Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Nazilə Gültacın "SON LAYLA"sı - hekayə

Tarix: 06-09-2022 10:44     Baxış: 2503 A- / A+
Nazilə Gültac



Narkomanlıq insan ömrünün bəlasıdır.
Xoşbəxtliyin, həyatın ölümüdür




     İş saatı çoxdan qurtarmışdı. Gülayə isə hələ evə getməyə tələsmirdi. Son günlər oğlunun evdəki dözülməz hərəkətləri  onu çox üzürdü. Xalatını  soyunub, şkafdan asdı. Ağır addımlarla xəstəxanadan çıxarkən,  dəhlizdə gecə növbəsində çalışan  Adil  həkimlə qarşılaşdı. Həkim onunla salamlaşanda Gülayənin rənginin avazımasından halının yaxşı olmadığını yəqin etdi. Axır vaxtlar onun fikirli, qayğılı hərlənməsi iş yoldaşlarının diqqətindən yayınmırdı. Gülayədən nə baş verdiyini soruşsalar da, o, - heç nə olmayıb, - deyərək, həqiqəti gizlədir, sonra bir xəlvətə çəkilib için-için ağlayırdı. Axı, onlara nə deyəydi?
  Oğlu Famil əsgəri xidmətdən qayıtdıqdan sonra bir müddət işsiz qalsa da, axır ki, dülgər yanında işə başlamışdı. O, işdən gələn kimi yeməyini yeyib, dərhal da bir bəhanə ilə evdən çıxırdı. Son günlər  oğlu çox qaradinməz olmuşdu. Anası ilə bəzən heç kəlmə belə kəsmirdi. Yazıq Gülayə onun bu hərəkətini yorğunluqla əlaqələndirirdi. Hətta ürəyində dülgərin qarasınca deyinirdi də, - “Zalım oğlu, yəqin balamı çox işlədir, uşağın heç heyi  olmur danışmağa.”
     Famil evə gecəyarı sərxoş halda gəlir, anası duyuq düşməsin deyə sakitcə yatağına  uzanır,  birtəhər  yuxuya getməyə çalışırdı.
Bir gün  Gülayə  işdən qayıdanda evlərinin qapısının ağzında qonşusu  Xalidə ilə qarşılaşdı. Xalidə nəsə  sözlü adama oxşayırdı.  Ayaq saxlayıb onunla hal-əhval tutdu.
-Xalıdə, nolub? – deyə sual dolu nəzərlərini qonşusunun üzünə dikdi.
Xalidənin əri Qədir yaxınlıqdakı yeməkxanada çalışırdı. Axşam  arvadına  qonşusu  Gülayənin oğlu haqqında  qəribə şeylər danışmışdı. Familin  aşağı məhəllədə yaşayan, iki dəfə həbsxanada yatan, hamının narkoman Güləli deyə çağırdığı kişi ilə yaxınlıq etməsi onun narahatlığına səbəb olmuşdu. Dediyinə görə, onlar birlikdə hər axşam yeməkxanaya gəlir, orada içib  sərxoş olur, bəzən ətrafdakılarla dava-dalaş salır, çox vaxt birlikdə gözdən   itirdilər. Bütün bunları seyr edən Qədirin Gülayəyə  yazığı gəlirdi. Qonşular əri öləndən sonra Gülayənin    Famili  necə  əziyyətlə boya-başa çatdırmasını yaxşı bilirdilər. Xəstəxanada tibb bacısı işləyən ana oğluna atasızlığını hiss etdirməmək üçün əlindən gələni etmiş, gecə-gündüz çalışmışdı.
Xalidə ərinin  söylədiklərini  bircə-bircə, yana-yana ona çatdırdı. Eşitdiklərindən dəhşətə gələn Gülayənin ürəyi az qalırdı ki, sinəsindən çıxsın. Qonşu qadın xahiş  etdi ki, bu məlumatların kim tərəfindən deyildiyini Famil bilməsin. Qorxurdu ki, Güləli Qədirin iş yerində qalmaqal salar, qanqaraçılıq yaradar.
     Gülayə sarsılmış vəziyyətdə sağollaşıb həyətə keçdi. Əlləri  əsdiyindən qapını çətinliklə aça bildi. Zorla özünü otağa saldı. Hərəkətsiz  halda divana  çökdü. Xeyli düşündü, dağı arana, aranı dağa daşıdı. Neyləsə də, fikirlərini cəmləşdirə bilmirdi. Özünü  bir təhər  ələ alıb ayağa qalxdı. Əynini dəyişdi, mətbəxə keçdi, çay qaynatdı. Familin son bir neçə ayda müəmmalı davranışı, kobudluğunu  bir-bir xatırladı. Gözləri doldu. Üzgün halda pəncərədən görünən uca çinar ağacına baxdı. Sanki çinar da onun kədərinə şərik olurmuş kimi, gümüşü yarpaqlarını astaca tərpətdi. Özünü çox bədbəxt, kimsəsiz sanan Gülayə hönkürüb  yanıqlı-yanıqlı ağlamağa başaldı.
   Famil doğulanda necə də sevinmiş, özünü dünyanın bəxtəvəri sanmışdı. Oğlu körpəlikdə  çox məsum, şıltaq  idi. Gülayə bütün günü onu nazlandırır, şirin laylalar deməkdən usanmırdı. Oğluna necə də güvənirdi. Əri Fərhad avtomobil qəzasında həlak olanda, heç belə sınmamış, oğlu ilə təsəlli tapmışdı. Yadındadı Famil balaca ikən Gülayəyə bir şer də yazmışdı. Yadına salmağa çalışdı. "Şeir" gərək ki,  belə idi:

Anacan, sən mənə hər şey alırsan,
Sənə heç kim heç nə almır.
Böyüyəndə mən də səni sevindirəcəm, anacan...


Qadınlar bayramında  ona hədiyyə etmişdi bu şeiri. Famil  böyüdükcə  o da qol-qanad açıb pərvazlanırdı. Oğlu heç vaxt  heç kimlə savaşmazdı. Onun mərhəmətli, kövrək balası bu cür olmamalıydı! Familin işləyərək, ona yardım edəcəyini, pul yığıb ailə quracağını, çəkdiyi əzab-əziyyətləri anasına unutduracağını sanmışdı. Nə qədər yanılmışdı! Ha istəsə də sakitləşə bilmirdi ki, bilmirdi. Sanki  qəlbindəki bulağın  tutulmuş gözü açılmışdı. Axır ki, bir təhər özünü ələ aldı, düşündü ki, şər vaxtı ağlamaq  bədlik gətirər. Bəlkə də, bu deyilənlər bir şaiyədir. Durub əl-üzünü yudu,  axşama yemək hazırlamağa başladı. Yenə də ümidini itirməmişdi.  Oğlu evə gələndə hər şeyi açıq danışıb, aydınlaşdırmağı qərarlaşdırdı..
     Nəhayət ki, Famil işdən gəldi. Həmişəki kimi qaşqabaqlı və  hirsli görünürdü. Anası ilə ağızucu salamlaşdı.  Gülayə  heç nə hiss etdirmdən  ona yemək çəkdi, çay gətirdi... Adəti üzrə Famil  qalxıb getmək istəyəndə,  Gülayə onun hara getdiyini soruşdu.- Uşaqlarla söhbət etməyə .
- Ananla niyə söhbət etmirsən? De, görüm, işlərin necə gedir, usta yanında bir şey öyrənə bilirsənmi?
- Pis deyil, niyə soruşursan?
- Necə yəni, niyə? Bir ana kimi buna haqqım çatır. Şükür Allaha, daha  böyümüsən. Mən evi  tək dolandıra bilmirəm. İşlə, əl-ələ verək evimizi təmir elətdirək. Evin təmiri rəhmətlik atandan qalandır. Əyin-başımızı təzələyək, güzaranımızı yaxşılıaşdıraq. El adəti ilə evimizə gəlin gətirək...
- Darixma, ay ana, düzələr, - deyə Famil onun sözünü axıra qədər dinləməyib, tələsik otaqdan çıxdı.
Gülayə pərt halda  onun dalınca baxa-baxa  qaldı.  Bir müddət nə edəcəyini bilmədi. “Yox, bu  işi belə qoymaq olmaz"– deyə fikirləşdi. Oğlu  uçuruma yuvarlanırdı. Onu bu yoldan qaytarmaq lazım idi. Nə qədər ki, gec deyil, oğluna kömək etməliydi. 
     Axşamdan yatmağa adət etsə də,  bu gecə yatmamağı qərara alıb, Familin  yolunu gözlədi. Gündüzdən  yarımçıq qalan söhbəti davam etdirəcək, onun kimlərlə dostluq etdiyindən xəbəri olduğunu oğluna bildirəcəkdi.
Qapı səssizcə açıldı. Famil  idi. Gülayə  yataq otağının azca aralı qalan qapısından  oğlunu izləməyə başladı. Familin  yerişindən sərxoş olduğu bilinirdi. 
Otağına yenicə keçmişdi ki, Gülayə  astaca onun yanına gəldi. Famil anasını görüb dik atıldı.
- Sən sərxoşsan?  Deməli, deyilənlər doğrudur. Mən səni bunun üçünmü böyütmüşəm? Gör, nə günə düşmüsən, kimlərə qoşulmusan?
- Eh, ayy anaaa, rahat burax məni, - deyə o, əlini yellədi.
Gülayə bərk əsəbiləşdi. Oğlunun bu cür hərəkəti ona yaman yer elədi. Yaxınlaşıb Familə bir şillə çəkdi.
Heç gözləmədiyi halda Famil də qəfildən sağ əli ilə  onu möhkəm itələdi. Gülayə  bu zərbədən  dalı-dalı gedib stola dəydi. Stolun üstündəki güldan diyirlənərək,  yerə düşdü və çilikləndi. Gülayənin  heyrətdən gözləri böyüdü. Yerindən qalxan Famil bütün bu olanlara ani bir nəzər salıb, otaqdan güllə kimi çıxdı. Familin ağzından gələn kəsif qoxu ananın ürəyini bulandırdı. 
    Gecə ilan vuran yatdı, Gülayə  yatmadı. Famil  səhərə yaxın qayıtdı. O gündən ana-bala arasında  pərdə  götürüldü. 
  Famil getdikcə həyasızlaşırdı. İşdən də qovulmuşdu. Anasından hər gün pul tələb edir, verməyəndə zorla alırdı. Gülayə xəcalətindən qonum-qonşunun üzünə baxa bilmir, dərdini heç kəslə bölüşmürdü.
      Bir gün o işdən qayıdanda evin qapısını açıq gördü. Ürəyinə  qara şübhələr doldu. Tələsik içəri yüyürdü. Dolabdakı paltarlar yerə tökülmüşdü. “Qızıllarım" - deyə  dolabı alt-üst etdi. Zinət əşyalarını parçaya büküb dolabın orta rəfində, paltarların arasında gizlətmişdi.  Zinətlərini göz bəbəyi kimi qoruyurdu ki, gəlininə versin. Ən çətin anlarında belə onları satmağa əli gəlməmişdi. Çaşıb qalmışdı. Dəli kimi gah o otağa, gah bu otağa keçir, bir qərara gələ bilmirdi. İstədi ki, polisə xəbər versin. Tərəddüd elədi. Qonşusu Xalidə yadına düşdü, onunla məsləhətləşmək istədi. Cəld qapını örtüb, qonşuya tələsdi.
Xalidə evdə idi. O, qapının ağzında  rəngi ağappaq ağarmış , bədəni tir-tir əsən Gülayəni görüncə anladı ki, nəsə baş verib.
- Ay bacı, içəri  gəl. Nə olub? Niyə belə həyəcanlısan?
Gülayə  dil-dodağı əsə-əsə gördüklərini Xalidəyə danışdı. Xalidə bu işdə Familin əli olduğunu  bildirdi; 
- Dünən ərim onun  Güləli ilə söhbətini eşidib. Qızıl-qızıl deyirmiş. Yəqin sənin qızıllarını nəzərdə tuturmuş. Çox güman narkotik  maddə almaq üçün bu oğurluğu edib.  Güləli onun axırına çıxacaq. Narkoman adamdan heç kimə fayda olmayıb. Yadındadırmı, Güləli o vaxt arvadını  öz narkoman yoldaşına o zəhrimara qalmışa görə satmışdı. Həbsxana da onu ağıllandıra bilmədi. Bacı, bəlkə,  Famili zorla xəstəxanaya yerləşdirəsən? Bax,  ərim də bir neçə dəfə ona öyüd-nəsihət verib, danlayıb, amma əvəzində Famil ona daha salam vermir. Onu həbs etsələr, vəziyyəti   bundan da betər olacaq.
Gülayə  əlləri yerdən-göydən üzülmüş halda evə döndü. Gecə yenə onlardan  səs-küy, hıçqırıq səsləri gəlirdi. Artıq Famil anasına əl  qaldırmaqdan belə çəkinmir,  evdə iynələnirdi. Gülayə gecə-gündüz nalə çəkirdi, fikir, dərd onu çox qocaltmışdı. Familin səhhəti də gertdikcə pisləşməyə  başlamışdı. Arıqlayıb bir dəri,  bir sümük qalmışdı. Rəngi sapsarı saralmış, iştahdan kəsilmişdi. Bu azıymış kimi, son günlər ayağının biri də axsamağa başlamışdı. Gülayə bildi ki, oğlu iynəni bud venasına vuranda damarını zədələyib. 
O, bir neçə  büllur qabı  gənclik xatirəsi kimi əzizləyirdi. Bir gün bu qablar da yoxa çıxdı. Həyat getdikcə Gülayə üçün öz mənasını yavaş- yavaş itirirdi. Yaşamaq dözülməz olmuşdu ona. Saatlarla əlləri qoynunda pəncərə önündə heykəl kimi dayanır, batmaqda olan günəşi qəmli-qəmli seyr edirdi. Cavabsız sullar onu məngənə kimi sıxırdı.
     Gecəyarı zarıltı səsinə oyandı. Səs oğlunun otağından gəlirdi. Dözməyib ayağa qalxdı. Xalatını əyninə keçirib, Famil yatan  otağın  qapısını açdı. İlahi, bu nə idi! Ana gördüyü mənzərədən dəhşətə gəlmişdi. Oğlu bir əlində şpris yerə uzanmışdı. Sağ budundan qan axırdı. Al-qırmızı qan onun ətrafında göllənmişdi. Arteriyasını zədələmişdi. 
Gülayə  heyrətindən üzünü cırdı. Famil  başını qaldırıb xəcalətli, yalvarış dolu baxışlarla anasına baxdı. Sifətində qan qalmamışdı, kağız kimi avazımışdı. Gözləri  yumulur,  can verirdi. 
-Anaaaa, anaaaaaa, mənə kömək elə!, - deyə zarıdı, göz qapaqları  titrədi.
Gülayə əyilib oğlunun başını sinəsinə sıxdı: 
-Gec dedin, oğlum, çox gec..! Niyə belə etdin? – pıçıldadı. Səsi özünə yad gəldi. Familin  bədəni bumbuz idi, zorla nəfəs alırdı.  Son dəfə ağzını açıb nəsə demək istədi, bacarmadı. Dodaqları səyridi, qolları yanına düşdü. 
Gülayə  oğlunun getdikcə soyuyan bədənini  qucaqlayaraq, həzin- həzin “Lay- lay”  deməyə başladı...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar