlişini gözləyirdi. Şairin “Mən də dərsdən qaçardım, sən dərsə gəlməyəndə” məşhur misrasını əzbər bilən Rəhman  Zərrin məktəbə  gəlməyəndə dərsdən qaçmasa da, həmin gün çox kədərlənir, bütün dərslər darıxdırıcı  gəlirdi ona.  Elə ki, onu görürdü,  sanki vücudunun  bütün hüceyrələri sevinir, ürəyi həyəcandan sinəsinə sığmır, hər şey gözəlləşirdi gözündə. 
     Rəhman, Natiq, Zərrin – hər üçü  dərs əlaçısıydı. Qısqanc və xudpəsənd olan Natiq Rəhmanla nə qədər yaxınlıq etsə də, onun daha çox  qabiliyyətli olmasına  daxilən paxıllıq edirdi. O, ən çox qızlarla dostluq edir, onların yanında üstün cəhətlərini nümayiş etdirməkdən zövq alırdı.  Rəhmanın Zərrinə olan xüsusi diqqətini  hiss edən  Natiq  son vaxtlar dərsdən sonra  hər dəfə bir bəhanə ilə Zərringilə gəlir, gah dərsin yerini soruşur, gah məsələnin həllində çətinlik çəkdiyini  deyirdi. Bir axşam  birilkdə  fizikadan məsələ həll edərkən, Natiq  əlini bilərəkdən Zərrinin əlinə toxundurdu,  həyəcanlanan Zərrin  tez əlini çəkərək,- bu günlük bu qədər, qalsın, gerisini sinifdə həll edərik,- deyib yerindən qalxdı.  
        Səhər sinifə girən kimi Zərrinin gözləri Rəhmanı axtardı. Zərrinin ona yaxınlaşdığını görən Rəhman  baxışlarını dolandırıb,  qarşı dağları  seyr etməyə başladı. O, əslən  Kəlbəcərdən idi, səkkizinci sinifdən  oxuyurdu bu məktəbdə.  Onun  daxilində  başı qarlı, dumanlı dağlara qarşısıalınmaz bir istək, həsrət  vardı. Hamı ilə deyib gülən Zərrin  Rəhmandan çəkinir, onun   işıqlı və mərd baxışlarına tab gətirə bilmir, qəlbi sürətlə vururdu.   Zərrinin Rəhmana qarşı dərin  rəğbət  bəslədiyini görən  Natiq son vaxtlar qızda  özünə qarşı  maraq  oyatmağa  çalışır, onu bir addım da gözündən  uzağa  buraxmırdı.  Onun bu hərəkətlərini Rəhman hiss edir,  məktəbdə dedi- qodu düşəcəyindən, Zərrinin  adının hallanacağından ehtiyat edərək, susurdu.   Hər zaman  sinif yoldaşlarına, dərslərini yaxşı mənimsəyə bilməyən digər şagirdlərə göstərdiyi  köməyə görə Rəhman   məktəbdə hamının rəğbətini qazanmışdı. Zərrin  yavaş addımlarla  ona yaxınlaşdı:
 - Rəhman, fizika  məsələsini həll etmisənmi? 
Rəhman onun üzünə gülümsədi:
 - Hə,  yazmışam. İstəsən başa salaram.
 Zərrin tez dilləndi:
-  Dünən  Natiqlə  məsələni axıracan həll edə bilmədik. 
    Bunu deyərkən  yanaqları allandı.  Bu Rəhmanın gözündən yayınmadı, içindən bir təlatüm keçdi . Natiq adının çəkildiyinii eşitcək, tez onlara yaxınlaşdı. Digər sinif yoldaşları  da Rəhmandan  məsələni yazı taxtasında  izah etməsini xahiş etdilər. Dərsin başlamasına beş dəqiqə qalırdı. Rəhman  yazı taxtasında məsələni izah edə- edə həll edib qurtarmışdı ki, zəng vuruldu.  O, yazı taxtasını  tez  silib yerinə keçdi.  Tərlan müəllim  həmişə dərsi  birinci əlaçılardan soruşurdu ki, zəif oxuyanlar ona qədər fürsət tapıb təkrarlaya bilsinlər. Bu dəfə Natiqi  çağırdı, O, dərsi danışıb evə verilən məsələni də həll etdiyini bildirdi. Müəllim dedi: 
- Hə, afərin,  izah edə- edə yaz.
 Natiq  məsələni axıracan yazdı. 
Müəllim, onu tərifləyib, üzünü sinifə tutdu, - daha  kimlər həll edib evdə?- deyə soruşdu. Elə bu an Natiqin gözləri Zərrinin  sərt  baxışlarıyla toqquşdu. Onun niyə acıqlı olmasını anladı, pərt oldu, özünü oğurluq edən adam kimi hiss etdi. Zərrinin ondan uzaqlaşacağından narahat olan Natiq tez  dilləndi:
       -Müəllim, Bu məsələni təkcə Rəhman axıra qədər həll edib, biz də ondan öyrəndik .
      Sözü deyə- deyə  Zərrinin üzünə baxdı, gördü ki,  qızın çöhrəsi işıqlandı, baxışları mülayimləşdi.  Rahat nəfəs aldı. Bir sıfır xeyirinə həll olmuşdu məsələ - Zərrinin  və digər sinif yoldaşlarının gözündə böyümüşdü Natiq. 
      Rəhmanın gözəl rəsm çəkmə qabiliyyəti də vardı.  Onun  çəkdiyi rəsmlərə  heyranlıqla baxan  Zərrin deyirdi ki, Rəhman, sənin gələcəyin parlaqdır, sən dahi rəssam olacaqsan.  Rəhman isə qızı sevgi dolu baxışlarla süzür, heç nə demirdi. Bunu görən Natiq  həmin an məzəli  lətifələr danışaraq, uşaqları başına yığırdı. İstər- istəməz Zərrin də onlara qoşulur, deyib- gülürdü.  Belə anlarda Rəhman  kədərlə  qızın arxasınca baxır, köks ötürürdü. 
     Məktəbi bitirmələrinə az  qalmışdı. Dərslərini oxuduqdan  sonra axşamlar özü də bilmədən ayaqları onu Zərringilin küçəsinə  gətirirdi.  Uzaqdan bir xeyli  onların pəncərəsinə baxır, Zərrinin  görünən kölgəsini gözlərinə yığırdı Rəhman.   Qızın yaşadığı evin daşı- divarı, hətta  onların qapısı önündəki  ağacın  qurumuş  budaqları  belə  əziz idi ona. Zərrin də  hər gecə bu gizli gələni otağının işığını söndürərək,  pərdənin arxasından  ürək döyüntüsü ilə seyr edir,  sonra   yatağına uzanır, güllü yorğanındakı güllər canlıymış kimi ətrini ciyərlərinə çəkirdi.  Rəhman isə ürəyində ona şirin yuxu arzulayıb, asta adımlarla evlərinə yollanırdı. Zərrin bu gələnin Natiq olduğunu zənn edirdi.  Çünki o gecədən sonra Natiqin onlara gəlişini qadağan etmişdi.  Natiqin bu qədər  sevməsini, romantik olmasını düşündükcə,  onda Natiqə qarşı qəribə duyğular yaranırdı.   Zərrinin heç ağlına da gəlməzdi ki, bu Rəhman olar, çünki onu ciddi və ancaq elmlə maraqlanan bir sinif yoldaşı  kimi tanıyırdı.  Rəhmanın  atası birinci Qarabağ savaşında yaralanmışdı. Uzun illər müalicə alsa da  faydası olmamış, böyrək çatmamazlığından dünyasını dəyişmişdi. Üç il olardı vəfat etdiyi. Rəhman evin tək oğluydu.   Atasının vaxtsız ölümü onu  çox sarsıtmış, ciddiləşdirmişdi.   Zərrin  Natiqə  gecələr   onların evinin həndəvərində gəzişməsindən xəbərdar olduğunu söyləmək istəmiş,  amma utanmışdı. Fikirləşmişdi ki,  qoy özü desin, onsuz da əvvəl- axır   deyəcəkdi, çünki son vaxtlar  Natiq ona  çox diqqət göstərirdi. 
    Rəhman bir gün qəti qərara gəlib  Zərrinə məktub yazdı. Gecələr onların evlərinin önündən keçməsindən tutmuş,  onunla bağlı xəyalında yaratdığı dünyasına qədər hər şeyi, ona qarşı olan hissin adının eşqmi, sevdamı olduğunu bilmədiyini, amma Zərrinin onunçün nə qədər əziz olduğunu yazdı  məktubda.  Çəkdiyi  rəsmini də məktubun arasına qoydu.   Yazın oğlan çağıydı, mart ayı yenicə  girmişdi,  havada  qış sazağı hiss olunurdu.   Həmin gün bərk yağış yağırdı.  Zərrinin sinifdən tez çıxdığını görən Rəhman  arxasınca  gedərək, onu  səslədi: 
                -Zəri ( hamı onu belə çağırırdı), sənə sözüm var. 
Zərrin məktəbin bağçasında dayandı. Rəhman heç kimin görmədiyinə arxayın olub, əlləri əsə- əsə məktubu qıza uzatdı. Zərrin bir məktuba, bir də Rəhmanın pörtmüş üzünə baxıb, hər şeyi anladı. Onun Rəhmana böyük hörməti vardı, xatirini dünyalarca istəyirdi.  Fikirləri haçalandı, həmin an Natiq gəlib dayandı gözünün önündə. Hər gecə Ay işığında  gizlincə gəlib  evlərinin həndəvərindən keçən, pəncərəsinə boylanaraq,  ona şirin yuxu arzulayan Natiq.  Hiss etdi ki, ürəyi Natiq üçün vurur, Natiqlə məktubun arasında qaldı. Məktub  sanki  od olub əlini yandırdı,  anidən  onu gölməçəyə atdı.  Hər hansı bir sözüylə Rəhmanın qəlbini qıracağından ehtiyat edən  Zərrin bu hərəkətiylə fikrini ona bildirmək istədi.   
 
        Qızdan bunu gözləməyən  Rəhman pərt oldu, əyilib palçığa bulaşmiş məktubu  götürərək , sürətlə ondan  uzaqlaşdı. Zərrin  kədərli- kədərli  onun arxasınca baxdı.   Rəhman  ağlamaq istəyirdi,  qəlbi yaralanmış, ilk sevgisi  ayaqlar altına atılmış, qüruru sınmışdı. Bir neçə gün gözə dəyməyən  Rəhman əlində badam ştili iməcliyə qatılmışdı, bət- bənizi solmuş, sınıxmışdı. Badam ağacını gətirib həmin gölməçə olan yerə  basdırdı, məktubu da qazıb onun dibinə gömdü. Bunu  görən  Zərrin Rəhmanın qəlbini  qırdığını anladı.  Nədənsə, badam ağacının basdırıldığı yerdən bir xeyli gözlərini  çəkə bilmədi.  
     Rəhman  son zəng şənliyinə qatılmadı, hamı onda olan dəyişikliyə məəttəl qalmışdı.  Axı, Rəhmanın yaxşı saz çalmağı da vardı. Bunun səbəbini  iki adam bilirdi: - Zərrin və Rəhman. 
    İmtahanı verib qurtardılar.   Rəhman Tibb Universitetinə, Natiqlə Zərrin isə Bakı Dövlət Universitetinə  daxil oldular. Demək olar ki, Rəhman  onlarla heç görüşmədi. Bir dəfə Zərrini görmək üçün universitetin yaxınlığından keçdi. Tələbələrin dərsdən çıxan vaxtıydı. Gözləri qızlar arasında Zərrini aradı. Onu uzaqdan görən Natiq tez qolunu Zərrinin qoluna keçirdi. Rəhman da onları görməməzliyə vurub, oradan qanıqara uzaqlaşdı. 
     İllər sürətlə bir- birini  qovurdu, artıq dördüncü kursda oxuyurdular. Zərrinlə Natiqin  nişanlandığını eşidən  Rəhman bir müddət  özünə gələ bilmədi, sanki bir boşluğa düşdü.  Amma  nə qədər çalışsa da,  Zərrinə  olan  eşqini qəlbindən çıxarıb ata  bilmədi.       
                                                            ***
    İkinci Qarabağ müharibəsi  başlamışdı. Xain düşmən yenidən baş qaldıraraq, daha çox ərazi tutmaq iddiası ilə hücuma keçmişdi. Rəhman  müharibəyə getmək üçün ərizə yazdı, rayona yola düşdü. Anasına baş çəkdi. Ayaqları onu məktəbə sarı apardı.  Badam ağacı böyümüşdü,  sanki onu tanıyırmış kimi budaqlarını yellətdi. Rəhman kövrəldi, Zərrini xatırladı, qəlbinin başı göynədi. Bir xeyli ağacla dərdləşdi:
  • Mən cəbhəyə gedirəm, bəlkə, bir də görüşmədik. Sən mənim sevgi ağacımsan. Əgər bir gün Zərrin buralara gəlsə, onu çox sevdiyimi söylə. De ki, ona olan sevgim əbədidir. Havamdır, suyumdur, torpağımdır, günəşimdir ona olan sevgim. Mütləq de, sağlıqla qal! Hər zaman könlümdə çiçəkləyəcən.  
    Rəhman bunları deyib, dərindən köks ötürdü, ağır addımlarla məktəbdən uzaqlaşdı.  Onun ərizəsini qəbul etmişdilər, döyüş bölgəsinə yollandı. Rəhman  müharibənin  odlu- alovlu yerlərində  həm döyüşdü, həm də neçə- neçə yaralı əsgərlərə yardım etdi. Ağır döyüşlərin birində  qəhrəmanlıq göstərərək, şəhid oldu.  Bu xəbər onu tanıyanları, ən çox da Zərrini üzdü.  Rəhmanın  siması bir müddət gözü önündən çəkilmədi,  çox istedadlı  gəncin, ləyaqətli bir sinif yoldaşının yarımçıq arzuları üçün göz yaşı axıtdı. Fikirləşdi ki, Rəhman sağ olsaydı, necə savadlı bir həkim olardı, neçə- neçə insanlara şəfa verə bilərdi. Heyf səndən və sənin kimi şəhid olan gənclərimizdən, Rəhman , - deyərək, acı- acı ağladı. Onun şəhid olma xəbəri gələn günü  Rəhmanın orta məktəb şəkillərini vatsap  statusunda paylaşdı. Bunu görən Natiq hirsləndi. Zərrin ilk dəfə heyrətlə Natiqin üzünə baxıb,  heç bir söz demədi.  
       Artıq Zərrin Natiqlə evlənmiş,  ana olmuşdu. Universiteti bitirəndən sonra Natiq elmi  fəaliyyətini davam etdirmək üçün universitetdə qaldı.  Zərrin isə orta məktəbə müəllim işləməyə başladı.  Bir qızları dünyaya gəldi, Zərrin analıq məzuniyyətinə çıxıb, evdə uşağa baxmalı oldu. Günlər geçdikcə,  Natiq  başqalaşırdı Zərrinin gözündə.  Onun  xarakterindəki yekəxanalıq, xudbinlik   Zərrini ondan soyudurdu.  Natiq ona qarşı çox laqeyd və kobud olmuşdu, gecələr evə gec gəlir, bəzən də  başqa yerdə gecələyir- dostlarımla gəzməyə gedirəm, -  deyib, onu başından edirdi.  Zərrinin hər sözünə məna verir, onunla  sərt danışırdı.  Onun bu  rəftarını görən Zərrin bir gün dilləndi:
  •  Niyə belə dəyişmisən?  Hər gecə   evimizin  həndəvərindən keçən sən deyildinmi, hanı, bəs, o romantik sevgin? 
   Natiq gülərək dilləndi:
-Hər gecə küçənizdən keçən  Rəhman idi, səni dəlicəsinə sevirdi. Mən də onun acığına səninlə evləndim. 
        Bunu eşidən Zərrin Natiqə nifrətlə baxdı, əllərini üzünə tutub,  hönkürtüylə  ağladı. Nə qədər yanıldığını, aldandığını anlayıb, sarsıldı. Natiqdən ayrılmaq, yeni bir həyata başlamaq üçün düşündü. Lakin Zərrinin qızına yazığı gəldi, onu  bağrına basıb, qədərinə boyun əydi.                  Bir  gecə Natiqin telefonuna  mesaj gəldi, o, yatmışdı. Hansısa bir qadın ona xoş sözlər yazaraq,  şirin yuxu arzulayıdı.  Demək, o, Zərrinə xəyanət edirdi. Onun bu hərəkəti  Zərrinin səbri üçü son damla oldu.  Onun hər  rəftarını  bağışlayan Zərrin xəyanəti bağışlaya bilmədi.  Natiq səhər durub işə gedəndən sonra ona yazdığı  məktubu  yemək otağındakı  masanın üstünə qoyub, qızını da götürərək,  rayona  atasıgilə getdi.  
       Oxuduğu məktəbə  qədəm qoyan  Zərrini ilk  qarşılayan Rəhmanın girişdə  asılmış rəsmi və  bağçada çiçəkləyən badam ağacı oldu. Onun mərdlik yağan  gözlərindəki məhəbbətin dərinliyini, əbədiliyini, saflığını görən Zərrin  çox kövrəldi. 
       Bəli, badam ağacı çiçəkləmişdi, o çiçəklər bəlkə də Rəhmanın  məktubundakı  sevgi sözləri idi.  Gözləri dolub -daşan Zərrin yaxınlaşıb dodaqlarını  ehmalca badam çiçəklərinə toxundurdu.
 
 
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar