Xəbər lenti
b
Namiq Dəlidağlının ağ işığa yol alan ağ karvanı… +(Sevinc də baxıb)
Bir payız günündə Kəlbəcərdə dünyaya gələn, doğulduğu torpağın havasına, suyuna aşiq olan Namiq Dəlidağlının həyat hekayəsidir “Əllidən ələnənlər”…
Şair, duyğularını, zaman-zaman yaşadığı anları–anıları, hisslərini, sevincini, kədərini, sevgisini, həsrətini, acılarını qəlbində, bütün hücrələrində daşıyaraq zamanı gəldikcə sözlərə çevirmiş, qəlbə işləyən, həssas, kövrək şeir nümunələri ortaya qoymuşdur.
Şeirlərini dünyaya gətirmək üçün şair öz təbi ilə, hissləri ilə tənhalığa, xəlvətə çəkilərək macəra dolu eşq yaşayır:
Şeir yazanda istəmirəm
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya
təkrarlayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu
eşq yaşayıram şeir yazanda.
Hamıdan gizlənirəm,
hamıdan utanıram o an…
Sonra şeir doğulur.
Şeirin də xoşbəxti,
bədbəxti olur,
yaşayanı da var,
öləni də.
On bir yaşında atasızlığın acısını dadan şair atasının gecə gəlmiş ruhunu ən əziz qonaq kimi qarşılayır:
Bu gecə atamın ruhu qonağım,
bu gecə ən əziz qonağım gəlib.
Bütün qonağımın şahı qonağım-
mənim arxam gəlib, dayağım gəlib.
Uşaqlıq illərindən atasını itirdiyindən atasından ayrılan, doyunca “ata” kəlməsini işlətməyən, göz yaşları ilə bu yanğını “soyudan” şair:
Atalı günümün düşüb söhbəti,
məni ovunduran göz yaşım olub…
Ata dərdi, intizarı, həsrəti
mənimlə doğulub, yaşdaşım olub,- deyərək özünə təsəlli verir.
Atasızlığın acısı bitməmiş erməni işğalçıları tərəfindən doğma yurdundan zorla qoparılan dağlar oğlu sinəsinə çəkilmiş dağı bizə göstərir:
Qızıl-qızıl dağlarımızı yağı sökür,
torpağını çəkir,
özümüzə “dağlar oğlu” deyirdik,
adsız qaldıq.
Dağlarsız çaylar quruyacaq,
balıqlar öləcək.
(Dağların gözünün yaşıdı çaylar)
Qüruru sökülmüş, didərgin düşmüş, neçə-neçə həmvətənlərini itirmiş, doğma yerlərin havasına, suyuna həsrət qalmış, göz yaşlarını dağ çaylarına qoşub ağlayan, inləyən dağlar oğlu yaşamağına, bu dərd ilə sağ qalmağına belə təəccüblənir:
Cığırlar itəcək, bulaqlar öləcək,
çəmən, çiçək olmayacaq,
arı, böcək olmayacaq,
heç yağış da yağmayacaq dağlarsız.
Özümüzə “dağlar oğlu”deyirik,
qürurumuzu sökürlər.
Vay dədəm, vay,
biz hələ yaşayırıq!
İllərlə içində doğma yurd həsrəti, ocaq yarası, ata nisgili daşıyan Namiq Dəlidağlı güllələnmiş, xüsusi işgəncə ilə məhv edilmiş vətən oğullarının, vətən qızlarının, vətən güllərinin xatirəsinə:
Gülü güllələndi, çiçəyi öldü,
yarpaği qurudu, ləçəyi öldü.
Dağların ən gözəl göyçəyi öldü,
nə ağır yas düşdü dağlara, qardaş,
- deməklə üzlərdən gülüşü silən müdhiş qətliamın kədərli havasını qəlbinin simlərində yanğılı şəkildə çalaraq bizə çatdırmağa çalışır.
Yarını itirdi, yarı ağladı,
üz tutdu dağlara sarı, ağladı,
kəpənək ağladı, arı ağladı,
nə ağır yas düşdü dağlara qardaş.
30 il doğulduğu torpaqlara həsrət qalaraq, səs-küylü, asfalt küçələrində maşınlar şütüyən şəhərdə yaşamaq məcburiyyəti yurduna dönə bilməyən şairi anasının qarşısında da “üzüqara” edir. O, “Səni Kəlbəcərə aparammıram” şeirində:
Nə umub küsürsən, qurbanın olum,
bağlanıb bənd, bərə aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
incimə boş yerə, aparammıram, - deyərək anasına etiraf edir.
Söndü o yuvanın odu, ocağı,
yoxdu bizdən daha bir umacağı,
unut Dəlidağı, “Novlu bulağ”ı,
öyrən bu şəhərə aparammıram, - demək doğrudan da çox ağrılı və əzab vericidir. Bunu yurd həsrəti çəkənlər daha yaxşı anlayar, daha yaxşı dərk edər.
Vətən isə yiyəsiz deyil. Vətən uğrunda can verən, qızıl qanı ilə vətən torpağını şərəfləndirən döyüşçü, mərd oğullarımız düşmənlə hər an üz-üzə gəlməyə hazırdır.
Vətən yolunda öz canından keçən, doğmalarını vətənə əmanət edib düşmən üzərinə yürüyən aprel şəhidlərimizin əziz xatirəsinə:
Bu il torpaq bətnindən
yazin ölü doğuldu,
aprel gecələrində.
Lalələrin məskəni
düzün ölü doğuldu,
aprel səhərlərində…, -deyir.
Sevdiyi, canından əziz bilib qoruduğu, uğrunda canını fəda etdiyi torpağa şəhid düşən, qanı tökülən igid, qəhrəman oğulları yad edərək:
…Əsgər məktublarını
kol dibində nərgizlər,
bənövşələr oxudu,
kəlmələr qan qoxudu.
Gözlərini qan tutmuş
qəlpələr dəydi sənə,
gözü çıxsın yağının…- ağı deyən şair təsəllini qələbədə görür:
Ancaq ağrıma belə…,
itirdiyin torpaqdan
canına can calandı,
canına qurban Vətən…
…Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının
bircəcə məlhəmi var:
onun adı SAVAŞdı –
onun adı QƏLƏBƏ…
Zaman keçdikcə acı üstünə acı, ağrı üstünə ağrı, ayrılıq üstünə ayrılıq yaşamaq, ayrılıq havasına köklənib ah çəkən şairin ayrılıq qibləsi olan qəlbi artıq ağrılar qarşısında acizdir:
Son duamı
oxudum
ayrılıqlar üzünə.
Ayrılıqlar qibləsinə
dayanıb.
Bütün ayrılıqların
səmti birdi,
ahı ürəkdən qopur.
...Ayrılıqlar oxudum,
bu aylı
gecənin səssiz
xatirəsinə...
Ayrılıq duaları
dəli sevdaların
ruhuna bağışlanır.
Bütün ayrılıqların
qibləsi
eynidi:ağrısı
soldan başlayır.
Payızda doğulmaq belədir, şair. Payızda doğulmaq, bir gözün gülüb, bir gözün ağlaması, yayın istisinə "əlvida" deyib soyuq qışı qarşılamaq, havanın nəmini canına çəkib parlayan günəşə baxıb sevinmək, gülənlə gülüb, ağlayanla ağlamaq, payızın ruhunu özündə daşımaq, “Payız adam”ı olmaq deməkdir:
Payız adam!
Bu fəsil əynində köhnəldi sənin.
Ürəyinə qabqardığın
heydən düşmüş arzularınla
can üstə olan xatirələrinə
yol gedirsən.
Bu yol – gecələr ağ yuxularda, ağ arzularla işıqlanmış yolda yürüyən ağ karvana qoşulan şair ruhunu üzü Qərbə -Kəlbəcərə aparan ağ yola çevrilir: ağ ümidli, ağ gümanlı karvanın yoluna:
Ağ dəvələr ağ gecədə
ağ yollarla yön almışdı üzü Qərbə.
Ağ yuxular, ağ arzular
çin olmuşdu bu ağ gecə.
Bir ağ karvan yol gedirdi
ağ günlərin işığına
...Ağ ümidlər, ağ gümanlar
ağ dağlara aparırdı ağ karvanı.
Bu gecənin ağ həsrəti,
ağ hicranı əriyəcək.
Ağ vüsala qovuşacaq
bu ağ karvan.
Şeirinin son misralarında :
...Bu bir ağ nağılıydı,
bu nağılda ağ elədim,
buna heç kim inanmaz - deyən Namiq Dəlidağlının ağ yuxaları uzun ayrılıqdan sonra çin oldu. O, əlçatmaz arzu kimi sayıb isindiyi
...xatirələrim
bağımızdakı alma ağaclarının
budaqlarından,
alça ağaclarının çiçəklərindən
asılı qaldı.
Bir də atamın məzarına
qısılı qaldı,- desə də, ağ ümidlərini itirmir, xatirələrini yığmaq üçün bir gün geri dönəcəyinə inanır, bu inamla:
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-
alma ağaclarının
budaqlarından,
alça ağaclarının çiçəklərindən...
Sən yuxularında ağ etməmişdin, şair. Viran qalmış, dağılmış yurduna, ata ocağına çatanda da bilmədin sevinəsən, yoxsa ağlayasan, Payız adam.
Sevinclə yasın həyəcanını daşıyan qəlbin yorulmasın, çünki atanın ocağı səninlə təsəlli tapır...çünki Sən o evin sütunusan.
Afət Şahid
Tarix: 05-02-2023
***
(Oxunub)
"Namiq Dəlidağlını sözünün hənirtisindən tanımaq olur"4+bbbbb+8 (Sevinc də baxıb)
Bəzən insan özündən də, ətrafından da, heyvanlardan, otlardan da, elə bütövlükdə dünyadan da küsər. Çəkilib bir köşəyə susqunluğunu, küskünlüyünü yaşamaq istəyər. Hər şeydən, hər kəsdən təcrid olunmuş halda ömrünün qalan hissəsini tənhalığın qucağında keçirmək arzusunda olar. Həmişə yox ha, yorulanda, tükənəndə.
Bilirsiz də, darıxmaq hissi hamıda var. O da bir duyğudu. Bu hiss adamı çulğayanda özünə heç yerdə yer tapa bilmirsən. Eləcə baş alıb getmək istəyirsən harasa. Hara? Özün də bilmirsən heç. Bu dəli hisslər şairlərdə bir az da artıqdı. Bəzən nə istədiklərini belə bilməzlər. Sadəcə darıxarlar. Başa düşülməməkdən usanarlar bəlkə. Bəzən etinasızlıqdan, bəzən laqeydlikdən, bəzən sevgisizlikdən. Axır hər nədən olur olsun, darıxarlar. Onda yazmaq da yada düşməz. Anidən qarşılarına çıxan ən adi, ən sadə yazı-şeir, hekayə, esse-fərq etməz - ürəklərinə sərinlik gətirər. Silkinib çıxarlar öz kədər dənizlərindən. Çiyinlərindən dağ götürülər. Fikirləşərlər ki, elə mən bundan ötrü darıxmışam. Budu demək istədiyim, lakin deyə bilmədiyim o məchul fikir. Elə bilərlər dünyanı tapıblar.
...O fikir burulğanında batdığım zamanlarım çox olub mənim də. Anidən bapbalaca bir söz məni dartıb çıxarıb o dalğaların qoynundan. Batmağa qoymayıb. Şükr etmişəm bu Sözün sahibinə - Tanrıma. Demək O hamıdan alidi. Hər şeyin gözəlini O bilir. Sonra bu sözü yaddaşıma həkk etmişəm. Saqqız kimi çeynəmişəm. Çürüyənəcən. Ucundan tutub çıxmışam dağın başına. Ordan dünyanın görünməyən tərəflərinə səyahət etmişəm və fikirləşmişəm ki, nə yaxşı söz var. Nə yaxşı bu sözə sahib çıxanlar var. Nə yaxşı adamlar var. Nə yaxşı şairlər var. O nə yaxşıların içində bu gün sözüylə dünyanın zülmətinə işıq tutduğum şair Namiq Dəlidağlı da "nə yaxşı ki var"ların içindədi. Sözünün əzəməti Dəlidağdan geri qalmayan, bir az ərköyün, bir az küsəyən, bir az odlu-alovlu, bir az çılğın, bir az üsyankar adam bütün bu birazlardan yığılıb böyük dünya qurub dostlarının, oxucularının qəlbində:.
Səni payızda sevdim,
ayrılıqlar ayında.
Ayrılığın qoxusu
canımdan çıxdı,
"Oxay"
deyən şairi nə çətinlik, nə haqsızlıq, nə qada-bəla o müqəddəs sevgidən üz döndərməyə qoymayıb demək. Ürəyinin qapıları baharda da, payızda da, qışda da sevgiyə açıq qalıb. Sevgiylə dolu ürəkdən böyük var-dövlət ola bilərmi? Sevgi olan ürək heç vaxt soyuğa qaçmaz. Sevgidi elə şairi odlu, alovlu danışmağa vadar edən, paklandıran, qaranlıqdan gizləyən.
Səni payızda sevdim,
ürəklər sevgi barın
ayrılığa satanda,
mənim payız sevgilim.
Demək sevginin zamanı yoxdu deyirik. Hər fəsildə çiçəkləyə bilər arzuların. Könlün hər fəsildə bahar ola bilər. Əgər istəsən. Bu misraların, bu ürəyin sahibindən heç vaxt ziyan gəlməz. Nə dosta, nə yara, nə Vətənə, nə torpağa...
Namiq Dəlidağlı vətən həsrətində bişən şairdi. Doğma elinə, obasına ömrün baharını qurban verən fədaidi. Bəlkə bundan irəli gəlir onun şeirlərinin yanğısı. Onun sözünü hənirindən tanımaq olur. Bilirsən ki, dəli şairin dəst-xəttidi. Qəribə havası var həm də bu şeirlərin. Adamı özünə dost edən, ələ alan, yaxınlaşdıran, doğmalaşdıran şeirlərdi:
"Özü yıxılan ağlamaz"
Dur çırp üst-başını,
sil gözlərinin yaşını..
Yaşamağı öyrənginən,
bu dövran sevmir naşını -
deyən şairin bu misralarında inciklik də var, istehza da, öyüd də, üsyan da...
O bilir ki, dünyada saf doğulub, saf yaşamaqdan ağır yük yoxdu. Hər çiynin işi deyil bu böyük şələnin altına girsin. Bir də bütün ağrı, acılar doğrulardan yaranır. İşığa daş atanlar çoxdu axı. Amma yenə şair işığı seçir. Nə qədər incisə də, yorulsa da, küssə də öz işığından tutub özünə sarı yol gedir. Büdrəsə də, sınsa da əyilmir. Nə yaxşı ki...
Şair həm də insanlardan, dünyadan, həyatdan nigarandı. Problemlərdən yorulan cəmiyyətdən, cəmiyyətin içindəki ayrı-ayrı talelərdən, gözlə görünməyən çətinliklərdən, göz yaşlarından, xaosdan, qorxudan narahatdı:
...Təkcə daşdan, ağacdan yıxılıb ölmür ki, adam,
Və bir də öz əcəliylə -
Fələyin əliylə ölmür ki, adam.
Bank-bank, kredit-kredit, faiz-faiz, lombar-lombard,
borc -borc öldürürlər bizi.
Nigarançılığın, narahatlığın bundan artıq hansı ifadəsi var? Şair qorxmadan, ürkmədən bütün maneələri aşmağa hazırdı. Həm də sözünə söykənə-söykənə, nəfəs almadan, bir nəfəsə.
Axı yazarlar həyatın aynasıdı. Pisi də, yaxşını da bu aynada görmək olur. Özünü də. Şeiri söz-söz oxucuya diktə edən şairlərsə pafosdan və tərifdən uzaq dahidilər. Ən azından bu mənim qənaətimdi. Əsl şair hər şeyi sözə çevirə biləndi. Namiq Dəlidağlı bu baxımdan əsl şairdi. Bütün mövzularda sözünü deməyi bacarır, düşündürür, yaşadır, var edir. Ruhu azadlığa can atır, tələsir. Qazanır, itirir, amma yenilmir, sözü özünə, özü sözünə arxa durur.
Bütün ayrılıqların səmti birdi:
ahı ürəkdən qopur-
deyən şairin ürəyindəki 30 illik həsrəti dincəldimi görən? Yarası əbədilik iz buraxsa da təskinlik tapdı yəqin payız dadan görüşlə. Nəhayət ki, görüşdülər bir -birlərilə. Şair torpaq və torpaq şair. İkisi də xəzəl donunda baxdılar ayrılığın gözünün içinə. Buna da şükür, Kəlbəcərin dəli aşiqi:
Of, içimdə dağ azarı,
üz tutmuşam dağa sarı.
sərt qayalar - dağ hasarı
zirvələnir yollar boyu.
Dağların dağ dərdini çəkən şairə bir də yolun ayılıqlardan düşməsin deyirik. Sözünə söykənə -söykənə aş bu aşırımı da.
Təranə Dəmir
AYB üzvü
21-08-2023
Dalidag.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar