Xəbər lenti
Mirzə Ələkbər Sabir və "Molla Nəsrəddin" jurnalı
Cəlil Məmmədquluzadənin nəsrdə etdiyi yeniliyi satirik poeziyada Sabir edə bildi. Sabir yaradıcılığının əsas həlledici mərhələsi “Molla Nəsrəddin”in fəaliyyətinin ilk onilliyinə düşür. Bu illərdə Sabir ədəbiyyatda yeniliyin, müasirliyin tərəfdarı olmaqla yanaşı, həm də zamanın nəbzini tutan, xalq təfəkkürünü, onun həyat və məişətini əks etdirən satiraları ilə geniş oxucu auditoriyasının rəğbətini qazandı.
XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan ictimai-mədəni fikrinin əsasını təşkil edən maarifçi düşüncəyə yeni keyfiyyət-siyasi məzmun, milli azadlıq və mübarizlik ruhu da əlavə olunmağa başladı. M.Ə.Sabir də bu prosesin içində yeni məzmunlu və istiqlal ruhlu poeziya yolunda inamla addımlayaraq, bir- birinin ardınca nəşr edilən “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Tazə həyat”, “Bəhlul”, “Dəbistan”, “Rəhbər”, “Füyuzat”, “Səda”, “Həqiqət”, “Günəş”, “Yeni Füyuzat” və s. mətbuat orqanları ilə fəal əməkdaşlıq edir, şeir, felyeton və məqalələrini çap etdirir. Lakin Mirzə Ələkbər Sabiri bir şair kimi satirik poeziyanın zirvəsində qərarlaşdıran məhz “Molla Nəsrəddin” jurnalı oldu.
Mirzə Ələkbər Sabir “Həyat” qəzetində çap etdirdiyi (10 fevral 1906) “Bir məclisdə on iki kişinin söhbəti” adlı proqram xarakterli satirasında cəmiyyətdə müxtəlif təbəqələri təmsil edən 12 tipi öz danışıq aktı vasitəsilə tənqid hədəfinə çevirir:
Vəkil: Həqsizə həqli deyib, bir çox günaha batmışam.
Həkim: Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam.
Tacir: Mən həlal ilə həramı bir-birinə qatmışam.
Rövzəxan: Ümmətin pulun alıb, mən gözlərin islatmışam.
Molla : Gündə bir fitva verib, məxluqu çox aldatmışam.
“Molla Nəsrəddin” jurnalı nəşrə başlayandan (7 aprel 1906) sonra Sabir üçün daha əlverişli və münbit şərait yaranır; o jurnalda və digər mətbuat orqanlarında (“İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Bəhlul”, “Dəbistan”, “Rəhbər”, “Füyuzat”, “Səda”, “Həqiqət”, “Günəş”, “Yeni Füyuzat” və s.) bir-birinin ardınca çap etdirdiyi “Nə işim var?!”, “Oxutmuram, əl çəkin!”, “Nəfsin qərəzi, əqlin mərəzi”, “Bakı fəhlələrinə”, “Fəhlə özünü...”, “Əkinçi”, “Dilənçi”, “Səbr eylə!”, “Nə yazım?!”, “Sərhesab”, “Mənimki belə düşdü”, “Qoyma, gəldi!”, “Ürəfa marşı”, “Qocalar marşı”, “Xəsisin heyfi, varisin keyfi”, “Tömeyi-nəhar”, “Satıram!”, “Səttarxana!”, “İstiqbalımız lağlağıdır”, “İstiqbal bizimdir!”, “Fəxriyyə”, “Bura say!”, “İran özümündür”, “Osmanlılar, aldanmayın...”, “Ağladıqca kişi qeyrətsiz olur”, “Yuxu” və s. satiralarında həmin satirik tiplər qalereyasının çoxçeşidli və real mənzərəsini oxucuların, geniş ictimaiyyətin gözü qarşısında canlandırdı. Təsvir və boyalarının tünd və kəskin təsiri ilə milləti silkələyib qəflət yuxusundan oyatdı. Sabir satirasının inqilabi, dəyişdirici gücü bütün cəmiyyəti, əsrlərdən bəri pas atmış beyinləri, buxovlanıb yatırılmış ruhları hərəkətə gətirdi. Satiralarında “Hophop”, “Güləyən”, “Ağlar güləyən”, “Boynuburuq”, “Boynuyoğun”, “Qabaqda gedən zəncirli”, “Çaydaçapan”, “Obaşdançı”, “Məczub”, “Hörümçək”, “İran qurdu”, “Nizədar”, “Yetim qızcıq” və s. bütövlükdə 40-a yaxın satirik gizli imzadan istifadə etdi. Onun yaradıcılıq üslubunu davam etdirən Əli Nəzmi, Əli Razi, Salman Mümtaz, Bayraməli Abbaszadə, Mirzəli Möcüz kimi şairlər yetişdi. “Molla Nəsrəddin” ədəbi məktəbinin içərisində Sabir poeziya məktəbi yarandı. Böyük realist ədibimiz, “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadə “ Xatiratım”da Mirzə Ələkbər Sabirin jurnalla əməkdaşlığa başlamasından bəhs edərək yazır: “ Molla Nəsrəddin” məcmuəsi 1906-cı il aprel ayının 7-də nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin varlığını eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq”.
“Şairəm, əsrimin ayinəsiyəm” deyən sənətkar mövcud quruluşun və cəmiy¬yətin yaratmış olduğu bütün əyintilərə, qanun pozun¬tularına qarşı çıxmış və sonadək öz əqidəsinə sadiq qalmışdır:
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım.
Niyə bəs böylə bərəldirsən, a qare gözünü.
Yoxsa bu ayinədə əyri görürsən özünü?
Şairin ədəbi irsi bütövlükdə xalqın azadlıq uğrunda mübarizəsini, arzu və istəklərini, məişətini əks etdirən canlı və parlaq nü¬mu¬nədir. O, “Bir utan”, “Qurban bayramı”, “Bizə nə”, “Ey pul”, “Mətləbi andırmaq olurmu?”, “Dilənçi”, “Paradır”, “Hər nə ve¬rirsən, ver” və başqa satiralarında cəmiyyətin ziddiyyətli məqamlarını ustalıqla qələmə al¬mışdır. M.Ə.Sabir vətən torpağının şirəsini, məzlum camaatın qanını soran mülkədarları, pul düşkünü kapitalistləri, yetim malı ilə dolanan, xalqı qaranlıqda saxlamağa çalışan fırıldaqçı mollaları, soyuqqanlı ziyalıları öl¬dürücü satirik gülüşə, sarkazma hədəf seçmişdir.
“Molla Nəsrəddin”də təkcə Azərbaycanda deyil, həm də Zaqafqaziyada, Rusiyada, İranda, Türkiyədə, Hindistanda, Ərəbistanda və başqa ölkələrdə baş vermiş ictimai-siyasi hadisələri əks etdirən yazılar dərc olunurdu. Jurnal əzilən, haqqı tapdanan xalqların halına acıyır və onları müdafiəyə qalxırdı. Xüsusilə də, çar mütləqiyyətinin başında dayanan Nikolayı, insanları qan gölündə boğduran Məmmədəli şahı, Zilli-Sultanı, Əbdülhəmidi və başqalarını ifşa edən tənqidi yazılara geniş yer verirdi. M.Ə.Sabirin “İran özümündür”, “Satıram”, “Füzuliyə bənzətmə”, “Doğrudan da, Məmdəli...”, “Avropada Məmdəlinin eşqbazlığı” adlı satiralarında İran şahı ifşa obyekti kimi secilir, onun xalqın, məmləkətin bəlasına çevrildiyi göstərilir:
Şah bilər: ölkədə hər nə götürər, hər nə qoyar,
Gah cibin, gah dərisin hər kimin istərsə soyar,
Baş kəsər, ev dağıdar, can çıxarar, göz də oyar.
Min də çıxsa göyə əfqanları iranlıların,
Bəcəhənnəm ki, yanır canları iranlıların.
M.Ə.Sabirin Təbrizdə genişlənən milli azadlıq hərəkatının başçısı Səttarxana həsr etdiyi şeiri o dövrdə Cənubi Azərbaycanda geniş yayılmış və xalqın dilinin əzbəri ol¬muşdur. Vətənpərvər şairimiz Abbas Səhhət yazırdı: “Sabirin “Səttarxana” şeiri Təbriz inqilabına bir ordudan ziyadə xidmət etmişdir.” Sabir yaradıcılığının məşhur İran şairləri Ə.Dehxuda, S.Ə.Gilani, Ə. Lahuti, Q.Kamal, N.Yuşiç və başqalarının ədəbi fəaliyyətinə güclü təsiri olmuşdur. S.Ə.Gilani Sabirin “Bir məclisdə on iki kişinin söhbəti” şeirinə “On dörd nəfər kişinin bir məclisdə söhbəti” , “Sual- cavab” şeirinə isə “Şallaq” adlı nəzirəsini yazmşdır. İranda çıxan “Besuye- Ayəndə” qəzeti yazırdı: “İranda məşrutə hərəkatının ilk aylarında “Molla Nəsrəddin” məcmuəsi İranın gözüaçıq adamlarının arasında özünə mövqe qazandı. Bu məcmuə özünün cəzbedici və təlimverici karikaturaları ilə tezliklə kütlələrə hüfuz etməyi bacardı. Azərbaycanın qiymətli şairi Mirzə Ələkbər Sabir Şirvaninin şeirləri hər şeydən artıq diqqəti cəlb edirdi“.
Şair İran həyatından bəhs edən “İstiqbal bizimdir”, “İran niyə viran oldu”, “Neçin verməyir”, “Satıram”, “Yetim Məmdəli”, “Etməzmidim”, “Mir Haşım”, “Belə düşdü” və başqa satiralarında vətən və millət xainlərinin xarakterini açır, mənfi tipini yaradır, el gücünə, xalqın azadlıq ideyalarına dərin sevgi və inam duyğularını tərənnüm edirdi. M. Ə. Sabir yaradıcılığının yüksək məziyyətlərindən bəhs edən Ə. Lahuti yazır: “Sabirin əsərləri o qədər sadə, rəvan, xəlqi, aqilanə və qorxmaz ruhdadır ki, azadlıq sevən hər bir insanın ürəyinə yol tapır. Bu səpkidə müstəqil əsərlər yazmaqda mənə Sabir yol göstərmişdir. Bu sahədə mən onun ustalığına minnətdaram. İranın digər satirikləri də mənim kimi. Orta Asiyanı dolaşdığım illərdə gördüm ki, o yerlərin satirik əsərləri qətiyyən Sabir təsirindən xaricdə deyildir”.
Mirzə Ələkbər Sabirin zəngin və çoxşaxəli yaradıcılığı Şərq xalqlarının, o cümlədən Orta Asiya xalqlarının da taleyində mühüm rol oynamışdır.Özbək şairi Qeyrəti yazır: “ Azərbaycan ədəbiyyatı tarixində yeni bir ədəbi məktəb yaradan Sabir yaradıcılığı bizə, qonşu respublika xalqlarının ədəbi yaradıcılığına da qüvvətli təsir göstərmişdir. “Müştüm” ətrafında toplaşan şairlərdən Q. Qulam, S. Abdulla, Xurşid, Həzlkeş, Fələngi və başqa sənətkarlar Sabirin “Nam alırız biz” və başqa bir çox şeirlərinə, bəhri-təvillərinə oxşatmalar yazmışlar. Bununla belə, Sabirin alovlu satirası, atəşin şeirləri özbək ədəbiyyatının tərəqqisi və inkişafına böyük xidmət etmişdir”. Özbək ədəbiyyatşünası Vahid Abdullayev “Sabir və Əczi” məqaləsində Sabir satiralarının Əczi yaradıcılığına təsirindən bəhs etmişdir.
Məşhur özbək şairi Qafur Qulam Sabir yaradıcılığından təsirləndiyini etiraf edərək yazır:” Mən yeni- yeni şeir yazmağa başladığım zamanlarda əlimə Sabirin “Hophopnamə”si düşdü. Onu bir neçə dəfə oxudum. Bu əsər mənə böyük təsir bağışladı. Bundan sonra mən də Sabir kimi gizli imzalarla satirik şeirlər yazmağa başladım”.
Sabir satiralarında fərdiləşdirmə ilə yanaşı, güclü ümumiləşdirmə xüsusiyyəti də vardır. Şairin “Dindirir əsr bizi, dinməyiriz” , “Amalımız, əfka-rımız ifnayi-vətəndir”, “Övladımız, əzkarımız əfsaneyi-zənndir”, “Ta gəlirik biz də bir az anlayaq”, “Sanma əzdikcə fələk bizləri viranlıq olur”, “Yaşamaq istər isək, sırf əvam olmalıyız”, “Kim nə deyər bizdə olan qeyrətə”, “İntelligentik, gəzirik naz ilə...” misraları ilə başlayan satiraları orijinal sənət nümunələridir. Bu satiralarda forma, təsvir və ifadə vasitələri, satirik manera ayrı olsa da, məqsəd, məzmun və sənətkar idealı birdir.
“Molla Nəsrəddin” jurnalında folklorumuzla yanaşı, Azərbaycan klassik ədəbiyyatına istinadlar da özünü göstərir. Bu baxımdan, Sabir yaradıcılığında klassik Şərq poeziyası ilə XX əsrin realist-satirik üslubu üzvi vəhdət təşkil edir. Böyük sənətkar ədəbiyyata gətirdiyi yeni şeir formaları - taziyanə, qırmanc, bəhri-təvil, tapmaca və s. ilə öz novatorluğunu bir daha təsdiq etdi.
“Molla Nəsrəddin”də dünya ədəbiyyatı ilə bağlı maraqlı yazılar da dərc olunurdu. Jurnalda nəşr olunan felyetonlarda, satirik şeirlərdə, tapmacalarda, qırmanclarda və digər yazılarda mövcud quruluşda cəmiyyətdə hökm sürən özbaşınalıq, ədalətsizlik, fanatizm, çətin və məşəqqətli həyat tərzi, elmə, mədəniyyətə, qadın azadlığına qarşı çıxan köhnə, sxolastik baxışlar çox ciddi şəkildə tənqid hədəfinə çevrilirdi:
Uyma qəzet yazanların söhbətinə, sualına,
Baxma fəqiri-müztərin yanıqlı ərzi-halına,
Vermə pulun uşaqların elm, ədəb, kamalına,
Xərc elə balü qaymağa, börkə və tirmə şalına.
Beşcə günü ye-iç kökəl, sağ-səlamət, ay kişi,
Batsa tamam millətin, etmə səxavət, ay kişi! .
“Ədəbiyyat” bölməsində dərc olunan bu cür kəskin satiraların, felyetonların, ciddi tənqidi yazıların nəticəsi idi ki, o dövrün senzurası, qatı dindar mövhumatçıları, ayrı-ayrı qüvvələrə xidmət göstərən qoçuları tərəfindən jurnal ciddi təqib¬lərə məruz qalmış və müəyyən müddətdə bağlanaraq fasilələrlə nəşr olunmuşdur.
Sabir satiralarının dili və üslubu canlı xalq danışıq tərzinə çox yaxındır. Şair bütün varlığı ilə vətəninə, xalqına sevgi ilə yoğrulmuşdu. Baxmayaraq ki, şairin kəskin, öldürücü satiralarının əsas prototipləri öz həmvətənləri idi:
Kim nə deyər bizdə olan qeyrətə?!
Qeyrətimiz bəlli bütün millətə...
Biz qoca qafqazlı igid ərlərik,
Cümlə hünərməndlərik, nərlərik,
İş görəcək yerdə söz əzbərlərik
Aşiqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə?!
Satiradakı bu qədər ittihamların, tənqidlərin arxasında şairin böyük vətən sevgisi, xalqına təmənnasız məhəbbəti daya¬nırdı. Şair tənqid hədəfi seçdiyi “qəhrəmanlar”ı islah etmək, onların eybini, qüsurunu göstərmək yolu ilə əslində həmin çatışmazlıqların aradan qaldırılmasını istəyirdi.
Sabirin ədəbiyyat tariximizdəki böyük xidmətlərindən biri də klassik şeirin qəzəl, qəsidə janrının hüdudlarını geniş¬ləndirərək ədəbiyyata yeni janrlı satira, qırmanc, taziyanə, sual-cavab... və s. gətirməsi idi. Sabir “Molla Nəsrəddin”lə əməkdaşlığa başlayandan sonra jurnalın əsas aparıcı qüvvələrindən birinə çevrildi. Əvvəllər məhdud bir çərçivədə yazıb yaradan Sabiri yetişdirən XX əsrin kəskin ictimai-siyasi hadisələri və “Molla Nəsrəddin” jurnalının orijinal, realist-satirik üslubu oldu. Sabir dərin müşahidə qabiliyyəti, iti ağlı, zehni, hadisələrə obyektiv yanaşma tərzi, özünəməxsus forma və deyim üslubu ilə həmməsləklərinin önündə gedirdi. Biz çəkinmədən deyə bilərik ki, Sabir Mirzə Cəlil və Ömər Faiqlə birlikdə “Molla Nəsrəddin”in hərəkətverici qüvvəsinə çevrilmişdir. Şairin yaxın dostu və həmkarı Əli Nəzmi “Keçmiş günlər” adlı xatirəsində Sabir yaradıcılığını belə xarakterizə etmişdir: “Mübaliğə olmasın, deyə bilərəm ki, əgər “Molla Nəsrəddin” məcmuəsi olmasaydı, əziz şairimiz Sabir də bu qədər məşhur ola bilməzdi. Mən isə ya heç şair ola bilməzdim, ya şair olsam da, bir növhə və mərsiyə şairi olmaqdan irəli gedə bilməzdim. “Molla Nəsrəddin”in bizim boynumuzda çox böyük haqqı vardır”.
M.Ə.Sabir poeziyamızın dil imkanlarını həm geniş¬ləndirmiş, həm də dərinləşdirərək əvvəlkindən tam fərqli bir dil-üslub xüsusiyyəti yaratmışdır. Şair onu bütün Şərq aləminə tanıdan “Molla Nəsrəddin”ə xeyli sayda əsərlər həsr etmişdir. Ezop dili ilə qələmə alınmış bu satiralarla əslində şair jurnalın gördüyü böyük və təmənnasız işləri bir daha oxuculara çatdırır və “Molla Nəsrəddin”in fəaliyyət proqramını açıqlayırdı. “Molla Nəsrəddin” alıb, həm özü, həm oğlu oxur”, “Şirvan”, “Gavur qızı”, “Məktub”, “Satıram” və s. satiraları məhz bu qəbildəndir.
Sabir yaradıcılığında dini mövhumatla, cəhalətlə, nadanlıqla elm, maarif məsələləri qaranlıqla işıq, zülmətlə nur kimi qarşılaşdırılır. Professor Abbas Zamanov Sabir yaradıcılığının bu mühüm istiqamətinə nəzər salaraq yazır: “Otuz illik bir axtarışdan sonra o belə bir qənaətə gəlmişdi ki, cəhalət aləminin kütləşdirdiyi şüurları oyatmaq, hərəkətə gətirmək üçün moizə və nəsihət artıq kara gəlmir, şirin qəflət yuxusuna dolanları oyatmaq üçün onlara gülmək, onları güldürmək lazımdır ki, diksinib oyansınlar, gözlərini açıb gərnəşdikdə bərk sancmaq lazımdır ki, bir daha yuxuya getməsinlər”.
Şair kütləvi savadsızlığın hökm sürdüyü bir zəmanədə avam xalqın beynini dini xurafatla doldurub məktəbdən, təhsildən, oxumaqdan yayındırıb cəhalətə sürükləyən mollaları, ruhaniləri kəskin tənqid atəşinə tuturdu. Əlbəttə ki, Sabir əslində dinin mənəvi dəyərlərinə, kamilliyinə, elmə söykənərək xalqa fayda verə biləcəyinə şübhə ilə yanaşmırdı. Lakin XX əsrin əvvəl¬lərində dindən bir alət kimi istifadə etməyə çalışan yalançı mollalar, zahidlər xalqın qəflət yuxusundan oyanmasına mane olur və əsl həqiqəti xurafat pərdəsi altında gizlətməyə çalışır-dılar. Şair öz kəsərli qələmi ilə belə tipləri tənqid hədəfinə çevirir və oxucuları onların fitvalarına uymamağa çağırırdı. O dövrün ədəbiyyatında dinlə elm elə şəkildə qarşılaşdırılırdı ki, sanki bunlar bir-birilə barışmaz qüvvələrdir, ikisi bir araya sığa bilməz. Bütün bunlara bais yalançı, fırıldaqçı, cahil mollalar idi.
M.Ə.Sabirin məşhur “Elm təhsili”, “Ay başı bəlalı”, “Oğlum”, “Bəxtimiz oğlan imiş”, “Oxutmuram, əl çəkin”, “Üsuli-cədid” “Nə dərs olaydı...”, “Utanmırsan, utanma” və s. bəhri-təvillərində insanları mənən şikəst edənlər, cahilliyi, nadanlığı, xurafatı yayanlar, elmə, maarifə qənim kəsilənlər xalqın düşməni kimi təqdim olunur. Dini fanatizmə uyanların bütövlükdə cəmiy¬yətdə faydasız, gərəksiz bir varlığa çevrildikləri bəzən tipin öz dili ilə, bəzən də müəllif təhkiyəsi vasitəsi ilə tənqid obyektinə çevrilir:
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin.
Satirada fikir birinci şəxsin dilindən söylənilir, yəni fərdiləşdirilir, bununla belə, burada bir ümumiləşdirmə gücü də vardır. Sabir satiralarında ümumiləş-dirmələrə geniş yer verilir ki, bunlar mahiyyət etibarı ilə həm ayrı-ayrı fərdlərə, həm də bütövlükdə geniş xalq kütlələrinə ünvanlanır. Belə satiralar daha çox birinci şəxsin cəmində işlənərək ümumiləşdirmə səciyyəsi daşıyır. Bu baxımdan şairin “Amalımız, əfkarımız ifnayi-vətəndir”, “Ta gəlirik biz də bir az anlayaq”, “Yaşamaq istər isək, sırf əvam olmalıyız”, “Kim nə deyər bizdə olan qeyrətə”, “İnteligentik, gəzirik naz ilə...” və s. satiraları fikri¬mizi əsaslandıran dəyərli sənət əsərləri kimi qiymətlidir.
Mollanəsrəddinçilər qadın azadlığı problemini də ön plana çəkmiş və jurnalın səhifələrində Azərbaycan qızlarının, qadınlarının kölə halına salınmasına, təhsildən, elmdən uzaqlaşdırılmasına, hüquqlarının tapdanmasına, ana adına hörmət edilməməsinə aid çoxlu yazılar dərc etdirmişlər. Qadın azadlığı problemi aktual bir məsələ kimi C.Məmmədquluzadə, Ə.Haq¬verdiyev və başqa mollanəsrəddinçilərin nəsr yaradıcılığında Sabir, Əli Nəzmi, Əli Razi kimi satiriklərimizin poeziyasında həmişə diqqət mərkəzində olmuşdur.
M.Ə.Sabirin “Qoyma gəldi”, “Uşaq”, “Küpəgirən qarının qızlara nəsihəti”, “Məsləhət”, “Nədamət və şikayət” və s. satiralarında haqqı, hüququ tapdanan, əsarətdə qalan qadınlarımızın acınacaqlı taleyindən söhbət açılır. XX əsr Azərbaycan ədəbiyyatında qadın azadlığı mövzusunun köklü şəkildə qoyuluşu və hərtərəfli ədəbi-bədii həlli məsələsini nəsr və dramaturgiyada C.Məmmədquluzadə, satirik poeziyada isə M.Ə.Sabir qədər geniş işıqlandıran sənətkar tapmaq çətindir.
XX əsr satirik ədəbiyyatına yeni formalar gətirən Sabir klassik poeziyanın forma özəlliklərindən, çoxçalarlığından istifadə etsə də, təkrarçılığa uymamış, özünəməxsus üslubu, bənzərsiz tərzi, fərdi manerası ilə “Molla Nəsrəddin” ədəbi məktəbinin zirvəsinə yüksəlmişdir. Şairin yaradıcılığında klassik ənənələrdən fərqli olaraq, ictimai-siyasi və s. mövzuların ön plana keçməsi cəmiyyətdə baş verən köklü dəyişikliklərin aktuallıq kəsb etməsi ilə səciyyələnir. O, dövrün nəbzini tutan şair kimi yaşadığı mühitdəki neqativ halları, kölgəli məqamları gündəmə gətirməklə xalqın halına acıyır və insanları fəal mübarizəyə səsləyir. Sabirin klassik Şərq şairləri Xaqaniyə, Füzuliyə, S.Ə.Şirvaniyə, Raciyə, Namiq Kamala, Mahmud Əkrəmə Rəcaizadəyə, Abdulla Cövdətə, Firdovsiyə, Hafizə, Sədiyə yazdığı çoxsaylı nəzirələr şairin dərin, zəngin mütaliəsini göstərir və onun geniş erudisiyaya, çoxşaxəli poetik imkanlara malik novator bir sənətkar olduğunu aşkarlayır. Bu keyfiyyətlər şairin “Molla Nəsrəddin” jurnalında yer alan satiralarında daha qabarıq şəkildə özünü göstərir.
Sabirin jurnalda dərc etdirdiyi, qəzəllərə parodiya şəklində yazdığı satiralarının əsas səciyyəvi xüsusiyyətlərindən biri onların əlavə detallar hesabına struktur dəyişmələrinə məruz qalmasında və forma özəlliklərinə malik olmasındadır. Belə şeirlərdə qəzəlin ümumi məzmununa uyğunlaşdırılan yarımmisraların əlavə edilməsi əsərə canlılıq, oynaqlıq, dinamiklik gətirməklə yanaşı, həm də forma və strukturuna orijinallıq, yeni üslubi çalar verərək poetik gücünü daha da artırır. Sabirin Füzulinin “Leyli və Məcnun” poemasından götürdüyü məşhur:
Can vermə qəmu eşqə ki eşq afəti-candır,
Eşq afəti can aldığı məşhuri cahandır −
beyti ilə başlanan qəzəlinə parodiya şəklində yazdığı “Təhsili-ülum...” satirası bu cəhətdən diqqəti cəlb edir:
Təhsili-ülum etmə ki, elm afəti-candır,
Həm əqlə ziyandır;
Elm afəti-can olduğu məşhuri-cahandır,
Mərufi-zamandır...
Sabir satirik bənzətmədə-təhzildə Füzuli qəzəlinə məxsus vəzn və qafiyə sistemini qoruyub saxlasa da, klassik ədəbiyyatda geniş işlədilən formanı bir misralı müstəzad şəklinə salmış, savadsızlığa, cahilliyə, bütövlükdə elmsizliyə qarşı üsyan etmişdir. Satirada elmə, maarifə qənim kəsilən cahil obrazı şairin mənfi obrazlar qalereyasında özünəməxsus yer tutan personajlardan biri kimi tənqid hədəfinə çevrilir. Şeirdə tipin xarakterik cizgilərinin açılmasında onun formaca yeni məzmunda təqdimatının da rolu təsirsiz qalmır. Beləliklə, şair tənqid hədəfi seçdiyi obrazı məzmun və formanın vəhdəti fonunda oxucuya tanıtdıra bilir və satirik tip onların nifrətinə tuş gəlir.
M.Ə.Sabirin M.Füzulinin:
Ah eylədiyim sərvi-xuramanın üçündür − mətləli qəzəlinə parodiya etdiyi “Ah eylədiyim nəşeyi-qəlyanın üçündür” satirasında da eyni forma gözlənilmişdir:
Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,
Qan ağladığım qəhveyi-fincanın üçündür.
Satirada Füzuli qəzəlində olduğu kimi əsas prinsip saxlanılmış, şeirdə mətlə və məqtə beytləri də yer almışdır. Bununla belə, şeirin sonunda yenə də ümumi məzmunla bağlı olan yarımmisraların əlavə edilməsi şairin qəzələ yaradıcı münasibətini üzə çıxarır, yeni forma və məzmunu özündə ehtiva edir. Şeirin forma-struktur orijinallığındakı novatorluq eyni zamanda satiranın məzmununda da qabarıq şəkildə nəzərə çarpır. Füzulinin dərdli aşiq obrazının yerini Sabirin ömrünü eyş-işrətdə, əyləncələrdə keçirən, həyatın mənasını yeyib-içməkdə görən tüfeyli və meşşan təbiətli satirik tip − molla obrazı tutur. Şeirin sonuna əlavə edilmiş yarımmisralar və təkrirlər (leksik anaforalar) onun təsir gücünü, emosionallığını artırır, satiranın dilinə məxsus olan melodik ritm yaradır.
Sabir Füzuli poeziyasından elə nümunələri seçir ki, onlar parodiyalar üçün əlverişli zəmin yaradır, şairin tənqid obyektinə çevirəcəyi obrazların ictimai mənşəyinə, dünyagörüşünə, xarakterinə və psixologiyasına uyğun gəlir. Məhz bu baxımdan şairin yuxarıda bəhs etdiyimiz satirasında da bu prinsip gözlənilmişdir. Mollanəsrəddinçilər bütün yaradıcılığı boyu dini xurafatı yayan, xalqı elmdən, mədəniyyətdən uzaqlaşdıran mollaları tənqid hədəfi seçmiş, onları tərəqqiyə, inkişafa mane olan qara qüvvələr kimi satira atəşinə tutmuşlar. Sabir bu satirasında da məhz ikiüzlü, riyakar, yaltaq molla obrazının xarakterik portretini sözlə rəsm etmişdir. “Ah eylədiyim nəşeyi-qəlyanın üçündür” deyən yalançı vaizin bir parça çörək üçün dövlətlilər qarşısında əyilməyini, məsləkini, əqidəsini satmağa hazır olduğunu kəskin satirik dillə, acı bir istehza ilə açıb göstərmişdir.
Sabir klassik ədəbiyyatda məcazi mənada işlədilən poetik ifadələrdən, stilistik fiqurlardan öz məqsəd və məramına uyğun olaraq müstəqim şəkildə istifadə edir, eksperiment apararaq həmin ifadələrdə abstraksiyanı atır və fikri konkretləşdirir. Bununla da tamamilə başqa bir səpkidə yazılmış satiraların yaranmasının mümkünlüyünü aşkara çıxarır və oxucu satiralarda lirik ifadələri kinayə məqamında görə bilir. Şair məşhur “Gözəl” satirasında klassik şeirimiz üçün xarakterik olan qəlibləşmiş təşbeh və epitetlərə satirik yozum verir, Ezop manerasından yanaşaraq xətti qarışqaya, zənəxdanı dərin quyuya, kirpikləri qamışa bənzətməklə bədii təsvir vasitələrini lirik mahiyyətindən uzaqlaşdırır, kinayəni qabarıq şəkildə satirik istiqamətə yönəldir:
Ey alnın ay, üzün günəş, ey qaşların kaman!
Ceyran gözün, qarışqa xətin, kakilin ilan!
Alma çənən, çənəndə zənəxdan dərin quyu
Kirpiklərin qamış, dodağın bal, tənin kətan!
Boynun sürahi, boy-buxunun bir uca çinar.
Əndamın ağ gümüş, yanağın qırmızı ənar!
Xalın üzündə buğda, başında saçın qürab...
Satirik parodiyadakı məzmun yeniliyi həm də orijinal bir üslubu, forması ilə də diqqəti cəlb edir. Sabir şeirin ilk beytini klassik qəzəl, son üç beytini isə məsnəvi janrında qələmə alaraq iki janrın üzvi vəhdətini, sintezini yarada bilmişdir.
M.Ə.Sabirin “Barışnalara dair” satirası “Füzulinin:
Ey gül, nə əcəb silsileyi-mişki-tərin var − mətləli qəzəlinə parodiya şəklində qələmə alınıb. Qəzəlin forma və məzmununda məqsədli şəkildə yenilik yaradan şair Füzuli şeirinin orijinallığında ciddi dəyişiklik edərək əsəri tamamilə zəmanəyə, dövrə və onun insanlarına uyğunlaşdırmışdır. Qəzəldəki qeyri-adi gözəlliyi, “can alıcı işvələri” ilə aşiqi məftun edən, onu zülm və işgəncələrə düçar edən qəmzəli məşuqə obrazını satirada yüngül həyat tərzi keçirən, mənəvi-əxlaqi dəyərlərini itirmiş, ləyaqətini ucuz tutan meşşan təbiətli bir qadın obrazı əvəz edir. Şair əsil vətəndaş, ziyalı və qeyrətli vətən övladı kimi dövrün eybəcərliklərini, ürəkbulandırıcı reallıqları yana-yana izhar edir:
Bilməm nə füsun eylədin, ey fitneyi-əyyam,
Uydu sənə islam?!
Hər şəhrdə, hər bəldədə bəs cansüpərin var,
Dildadələrin var.
Parodiyada satirik məzmun, öldürücü gülüş aparıcı olsa da, şeirdəki novatorluq, yəni yarımmisraların və məqtə beytinə altı hecalı iki bəndlik şeirin əlavə edilməsi sənətkarın mətnə uyğun seçdiyi forma özəlliyi ilə diqqəti cəlb edir, əsərə canlılıq, aydınlıq və sadəlik gətirərək məzmunun asan qavranılmasına stimul yaradır:
Millət belə batdı,
Ümmət elə yatdı,
Xud, söylə, ay axmaq
Daşı kim oyatdı?
Dinmə, xətərin var!
Kinayəli bir tərzdə, xalqı, milləti qəflətdə yatmağa sövq edən obrazın danışıq aktı parodiyadakı satirik üslubu daha da kəskinləşdirərək sarkazm yaradır.
Satiranın giriş hissəsində əksini tapan bədii təsvir və ifadə vasitələri şeirin lirik mahiyyətli, nikbin ovqatlı bir poetik nümunə olduğunu göstərir. Lakin bu ruh sonadək davam etmir, “lirik giriş” az sonra dəhşətli kinayənin müqəddiməsinə çevrilir, sanki ağ-qara kontrastların toqquşması baş verir. “Lirik başlanğıc” o qədər qüvvətli, öldürücü bir təsirə malikdir ki, şeirin əvvəlində satirik mahiyyətli ifadələr verilsəydi, parodiyanın bu qədər ifşaedici, sərrast gücü ola bilməzdi. Şeirdə işlənən, qəzəllər üçün səciyyəvi olan “incə kəmər”, “eşqin əsər etdi”, “divanəsər etdi”, “xunincigər”, “aşiq”, “ülfət” kimi qəliblər, ifadələr sırf lirik üsluba xas sözlərdir ki, satirik üslubda da öz dəyərini, mahiyyətini və bədii-estetik imkanlarını qoruyub saxlaya bilir. Bu lirik ovqatlı sözlər satirik bədii ifadələrin funksiyasını yerinə yetirmək istərkən, onlarla toqquşduqca satirik boyalar daha da tündləşir, antitezalıq yaradır, sarkazmı gücləndirir ki, bu zaman sənətkar idealı, şair məqsədi aydın görünür.
Füzulinin: Könlüm açılır zülfi-pərişanını görgəc − misrası ilə başlanan aşiqanə- lirik qəzəlindən də Sabir satira yaradıcılığında qəlib kimi istifadə etmişdir. Qəzəldə aşiqin incə, zərif duyğu və hisslərini, məşuqənin ecazkar gözəlliyini vəsf edən ifadələr mühüm yer tutursa, satirada kobud, eybəcər, qeyri-insani keyfiyyətlərin daşıyıcısı olan mənfi tipin danışıq aktı diqqət mərkəzində saxlanılır. Bu cür orijinallıq, novatorluq ilk dəfə Sabir tərəfindən yaradılmışdır. Qəzəlin satiraya belə bir tərzdə, bu üsulda transfer edilməsi Sabirin adı ilə bağlıdır. Şair “Bakı pəhləvanlarına” adlı satirasını həmin qəzələ nəzirə şəklində qələmə almış, Ezop əməliyyatını uğurla həyata keçirərək dövrün “könül bulandırıcı” mənzərələrini, mənfi personajın sərgərdan, tüfeyli həyat tərzini tünd boyalarla təsvir etməklə oxucuda real situasiya haqqında aydın təsəvvür yaratmışdır:
Könlüm bulanır küçədə cövlanını görcək,
Nitqim tutulur hərzəvü hədyanını görcək.
Canım üzülür əldəki qalxanına baxcaq,
Qəlbim alışır beldəki patranını görcək.
Məst ol gecə-gündüz nə bilim, yat nərələrdə,
Yum gözlərini xaneyi-viranını görcək.
Sabir Füzulinin ustad qələmilə yaradılmış lirik mahiyyətli qəzələ ictimai məna yükləmiş, cahil, elmsiz və nadan insanların kobudluğunu tənqid edərək mühitin real lövhələrini satirik tərzdə ifşa obyektinə çevirmişdir.
Bu baxımdan Sabirin yaradıcılığında “Molla Nəsrəddin”in əsas leytmotivini təşkil edən ictimai-siyasi mövzulu satiralar xüsusi yer tutur. Şair Rusiyada, Yaxın Şərqdə baş verən inqilabi hadisələri, ictimai-siyasi prosesləri izləyir, təhlil süzgəcindən keçirərək satiralarının baş mövzusuna çevirir. Sabir azadlıq hərəkatını boğmağa çalışan, demokratiyaya qənim kəsilən düşmən qüvvələri tənqid atəşinə tutaraq onların bəşəriyyətə vurduğu ağır mənəvi zərbələri ictimailəşdirir. Şair bu vətəndaşlıq missiyasını həyata keçirərkən yenə də Füzuli sənətinə üz tutur, şairin qəzəllərinin sehrkar gücü Sabir satiralarının reallaşmasına güclü təkan verir və parodiyalar üçün əlverişli, münbit zəmin hazırlayır. Şairin 1909-cu ildə İran məmləkətində taxt-tacdan salınıb ölkədən qovulan Məhəmmədəli şahı ifşa edən “Füzuliyə bənzətmə” satirasında əsas mənbə yenə dahi sənətkarın qəzəl yaradıcılığıdır. Füzulinin “Əql yar olsaydı − ” mətləli qəzəlinə istinad edən Sabir onun satiraları üçün xarakterik olan tipin öz dili ilə özünü ifşa üsulundan istifadə etməklə Məhəmmədəli şahı tənqid hədəfinə çevirmişdir:
Məndə ar olsaydı, ölmək ixtiyar etməzmidim?
Abrunun nolduğun bilsəydim, ar etməzmidim?
Xaki-İranın mənə bir guşəsin versəydilər,
Kəndimi Əbdülhəmid tək bəxtiyar etməzmidim
Ədalətsiz və zülmkar hökmdarın xalqın qəzəbinə düçar olaraq ölkədən qovulması, Rusiyaya sığınması, şahın düşdüyü acınacaqlı durumu, mühacirlik həyatının real səhnələrini canlandırmaq məqsədilə Sabir Füzuli qəzəlindən bir fon kimi yararlanmış və Ezop əməliyyatının müvəffəqiyyətli icraçısına çevrilmişdir. Satiranın uğurlu forma strukturu, bədii sualların təsir gücü, ictimai-siyasi məzmun və ideya yeniliyi onu “Molla Nəsrəddin” jurnalında yer alan karikaturalar üçün də əlverişli və effektli etmişdir. Jurnalda dərc olunmuş karikaturada (1909, №37, səh.11) Məhəmmədəli şah rus kəndlisinin sürdüyü ikiçarxlı arabada əyləşərək iri bir bağlamanı ikiəlli bağrına basmış, şəklin altında isə satiranın bir beyti verilmişdir:
Mülki-İranın düşünseydim əlimdən getməyin,
Var ikən fürsət o mülkü tarümar etməzmidim?
Satirada Füzuli qəzəlinin son dərəcə ağır, ləngərli və ecazkar forması Sabirin kəskin öldürücü kinayə və istehzasının qüdrətilə cilalanaraq dövrün ictimai eybəcərliklərini bütün parametrləri ilə göstərən qüvvətli bir sarkazm yaratmışdır.
Ümumiyyətlə, Sabir qəzəl-satiranın intonasiyasındakı çevikliyi, ekspressivliyi artırmaq məqsədilə zəmin olaraq vəzndə doğru seçim edir, əruzun oynaq bəhrlərinə müraciət edir. Bununla belə, mövzuyla bağlı olaraq şair ağır ləngərli bəhrlərə də geniş yer verir və bu zaman çalışır ki, yığcam, sərrast, birbaşa hədəfə dəyən sözlərdən istifadə etsin.
Mirzə Ələkbər Sabir yaradıcılığı təkcə Azərbaycanda tədqiq olunmamış, eləcə də Şərq və Qərb alimlərinin də diqqətini cəlb etmişdir. Böyük türk araşdırıcıları Nazim Hikmət, Hilmi Ucabaş, Fuad Köprülü, İbrahim Altay Qövsi, Hüseyn Kazım Qədiri, Səlim Rəfiq Rəfioğlu, Əziz Nesin, Əbdülvahab Yurtsevər və başqaları şairin yaradıcılığını müxtəlif aspektdən təhlilə cəlb etmişlər. Bununla yanaşı, Türkiyədə nəşr edilən “ İnönü ensiklopediyası”(1950), “İslam ensiklopediyası”(1950), “Türk ensiklopediyası”(1953), Parisdə çıxan” Müsəlman xəbərləri”(1922), Londonda çap olunan “Mərkəzi Asiya”(1960) icmalında və başqa toplu və fundamental ensiklopediyalarda Sabir yaradıcılığının mövzu və janr rəngarəngliyindən, dil, üslub və sənətkarlıq məharətindən geniş söhbət açılmış, şairin yaradıcılığının xəlqiliyi və bəşəriliyi diqqət mərkəzində saxlanılmışdır.
Cəlil Məmmədquluzadə ilə Sabiri sıx dostluq telləri, əqidə və məslək birliyi bir-birinə bağlayırdı. Sabir xəstəlikdən əziyyət çəkərkən onun müalicəsinə köməklik göstərir, hətta xəstəxanada qalmasına razı olmayıb, öz evində yerləşdirərək hər vəchlə şairin sağalmasına çalışır. Özü Qarabağda olarkən jurnalın müvəqqəti redaktoru Məmmədəli Sidqiyə yazdığı məktubda Sabirin səhhətindən hədsiz nigarançılığını bildirir, peşəkar həkimləri bu işə cəlb etməyin zəruriliyini söyləyir. Bunlar Cəlil Məmmədquluzadənin böyük satirik şairə verdiyi yüksək dəyəri isbat edən faktlar kimi diqqətəlayiqdir. Lakin bu qayğıya baxmayaraq, satirik poeziyamızın günəşi- Mirzə Ələkbər Sabir 1911-ci il, iyul ayının 12-də gözlərini əbədi olaraq yumdu. “Molla Nəsrəddin” həmin ilin 20 iyul tarixli 26-cı sayında dərin hüzn və kədərlə məlumat verərək yazırdı : “Möhtərəm oxuculara məlum olsun ki, bu iyul ayının on ikinci günündə Şamaxı şəhərində, əziz olan” Sabir” təxəllüslü şairimiz Məşədi Ələkbər Tahirzadə cənabları vəfat edib əlimizdən getdi. “Hop-hop”, “Əbunəsr Şeybani” və bundan savayı qeyri imzalar və imzasız ləzzətli şeirləri məcmuəmizdə oxumağa adət edən oxucularımız bilirlər ki, bir belə vücudun yox olmağı maarif dostları üçün nə böyük dərddir. Lakin istəkli yoldaşımızın əqrəbasına başsağlığı veririk və biz də bununla təsəlli tapırıq ki, ölümün qabağında sultan da acizdir”. Jurnalımn həmin sayında Mirzə Ələkbər Sabirin rəssam Rotter tərəfindən çəkilmiş rəsmi də verilmiş və şəklin altında yazılmışdır :”İyul ayının 12-də vəfat etmiş şairimiz Sabir”.
Unudulmaz alimimiz, professor Xudu Məmmədov tarixi roman ustası Fərman Kərimzadə şəxsiyyəti ilə özünü paralelləşdirərək belə bir maraqlı fikir söyləmişdir: “ Fərmanla mən, ikimiz də arxeoloquq. O- qədim arxivlərdə, tarixi kitabələrdə axtarır xəzinəni, mən- ulu dağlarımızda. O-ruhdur, qovdur, mən çaxmağam. Bizim ikimizdən tamaşalı bir Azərbaycan tonqalı çatıla bilərdi”. Bu təşbehi Cəlil Məmmədquluzadə və Sabir şəxsiyyətinə, yaradıcılığına aid etsək, çəkinmədən deyə bilərik, artıq bu iki cəfakeş mollanəsrəddinçinin timsalında əsl Azərbaycan tonqalı alovlandırılıb ki, onun istisini bu gün də çox yaxşı hiss edə, ürəkdən duya bilirik. Bu bir həqiqətdir ki, mənalı ömrünü xalqının azadlığı və istiqlalı uğrunda qurban verənlər əbədiyyət qazanırlar.
Gülbəniz BABAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar