Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Hər günüm savabdı, hər günüm günah, mən də bu dünyanın günahkarıyam" - ŞEİRLƏR

Tarix: 21-01-2025 10:48     Baxış: 326 A- / A+

Əjdər Hüseyn oğlu İlyasov (Əjdər Əslisaf) 31 dekabr 1962-ci ildə Kəlbəcər rayonunun Milli kəndində, ziyalı ailəsində dünyaya gəlib. 1970-ci ildə doğulduğu kənddə orta məktəbə gedib. Sonralar təhsilini Kəlbəcər şəhər 1 saylı və Sınıqkilsə kənd orta məktəbində davam etdirib.

Qeyd edək ki, Əjdər Əslisaf 1980-ci ildə Sınıqkilsə kənd orta məktəbini fərqlənmə attestatıyla bitirib. 1981-83-cü illərdə keçmiş sovet ittifaqı hərbi qüvvələrində hərbi xidmətdə olub. 1984-cü ildə Moskva Ali Ticarət İnstituna daxil olub və 1989-cu ildə adı çəkilən ali məktəbi bitirib. Uzun müddət Rusiya Federaditasında yaşayıb. Müxtəlif məsul vəzifələrdə işləyib. 1995-2012-ci illərdə Rusiya Federasiyasının Saratov vilayətində Azərbaycan diasporunun vitse prezidenti vəzifəsində çalışıb.
Poeziyaya hələ orta məktəb illərindən meyilli olub. Bir neçə mətbu orqanlarda məqalələri, şeirləri dərc edilib.
Hal-hazırda Bakı şəhərində yaşayır.


Manevr.az Əjdər Əslisafın şeirini oxuculara təqdim edir: 


Vətən deyəndə

Əbədi yeri var mənim qəlbimdə,
Ayrılmaz heç zaman, biri-birindən,
Anamtək əzizdır, sevdiyim Vətən,
Anamtək doğmadır çöl də, çəmən də,
Anamı anıram Vətən deyəndə.

Anadı Vətənim - Vətəndi Anam,
Dolanam başına, oduna yanam.
Bu sevgi güc verib, veribdi inam,
Bir vurur Anamla Vətən sinəmdə,
Anamı anıram vətən deyəndə.

Əjdərəm borclarım sonsuz, önündə,
Olduğum müddəti ana bətnində,
Vətənim artırdı, qat-qat köksündə,
Səpildi sevgiylə, saçıma dən də,
Anamı anıram vətən deyəndə
                   Bakı.2014.


 Milliyə qonaq gedirəm

Yatanda yuxuma Kəlbəcər girir,
Hər gecə Milliyə qonaq gedirəm.
Zülmətdə görürəm doğma yerləri,
Əlimdə bir yanar çıraq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Meşələr səsləyir, doğma səsiylə,
Bulaqlar çağlayır zümzüməsiylə,
Daşlar nağıl deyir əfsanəsiylə,
Yaxın yollarımı uzaq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Ağgüney, Çalqaya, Qiblə bulağı,
Çağırır hey məni dərəsi-dağı,
Tüstüsüz gorürəm doğma ocağı,
Bəzən ayaqyalın, çılpaq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Yuxuma mələklər, pərilər gəlir,
Ölülər canlanır, dirilər gəlir.
Görürəm.., dağlara sürülər gəlir,
Gələn sürülərə qabaq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Yuxuda öpürəm ocaq daşların,
Bir ana ağlayır, yolur saçların,
Hər yanda ot basıb məzar daşların,
Əlimdə kərənti, oraq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Köçlər köçürürəm  dağa, arana,
Düşürəm çovğuna, qara, borana,
Nə qədər zülm olar, tanrım insana?
Gedirəm.., çatmıram.., nahaq gedirəm,
Hər gecə Milliyə qonaq gedirəm.

Yuxuda düşsəmdə dumana, çənə,
Yuxular təsəlli verirlər mənə.
Yuxular Əjdəri çəkir Vətənə,
Edib babalardan soraq, gedirəm.
Hər gecə Milliyə qonaq gedirəm.
          Bakı.Oktyabr 2013.


Göyçədi 

Necə həsrət bir ömürdə cəmləşib,
Dərdlərimin ən acısı Göyçədi.
Olsada Kəlbəcər doğma vətənim,
Arzuların ən ucası Göyçədi.

Əzəldən vurğunu olan könlümün,
Qərib diyarlarda viran könlümün,
Həsrətdə, hicranda qalan könlümün,
Asimanda əks sədası Göyçədi.

Görsəydim olmazdı daha bir dərdim,
Ələsgər yurdunu bir də gəzərdim.
Çağırsaydı, dizin-dizin gedərdim,
İlhamımın ruh qidası Göyçədi.

Əjdərəm, arzumdu yurduma dönüm,
Əgər ki, qürbətdə olsa son günüm,
Dilimin son sözü Kəlbəcər, mənim
Nəfəsimin son nidası Göyçədi.
                         10.05.2015.


    Gətir mənə

Qəribəm, a dostum dərdimə dərman,
Kəlbəcərin qarın, buz gətir mənə.
Sizi  sözlərimə  heyran  etməyə,
Sücaət, Bəhməndən söz gətir mənə.

Tapmıram balını, yağı da yoxdu,
Pendiri, ayranı, ağı da yoxdu,
Süfrəmin ləzzəti, dadı da yoxdu,
Тəhnədən yuxa ver, duz gətir mənə.

Qürbətdə nərgizin çətiri qərib,
Burda güllərin də ətiri qərib,
Demirəm hər gülün gətirin, dərib
Şehli bənövşəsin üz gətir mənə.

Günlərim qaranlıq işıqsız keçir,
Тoylarım zurnasız, aşıqsız keçir,
Könlümdən sədəfli, telli saz keçir,
Аl Dədə Şəmşirdən saz gətir mənə.

Arzular sarılıb yurda,  qalıbdı, 
Bölənib həsrətə, dərdə, qalıbdı,
Uşaqlıq illərim orda qalıbdı,
Bir təhər başını yoz gətir mənə.

Ümid yox qayıdam, gələn baharda,
Əjdər qəfil ölsə , qərib diyarda,
Gözümə tökməyə vətən torpağın,
Çoban bıçağıyla qaz, gətir mənə.
            RF Saratov. 
                2001.



Bu dərdə dəymə

Yaralı könlümün ağır dərdidir,
Soyuq mart gecəsi doğuldu bu dərd.
Oğuz türklərinin fağır dərdidir,
İgidlər qanında yoğruldu bu dərd.
Unutmaz Türk oğlu məhşərdə.., dəymə.
Toxunma, qəlbimdə bu dərdə dəymə.

Tarixim bu dərdə yazılıb, qalıb, 
Bir dərdim illərlə, minbir dərd olub.
Qoy çəkim, bəximlə əkiz doğulub,
Nahaq qurdalama, hədər də dəymə.
Toxunma, qəlbimdə bu dərdə dəymə.

Söndür günəşimi, yox et ayımı,
İncitmə soyuma  sevgi  payımı.
Uçurma mürgülü dərd  sarayımı,
Gecələr oyatma, səhər də dəymə,
Toxunma, qəlbimdə bu dərdə dəymə.

Bu dərd Zəngəzurdan keçən dəhlizdi ,
Dərbənd qalasıdı, bu dərd Təbrizdi.
Bu dərd bir ümmandı, bu dərd dənizdi,
Boğulum, qoy qəmdə, kədərdə.., dəymə, 
Toxunma, qəlbimdə bu dərdə dəymə.

Bu dərdi laylamda avaz bölübdü.
Şimalda, bu dərdi ayaz  bölübdü. 
Bu dərdi lal axan Araz bölübdü..
Axir Yeniseydə, Tərtərdə.., dəymə.
Toxunma, qəlbimdə bu dərdə dəymə.

Bu dərd düşüncəmin viran dərdidir.
Bu dərd ürəyimin vuran dərdidir.
Bu dərd Türkün dərdi, Turan dərdidir.
Bu dərd məhv olacaq zəfərdə..,  dəymə!
Toxunma, qəlbimdə bu dərdə dəymə!
          Bakı, 08.01.2021. 



Bu dünyanın günahkarıyam

Atam da insandı, anam da insan,
İnsandan doğulmuş, insan varıyam.
Hər günüm savabdı, hər günüm günah,
Mən də bu dünyanın günahkarıyam.

Yaxşılıq, pisliyin hesabı yoxdu,
Mərhəmətim də var, nəfsim də toxdu.
Hamıtək, mənim də günahım çoxdu,
Mən də bu dünyanın günahkarıyam.

Taleyim yazılıb, məğrur durmuşam,
Ürəklər sındırıb, könül qırmışam.
Günahla ömrümə möhür vurmuşam,
Mən də bu dünyanın günahkarıyam.

Əjdərəm, üzümə ölüm güləcək,
Bilmirəm rəhmətmi, lənət qalacaq.
Günahlı, günahsız köçüm olacaq.
Bəşər övladıyam, insan barıyam,
Mən də bu dünyanın günahkarıyam.
            08.06.2018.



Gedək ruhum

Şükür sənə Yaradanım,
hədiyyəndir sağlam canım.
Belə yazdın yazanda Sən,
təmiz qəlbim, cicək ruhum.
Bəxş etmisən, polad cismim,
incə, zərif, kövrək ruhum.
Gözlərimə nur vermisən,
gözəlliyə baxa bildim.
Ətəyindən çiçək dərib, 
zirvələrə qalxa bildim.
Qürur verdin yaşamağa.
Ürəyimə mərhəməti, 
verdin, duyub əfv etməyə.
İşıq verdin, zəka verdin,
gördüyümü dərk etməyə.
Yollar açdın, taqət verdin,
ömür adlı yol getməyə.
Hər an açıq qapı qoydun,
zamanında tərk etməyə.

Nə vermisən yaşayacam,
bəxt yükümü daşıyacam.
Çatan zaman ömrün sonu,
səsləyəcəm, o vaxt Onu.
Deyəcəyəm..,
-Gözəl ruhum! 
-Gedək.., yola düzəl ruhum.
Aşaq ayrılıq qabağı,
qarşıdakı bu son dağı.
Vidalaşaq orda sənlə,
dinclik tapsın ruh bədənsiz,
o zirvədə ayrılaq biz.
Nə mən artıq ucalmayım,
nə Sən ordan düş aşağı.
-Gedək.., 
bu dünyadan məğrur gedək,
Sən yuxarı.., mən aşağı!
                24.02.2018


Yarı qar, yarı çiçək

Qarı dəlib boylanan bənövşələrə

Yolum dağlara düşdü,
Dağların  barı   çiçək.
Dağlar bizim dağlardı,
Əridir  qarı  çiçək,
Yarı  qar,  yarı çiçək.

Məəttələm bu işə.
Qarla gəlib görüşə,
Boynubükük bənövşə,
Son qarın yarı çiçək,
Yarı  qar,  yarı çiçək.

Bülbüllər gəlib dilə.
Qarla verib əl-ələ,
Bitib qar üstdə lalə,
Çəməndə sarı çiçək,
Yarı  qar,  yarı çiçək.

Olmuşam çölə aşiq,
Sonalar  gölə  aşiq.
Kəpənək gülə aşiq,
Oxşayır,  arı  çiçək,
Yarı  qar,  yarı çiçək.

Çıxmışam səyahətə,
Heyranam təbiətə.
Vəhdətə bax, vəhdətə,
Sevibdi qarı çiçək,
Yarı  qar,  yarı çiçək.
    13.04.2016.


Sizə çağırır

Ay məni sevən pəri,
Bu ilk bahar səhəri,
Məhlənizin gülləri ,
Məni sizə çağırır.

Ay dodağı piyalə,
Daşdan axan şəlalə,
Yanağı xallı lalə,
Məni sizə çağırır.

Qızıl  gülün budağı, 
Nərgizlərin yarpağı,
Bənövşənin baxmağı,
Məni sizə çağırır.

Bu gülzari-gülşəndə,
Səni gördüm hər güldə.
Eşqə yanan bülbül də,
Məni sizə çağırır.

Necə gəlməyim ki, mən?
Ətir saçan yasəmən,
Açan hər gül, göy çəmən,
Məni sizə  çağırır.

Əjdəri qonaq elə,
Qarşıla gülə-gülə.
Zalım olma bir belə,
Məhləniz gəlib dilə, 
Məni sizə çağırır. 
     Bakı. 16.05.2016.



    Qayıtdım

Bu gün Şamaxıda, Pirquluda oldum, Kəlbəcəri axtardım, tapmaddım

Dağların qoynuna getdim dincələm,
Ürəyim dağlarda qaldı, qayıtdım.
Qoşdaşın havasın duymadım orda,
Diləyim dağlarda qaldı, qayıtdım.

Çiçəklərə naxış oldum bir daha,
Duman oldum, yağış oldum bir daha.
Yurd həsrətli baxış oldum, bir daha,
Getməyim dağlarda qaldı, qayıtdım.

Ürəyim dağlandı, dağı görəndə,
Min həsrət oyandı, bir gülə məndə.
Axtardım tapmadım yaşıl çəməndə,
Çiçəyim dağlarda qaldı, qayıtdım.

Əjdərəm, sinəmə qoymağa qar da,
Tapmadım, o ögey, o yad dağlarda.
Kəlbəcər küləyi yox idi orda, 
İstəyim dağlarda qaldı, qayıtdım.
              Pirqulu, 30.06.2019.


Könüllərdə bitən insan

Milli qəhrəmanımız, general P.Həşimovun əziz xatirəsinə

Hər insana qismət olmur,
bu zirvəyə yetə insan.
Anasıtək, Vətəni də,
sevə bilər bütöv insan.
Öz qəlbinin odu ilə,
Polad oldu adı ilə.
Anasının südü ilə,
kökü üstə bitən insan.
Polad kimi doğuldu O,
Polad kimi yaşadı O.
Vətən, qeyrət sözləriylə,
həmahəngdi, qoşadı O.
Polad olmaq hələ azdı,
poladdan da artıq oldu.
ömrü ilə tarix yazdı. 
Polad kimi yadda qaldı,
bu dünyadan ötən insan.
Ürəklərdə yuva salan, 
könüllərdə bitən insan. 
               08.12.2020.


Söz Allahımdı

Deyirlər ilk-öncə söz yaranıbdı,
Bilinmir dünyada sözün tarixi.
Əyri yaranıbdı, düz yaranıbdı.
Başlayıb əyrinin, düzün tarixi.

Deyirlər, haqq ilə gəlib dünyaya,
Bilən yox, nə zaman yalan olubdu.
Yalan kəlamlarla qurulan dünya,
O vaxtdan dağılıb talan olubdu.

Söz doğulan gündən, söz olan gündən,
Qulaqlar söz alır, söz satır insan.
Yalan doğulandan, düz olan gündən,
Yalanlar uydurub, düz satır insan. 

Boş sözlər sataraq, hədyan deməyin,
Sözə qiymət verin, yalan deməyin.
Gözlərin sevinci, yaşı sözləri,
Düzməyin yan-yana naşı sözləri.

Hər sözə ruhumdan bir az vermişəm,
Söz mənim ruhumdu, söz Allahımdı.
Söz mənim ömrümdə sirrli dünyadı,
Dilimdən çıxanı, öz Allahımdı.

Sevgimi baxışdan, gözdən alıram,
Ruhumun qidasın sözdən alıram.
Mən sözə vermişəm ötən ömrümü,
Sözə verəcəyəm bitən ömrümü.
         04.01.2020.


Dünyanın çətin adamı

Sevgidən doğulub, dünyaya gəldim,
Ülvi məhəbbətin adamıyam mən.
Tanrı  verdiyinə şükr eləmişəm,
Talenin, qismətin adamıyam mən.

Olmadım şöhrətin qulu dünyada,
Azmadım getdiyim yolu dünyada.
Qorudum şərəfi ulu dünyada,
Abırın, ismətin adamıyam mən.

İçimi yandırır alovum közüm,
Özümdə-özümü boğuram özüm.
Vətən qarşısında ağ oldu üzüm,
Qürurun, qeyrətin adamıyam mən.

Bir gözüm bulaqdı, bir gözüm ocaq,
Gah müdrik qocayam, gah dəcəl uşaq.
Bir kəlməm şəkərdi, bir sözüm bıçaq,
Dünyanın ən cətin adamıyam mən.
                        31.12.2019. 

Dərzi olum

İstəmirəm istedadı,
Yaradanım, heç yaraşmır,
bu gün mənə şair adı.
Ulu Tanrım, dərzi eylə,
ver əlimə iynə sapı.
Düşüm, gəzim şəhərləri,
kəndləri mən, qapı-qapı.
Kişilərə papaq tikim.
Dizi sökük şalvarlara,
o ismətsiz tumanlara,
ətək tikim, balaq tikim.
Dərzi eylə, bədənlərə,
ruhsuz gəlib-gedənlərə,
ruhdan kəsib calaq vurum,
tikiş tikim, yamaq vurum.

Saçlarımın qarı bəsdir,
gözlərimin nurun artır,
Bir ömürün varı bəsdir,
əllərimin barın artır.
Könüllərə hakim eylə,
əkim ora mərhəməti.
Ürəklərə həkim eylə,
səpim ora məhəbbəti.
Şəfa verən cərrah eylə,
yaltaqların dilin kəsim.
Ya da məni cəllad eylə,
rüşvətxorun əlin kəsim.
Muəddin et, bəşərə mən,
car eyləyim haqqın səsin.

Qadağa qoy ədama Sən,
İşıq göndər zəkama Sən,
Könüllərə olum dərzi,
ucmuşları inşa edim.
İnsanlığa köynək biçim,
söküləni bərpa edim.
Ruhsuzlara ruh göndərim,
təmiz vicdan əta edim.
Yaxasına düymə olum,
qoy sap olum, iynə olum.
          17.09.2018.


Ölüm tablosu

Yağış yağır, hava sərin, küçə boş, 
Qaynayan həyatın - ilin tablosu, 
Ağaclar soyunur, yarpaqlar uçur, 
Gözümün önündə ölüm tablosu, 

Təbiət göstərir öz əl işlərin, 
Baxırsan, hər yanda rəsm əsəridir.
Kiminsə ömrünə bahar gətirən, 
Kiminsə önrünün son səhəridir. 

Ölümdə ilahı gözəlliyə bax, 
Gör neçə naxış var yarpağın üstə, 
Hardasa, yeni bir hıyat başlayır, 
Ömür dayananda torpağın üstə. 
                    29.10.2024.


Nə biləydim ki...

Mən səni sevəndə, nə biləydim ki,
Ömrümün bir sirli dünyası varmış.
Qara çaçlarıma dən olan eşqım, 
Bəxtimin bir şirin röyası varmış. 

Mən səni sevəndə, nə biləydim ki,
Növbəti əyləncə saydığım bu eşq. 
Ömür yollarıma işıq saçacaq, 
İllərlə sonraya qoyduğum bu eşq. 

Mən səni sevəndə nə biləydim ki, 
Ən şirin nəğməsi xoş günlərimin, 
Ocağı, istisi sən olacaqsan, 
Bu payız ömrümün, qış günlərimin, 

Mən səni sevəndə nə biləydim ki, 
Dünyaya yenidən doğulacağam. 
Bircə baxışında batıb gedəcəm, 
Sənin gözlərində boğulacağam. 

Mən səni sevəndə nə biləydim ki,
Bəxtimi nə vaxtsa, mən də tapacam. 
Gənclikdə küləklər aparan eşqi-
Özümü axtarıb, səndə tapacam.
                    09.11. 2024


Divarlar danışmasa yaxşıdı 

20--cı əsrin sonunda erməni vəhşiliklərinin şahidi olan Şuşa türməsinin divarlarına

Nə yaxşı ki, divarların dili yox, 
Lal divarlar danışmasa yaxşıdı. 
Əyrisi yox, kələyi yox, feli yox. 
Lal divarlar danışmasa yaxşıdı.

Bu uçmuş divarlar, oyuq divarlar, 
Vicdanlar yatanda oyaq divarlar. 
Nəfəssiz, kimsəsiz, soyuq divarlar, 
Lal divarlar danışmasa yaxşıdı. 

Əsirlərin, məhbusların həyanı, 
Sirdaşıdır cinayətkar dünyanın. 
Dinlədikcə qanı donur insanın, 
Lal divarlar danışmasa yaxşıdı. 

Divarların arxasında intizar, 
Sevinc, fərəh, həsrət dolu sirrlər var. , 
Heç bilməsin, bu sirrləri insanlar, 
Lal divarlar danışmasa yaxşıdı. 

Bu dünyanın kələyinin şahidi, 
Kəfəninin bələyinin şahidi. 
Neçə insan taleyinin şahidi,
Lal divarlar danışmasa yaxşıdı.
                          16.12.2024.


Xatirə olan ömür

Bəxtimiz üz-üzə qoyanda bizi, 
Mənim gözlərimdən sevgi yağırdı. 
Bir eşq yaşadırdı, hər ikimizi, 
Sənin gözlərindən günəş baxırdı. 

Bir sevda yarandı, odlu baxışdan, 
Eşqimiz dillərdə söz oldu getdi. 
Nəzərəmi gəldi, qardan, yağışdan, 
Bəxtimiz tərsinə yazıldı, getdi. 

Ayrıldıq bir zaman, vidalaşmadan, 
Sən alı məktəbə, mən əsgər.., getdik, 
Ayrıldıq küsmədən, biz dalaşmadan, 
Yığdıq baxışlara qəm, kədər.., getdik.

Mən qürbət yaşadım, sən özgə eldə, 
Hər gün xatirələr anımı oldun. 
Eşitdim bir zaman, yad bir könüldə, 
Sən özgə bir evin xanımı oldun. 

Bu gün görüşümüz alın yazısı, 
Alqışlar, bizdəki dözümə, taba.  
Sən mənim bəxtimin ağrı-acısı, 
Mən saçı-saqqalı ağarmış baba. 
 
Həsrətdən nəmlənib baxışlarımız, 
Qəlbimdə astaca yel əsir sanki. 
Bir yerdə cəmlənib baxışlarımız, 
Ürəyim harasa tələsir sanki.

İlahi.., zamanın hökmünə bir bax, 
Gənclik illərindən tək baxış qalıb, 
Mənim gözlərimdə qəm qalaq-qalaq, 
Sənin gözlərində kədər yurd salıb.
                     07.01.2025.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar