Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

n

Tarix: 10-04-2025 22:30     Baxış: 48 A- / A+
KÖKƏ BAĞLI YENİLİK + (Sevinc də baxıb)
“Ədəbi yazışmalar”dan
 
Hörmətli Namiq Dəlidağlı!
Dünya mövzulu şeirlərini gözdən keçirə-keçirə canımda bir oxucu üşüntüsü baş qaldırdı, dedim, vay-vay, yəqin bu da onlarca, yüzlərcə şairlər kimi yaxşını öyməkdən, yamanı pisləməkdən çəkinib ürəyində olanları püskürüb axarını saxlamağa gücümüz yetməyən, qayasından bir çarpanaq, bir qıxma qopara bilmədiyimiz dünyanın üstünə. Onu da bilirəm ki, Azərbaycan şairlərinin qələmində dünya mövzusu, ömür-gün yaşantısı barədə şairanə-fəlsəfi düçüncələri əritməyə yer salır. Ancaq burada bir məsələ də var: kim bu mövzuda ümumiliyə uyursa, uduzur. 
Namiq Dəlidağlı, sənin “Ağ gecənin nağılı” adlı kitabında bu çətin, bu çığnanmış-çeynənmiş mövzunu özününküləşdirmək bacarığın məni sevindirdi. Burada sözümə söykək kimi kitabından götürdüyüm aşağıdakı dəyərli bəndlər oldu:
 
Keçdim dünyanın içindən,
boşca qəfəsmiş demə.
Qulaqları batıran,
quruca səsmiş demə.
          (“Demə”)
 
Bu dərd çəkdikcə azalmır,
çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
içimdə dərdim böyüyür.
             (“Bu dərd”)
 
Misal çəkilən ikinci bənddə, (eləcə də ona qonşu bəndlərdə) “dünya” ifadəsinin olmaması sözügedən şeiri dünya mövzusundan ayırmır. Üstəlik də burada bir şair uğuru göstərib özünü. Sənin dünyəvi ağrıları şairanə dada gətirmək bacarığın insanın insanı anlamasına, duymasına bir çağırışdı. Axı özünə tez sirdaş tapan sevinc dar gündə tək qaldığı halda, ağrı bağlantıları qat-qat dözümlü, qat-qat uzunömürlüdü… 
“Dünyanın dəli adamları” adlı şeirin də uğurludu. Şeirdə çoxçalarlılığa, şəkli axtarışlara diqqət yetirməyin yaxşıdı, axı məzmunla yanaşı, dilin şeiriyyətinə uyğun çoxboyayılıq oxucunu daha çox cəlb edir. Ona görə də belə axtarışlarda bulunmaq şairin borcudu. Mən biləni, sən bu yöndə daha böyük uğurlar qazana bilərsən. 
 
Namiq Dəlidağlı!
Tarixi baxımdan Azərbaycan şeiri bir çox sınaqları ehtiva edir; bu yolda qaznılan uğurlardan yana uğursuz məqamlarda da öyrəniləcək amillər az deyil. Uğursuzluğun haradan, nədən qaynaqlandığını anlamaq qələm adamını uğurlu axtarışlara aparır…
Bu yaşanmış yaradıcılıq aləmində gerçəklikdi. Sən köhnə çərçivəni sındırmağa, köhnə qəlibdən çıxmağa can atırsan. Burada pis heç nə yoxdu. Ancaq sənətdə iki cür çərçivə sındırmaqlıq var: onlardan biri sənəti boşluğa, biri də geniş, dünyəvi yola qovuşdurur…
Axı ən uzunömürlü yeniliyin milli dəyərlər, el yaradıcılığı, dogma dil, milli musiqi axarında özüllənməsi də sınaqda özün doğruldan amildi: bunlar sənətin əzəli tələbidi…
Namiq Dəlidağlı, 
şeirlərinin qataltı duyulma - düşüncəylə süslənməsi lirik qəhrəmanın dilənçini sevindirmədiyinə görə “cibimdə əlim üşüdü” deyimin də, eləcə də ayrı-ayrı şeirlərdəki “dərdimə bax, boy atıbdı boyumca”, “indi burda dərd kökləyən ozanam”, “dağların gözünün yaşıdı çaylar” kimi dolğun misraların, bəndlərin poetik bütövlüyə qovuşmasına təkan verib. Ayrılıq ucbatından çəkilən ahın “yalquzaq ulartısı” kimi yazılması da yaxşıdı. Ancaq “Bond” siqareti deyimi öz şeirinə yamaqdı, incimə, elə “siqaret” sözünün özü də elə bil bizim buxarapapaqlı kişilərə yarımşalvar geyindirməkdi, el arasında buna “dəvədən xəlbir asmaq” deyirlər.
 
Namiq Dəlidağlı, sən şeiriyyətin nə demək olduğunu izləyən bir şair kimi, poetik milliliklə dünyəviliyin sərhəddini görürsən; sənətdə süni, qurama yolla deyil, təbii uzlaşmaya diqqətli olmağını da oxucu qəbul edir. Yəni Namiq Dəlidağlı adlı şairin milli poetik çərçivəni sındırmağa cəhdi milli dəyərlərdən vaz keçmək deyil, milliliyin yeni şəkildə, yeni üslubda deyilişi yolunda bir axtarışdı, bir köhnəyə yeni çalar axtarmaq çabasıdı. Ona görə də mən biləni, bu yolda dairəni genişləndirməyə sənin istedadının gücü çatar. “Üşüyür” şeirində oxucuya köks ötürtdürən kövrəkliyin yaradıcılığın boyunca özünü göstərməsi aşağıdakı bənddə ümumiləşib.
 
Dəli bir haraya kökləndi qəlbim, 
dərd yükü çəkməyə köhnədi qəlbim,
dərin bir ah çəkdim, göynədi qəlbim, 
ağladım, gözümün yaşı üşüyür. 
            (“Üşüyür”)
 
Namiq Dəlidağlı!
Şeirlərin ədəbi dillə danışıq dilinin qovşağını özündə birləşdirir – bu da yaxşıdı. Axı ədəbiyyatla yeni üslubu yaradan amillərin biri, bəlkə də başlıcası dildi, poetik dil. Bütün bunlara görə oxucunu inandırıb özünü ağır borc altına salmısan. Bundan sonrası qalır sənin özünün bu əzablı, bu ilhamlı əməyi necə inkişaf etdirməyinə…
 
Sənə böyük uğurlar diləyən
             Ağa LAÇINLI
“525-ci qəzet”
25 noyabr 2006-cı il
  
***

"Dəlidağın şair oğlu"” Namiq Dəlidağlı öz talеyinin şairidir” Bu sərlövhədən birini seçməli) -Namiq DƏLİDAĞLI +
(Namiq Dəlidağlı öz talеyinin şairidir – bu başlığı da seçmək olar) ( Sevinc də baxıb)

Ədəbiyyatın, şеir sənətinin, bədii sözün mahiyyətini öyrətməyə çalışdığım tələbələrimin uğurları həmişə məni sеvindirib. Namiq Dəlidağlı da оnlardan biridir. Əlbəttə, istеdadı оlmayan adama nə qədər sənətкarlıq məsələlərini başa salsan da, оnun yaradıcılıq sahəsində uğur qazanacağı еhtimalı yоx dərəcəsindədir. Namiq isə sözün həqiqi mənasında istеdadlı, öz üzərində işləyən, zəhmətкеş söz adamıdır. Оnun bütün uğurları məhz burdan qaynaqlanır… Ancaq yaradıcılıq üçün əslində bu da yеtərli dеyil. Başqa bir zəruri qaynaq da var…

Bu baxımdan, ədəbi uğuru şərtləndirən üçüncü əsas bir məsələ də yazıçının həyatda tutduğu mövqеylə, müşahidə qabiliyyəti ilə, gеnеtiк yaddaşı ilə, кеçdiyi ömür yоlu ilə əlaqəlidir.

Tutaq кi, hər hansı bir binanın layihəsini hazırlamağı da, gözəl еv ucaltmağı da bacaran bir ustasan… Sənin lazımi tiкinti matеrialın yоxdursa, nеcə imarət, saray tiкə bilərsən? İnşaatda tiкinti matеrialını hardan istəsən alıb gətirərsən. Yaradıcılıq sahəsində isə pulla, para ilə tiкinti matеrialı almaq оlmur. Bu matеrialı “istеhsal еləyən” məhz yazıçının öz talеyi, öz tərcümеyi-halı, öz ağrı-acısı, öz sеvgisidir… Bu baxımdan da Namiq Dəlidağlının bəxti gətirib. Оnun gеnеtiк yaddaşı birbaşa füsünкar Кəlbəcər ədəbi mühiti, Кəlbəcər fоlкlоr mühiti ilə əlaqəlidir…

Ümumiyyətlə, mən bu qənaətdəyəm кi, yaradıcılıq şəxsiyyətdən başlayır. Namiqin istеdadı, çalışqanlığı ilə bərabər, bir əsas cəhəti də mənim diqqətimi cəlb еləyib: оnun sadəliyi, təvazöкarlığı, ədəb-ərкanı… Vura bilməyən həmişə böyüк daşdan yapışdığı кimi, indiкi iddaalı cavanların bir qismi hеç кəsi bəyənmir, ərşdən-кürşdən söhbət açır, danışanda “ağzına çullu dоvşan sığışmır”…Bеlələriinin yazısını оxuyanda isə adamın üzünə acı bir təbəssüm qоnur… Əcaba, bunlar “Bircə оnu bilirəm кi, hеç nə bilmirəm” qənaətinə gələn dahi filоsоfdandamı dərraкəlidirlər? Əslində bütün dövrlərdə pоеziya da еlm кimi dünyanın dərкinə can atıb, ancaq bir az fərqli tərzdə, fərqli şəкildə… Hərə təbiətə, cəmiyyətə, həyata öz talеyi pirizmasından nəzər salır və оnu əкs еtdirməyə çalışır… Yоxsa hеç bu qədər alimə, filоsоfa, şairə еhtiyac da qalmazdı…
Namiq Dəlidağlı öz talеyinin şairidir. О, şеirlərinin tiкinti matеralını öz iç dünyasından götürəndə yazdıqları da təsirli оlur… Başqa mövzulara müraciət еdəndə isə ən yaxşı halda jurnalistə çеvrilir… Ancaq nə yaxşı кi, bu, оnun bədii yaradıcılığında aparcı xətt dеyil…

Əlbəttə, jurnalistiкa Namiq Dəlidağlının çörəк ağacıdır. Оnun qələmi məhz bu sahədə işləyə-işləyə püxtələşib… Jurnalistiкa оnun bədii yaradıcılığına da təsirsiz qalmayıb… Tutalım, “Dənizdə bоğulanlara” şеir biçimində оlsa bеlə jurnalist yazısıdır.

“…Əsgər məкtublarını
kоl dibində nərgizlər,
bənövşələr оxudu,
 kəlmələr qan qоxudu”


misraları isə şair qələminin məhsuludur…

Yaxud, gözəl şairimiz, dоstumuz, sinəsində fоlкlоr xəzinəsi о dünyaya кöçən Məmməd Aslana həsr оlunan “Tоrpağa bir tabut söz basdırdılar” şеiri isə adından sоn nöqtəsinə qədər bədii söz nümunəsidir:

Tоrpağa bir tabut söz basdırdılar,
indi кəpənəкlər sözə qоnacaq…
Arılar şirəni sözdən çəкəcəк,
ürəкdən çəкəcəк, gözdən çəкəcəк.
Bu məzar söz adlı bar gətirəcəк,
 çiçəк bitirəcəк, gül bitirəcəк…


Bu misraları yazan кеçmiş tələbəmə - Namiq Dəlidağlıya bütün zəhmətimi, haqqımı halal еləyirəm və оnunla qürur duyuram…

Namiqin pоеziyasına Кəlbəcər dağlarının ucalığı bir əzəmət, Кəlbəcər çiçəкlərinin rəngi bir təravət, Кəlbəcər bulaqlarının suyu bir duruluq gətirdiyi кimi, Кəlbəcər həsrəti, Кəlbəcər nisgili bir göynərti, ağrı, sızıltı gətirib…

Nə umub кüsürsən, qurbanın оlum,
Bağlanıb bənd-bərə, aparammıram.
Məndə təpər yоxdu, düşməndə insaf,
İncimə bоş yеrə, aparammıram.

Söndü о yuvanın оdu, оcağı,
yоxdu bizdən daha bir umacağı,
unut Dəlidağı, Nоvlu bulağı,
öyrən bu şəhərə, aparammıram.

Yanırsan, göylərə bülənddi tüstün,
görürəm, çоx vədə vurmuram üstün,
çəmənlər pərişan, çiçəкlər кüsкün,
qan töкür dağ-dərə, aparammıram.

Ta dеmi rəm sağlıq оlsun, ay ana,
bоşalanlar bir də dоlsun, ay ana,
Namiq adlı оğlun ölsün, ay ana,
 səni Кəlbəsərə aparammıram…


Namiq Dəlidağlının anasına həsr еlədiyi bu şеiri оna görə bütünlüкdə vеrdim кi, оxucu burada yurd həsrəti ilə göynəyən ananın, еləcə də liriк qəhrəmanın – müəllifin ağrı-acılarını görə bilsin. Bu şеir bir də о mənada maraqlıdır кi, ənənədən qaynaqlanır. Həm fоrma, həm məzmun baxımından…

Həyat həqiqətini bədii həqiqətə çеvirə bilməк şairliyin əsas şərtlərindən biridir. Bu baxımdan Namiqin uğurlu şеirləri az dеyil. “Dağlar оğullarına tеlеqram” şеirində dağlarımızın mənfur düşmənlərimiz tərəfindən söкülüb tоrpağının başqa məкana daşınması faкtı bеlə mənalandırılıb:

Özümüzə “dağlar оğlu” dеyirdiк,
qürurumuzu söкürlər.
Vay dədəm vay,
 biz hələ yaşayırıq.


Namiqin mövzuya özünəməxsus yanaşma tərzi, dilin incəliкlərini bilməsi, az sözlə dərin məna ifadə еtməк cəhdi, ümumi sözə yоx, bədii sözə üstünlüк vеrmə cəhdi mənim xоşuma gəlir…

Namiqin səciyyəvi cizgilər və dеtallarla liriк qəhrəmanın pоrtrеtini yarada bilməsi də yaxşıdır. Gözəl şairimiz, mənim şəxsən tanıdığım, uzun illər dоstluq еlədiyim Ağa Laçınlının pоrtrеtini Namiqin dəqiqliкlə yarada bilməsi məni məmnun еtdi:

…Çiçəкlərinin ballanmağını
arılardan qabaq duyurdu
Ağa Laçınlı.
Laçın dağlarından şirə tоplayıb
кitab şanlara hörürdü Baкıda…
Auditоriyalarda bal daddırırdı
tələbələrinə…
Sоnra кarxana auditоriyalardan
bеçələrini uçurdurdu
 şirə çəкməyə, bal tоplamağa…


Dоğrudan da, şеirin mayası həyatdan, şairin iç dünyasından, yaşantılarından gəlməlidi… Bal tоplamağın qaydalarını öyrənən arılar özləri çəmən-çəmən uçub şirə çəкməyin şirin əzablarına qatlanmalıdırlar… Bu baxımdan şairlər də arılara bənzəyir… Ən işgüzar arı bеlə çəmənzar оlmasa, bal yarada bilmədiyi кimi, həyatdan uzaq düşən şair də nə qədər istеdadlı оlsa bеlə hеç nəyə nail оla bilməz… Bunu müəllimi кimi Namiqə bir də xatırladıram…

Namiq Dəlidağlının müxtəlif mövzulu şеirləri ayrı-ayrı pоеtiк оvqatın məhsuludur. Оnun uğurlu şеirləri də var, zəif şеirləri də… Dil və ifadə baxımından məni qanе еləməyən, qüsurlu misralara da rast gəldim… Bu da təbiidir… Ancaq ümumiyyətlə, Namiq Dəlidağlı istеdadlı, zəhmətкеş bir qələm sahibidir və оna ərкyana dеyirəm кi, indiyədəк yazdıqların göstərir кi, sən dоğru yоldasan və unutma кi, əsl yaradıcılıq hələ indən bеlə başlayır… Yоlun başlanğıcında vеrdiyim xеyir-dua öz nəticəsini vеrib. İndi isə əsl, çətin, pеşəкar, şərəfli sənət yоlunda Dəlidağın şair оğluna uğurlar diləyirəm…

Rafiq YUSİFOĞLU,
Azərbaycan Rеspubliкasının
Əməкdar mədəniyyət işçisi, şair,
 filоlоgiya еlmləri dокtоru, prоfеssоr.

21.05.2017
***
 
AXTARIŞ VARSA...-Vaqif YUSİFLİ + (Sevinc də baxıb)

Onun kəndi işğal altındadır. Son dəfə kəndin arxa tərəfində sıralanan qayanın üstünə çıxır, dönüb qəbiristanlığa tərəf baxır. Qulağına səslər gəlir: Bizi qoyub hara gedirsiniz, hara?! Bu səslərin içində atasının səsini lap aydınca eşidir:

Ata, məzarını qoyub gəlmişəm,
bu dərd yandıracaq, yaxacaq məni.
Səni itirmişdik, bu ağır bir dərd,
indi də dağladı bu dərd sinəmi.

Ata, dözəmmərəm mən bu itkiyə,
köksümdə bir qəbir qazdıracağam.
Yonub ürəyimin bir parçasını,
başdaşın əvəzi basdıracağam.

Ata, məzarını qoyub gəlmişəm,
köksümdən qırılıb qəlbimin tağı.
Səni itirmişdik, bu ağır bir dərd,
 indi də itirdik ana torpağı.


Bu şeirin müəllifi Namiq Dəlidağlıdır. Təxəllüsündən göründüyü kimi əslən Kəlbəcərlidir. İlk şeirlər kitabı olan "Ağ gecənin nağılı" (2006) bu şeirlə açılır. Namiqin ata ocağı, yaşadığı kənd, yurd yanğısı ilə bağlı şeirləri kədərli, kövrək notlar üzərində qurulub. Bunları yazmamaq iç duyğuları Kəlbəcər həsrəti ilə dinən bir şair üçün günah olardı.

Namiq Dəlidağlı elə ilk şeirlər kitabından öz poetik axtarışları ilə diqqəti cəlb elədi. Şair istər kədərdən yazsın, istərsə sevincdən, ilk növbədə, özünün ŞAİR obrazını yaratmalıdır.
Həmin o kədər silsiləsində Namiqin axtarışları uğurlu idi. Kəlbəcərdən çox uzaqda - Sumqayıtda ata məzarı haqqında düşünmək oğul hissiyyatıdır, amma bu hissiyyat Şair hissiyyatına çevrilir: "Orda yad əlində ata məzarı, Burda ürəyimin başı üşüyür" "Yağı düşmən Kəlbəcəri işğal edən zaman bizim qonşu Başlıbel kəndindən bir neçə ailə çıxmağa macal tapmamış, dağlara-daşlara çəkilməyə məcbur olmuşdur. Onlardan 28 nəfər 3 aydan artıq kənddən aralıdakı təbii kahada yaşadıqdan sonra gəlib çıxmış, yaşı 90-ı ötmüş Ələsgər baba isə orada qalmışdır" - bu hadisə Namiqin "Dağlar necədir?!" şeirinin yaranmasına səbəb olub.

Bizə bir xəbər ver, Ələsgər baba,
xəbər ver, kimsəsiz dağlar necədir?!
Yolunu ot basmış "Tala bulağı",
bir ildir qəlbimdə çağlar, necədir?

Əlim torpağına çatmayan məzar,
"Yuxusu dağılmış"- yatmayan məzar,
Həsrətdən sinəsi çağlayan məzar,
hər gecə yuxumda ağlar, necədir?

Qayanın köksünə sığınmış o kənd,
talanmış, tapdanmış, yıxılmış o kənd,
yağı əlləriylə dağılmış o kənd,
sökülmüş binalar, tağlar necədir?

Bizə bir xəbər ver, ixtiyar qoca,
 xəbər ver, kimsəsiz dağlar necədir?!


Şairin birinci kitabındakı şeirlərdə iyirmi-iyirmi beş yaş arasında keçilən ömrün yaşantıları əks olunur. Həyatın, dünyanın, gördüyü reallıqların rəngləri, boyaları ilə cizgilənən şeirlər yazılır. "İtirdim sonuncu ümidimi də" nidası eşidilsə də, bu, ani bir təəssüratı ifadə edir. "Böyüyür dərdim, böyüyür" və dərdin böyüklüyünü də öz içində axtarır. Ata həsrətində, yadına düşən qərib axşamlarda...hətta özünün yox, dərdinin iyirmi beş yaşına mübarək deyir. Amma təbiətə sığınanda, dağları, meşələri, çayları seyr edəndə dərdlər unudulub gedir. "Neçəki dağlar var, çaylar axacaq, Dağların gözünün yaşıdı çaylar".
 
On bir ildən sonra - 2017-ci ildə Namiq Dəlidağlının ikinci şeirlər kitabı ilə tanış oldum -"Otel otağından reportaj”. Artıq bu kitabda Namiq Dəlidağlının bir şair kimi kamilləşdiyinin şahidi oluruq. Yenə Kəlbəcər həsrəti, yenə o dağların xiffəti, Vətəndə vətən həsrəti . "Aparammıram" şeiri həmin həsrətin zirvəsidir:

Ta demirəm sağlıq olsun, ay ana,
boşalanlar bir də dolsun, ay ana,
Namiq adlı oğlun ölsün, ay ana,
 səni Kəlbəcərə aparammıram.


Məmməd Aslanın və Ağa Laçınlının xatirəsinə həsr olunmuş şeirlərdə kədərin Məmməd Aslan və Ağa Laçınlı rəngləri ilə qarşılaşırıq. "Torpağa bir tabut söz basdırdılar" - elə bu misra kifayətdir ki, Məmməd Aslanı hər gün yad edək. "Çiçəklərin ballanmağını arılardan qabaq duyurdu Ağa Laçınlı. Laçın dağlarından şirə toplayıb kitab şanlara hörürdü Bakıda"- Ağa Laçınlının şair obrazının ən mühüm cizgisi budur. Ağa Laçınlı mənim fikrimcə, şəhərdə yeriyən bir nəhəng ağac idi, kəndin müdrikliyini, torpağın ətrini, dağların ucalığını yaşadırdı şəhərdə. Amma "xan Laçına gedə bilmədi Ağa Laçınlı".
Namiq öncə qeyd etdiyim kimi axtarışı sevir, söhbət əlbəttə, şeirdən gedir. Məsələn, onun "Kəpənək sevgisi" şeiri orijinaldır, təzə, hansı şairinsə demədiyi, kəpənəkləri seyr edib yanından ötdüyü şeirlərə bənzəmir.

Bir çimdik canınla
necə sevirsən, bu qədər gülləri,
çiçəkləri sən?
Necə qanın qaynayır
sənin gülə-çiçəyə,
sənin ki, qanın yoxdur,
qansız da sevgi olar?
... Mənim qanım olsa da,
sənin kimi sevmədim, nə gülü,
nə çiçəyi, nə də ki, adamları...
Sənin sevgin dünyada
ən ilahi bir eşqdir!
 

 
II
 

... gülləri nə qədər
sevsələr də
ölümünə ağlamırlar
kəpənəklər.
Bir məqamlıq
ömürlərində gül sevdasına,
gül sevgisini
heç nə əvəz eləmir.
Ən ağrılı ölüm belə
ağlatmır kəpənəkləri.
Kəpənəklər
güllərin
sevdasından
 özləri ölür!

 
Keçək sevgi şeirlərinə. Həm birinci kitabda, həm də ikincidə əla yox, yaxşı deyə biləcəyimiz şeirlər var. Ona görə əla demək olmaz ki, hələlik bu sevgi şeirlərində böyük sevginin obrazını görmürəm. Ona görə yaxşı deyirəm ki, səviyyəsindən asılı olmayaraq hamısında yaşanılan hisslərlə qarşılaşırsan, bunlar dibçək gülləri kimi saralan şeirlər deyil. Və onun bu mövzuda bütün şeirləri etiraflar üstündə qurulub. Bir nümunə:

Mən səni sevə bilmədim,
sən məndən üz döndər, gülüm.
O saralmış məktubları,
yığ, özümə qaytar, gülüm.

Bu sevgidən yarımadıq,
yarı doğma, yarı yadıq.
ürəyimdə yaraya bax,
o üzümə çöndər, gülüm.

Özgələşdi bir ad məndən,
ta uzaq gəz, a yad, məndən.
qoyma qala bu od məndə,
 gedirsənsə, söndür, gülüm.


İki kitab, neçə şeir bir şairin - Namiq Dəlidağlının həyata, gözəlliyə, doğulduğu Kəlbəcərə, ata məzarına, ana həsrətinə, həyatın adiliklərinə və qeyri-adiliklərinə poeziya dili ilə baxışını əks etdirir. Ona uğurlar arzulayıram!

Vaqif  YUSİFLİ,
 filologiya elmləri doktoru

“Ədalət” qəzeti
5.10.2017-ci il
 
 
***
"Duyğularımı oyadan şeirlər!"- sevdiyim şair Namiq Dəlidağlıya MƏKTUB+( Sevinc də baxıb)
                                         
Namiq Dəlidağlı! 
 
Orda yad əlində ata məzarı,
burda ürəyimin başı üşüyür.


Misraların məni yaman kövəltdi.

Bu kimi böyük poeziya yüklü misraların məni çox sevdiyim Kəlbəcərə apardı. Gedib o yerləri gəzib dolaşdım...
Dərələrin dərinini, dağların ucalığını, çayların şırıltısını, bulaqların pıçıltısını duydum. Duyğularım saflaşdı...“Otel otağından reportaj” adlı şeir kitabını maraqla oxudum və düşündüm ki, səni kimi şairlər nə yaxşı ki, var!
Vətən şeirləri kitabın demək olar ki, ürəyini, qayəsini təşkil edir.

“Özümzüzə dağlar oğlu-deyirdik,
qürurumuzu sökürlər,
vay dəməm, vay!
Biz hələ yaşayırıq”
- deyə Vətən oğullarını Vətən torpaqlarını azad etməyə səsləyirsən. Sağ ol ki, belə ürəyin var!

“Yur basılmaz-deyir oğlu ölərsə,
qeyrət itər, yağı yurdu bölərsə.
Döyüşərik - dedik, yeri gələrsə,
vaxtı çatıb, döyüşməyin vaxtıdı!”


Qələbə himni kimi səslənən misralarına görə sağ ol, Namiq Dəlidağlı.
Dəlidağın vüqarını, əzəmətini şeirlərində yaşadan Ağıllı Dəlidağlı.

“Çıx, deməklə yurddan şıxmaz bu yağı,
 qırıb - çatıb döyüşməyin vaxtıdı!”


Bu misralarına görə sağ ol! Namiq, sağ ol!
Qoy düşmən bilsin ki, biz gec gəlirik, amma güc gəlirik!

Ürəyi Vətənin Kəlbəcəri üçün göynəyən şair! Qələmin silah qədər dəyərli və kəsərlidir!

"Çaylaqda daşının sayı yadımda,
çöllərdə quşunun sayı yadımda.
Əgər yaddan çıxsa lap soyadım da,
yurdum, yaddan çıxmaz bir çopur daşın."


Sən dünyanın, həyatın şirinliyini Vətən torpağında görürsən və deyirsən:

“Keçdim dünyanın içindən,
boşca qəfəsmiş, demə!”
 

Unudulmaz şairimiz Məmməd Aslana həsr etdiyin şeir də Vətən şeirlərinin davamıdır.

“Torpağa bir tabut söz basdırdılar…
indi kəpənəlıər sözə qonacaq,
Arılar şirəni sözdən çəkəcək,
ürəkdən çəkəcək, gözdən çəkəcək,
bu məzar söz adlı bar gətirəcək.
Çiçək bitirəcək, gül bitirəcək,
 burda göyərəcək hər kəlmə, hər söz!”

Gözəldir!

Şairin yatdığı torpaq çiçək bitirəcək, söz bitirəcək. Qardaş, bu misraları necə yazmısan, ürəyin necə dözüb bu misraların əbədiyaşar qüvvəsinə!
 
Gözəl şairimiz Ağa Laçınlıya həsr etdiyin şeir də əbədiyaşardı...

"...Çiçəklərin ballanmağını
arılardan qabaq duyurdu
Ağa Laçınlı.
Laçın dağlarından
şirə toplayıb kitab şanlara
hörürdü Bakıda...
Auditoriyalarda bal daddırırdı
 tələbələrinə..."


Bu misraları yetərincə qiymətləndirməyə qələmimin gücü çatmır, Namiq!
Bilmirəm, hansı şeirin haqda yazım. Sanki kitabdakı nəğmələr əbədi solmayacaq çiçəklər kimi “məni dər, məndən danış” deyir. Ağa Laçınlını Laçına qayıda bilməməsi səni də yandırır, bizi də... Nə yaxşı ki, bu misralardan vərəqlər od tutub yanmır!

"...On beş il xan Laçına gedə bilmədi,
Ağa Laçınlı:
şirə çəkməyə, bal toplamağa.
 Bakıda mayasını yedi və..."


Yurd-yuva həsrətiylə “mayasını yeyən arı kimi...”

Lirik şeirlərin də Vətən şeirləri kimi kövrək, düşündürücü, könül oxşayandı, şair!

"Daha hər şeydən bezmişəm,
məzədən, meydən bezmişəm,
əlimi səndən üzmüşəm,
yaşamaq nə pismiş demə."
 

Gözəldir!

"...gül sevgisini
heç nə əvəz eləmir.
Ən ağrılı ölüm belə
ağlatmır kəpənəkləri.
Kəpənəklər
güllərin
sevdasından
 özləri ölür!"
- kimi misraların son ədəbi kəşflərimizdən biridir, deyərdim. Belə deyimləri demək hər şairə qismət olmur, Namiq Dəlidağlı. Sənin bu kövrək qələmin, ürəyin, əllərin var olsun! Kitabı birnəfəsə oxudum və tez oxuyub qurtarmağıma heyfsiləndim.

 Məmməd Namaz..

2017
 
 
***

Sözün kədər köynəyi - Namiq Dəlidağlı +(Sevinc də baxıb)


21-06-2020 14:54

Namiq Dəlidağlının yaradıcılığına boylananda orada  bir tifili gördüm: yurd-yuva həsrətli, yetim baxışlı - niskilli, duman - çiskinli...
Necə də yerində deyilib bu fikir: "…Yazılanlara tərif və ya tənqid hər bir şəxsin fikir və dünyaya baxış pəncərəsindən görüntülər olduğu üçün bu fərdlər heç zaman şair qəlbinin dərinliklərinə baş vura bilməzlər".
Peşəkar qələm və söz adamının bədii yaradıcılıq nümunələrinə fikir bildirmək, haqqında bir neçə kəlmə yazmaq çox da asan deyil. Dəfələrlə olub ki, qələm mənim qəlbimə, qəlbim isə duyğularıma sığal çəkə-çəkə yalvarıb. Ona görə yox ki, kiminsə xoşuna gələcək nəsə qələmə alım.
Kəlbəcər ədəbi mühitinin formalaşmasında sözü  və izi olan qələm sahiblərinin bəzilərinin yaradıcılığına yaxından bələd olsam da, hələ onların hamısı haqqında  ürəyim istədiyi kimi yazmaq, onları olduğu kimi ayrı-ayrılıqda təqdim etmək imkanım olmayıb, vaxt baxımından. Yazmaq mənim borcumdur, axı, əksəriyyəti sözün əsl mənasında şairdir – söz əhlidir, baxmayaraq ki, “özümüzünkülər”dən bəziləri buna dodaq büzür. Ona görə də bir vaxtlar “Dəlidağın nəğmələri”ndə qəlbimə yol tapan, əsl söz və qələm dostlarımdan üzr istəyirəm. İmkanım çatanların, təqdimata ehtiyacları olmasa da, bəzilərinin yaradıcılığının geniş oxucu auditoriyasına çıxarılmasında əlimdən və dilimdən gələnləri əsirgəməmişəm. 300-dən artıq kəlbəcərli söz adamının yaradıcılıq nümunələrini toplayıb nəşr etdirdiyimiz "Kəlbəcər: yüz şairin bir kitabı" antologiyası və "Kəlbəcər: sazın-sözün harayı" almanaxı da bunun təsdiqidir. Mən Kəlbəcərin ədəbi mühitini arayıb-axtarıb tədqiq etmək məqsədi ilə olmasa da, çap etdirdiyim kitablarım əsas verir deyim ki, bu sahədə vicdanıma sığınıb, adamı, imkanı, pulu olmayan istedadlılarımızı unutmamışam. Amma elə dostlarım var ki, üzümə çəkməsələr də belə, onlar məndən heç olmasa, bir məqalə umublar, özü də çox haqlı olaraq.

“Çiçəklər dərdin götürüb çıxır torpağın üzünə...”

Son otuz ilə yaxındır ki, Kəlbəcər ədəbi mühitinin yaranması və formalaşması həyatımızın  ağır və məşəqqətli – qaçqınlıq- köçkünlük illərinə təsadüf etdiyindən, bu mövzu hər bir qələm və söz əhli olan kəlbəcərlinin deyərdim ki, yaradıcılığının ana xəttini təşkil edib. Ağdabanlı Qurban, Dədə Şəmşir, Bəhmən  və Sücaətdən başlamış, ilk  kitabını (“Vaxt olsa…”) utana-utana təqdim etməyə özündə cəsarət tapan Elnur Bayramadək (şair qardaşımız məni bağışlasın ki, ona da yazı borcumu hələ  verə bilməmişəm) hər birinin cümləsinin mübtədası da, xəbəri də yaralıdır…
Niyə Elnur Bayramın adını çəkdim? Görün bir necə mənzərə yaradır bu dərddən boylanan bənövşə boylu şairimiz:

Çiçəklər dərdin götürüb
çıxır torpağın üzünə.
Baxır, göz yaşları tökür,
 tökür yarpağın üzünə…


Fikir verdinizmi, mən klassiklərimizdən nümunə çəkmədim. Onlar daim istinad yeri olublar. Amma, nə gizlədim, gəncliyimizi qocaltdıqdan sonra yada, fikirlərinə nəzər salırıq. Bu dəfə ənənəyə sadiqliyi bir tərəfə qoyub, tanınmamış, kölgəyə çəkilib yerini özgələrinə verənlərə müraciət etməyim səbəbsiz deyil: bizim gəncliyimizin təravətli poetik nəfəsində də bir klassizm duyulmaqdadır.
Məqsədim kəlbəcərli qələm sahiblərinin yaradıcılığına bütövlükdə bir aynadan baxmaq deyil, onların arasından və sırasından seçib birinin qəlb döyüntülərini eşitməkdir.
Hələ Kəlbəcərdə yaşadığımız o bəxtəvərli günlərimizdən tanıdığım, şeiriyyətinə və mənəviyyatına bələd olduğum Namiq Dəlidağlı bu gün qəlbimin, fikrimin, hissimin qonağıdır. Yəni, Namiq Dəlidağlını hələ onun uşaqlıq, mənimsə gənclik illərimdən tanıyıram. Ailəsini, qohum-əqrabasını görməsəm də, sözü ilə mənə doğmalaşıb. Dəlidağın ətəklərində dünyaya göz açan Namiq həyatın ağrı-acısını çox erkən yaşlarından dadmağa başlayıb. Bunu haradasa, kiməsə birbaşa deməyib. Qəlbindəkilər misralananda oxumuşuq onun dərdini.
Namiq Dəlidağlı çox istedadlı olması ilə erkən yaşlarından diqqəti cəlb edirdi. Kəlbəcərin zirvə obalarının birində - qədim türk məskənlərindən olan Çovdar kəndində dünyaya göz açıb. Oğul var ki, doğulduğu yurdun adını şərəflə yaşadır və o yurdla tanınır. Oğul da var ki, nəslini və doğulduğu kəndini tanıdır. Məsələn, Bəhməni və Sücaəti heç kim soruşmayıb ki, haralıdır. Onlar Kəlbəcərdə doğulub Türk dünyasına söz şəfəqlərini saçan, günəş kimi parlayan, Ay tək zülmət gecələrə nur səpən oldular. Dillər əzbəri olan belə yaradıcılarımız əbədiyyət qazanırlar. Hər iki şairdən kimsə doymadı. Yaşayanda, yaradanda da belə olmalısan.
Kəlbəcərdə  doğulub söz adamı kimi tanınanların heç də deməzdim ki, hamısı bu zirvəni fəth edir. Ustad ozanlarımızdan başlamış bugünkü istedadlı gənc nəsillərədək keçilən ədəbi yolda axsayanlar, kimlərinsə “misralarından yapışıb”, ona bənzər söz yığını yazıb özlərini şair kimi sırıyanlarımız da az olmayıb. Lakin bircə bəndi ilə dillər əzbəri Namiq Dəlidağlı kimi könül adamlarımız da oldu, az olsalar da.
Onlardan yazanda qələmim və qəlbim dil açıb, yazda gül-çiçək açan kimi.
Oxuculara xatırladım ki, Namiq Dəlidağlı haqqında ötən illər ərzində çox  fikirləşmişəm yazmağa. Çünki layiq olmayanlar haqqında dəfələrlə qələmimi gücə salmışam  və sonradan peşman olmuşam. Mənə ciddi iradlar da tutulub: “…heyf ki, o portret-oçerki filankəsə həsr eləmisən, onun  bədii yaradıcılığı olsa da, ədəb-ərkanı  ki, yoxdu…”
Haqqında dəfələrlə məqalə yazdığım Kor Bəsti, Dədə Şəmşir, Cavid Qurbanov, Ənvər Rza, Əyyub-Yaqub qardaşları, Qəmkeş Allahverdi, Aşıq İmran Başlıbelli, Yusif Hüseyn, Sücayət, Seyid Əli, Vəli Çiçəkdağlı, Elnur Bayram, Əmrah Qəmxar… söz sərraflarım olub. Onlardan yazanda qələmim və qəlbim dil açıb, həm də yazda gül-çiçək açan kimi. Çünki poeziyaları, sənətləri ilə könülləri fəth ediblər, şəxsiyyətləri də öz yerində...
Açığı, bəziləri olub ki, hətta, məndən yazı umublar, amma, yaza bilməyəcəyimi deyə bilməyib, “yaxşı, olar, inşallah, sizdən daha məşhurlar yazar” deməklə can qurtarmışam.
Namiq Dəlidağlı ilə ilk tanışlığım, qeyd etdiyim kimi, hələ Kəlbəcərdə olub, söylədim: mən gənc, o isə məktəbyaşlı bir istedadlı idi. Namiq Dəlidağlıya qədər Kəlbəcərdə bir neçə istedadlı məktəbli kəşf eləmişdim, bircə misrası, ya da məqaləsi ilə. Onların arasında daha çox yaddaşıma yazılan şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, alim qardaşım, “Bütöv Azərbaycan” qəzetinin redaktoru İlham Məmmədli, “Press-fakt” qəzetinin yaradıcısı Məqsəd Nur, “Modern.az” saytının yaradıcısı, Parlament Jurnalistləri Liqasının prezidenti Elşad Eyvazlı, “Türkistan.info”nun və “Türkistan” qəzetinin yaradıcısı və baş redaktoru Aqil Camal… və adlarını sadalaya bilmədiyim neçə-neçə qələm və söz adamları olublar.
 Namiq Dəlidağlı haqqında çoxdan yazmaq istəsəm də, buna ya vaxt olmamışdı, ya da mən hələ fikrimi tam formalaşdırmamışdım, baxmayaraq ki, biz yaradıcılıq yollarında bir-birimizin uğurlarını az izləməmişik.
 
Namiq Dəlidağlı yalnız şair deyil. Onun şairliyi kəlbəcərli olmasından, ilahi təbdəndir, yəni Tanrı vergisidir.
 

Mənim budəfəki oçerkimin qəhrəmanını rəsmi tanıtmağa ehtiyac ona görə duydum ki, o, indiyə kimi heç yerdə, heç bir tədbirdə, hətta, kitablarının təqdimatlarında da bədii, yaxud rəsmi tərcümeyihalını dilə gətirməyib. Bircə kəlmə ilə kifayətlənib: “Tərcümeyihalım Kəlbəcərdə qalıb”
Amma, necə deyərlər, mən onun “saqqızını oğurlayıb“ (bu da mənim jurnalistlik təcrübəmdən irəli gələ bilər-M.N.)  tanıtması ilə sizləri də tanış edirəm: 1970-ci ildə Kəlbəcərdə anadan olub. İxtisasca  jurnalist-filoloqdur. Hələ orta  məktəbdə oxuduğu  illərdən  şeir  və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və respublika mətbuatında dərc  edilib. 1993-cü  ildən  dövri  mətbuatda çalışır. Müxtəlif  qəzetlərdə müxbir, parlament  müxbiri, şöbə müdiri  işləyib. “168 saat”, ”Hər şey sizin üçün”, “Gəncliyin səsi” , “Dəlidağ” qəzetlərinin baş redaktoru olub.
Ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”,“Murovdağ”, “Vaxt”, “Yeni Dünya”, “Səhifələr”, “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi” və. s qəzetlərdə, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali Ziyalı”, “Xəzan” və digər dərgilərdə, internet saytlarında yayılıb, sevilə-sevilə oxunub. Bir sıra şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb.
Beş publisistik kitabın müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj” şeirlər kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” və digər ali ədəbi və media mükafatlarına layiq görülüb. Hazırda “Manevr.az” MMC-nin direktoru, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyinin sədridir. Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” xəbər portalının köşə yazarı, Prezident təqaüdçüsüdür.
Bunlar Namiq Dəlidağlının obrazını, portretini sözlə cıza bilməz. O, ötəri yerə deməmişdi: “Tərcümeyihalım Kəlbəcərdə qalıb”.
 

Onun bədii yaradıcılıq nümunələri ilə tanış oduqca gözlərimiz önündəki o bir az fağır, bir az da utancaq kənd uşağı böyüyür, sözün hikmətində ucalır, "qocalır". Ona görə də bir vaxt demişdim ki:

Yarpaq-yarpaq, budaq-budaq boy atıb,
Ucalanda ucalasan beləcə.
Kəlmə-kəlmə, misra-misra əriyib,
 özün kimi, qocalasan beləcə!


Əslində, bu il gəncikən müdrikləşmiş şair qardaşımızın yubiley yaşıdır. Bu ilin payızağzı Namiq Dəlidağlının 50 illik yubeliyidir. Harada və necə qeyd edəcəyini bilmirəm. Vallah, biz kəlbəcərlilərin bütün gözəl məclisləri Kəlbəcərdə qalıb, Namiq Dəlidağlının da uşaqlıq, yeniyetməlik çağları. Elə özü etiraf edir ki, onun tərcümeyihalı yoxdu, Kəlbəcərdən sonra nə yaşadı ki, nə gün gördü ki, yaddaşa, tarixə həkk edilsin? Amma, illərə nə var ki, öz yolunda, izindədir və bizi öz karvanı arxasınca çəkib aparır.

“Çölümdə mən kiçilirəm, içimdə dərdim böyüyür...”

Namiq Dəlidağlı haqqında o qədər ürək sözlərim var ki, sanki onun yaradıcılığını əzbər bilirəm. Heç vaxt özünü poeziya dili ilə təqdim eləmədiyini deyən şair bəlkə də bunu  təvazökarlıqdan edir. Lakin şairin hər şeirinin sətiraltısından bir Namiq Dəlidağlı da boylanır:

Bu dərd çəkdikcə azalmır,
çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
içimdə dərdim böyüyür.


Bayaq dedim ki, bizim gözlərimiz önündəki Namiq şeirlərində bir özgə cürdür. Sözün gücü yetərmi bu dərdi çözələsin? Amma Namiq Dəlidağlı düşüncələri hiss etdirir ki, onu tanımaq üçün oxumaq lazımdır. Türkçülüyü ilə qürur duyan qardaşım poeziyasının bayrağına da elə TÜRK emblemi həkk edib baş sözlərlə:

Bölgə-bölgə Turandı,
bütün ölkə Turandı,
dünya Türkə Turandı,
Tanrı Türkü qorusun!


Nə yoruldum, nə durdum,
sevgim çox sənə, yurdum,

yaşar olsun Boz Qurdum –
 Tanrı Türkü qorusun!


Namiq Dəlidağlı yalnız milliliyinə qapılıb qalmır. O, bəşəri duyğuları ilə də özünü sevdirən şairdir. Yaradıcılığındakı modernzmə meyillilik buradan qaynaqlanır desək, səhv olar. Onun şeirləri vəznlərin standart, basmaqəlibinə sığmır. Buna görə də şeirləri sərbəstlikdə özünü daha  oxunaqlı olduğunu təsdiqləyir. Deyim ki, Kəlbəcər ədəbi mühitində əsasən klassik aşıq ədəbiyyatı nümunələri daha çox işlənib, buna inanın. Hətta, ötən əsrin səksəninci illərinədək Kəlbəcərdə sərbəst vəzndə şeir yazan kimsə olubsa (Ənvər Rza istisna olunmaqla. Çünki ölməz şairimiz Avropanın ən məşhur klassiklərini poeziya dili ilə çevirəndə, təbii ki, sərbəst vəzni kamil bilməsi olduqca vacib idi), sonralar Yusif  Hüseyn və bugünkü gənc qələm sahibləri də bu janrı bildiklərini öz bədii lövhələri ilə təsdiqləmişlər. Elşən Əzimi, Xəqani Həbiboğlunu, Milli Daşqın Ziyəddinoğlunu... nümunə göstərsəm, digər qələm və söz adamlarımız, xüsusən də Ələmdar Cabbarlı inciməsin...
Namiq Dəlidağlı da sələfləri və xələfləri üçün örnək olacaq bədii sənət nümunələri yaradıb. Onun da yaradıcılıq boyu sərbəst vəznin imkanlarından bəhrələnməsi yalnız təbin və istedadın deyil, həm də elmi ədəbiyyatın bilicilərindən biri olmasını isbatlayır. Lakin bu, o demək deyil ki, şair klassik şeir növlərindən olan heca vəzninə müraciət etməyib. Namiqin heca vəznində də qələmə aldıqlarında yeni deyim və ifadələr yetərincədir. Yəni, özünəməxsusluğu yaradıcılıq boyu özünü təsdiqləyir. Sərbəst vəzn şairin poetikasını, lirikasını isə bir özgə cür təqdim edir, “Şəkilli şeir”ində olduğu kimi:

Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
Baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
...bilirsənmi gəlişi
heç hansı ana düşdü?!
Sənsizliyin ağrısın çəkən
məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
  Mənə şəkil göndərdin....


 
“İçim, çölüm çox azad, dərdim, qəmim kəm idi”


Mən bu şeirdən bircə bəndi də nümunə göstərə bilərdim. Lakin bu sərbəst vəzndə qələmə alınan nümunə tələb edir ki, şeiri bütövlükdə yazasan. Qoşma, gəraylı, divani, təcnis, müxəmməs... klassik şeir janrları kimi yetərincə işlədiliblər, mövzu baxımdan da, janr etibarı ilə də. Saysız-hesabsız dağlar, Vətən, ana, həsrət, sevgi... ünvanlı şeirlər bu vasitə ilə özünü sevdirib. Köhnə mövzuya yeni deyim forması gətirmirsənsə, sən Aşıq Ələsgərdən, M.P.Vaqifdən, S.Vurğundan, Ağdabanlı Qurbandan, yaxud digər klassiklərimizdən -M.Arazımızdan, M. Aslanımızdan da güclü poetik dilə məxsussan ki, onlardan yaxşı yazasan? İnandırıcı deyil. Namiq Dəlidağlının “Etiraf”ında da bunu açıq-aydın hiss edirik:

Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.
 


İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar
dünən yəqin dəm idi.
 

Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu
dolanırdı başımda.
 

Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
  bu gün sənə möhtacam.


Namiq Dəlidağlı şeir yazanda bu eybəcər, bozüzlü cəmiyyətdən qaçıb bir dağın başına çıxmaq istəyir, ya da ki, tənha söyüdün altını Vətən bilir, Bəhmən Vətənoğlu kimi. Ona görə də şeirlərinin birində deyir ki:

Şeir yazanda istəmirəm
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya
təkrarlayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu
eşq yaşayıram şeir yazanda.
Hamıdan gizlənirəm,
hamıdan utanıram o an...
Sonra şeir doğulur.
Şeirin də xoşbəxti,
bədbəxti olur,
yaşayanı da var,
 öləni də…


 
Məncə, bu mövzu şeirin başqa janrlarında belə ifadə edilməzdi. Şeirin qafiyə, heca… tələbli çərçivəsinə sığmazdı bu sərbəst fikir. Ona görə də sırf  Namiq Dəlidağlının özünəməxsus üslub və ifadəsi ilə yazılıb.
Şairin  fikirləri mənsur şeir kimi sərbəst formada elə sadə, səmimi, ürəyəyatımlı səslənir ki. Sanki onu sən yazmısan. “Ağ gecənin nağılı”nda bu fikrimi əsaslandıra bilərəm:

Ağ dəvələr ağ gecədə
ağ yollarla yön almışdı üzü Qərbə.
Ağ yuxular, ağ arzular
çin olmuşdu bu ağ gecə.
Bir ağ karvan yol gedirdi
ağ günlərin işığına.
...Ağ ümidlər, ağ gümanlar
ağ dağlara aparırdı ağ karvanı.
Bu gecənin ağ həsrəti,
ağ hicranı əriyəcək.
Ağ vüsala qovuşacaq
bu ağ karvan.
...Bu bir ağ nağılıydı,
bu nağılda ağ elədim,
 buna heç kəs inanmaz.


 
Namiq Dəlidağlının qələmində sevgi də, nifrət də, sevinc də, qüssə-qəm də eyni ahənglə yazılır. Dərdin ağırlığı, qəmin niskili, sevincin təbəssümü bir-birinə o qədər oxşayır ki, sanki bunlar bir dibçəkdə cücərdilib. Namiq Dəlidağlı həsrəti vüsal qədər sevir. Ona görə də poeziyasında bu təzadlar natarazlıq yaratmır. Filosoflar deyirlər ki, qəlbin o qədər geniş olmalıdır ki, sevgini nifrət kimi, həm də əksinə oxucuya çatdıra biləsən. Namiq Dəlidağlının yaradıcılığnda insan amili, yurd, torpaq həsrəti eyni məxrəcə gətirilir:

Düşmən gülləsindən qaya çapılıb,
həsrətdən dağların qaşı çatılıb.
Sınıq pəncərəli, sınıq qapılı,
 Allah, evimizin daşı üşüyür.


Bu bircə bənddəki itirilmiş yurd yerinin dərdinin ağırlığını hiss eləməmək, diz çökməmək olarmı? Bax, bədii əsərin siyasi, publisistik düşüncələrdən fərqi də budur: oxucuya fikrini çatdıra bilmək məharəti. Mən bu bəndi damcılayan göz yaşlarımla oxudum.

“Torpağa bir tabut söz basdırdılar”…

Azərbaycan dilinin şəhdi-şirəsinin dadını şeiriyyətinə hopdurmuş Məmməd Aslanın yoxluğuna elegiya yazan Namiq Dəlidağlının misraları doğrudan da sanki ağıdı, sızıltısı sətirlərə hopub. Fikrin ağırlığına baxın: “Torpağa bir tabut söz basdırdılar”:

İnsanlar bir tabut söz qaldırdılar,
bu sözün altında hər ürək dözməz.
Torpağa bir tabut söz basdırdılar...
çəkəcək canına sözün qanını,
yeyib dadlanacaq, sözü, şeiri,
 gözü doymayacaq bu şirin daddan.
 ...Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək.
ürəkdən çəkəcək, gözdən çəkəcək.
Bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək...
 Burda "göyərəcək, hər kəlmə, hər söz".
 

 …Uca kürsülərdən şeir deyirlər,
"söz satıb" nə qədər çiçək alırlar,
şairlər güllərdən şirə çəkirlər,
şeir hörürlər...
...Şairlər üzünə söz tutub ölür.
Söz tutub üzünə gedir şairlər,
haqqın dərgahına və ayağına...
Bir az yüngül olur şair cəzası,
sözə bağışlanır nə günahı var...
  ....şair öldü!


Mən bu şeiri kəsib bircə bəndini təqdim edə bilmədim. Bu misralar bir-birinə qulac saç kimi burum-burum hörülüb. Sözlər Məmməd Aslan tabutu ilə məzara sallanan söz düyünçəsidir, yumaqdır sanki, kələf kimi dolaşmayıb. Qıymaq olar onları ayırasan?! Var  ol, Namiq Dəlidağlı!
Ədəbiyyat həyat hadisələrini bədii boyalarla özündə əks etdirən güzgüdür,-deyirlər. Məncə, bu fikir bir qədər bəsitləşib. Ədəbiyyat ilk növbədə həyatın özüdür, ona bədii boyanı verən isə xilqətdəndir. Kim ki Tanrının söz peyğəmbəridir, o, sözün su kimi lətafətliliyini duyur və sözə ehya verir ki, dəyərdən düşməsin. Söz Tanrının yadigarı, Peyğəmbər səxavətlidir. Söz Tanrının göndərdiyi ən ülvi ünsiyyət vasitəsidir - dillə, qələmlə ifadə edilir. Kim ki sözünün yiyəsidir, o həm də Tanrının sevimli bəndəsidir.
Namiq Dəlidağlı da Tanrının yerdəki söz peyğəmbərlərindən biridir: ilahi vergili, ədəb-ərkanlı, mədəniyyətli, mərifətliliyi ilə…
Bir “Ağrı” baş qaldırdı duz basdığımız yurd, bütöv Azərbaycan yaramızdan, Göyçə, Təbriz həsrətimizdən. Namiq Dəlidağlının “Ağrı”sı mənim də qəlbimi sızıldatdı. Demək, ürəkdən, qəlbdən süzülüb gəlib. Elə “ağrılı-ağrılı” da yazıb, ona görə də ağrılı oxunur:


Bu gecə duz basdım
Təbriz ağrıma,
Dərbənd dərdimə,
Zəngəzur həsrətimə,
Borçalı göynərtimə,
Qarabağ yarama…
Cızdağım çıxanacan
yanım deyə…
Yuxum ərşə çəkilsin deyə….
Şərti ad qoydum onlara:
ürəyimə Təbriz,
sinəmə Dərbənd,
bir gözümə Zəngəzur,
birinə Borçalı,
dilimə Qarabağ…
Hərəsi öz dilində ağladi məni…
duz basdığım yaralarım…
 Of, canım göynəyir…


 
Namiq Dəlidağlı dağların balası olduğunu elə “dəli”liyi ilə təsdiqləyir. İlk cümləsindən, hələlik son xəbərinə kimi özünü oxudur, düşündürür. Düşüncələrimin yorğunluğu çıxır Namiqi oxuyanda.

50 illik ömür yolunda…

Namiq Dəlidağlı, Kəlbəcərdəikən əlinə qələm alıb fikrini nəzmə çəkəndən Dəlidağın balası olduğunu təsdiqləmisən! Halalındı, qardaş! Bu il Sənin 50 illik yubileyindir. Bilmirəm hansı şəraitdə, necə qeyd edəcəksiz, öz işiniz və bir də üzvü olduğun Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin, ədəbi ictimaiyyətin borcudur ki, bu əlamətdar tarixi unutmasınlar. Qaldı ki, qələm və söz adamı kimi, sevilə-sevilə oxunmağınıza, bu, bir ellin və ilk yaradıcılıq bar-bəhrəni mətbuata çıxaran müəllimlərindən biri kimi (xatırladım ki, o zamanlar Kəlbəcərdə “Dəlidağın nəğmələri” ədəbi birliyi fəaliyyət göstərirdi. Mərhum şair-alimimiz Şamil Əsgər həmin birliyin sədri, mən isə mətbuat üzrə müavini idim. Redaksiyada həmin şeirlərin ilk oxucusu mən olurdum, çapa gedəndə) səninlə, qələmin, özün və ədəbi sözünlə sevilirsən o vaxtlardan!
 50 illik ömür yolunda qazandıqların halalın olsun, itirdiklərinə heyfsilənir, qazanacağın uğurlara sevinmək üçün gözləyirəm. Ömür və yaradıcılıq yollarında daim yaşıl işıq yansın. Dedi-qodulara baş qoşma. İstedadsızlar istedadlılara daima tor hörmək, onun qazandıqlarını itirməsi üçün bədniyyətli hərəkətlərindən qalmırlar! Dəlidağ kimi bundan sonra da vüqarlı ol!

Məhəmməd NƏRİMANOĞLU 
2017
 Dalidag.az
 
 
***

 

 

"Ağrıdan doğulan poeziya" - İlham Məmmədli+i=mmmm1-2020 10:58(Sevinc də baxıb)



 Poeziya ruhun və düşüncənin sözlə emosional ifadəsidir. Ədəbiyyatın digər köklü qolu olan nəsr də insan duyğularının bədii ifadəsi olmasına baxmayaraq min illərdir ki, insan oğlu qəbinin ən munis hisslərini daha çox şeirlə, nəğməylə ifadə edir. Həm də poeziya nəsrlə müqayisədə daha yığcam, emosional olduğundan insan hisslərini daha canlı əks etdirir və tez yadda qalır.
Böyük yunan filosofu və ensiklopedik elm adamı Aristotelin ədəbiyyatı təsnifatlandırmasından min illərlə vaxt keçməsinə, cəmiyyətdə və düşüncədə çox sayda elmi-mədəni inqilablar baş verməsinə, söz sənətində “izmlər”in bir-birini əvəz etməsinə baxmayaraq əsl şeirin yeri və missiyası bu gün də öz ucalığını qoruyub saxlayır. Fikrimə bir qədər uzaqdan başlamağım səbəbsiz deyil. Bu gün ədəbiyyatda olduğu kimi onun əsas qolu olan poeziyada da hələ də “köhnə dünya” ilə “yeni dünyanın” qarşıdurması davam edir. Yenə də “atalar və oğullar” arasındakı mübarizə “ənənəvi şeir”lə “müasir şeirin” kəskin çarpışması kontekstində davam edir. Atalar və oğullar arasındakı bu əbədi və dönməz mübarizəni dialektikanın əsas qanunlarından biri kimi təbii qəbul etsək də hər dövrün ədəbi mübarizə üsullarının fərqli cəhətlərini də unutmaq olmaz.
Azərbaycan ədəbiyyatının böyük tarixi keçmişə və zəngin ədəbi irsə malik olması tarixi faktdır. Lakin etiraf edək ki, bu nəhəng irsin, mənəvi sərvətin anadilli nümunələri bizə ruhən daha yaxın və doğmadır. Xüsusilə ədəbiyyatımızda Molla Pənah Vaqif və Aşıq Ələsgər yaradıcılığı ilə oturuşan sadə xalq dilində yazılmış şeirləri müasir poeziyamızın da əsas lokomotivi hesab etmək olar.
Ədəbiyyatımızın bu gün inkişaf və axtarış baxımından ən qaynar qollarından olan Kəlbəcər ədəbi mühiti yeni yol ayrıcındadır. Xatırladım ki, ozan-aşıq şeiri müstəvisində formalaşan Kəlbəcər ədəbi mühitində uzun müddət, xüsusilə işğala qədərki dönəmdə ovqat şeirləri aparıcı xətt təşkil edib. Burada təbiət mövzusu, saf sevginin tərənnümü və insanın yaşadığı mühitdə keçirdiyi müxtəlif fərdi hisslər kəlbəcərli şairlərin yaradıcılığında əsasən heca vəznində öz bədii əksini tapıb.
Kəlbəcərin işğalından sonra isə ədəbi mühitdə yurd nisgili, torpaq ağrısı, vətən uğrunda müqəddəs savaşa çağırış notları daha qabarıq şəkildə özünü büruzə verib.

Kəlbəcər ədəbi mühitinin ən istedadlı nümayəndələrindən olan Namiq Dəlidağlının imzası Azərbaycan oxucusuna və ciddi ədəbiyyat adamlarına yaxşı tanışdır. Onun yaradıcılığı haqqında ölkənin bir çox tanınmış ədəbiyyatşünasları, poeziya araşdırıcıları, mütəxəssislər resenziyalar, məqalələr yazmış, poeziyası barədə yüksək fikirlər səsləndirimişlər. Qeyd etdiyim kimi Namiq Dəlidağlının ədəbiyyata yolu Kəlbəcər ədəbi mühitindən başlamış, hələ orta məktəbdə oxuduğu illərdən ədəbi mühitin təsiri ilə özünün ilk duyğularını sözə, şeirə çevirmişdir.
Kəlbəcərin işğalından sonra Namiq Dəlidağlının gənclik dövrü Sumqayıt şəhəri ilə bağlı olmuş, artıq neçə illərdir ki, o, burada və paytaxt Bakıda daha geniş, qaynar ədəbi prosesin içərisindədir. Bu illər ərzində Namiqin ən böyük uğuru o olmuşdur ki, öz imzasını Azərbaycan oxucusuna sevdirə bilmişdir.
Bu il Namiq Dəlidağlı ömrünün 50-ci zirvəsini geridə qoydu. Qarşımda şairin bu illərə hesabatı sayılacaq “Əllidə ələnənlər” adlı kitabının əlyazması var. Etiraf edim ki, kitaba "ön söz" yazmaq mənim üçün həm asan, həm də çətindir. Asanlığı ondadır ki, Namiq Dəlidağlı uzun illər tədqiq etdiyim Kəlbəcər ədəbi mühitinin yetirməsidir və mənim bu mühitdə baş verən ədəbi proseslərdən az-çox xəbərim var. Çətinliyim isə ondadır ki, mən Namiqin yeni şeirlərini oxuduqca onun nə qədər püxtə bir şair olduğunun, bu şeirlərin təhlili üçün ciddi bir zamana ehtiyac duyulduğunun fərqindəyəm.
Öncə qeyd etmək istəyirəm ki, Namiq Dəlidağlı yaradıcılığında Kəlbəcər ədəbi mühitinə xas olan ənənəvi şeir nümunələri yetərincə olsa da, onun poeziyasının aparıcı qolunu daha çox süjetli şeir və müasir poeziya “izmləri”ndən qidalanan yeni formalı şeirlər təşkil edir. Diqqətlə fikir verəndə aydın görünür ki, Namiqin şeirlərində qədim folklorumuzdan müasir söz dünyasına yeni bir yol uzanır. Bu yol öz başlanğıcını qoca Şərqin sirli-sehirli gecələrinin nağıllarına bürünmüş qədim şəhərlərinin daş karvansaralarından, yovşan ətirli bozqırlardan götürüb Qərbin göz qamaşdıran və baş gicəlləndirən meqapolislərinə, bu dünyada öz mövqeyini qoruyub saxlayan söz aləminə üz tutur.

Ağ dəvələr ağ gecədə
ağ yollarla yön almışdı üzü Qərbə.
Ağ yuxular, ağ arzular
çin olmuşdu bu ağ gecə.
Bir ağ karvan yol gedirdi
 ağ günlərin işığına...


Ağ işıq Namiqin şeirlərinin “süd yolu”dur. O yol ki bədii sözün gücü ilə milləti işıqlı günə yönəldə biləcəyinin arzularıdır. Elə türk oğlu da min illərdir ki qaranlıq gecələrdə sübh ulduzunun parıltısına, şaxtalı, boranlı günlərdə öz fəhminin gücünə köhləninin yalmanına yatıb, bitib tükənməyən arzularının qanadlarında dərələrdən yel kimi, təpələrdən sel kimi Şərqdən Qərbə - “Qızıl alma”nı tapacağı günün eşqinə at sürür. Yolların damarın qırır, mənzillər kəsir, ancaq nə yol qurtarır, nə də arzular tükənir.
Qeyd etdiyim kimi, Namiq Dəlidağlı ilkin bədii ruhunun formalaşdığı ədəbi mühitdəki ənənələrdən kənara çıxaraq poeziyanın daha fərqli müstəvisində uğurlu söz deməyi bacaran və öz yolunu tapan şairlərdəndir. Əsl söz adamının əsas üstünlüyü ondadır ki, o, asan yolla getmir, öz cığırını, çəhlimini açmağa çalışır. Hisslərini, duyğularını bədii sözün yaddaşına köçürəndə də məhdud milli təəssübkeşlik və bölgəçilik düşüncəsinə qapanıb qalmır. Uğurlu şeirin üstünlüyü də elə onunla ölçülür ki, millətindən, dinindən, dilindən asılı olmayaraq oxucu ondakı fikirləri, duyğuları öz doğma hissləri, arzuları kimi qəbul edir. Namiq Dəlidağlının poeziyası da məhz bu mətləbləri özündə ehtiva edir.
Namiq Dəlidağlının poeziyasında diqqəti çəkən digər müsbət məqamlardan biri şairin istənilən mövzuda qələmə aldığı şeirlərdə vətən sevgisinin, yurd ağrısının daha qabarıq şəkildə özünü göstərməsidir. Hesab edirəm ki, bunun da elə bir dərin sirri yoxdur. Əslində onun bu günədək keçib gəldiyi həyat yolundan, yaşadıqlarından yaranan təbii bir reallıqdır. Çünki Namiq ömrünün ən gözəl günlərində Vətən ağrısı ilə sınağa çəkilib, göynərtisi heç zaman kəsməyəcək yurd itkisinin faciəsini yaşayıb. Şairin “Apreldə vətənə yazılan şeir”i 2016-cı ilin aprel döyüşlərinə həsr olunsa da, duyğulu oxucu bunu 1993-cü ilin aprelində onun doğma Kəlbəcərinə yazdığı bir ağı da hesab edə bilər.

Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinən səngər çapıqlı,
gözlərin qan çanağı...
...Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum,
saralan otlarından,
qorxub sənin boynuna
 sarılan otlarından...


Namiq Dəlidağlı bu gün ömrünün və yaradıcılığının ən yetkin dövrünü yaşayır. Bir faktı da etiraf edim ki, Namiq Dəlidağlı ölkədə və onun hüdudlarından kənarda ciddi bir söz adamı kimi yaxşı tanınmasına baxmayaraq heç vaxt qalın-qalın kitabları çap olunmayıb. Nəşr olunmuş kitabları da əl boyda olub. Lakin o, bu balaca kitablara çox böyük mətləbləri, mövzuları, insan duyğularını sığışdıra bilib.
Elə “Əllidə ələnənlər” də həcm baxımından əvvəlki kitablarının davamıdır və şairin 50 illik ömür yoluna sanki bir hesabatdır.
Kitabın adı simvolik bir məna daşıyır. İnsan həyatı boyu çox şeylərin, hadisələrin şahidi olur. Yaşa dolduqca dünya baxışında, düşüncəsində, zövqündə, insanlara münasibətində, duyğularında belə çox şeylər dəyişir. Ələnən ələnir, qalanlar qalır. O şeylər qalır ki, o, sənin özünün olur, özün olur. Həyatının ayrılmaz bir parçasına çevrilir, bir sözlə vaz keçilməz olur. Bu mətləbi uzatmağım heç də səbəsiz deyil. Namiqin şeirləri çoxdur. Böyük əksəriyyəti də çox uğurlu alınıb. Ancaq şair 50 illik ömür yoluna hesabatında öz ələyindən ələdiklərini saxlayıb.
Hərdən düşünürəm ki, insan oğlunun ilk şeiri ağrıdan yaranıb. Bu şeir ər oğlunu itirmiş ananın ağısımı olub, sevdiyindən ayrı düşmüş aşiqin yana-yana zümzümə etdiyi oxşamasımı, vətən dərdindən çərləyən didərginin yanıqlı bayatısımı? Fərqi yoxdur, mətləb birdir, ağrı olmasa insan oğlu sözü belə göynərtili, təsirli deyə bilməz. Namiqin “Əllidə ələnənlər” kitabına yerləşdirdiyi şeirlərinin də əksəriyyətinin mayasında ağrı dayanır. Bu onun şair taleyi, Tanrı qismətidir. 50 illik ömrünün şairə “ərmağan etdiyi” param-parça olunmuş Vətənin yaralarına məlhəm ola bilməməyin, anasını doğma ocağına apara bilməyən şair oğlunun çarəsizliyinin, doğma kəndinin viran olmuş daşını-qayasını sığallaya bilməyin əlçatmazlığının ağrısıdır. Ona görə də onun ağrıları milli olmaqla yanaşı, bəşəri ağrılardır. Millətinin haqq səsinin dünya tərəfindən eşidilməməyinin göynərtisidir.

Bu gecə duz basdım
Təbriz ağrıma,
Dərbənd dərdimə,
Zəngəzur həsrətimə,
Borçalı göynərtimə,
Qarabağ yarama…
Cızdağım çıxanacan
yanım deyə…
Yuxum ərşə çəkilsin deyə…
Şərti ad qoydum onlara:
ürəyimə Təbriz,
sinəmə Dərbənd,
bir gözümə Zəngəzur,
birinə Borçalı,
dilimə Qarabağ…
Hərəsi öz dilində ağladi məni…
duz basdığım yaralarım…
 Of, canım göynəyir…


Kitabın əsas qayəsi İlahi sözün ucalığını, ölməzliyini, əbədiyaşarlığını qədirşünas oxucunun bir daha yadına salmaqdır. Onda sözə sevgini, məhəbbəti öləziməyə qoymamaqdır. Böyük şairimiz, söz xiridarı Məmməd Aslana həsr etdiyi şeiri də sözə böyük ehtiramdır, təzimdir. Onun digər şeirləri kimi bu şeirini də oradakı fikrin dərinliyi, bədii ifadə vasitələrinin dolğunluğu və əhatəliyi, poetik tutumu ilə müasir poeziyamızın uğuru hesab etmək olar.

İnsanlar bir tabut söz qaldırdılar,
bu sözün altında hər ürək dözməz.
Torpağa bir tabut söz basdırdılar...
çəkəcək canına sözün qanını,
yeyib dadlanacaq, sözü, şeiri,
gözü doymayacaq bu şirin daddan.
...Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək,
ürəkdən çəkəcək, gözdən çəkəcək.
Bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək...
 Burda "göyərəcək, hər kəlmə, hər söz"
.


Namiq Dəlidağlı şeirlərində bədii məcazlardan, ifadə vasitələrindən çox ustalıqla yararlanır. Sözünün ünvanından, müraciət etdiyi obyektin böyük-kiçikliyindən asılı olmayaraq onun şeirləri insan qəlbini ehtizaza gətirir, könül rübabını titrədir və oxucunu düşünməyə vadar edir. O, toplumun dərdini öz timsalında ümumi-ləşdirə bilir. Anasına ünvanladığı şeir də bir milyondan artıq yurd itirmiş insanların ortaq dərdinin, kədərinin yanıqlı hayqırtısıdır.

Nə umub küsürsən, qurbanın olum,
bağlanıb bənd, bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
incimə boş yerə, aparammıram.

Söndü o yuvanın odu, ocağı,
yoxdu bizdən daha bir umacağı.
Unut Dəlidağı, “Novlu bulağ”ı,
 öyrən bu şəhərə, aparammıram.


Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, Namiq Dəlidağlının şeirlərində qafiyəbazlıq, sözlə yerli-yersiz oynamaq kimi köhnə vərdişlərə rast gəlmirik. O, sözlə bazarlıq etmir. Konyuktura xatirinə də şeir yazmır. Elə şeirlərinin obyekti də xəyali aləmdən götürülmüş mücərrəd mövzular deyil, gündəlik həyatımızda görüb qarşılaşdığımız sadə həqiqətlərdir. O həqiqətlər ki şair onlara böyük məna verməyi bacarır, sözün tükənməz xəzinəsindən əxz etdiyi fikirlərlə dolğunlaşdıra bilir.
Bu gün kənd-şəhər qarşılaşması, urbanizasiya bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biridir. Kəndlərin sürətlə boşalması, şəhərlərin nəhəng meqapolislərə çevrilməsi nəinki ekoloji tarazılığı pozur, sivilizasiyanı yaxın gələcəkdə ərzaq qıtlığı ilə üzləşməyə sürüyərək insanlığın sabahını sual altına qoyur. Namiq Dəlidağlı bu bəşəri ağrını bir kəndin timsalında böyük ustalıqla təcəssüm etdirə bilir.

Tin-tin, küçə-küçə qocalır bu kənd,
üstündən, başından yetimlik yağır,
damından-daşından yetimlik yağır.
Küçələrin gözü yol çəkir,
bu kəndin itləri yad nəfəs gəzir
hürməyə...
Gedəni-gələni yoxdu bu kəndin.
Burda qulaq batır sükut səsindən.
Qonşu uşağın ərköyünlüyündən
beli əyilən ağac çəpər,
indi olsa qulağına səs təpər.
Hörümçəklər tor bağlayıb
qapıların kilid yerində.
Sükutdan rəngi solub,
boyası saralıb pəncərələrin.
Qulağı bir addım səsinə təşnə.
Çox qoca görünür bu kənd yaşından,
bu kəndin "cavanı" yetmiş yaşında,
bu kəndin qocası yaşını bilmir,
itirib ağlını, huşunu, bilmir.
Burda arzuları dəfn eləyirlər,
başdaşı qoyurlar xatirələrdən.
Burda ölüm dəbdə, əcəl sevilən.
Bir-birə başsağlığı verməzlər burda.
Qəbristanlıq böyüdükcə, kənd kiçilir.
Bir gün bu kəndin girəcəyində
bir lövhə asılacaq:
burda insan yaşamır.
Burda sonuncu ölünü
 Tanrı götürəcək yerdən.


Namiq Dəlidağlının şeirlərində insanlara, dünyaya, canlı varlığa tükənməz bir sevgi notları aşılanır. Bu sevgi kimin dilindən, hansı obyektin timsalında səslənməsindən asılı olmayaraq safdır, təmizdir. İnsanları paklığa səsləyir, sabaha ümid çırağı yandırır. “Kəpənək sevgisi” şeirində biz bu xətti daha aydın görürük.

Bir çimdik canınla
necə sevirsən, bu qədər gülləri,
çiçəkləri sən?
Necə qanın qaynayır
sənin gülə-çiçəyə,
sənin ki, qanın yoxdur,
qansızda sevgi olar?
Mənim qanım olsa da,
sənin kimi sevmədim, nə gülü,
nə çiçəyi, nə də ki, adamları...
Sənin sevgin dünyada
 ən ilahi bir eşqdir!


Öncə qeyd etdiyim kimi, bir daha xatırlatmağı lazım bildim ki, Namiq Dəlidağlının “Əllidə ələnənlər” kitabı həcmcə böyük deyil, yığcam bir kitabdır. Ona görə mən də mətləbi uzadıb haşiyəni mətndən uzun eləmək fikrində deyiləm. Həm də ön sözdə kitabda toplanan şeirləri geniş prizmada təhlil etmək də məqsədə uyğun deyil. Ancaq bir məsələ mənim üçün tam aydındır. Namiq Dəlidağlı poeziyası öyrənilməyi və daha geniş müstəvidə tədqiq edilməyi haqq etmiş bir gerçəklikdir. Yəqin ki, şairin bu kitabı da, ciddi söz adamlarının və ədəbiyyatşünaslarımızın diqqətindən kənarda qalmayacaq.
Son olaraq dəyərli dostum Namiq Dəlidağlını 50 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni-yeni uğurlar və Kəlbəcərli günlər arzulayıram. Darıxma, qardaşım, kitabının qədəmi uğurludur. Qələbənin addım səsləri eşidilməkdədir. Doğma yerlərdə görüşmək arzusu ilə.

 İlham Məmmədli,
 filologiya üzrə fəlsəfə doktoru, dosent.

2020-ci il
***

 

 

Ölüm yorulmuş şair ruhuna verilən hədiyyədi...+(Sevinc də baxıb)

 
 
İlahi hər kəsə çəkə biləcəyi qədər çəkidə verir hər şeyi. Ömrü də, sözü də, lap elə lap dərdi də...
...Fəqət ömrü zamanın məhbəsində tutuqlu olan, əşarının dili aləmlərə dürüstlük himni söyləyən, milli hissi özünə bağlılıq olan və ömrün cismani uzunluğunun məzara qədər olduğunu hər dəm bildirən insanlara Allahü-təala müqəddəs bildiyimiz dərdli sözü daha bol verir. Çünki bu sözü bol verdiyi seçilənlər kainatın ruhu dediyimiz şairlərdi.
 
Ruhun mahiyyəti yoxluqdur ki, bu yoxluğun da meyvəsi şeirdi. O şeir ki, şairə tale payıdı:         
 
Qarğış da tale payıdı,
nə verdin qəbulum, Tanrım.
Dərd verən əlin var olsun,
böyükdü səbrim, Tanrım.
 
Bilmirəm, yalnışmı, doğrumu bu mənim həqiqətimdir ki, şairlər dünyada Allahın özünün dərk edilməsi üçün yaratdığı yaradandır ki, onun da ruhunun əks-sədası kimsənin onu o anda görməməsi üçün üsyana dönüşür.
 
Şeir yazanda istəmirəm
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya
təkrarlayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu
eşq yaşayıram şeir yazanda.
 
Bəlkə də bu üsyan qələm adamının asiliyinin təvazökarlığıdı...Bəlkə də. Amma şeir yazanda hamıdan (saxlanmağa çalışan) gizlənən şairin adını öyrənmək istəyənlərə bir xəbərim var. O şair bu yaxınlarda “Otel otağından reportaj” verib və deyib ki;
 
Hamıdan gizlənirəm,
hamıdan utanıram o an...
Sonra şeir doğulur.
Şeirin də xoşbəxti, bədbəxti olur,
yaşayanı da var, öləni də.
 
Bir halda ki, kitabının adını söylədim, deyim ki, müəllifi də mənim fikir qonşum, çağdaş poeziya dərgahımızın önəmli müdriklərindən olan Namiq Dəlidağlıdı…
Namiq əfəndi ilə fikir qonşuluğumuzun nədəni onun ömrünü (adadığı)??????? yolda ölməkdən qorxmamasıdı…
Çünki köhnə şair kəsin bilir ki, ölüm yorulmuş şair ruhuna verilən hədiyyədi. Ona görə də o bu həddiyyənin ruhunun ritminə köklənərək yazır ki;
 
Məndən bezdi arzularım da...
Taleyimin acığına neçə arzum
intihar elədi ümidsizlikdən.
Ümidlərim ağ bayraq qaldırdı
qayğılarıma təslim olmağa.
Şirin-şirin diləklərim
boğuldu göz yaşlarımda,
dənizdə dalğalar boğulan kimi.
Mən daha ölməkdən qorxmuram,
yaşamaqdan qorxuram...
 
…Deyirlər ki, rəsm dərdini deyə bilmir, fəqət şair qardaşımın kitabındakıı şeirlərin rəsmi öz türkcəmizdə öz dərdini o qədər arifanə anlatır ki, qulaq verməmək könülə cəfa verər…Çünki aranmayan haqq tapılmaz deyib ulularımız. Buna görədir ki, qədim şair Namiq Dəlidağlı qəbrini qazmağa yer axtardığı qədər, dərdini deməyə dərddaş da gəzir…
 
Mən özüm-özümə yadam, gəzirəm
gəzirəm dünyanı, atam, gəzirəm.
Dərdimi deməyə adam gəzirəm,
qəbrimi qazmağa yer axtarıram!
 
Mən gen yol tutmuşdum, cığıra çıxdı,
bu yol da axır ki axıra çıxdı.
Nə alıb satdımsa, çıxara çıxdı,
mən beş itirmişəm, bir axtarıram.
 
Mənim düşüncəmə görə dərdi ilə həmdərd olmaq, şair könlünün mütailəsidir ki, bu paydan qədim dostumun nəsibinə qədərindən fazla düşüb ki, yazır:
 
Bu dərd çəkdikcə azalmır,
çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
içimdə dərdim böyüyür…
 
Təbii ki, dərdin nəvazişini bu qədər çəkərsən, nazı ilə körpə uşaq kimi oynarsansa o da böyüyər…
İllər öncə könlümə könüldaş bulduğum bir deyim haləm də içimdə papaq aparan çapar timsalı şairin kainatın tam oxunmamış ensiklopediyası olduğunu könül yaddaşında diri tutaraq aləmə car edir.
Əslində aləmdə elə ən sirli aləm insanın içidi. Amma bəzən də şair dərdi başından aşanda öz içindən çıxıb getməsi üçün tanrısına əllərini qaldırıb:
 
Bir yer göstər, çıxım gedim,
yaşaya bilmirəm Tanrım.
Ən əziz dərdimi belə,
oxşaya bilmirəm, Tanrım.
 
Saxla o gedən qoşunu,
yüyürüm mən də qoşulum-
İçimdə ağrım qaşınır,
qaşıya bilmirəm, Tanrım…
 
-deyə qurd ulartısı ilə aləmi lərzəyə salır. Olsun.
Deyərlər ki, cisimcə bir-birinə bənzəmək olur, fəqət oxşar ruhlar olmur. Bəlkə də… Amma bir sirrin pünhanlığına son verərək demək istəyirəm ki, Namiq Dəlidağlının ruhunun dərdi ilə qürbətdə qalan yurdun dərdi əkiz çocuqlar kimidi.
 
Çaylaqda daşının sayı yadımda,
çöllərdə quşunun sayı yadımda,
əgər yaddan çıxsa lap soyadım da,
yurdum, yaddan çıxmaz bir çopur daşın.
 
Bədən ruh və sevginin dolandığı qiyamət olduğu kimi, Namiq Dəlidağlının şeirləri də onun ruhunun və dərdinin gecələdiyi ulduzlu göy üzüdü…
Keşkə dərdləri ulduz-ulduz axa o göy üzündən hər gecə qədim şairin…Keşkə… dərdiylə arasına ayrılıq düşə…
 
Uzun ayrılıqlar
vağzallardan başlayır...
Qatarların, təyyarələrin...
çiyinlərində daşınır şəhərlərə...
Vağzallarda doğulur,
daşınır ayrılıqlar.
 
Əslində ayrılığın, ayrıcalığından yazılan şeirlər söz adamının özündən aldığı öc intiqamıdı…Namiq Dəlidağlının da ömürlüyündən səslənən yaşam sinfoniyasının dadı elə ayrılıq dadındadı. Bu dad onun bütövlükdə yaradıcılığındakı “ana menyuda” ilk üçlüyə girən baharatların adıdı…
Ondandır ki, dualarını belə ayrılığın üzünə oxuyanda, qibləsini ayrılığa çevirir…
 
Son duamı oxudum
ayrılıqlar üzünə.
Ayrılıqlar qibləsinə
dayanıb.
Bütün ayrılıqların səmti birdi,
ahı ürəkdən qopur.
...Ayrılıqlar oxudum
bu aylı gecənin səssiz
xatirəsinə...
Ayrılıq duaları dəli sevdaların
ruhuna bağışlanır.
Bütün ayrılıqların qibləsi
eynidi:ağrısı soldan başlayır.
 
Mənim həqiqətimə görə, məntiq fikrin ustadıdır... Namiq Dəlidağlının şeirləri nə qədər qəlibsiz, çərçivəsiz üslubda yazılsa da, milli özünəbağlılıq və fikirdə özəl məntiq distiplininə ögey deyil…
Ona görə də qədim şairirn hər fikrinin öz həqiqəti var.
 
…Nədənsə hər qələm adamında “ay dadi-bidad” və ya “ay dili qafil” kimi könül üsyanı olduğu halda mən Namiq əfəndinin yaradıcılığında bu türlü üsyan növünə rastlamadım. Bu bəlkə də onun kimsəyə bənzəməmə inadıdı…
Namiq Dəlidağlının şeirlərinin yaşı da özündən çox-çox gəncdi, ya da Dəlidağ qədər yaşlıdı…
Bunun səbəbi də onun öz könül aynasında fərqli vaxtlarda güzgülənməsindən irəli gəlir.
Düşünürəm ki, Namiq Dəlidağlının hər şeiri onun könlünə düşən Allah kölgəsidi. Bu anlamda o kölgənin kölgəsində ruhumuzun dincəlməsinə zaman tanımaq savabdı:
 
Mən səni sevə bilmədim,
sən məndən üz döndər, gülüm.
O saralmış məktubları,
yığ, özümə göndər, gülüm.
 
Bu sevgidən yarımadıq,
yarı doğma, yarı yadıq,
ürəyimdə yaraya bax,
o üzümə çöndər, gülüm.
 
Özgələşdi bir ad məndən,
ta uzaq gəz, a yad, məndən,
qoyma qala bu od məndə-
gedirsənsə, söndür, gülüm.
 
Namiq Dəlidağlının şeirlərinin göz yaşı siyah rəngdədi, səbəbi də bir əl içi boyda qazılmamış qəbrinin vətəninə qələbə fəslinin gəlmədiyindəndi.
 
Dəli bir haraya kökləndi qəlbim,
dərd yükü çəkməyə köhnədi qəlbim.
Dərin bir ah çəkdim, göynədi qəlbim,
ağladım, gözümün yaş üşüyür.
 
Gədiklər, bərələr tar bağlayıbdı,
tavana əl dəymir, tor bağlayıbdı.
Yolları, izləri qar bağlayıbdı,
bu fəsil bir kəndin qışı üşüyür.
 
Bu yaram sağalmaz, loğman, ha sarı,
toxunsan artacaq ağrım-azarım-
orda, yad əlində ata məzarı,
burda ürəyimin başı üşüyür.
 
Bəli, bu danılmaz etirafı Namiq Dəlidağlı kimi, hər dəm vətənə qurbanlıq quzu olmağa hazır olan, öz ürəyinin qorunda isinən vətəndaş şair edə bilər. Xalqın inamına, etiqadına söykənmək ədalət işidi.
Namiq Dəlidağlının şeirlərini oxuyub bitirəndə mənim içimdə belə bir həqiqət göyərdi ki, bu şeirlərin (günəşliyi) çətiri müəllifinin əyilməz əqidəsidi…türk əqidəsi…özü də yazır ki, bəs:
 
Çəkmədiyim zillət yox,
daha öndə zülmət yox,
Türkdən böyük millət yox,
Tanrı Türkü qorusun!
 
Çəkmirəm acı, ağrı,
çatlasın düşmən bağrı,
yolum göylərə doğru,
Tanrı Türkü qorusun!
 
Deyərdim ki, hər kəsin zövqü qabiliyyətinin tutumu qədər olur…
Həqiqətən də Namiq Dəlidağlının yaradıcılığı korşalmış zövqlərin bülövlənməsinə xidmət etdiyindən yazın müjdəsini gətirən, qar altından çıxan çiçəklə qiyaslanmalıdır… İlklik çilədi…Yolu ölümdən keçən..
 
...gülləri nə qədər
sevsələr də
ölümünə ağlamır
kəpənəklər.
Bir məqamlıq ömürlərində
gül sevdasını, gül sevgisini
heç nə əvəz eləmir.
Ən ağrılı ölüm belə
ağlatmır kəpənəkləri.
Kəpənəklər güllərin
sevdasından özləri ölür!…
 
Nənəm deyərdi ki, kor dünyanı yox görər, fəqət dünya həp mövcuddur. Poeziya insanın içini və çölünü hərəkətə gətirən qüvvəyə malik olduğundan düşünürəm ki, Namiq Dəlidağlının yaradıcılığı hər kəsin anlaya bilmədiyi, hər kəs üçün yazıldığından vədəsi gəlincə yüksək qiymətini alacaq.
Və… dilərəm ki,
 
Uzun yolların əyninə biçilir
xəyallarım hər gün...
və ayrılıq rəngində
yuxular görürəm hər gecə…
 
misraları ilə otel otağından verdiyi reportajı qədim Kəlbəcərin ulu Dəlidağının yaxasında, doğmalarının həsrətini çəkən öz köyündən, könül göyündən versin…qədim şair Namiq Dəlidağlı…hər kəs hazırmı…
Buyurun Namiq əfəndi…
..xatirələrim
bağımızdakı alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən asılı qaldı.
Bir də atamın məzarına
qısılı qaldı.
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-
 
Durun lütfən…tamam, o gün bu gündü qardaş…dilərəm bir daha ayrılıq rəngində yuxular görməyəsən…Amin…
 
 
Xaqani Abbasəli Öztürk,
AYB-nin üzvü, şair-publisist
 
23 yanvar 2019, 10:33
 
 
***
 

Namiq Dəlidağlının "Əlliliyi" (Sevinc də baxıb)

...Ötən ilin bir payız günü idi. Sumqayıtda küçədə rastlaşdıq. Namiq Dəlidağlı mənə bir "əllilik" verdi ki, "xırdalayım". Hətta məni çay süfrəsinə dəvət elədi, amma tələsdiyim üçün üzrxahlıq edərək, "əlliliyi" də cibimə qoyub getdim. İndi yadıma düşür ki, axı, o "əllilik" elə də qaldı. 
Fikirləşməyin ki, xəzinədar-filanam. Mən hara, pul xırdalamaq hara? Olsa-olsa, söz xırdalayaram. Elə söhbət də şair dostum Namiqin 50 yaşı üçün çap etdirdiyi əl boyda "Əllidə ələnənlər" kitabından gedir. 
Onun kitabına ön sözdə filologiya üzrə fəlsəfə doktoru, dosent İham Məmmədli yazır ki, Namiq Dəlidağlı bu gün ömrünün və yaradıcılığının ən yetkin dövrünü yaşayır. Ciddi söz adamı kimi tanınmasına baxmayaraq, heç vaxt qalın-qalın kitabları çap olunmayıb. Lakin o, balaca kitablara çox böyük mətləbləri, mövzuları, insan duyğularını sığışdıra bilib.
Doğrudan da, Namiq təmtəraq sevən deyil, sakit, elə mənim kimi, bəstəboylu "fağır"ın birisidir. "Çölümdə mən kiçilirəm, içimdə dərdim böyüyür..." deyən şair, təxəllüsündən də göründüyü kimi, dəlidağlıdır, 27 il düşmən tapdağında qalmış sazlı-sözlü, qızıllı-misli Kəlbəcər elindəndir. Bəs, on illərcə "orda yad əlində ata məzarı" qalan, burda "ürəyinin başı üşüyən", "düşmən gülləsindən çapılan qaya"lara görə ruhu "dəli haraylara köklənən, "sınıq pəncərəli, sınıq qapılı" evinin dərdini çəkən və ürəyi çat-çat olan şair nə boyda olmalıydı ki? 
Sumqayıtda hər birimizin ustad sandığımız Əşrəf Veysəllinin "Orda uşaqlığım əsir düşübdü, Burda qocalığım xəcalət çəkir" deyiminə uyğun bir tale yaşayan, özü demiş, neçə arzusu, diləyi "intihar eləmiş" şair necə sınıxmamalıydı ki?
 
Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından...
 
Dağların yoncasını, nərgizini, bənövşəsini qoyub şəhərin kaktusuna, liliyasına, xrizanteminə möhtac olan şair təsəlli tapardımı?
 
Bezdim bu şəhərin küçələrindən,
bezdim bu şəhərin asfalt üzündən,
çıxıb kəndimizə getməyim gəlir,
geriyə dönməyə üzüm nə gəzir...
 
...Neçə il öncə yaxın dostumuz, şeir-sənət xiridarı Namis Şirməmmədli, Namiq Dəlidağlı və mən Sumqayıtdakı "Ana və uşaq" kafesində oturmuşduq. Ana uşağı kimiydik. İtirilmiş torpaqların, üzünü-gözünü doyunca güldürə bilmədiyimiz analarımızın "dərd"ini çəkdik bir-iki saat. Namiq orda anasına yazdığı "Səni Kəlbəcərə aparammıram" adlı bir etiraf şeirini də oxudu:
 
Yanırsan, göylərə bülənddi tüstün,
görürəm, çox vədə vurmuram üstün.
Çəmənlər pərişan, çiçəklər küskün,
qan tökür dağ, dərə, aparammıram.
 
Deyirəm, nə yaxşı ki, artıq bu həsrətə, nisgilə son qoyuldu. Torpaqlar işğaldan azad olundu, indi hamımız Kəlbəcərə, Laçına, Şuşaya… getməyə səbirsizlənirik. Amma yurd həsrətinin, od-ocaq yanğısının izi əbədi qalıb şairin ürəyində. Yanıq yeri kimi, yara çapığı kimi. Onun şeirləri vətən ağrıları - vətən ağıları ilə doludur. Hərdən adama elə gəlir ki, şair, deyəsən, məğlubiyyətlə az qala barışıbmış da. "Vay dədəm, vay, biz hələ yaşayırıq"... Amma diqqətlə baxanda bunun heç də belə olmadığını görürsən. Bu misralar məhz Namiqindir, axı:
Özü yıxılan ağlamaz,
dur, çırp üstünü-başını,
sil gözlərinin yaşını,
yaşamağa öyrənginən,
bu dövran sevmir "naşını!".
 
Və yaxud
 
Saxla o gedən qoşunu,
yüyürüm mən də qoşulum -
 
Yəni hər şey qabaqdadır, yəni qoşun tezliklə irəli şığıyacaq, üzü dağlara çapacaq, qisası qiyamətə qoymayacaq qalsın. Hələ beş il qabaq Namiq Dəlidağlı Böyük Qayıdışımızın başlanğıcı olan Lələtəpədən, Cocuq Mərcanlıdan üzünü Murova tərəf tutaraq demişdi:
 
Sənin sağalmağının
bir yolu, bir çəmi var,
Sənin yaralarının
bircəcə məlhəmi var:
onun adı Savaşdı -
onun adı Qələbə...
Nə xoş bizlərə ki, bu "çəmi" tapmaq bəxtimizdə, qismətimizdə varmış. Qələbə qəddimizi düzəltdi, belimizi dikəltdi. Şeirlərinin birində "Ümidim hələ də can verməmişdi" deyən şair imana, dinə gələr ta!
Namiqin yaradıcılığı qoşmalı, gəraylılı dağlardan qut alsa da, qaya misraların bel sütunundan maya tutsa da, o gözəlliyi saxlamaq şərtilə bir qədər müasir ruhludur. Yəni sırf ənənəvi olaraq qalmayıb, çağdaş çağırışlara uyğun tərzdə bəzi zərgər işləmələrinə rəvalanıb. Onun söz dəyirmanında fikirlər elə gözəl üyünür ki, dürlü-dürlü sözlər dad kimi, bərəkət kimi unluğundan gəlib tökülür. Burda Kəlbəcər nisgili ilə dünyadan köçmüş böyük, unudulmaz şairimiz Məmməd Aslanın dəfninə yazdığı şeiri misal çəkmək olar:
 
Torpağa bir tabut söz basdırdılar,
indi kəpənəklər sözə qonacaq,
Arılar şirəsin sözdən çəkəcək,
bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək...
 
Şairin "Axtarıram", "Xan Laçına gedə bilmədi Ağa Laçınlı", "Şairləri soyurlar", "Çaylar" və başqa şeirləri də bu baxımdan maraqlı yanaşmaları ilə seçilir.
...Beləcə, Namiq Dəlidağlının verdiyi "əlliliyi" axır ki, birtəhər xırdaladım. Xeyirli olsun! 
 
Əli Nəcəfxanlı, şair,
Əməkdar jurnalist.
“Ədəbiyyat qəzeti”
23.04.2021

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar