Xəbər lenti
s
SEVGİ SÜKUTU(8)
Sən verən saatda zaman dayanıb,
əqrəblər donubdu on beş qırx beşdə.
Mənim ad günümdə bağışlamışdın,
sükut ömrü yaşayan bu saatı.
Zamanın ən ağır yükü çiynində,
ən ağır yükünü götürüb vaxtın,
susub ölçüsünü itirib vaxtın,
əlləri qoynunda durub dayanıb.
(Zaman əqrəbləri yorub dayanıb)
Nə mən doğulmuşam on beş qırx beşdə,
nə sən doğulmusan bizə dedilər.
Bəlkə bir-birə olan sevgimiz ölüb o an,
nə mən bunu bilmişəm,
nə sən bunu duymusan.
Təzədən işə salıb qursam da o saatı,
o ömrü ta yaşamaz.
Nakam sevgimizin
matəm anıdı, on beş qırx beş.
Nə isə...
Sənə olan sevgimin,
sonra ölən sevgimin əziz xatirəsini
bir dəqiqəlik sükutla tez-tez yad eləyirəm,
saat on beş qırx beşdə.
***
ETİRAF(9)
Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.
İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar,
dünən yəqin dəm idi.
Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu,
dolanırdı başımda.
Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.
***
MƏNƏ İNANMA(10)
Heç nəyə inanma,
mənim etiraflarım
bilə-bilə törədilən
günahdan sonra
Allaha edilən dua kimidi.
...Heç nəyə inanma,
bu gecə yuxun gəlməsə,
əllərini aç göyə,
dayan üzü qibləyə,
mənim günahlarım
boyda bir ah çək,
dünya dağılsın.
***
AH(11)
Öz təkliyindən bezən
yalquzaq ulartısıdı
sən dönüb gedəndə çəkdiyim ah.
“Səni sevirəm!”
Bu inadımdan da zəhləm getdi,
sən gəlməyən görüş yerindən
zəhləm gedən sayağı.
“Səni sevirəm!”
Sözə bax,
bunu mənmi demişəm?!-
BAĞIŞLA!
***
HƏSRƏT(12)
“Qara kağız”ını aldım bu sevginin,
bir siqara ömrücə vüsalını
duymuşdum.
Ömrü boyu həsrətini çəkəcəm.
Küsdüm səndən də,
eh dəli istəyim,
günah səndədi...
İndi ruhumun
göynərtisinə məlhəm ol!
***
QAYITMA(13)
Çıxıb gedəcəyəm bu şəhərdən də,
çıxıb gedəcəyəm sənin əlindən.
Hicranın əlindən, qəmin əlindən
çıxıb gedəcəyəm bu şəhərdən də...
...İndi yad baxışlar dikilib sənə,
günah səndədi...
Vücudun zorlanır yad baxışlarla,
hələ bezməmisən?
Daha haram tikəsən,
səni uda bilmərəm.
Çox ütülü sözlər, həris baxışlar,
səni aldadacaq hələ bir az da...
Aldanıb üstümə gəlmə sən Allah,
mən aldanmaq istəmirəm.
***
ŞEİR YAZANDA...(14)
Şeir yazanda istəmirəm
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya
təkrarlayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu
eşq yaşayıram şeir yazanda.
Hamıdan gizlənirəm,
hamıdan utanıram o an...
Sonra şeir doğulur.
Şeirin də xoşbəxti, bədbəxti olur,
yaşayanı da var, öləni də.
***
HARDASAN(18)
İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.
İndi görən hardasan,
əynində hansı donun?!
Dönmək düşmür yadına?!
burda can verir canım.
...Bu dərd elə dil açıb,
hicran çətin susacaq.
Xəyalım qapı-qapı,
hənirtini pusacaq.
İndi görən hardasan?!
de yerini, gəlmirəm.
Sənə məktub yazmışam,
ünvanını bilmirəm.
İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.
***
****
SONUNCU MƏKTUB(22)
Mən səni sevə bilmədim,
Sən məndən üz döndər, gülüm.
O saralmış məktubları,
Yığ özümə göndər, gülüm.
Bu sevgidən yarımadıq,
Yarı doğma, yarı yadıq.
Ürəyimdə yaraya bax,
O üzümə çöndər, gülüm.
Özgələşdi bir ad məndən,
Ta uzaq gəz, a yad, məndən,
Qoyma qala bu od məndə,
Gedirsənsə söndür, gülüm.
***
ATA HƏSRƏTİ(23)
Bu gecə atamın ruhu qonağım,
Bu gecə ən əziz qonağım gəlib.
Bütün qonağımın şahı qonağım,
Mənim arxam gəlib, dayağım gəlib.
Ay ata, qoy sənə doyunca baxım,
Mən ona bu sözü söyləyəmmədim.
Sənə qulluq edim, atam-qonağım,
Atama mən qulluq eyləyəmmədim.
Doyunca ay ata, sözü demədim,
Ata nəfəsinə isinməmişdim.
Ay ata, həyatı belə bilmədim,
Belə fikirləşib, düşünməmişdim.
Daha fikirləşmək, düşünmək meylim,
Özümə təsəlli tapammasam da.
Ata, böyümüşəm mən indi xeyli-
Boyda tay-tuşlara çatammasam da.
Atalı günümün düşüb söhbəti,
Məni ovunduran göz yaşım olub...
Ata dərdi, intizarı, həsrəti
Mənimlə doğulub, yaşdaşım olub.
1991
***
BU DƏRD(24)
Bu dərd çəkdikcə azalmır,
Çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
İçimdə dərdim böyüyür.
Dön geriyə bax, demədim,
Bu qismətə baxt, demədim.
Nə istədi yox, demədim,
Nəyim var, verdim, böyüyür.
Güvəndim sənin gücünə,
Ürəyim, məndən incimə.
“Bəxtəvərəm”, nə vecimə,
Böyüyür dərdim, böyüyür.
***
ŞƏKİLLİ ŞEİR(29)
Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
...bilirsənmi gəlişi
heç hansı ana düşdü?!
sənsizliyin ağrısın çəkən
məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
Mənə şəkil göndərdin...
***
APRELDƏ VƏTƏNƏ YAZILAN ŞEİR...(30)
Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinən səngər çapıqlı,
gözlərin qan çanağı...
Bu il torpaq bətnindən
yazın ölü doğuldu
aprel gecələrində.
Lalələrin məskəni
düzün ölü doğuldu
aprel səhərlərində...
Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından...
...Əsgər məktublarını
kol dibində nərgizlər,
bənövşələr oxudu,
kəlmələr qan qoxudu.
Gözlərini qan tutmuş
qəlpələr dəydi sənə,
gözü çıxsın yağının...
Ancaq ağrıma belə -
itirdiyin torpaqdan
canına can calandı,
canına qurban, Vətən...
...Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının
bircəcə məlhəmi var:
onun adı SAVAŞDI -
onun adı QƏLƏBƏ..
***
GECƏ ŞEİRİ(31)
İçdim yarın nəfəsini,
eşqə düşdüm bu gecə.
Bəxtəvərlər arasından
püşkə düşdüm bu gecə.
Könül vermə yada, sına,
ya əyilə, ya da sına.
Sevdalılar odasına
köşkə düşdüm bu gecə.
Məni sənə çəkən qandı,
bilirdim, bu gecə sondu.
Qoynun güllü-gülüstandı,
müşkə düşdüm bu gecə.
***
PAYIZ MƏKTUBU(32)
Bu payızdan ayrılıq,
dadı-tamı gəlir ha.
Sağlığında yad elə,
öldü, hamı gəlir ha.
Hərdən yolun düşürdü,
bu “xaraba qalmış”a -
Nə vaxtdandı bir güman
ümidinə qalmışam.
Mən “xaraba” deyəndə
bu şəhəri deyirəm.
Sənsiz suyu, havası
bu zəhəri deyirəm.
Deyirsən ki, soyuqdu,
indi “o xaraba”da.
İsti paltar göndərdim
bir köhnə arabada.
Zamanın deyəmmirəm,
nə vaxt ora yetişər.
Deyərəm çıx, qarşıla,
nə vaxt yadıma düşər.
Mən zamana uduzdum,
vaxtı satın alıram.
(Köhnə balabanımda
təzə hava çalıram.)
...Məndən adamlıq umma,
adamlıqdan çıxmışam.
Özümü öldürmüşəm,
günahıma batmışam.
Bu qış bura gəlməyin,
yəqin, baş tutan deyil.
Nə ünüm sənə yetən,
nə əlim çatan deyil.
…Yaxşı, gecə yarıdı,
gedim bir az dincəlim.
Bu da yarımçıq şeir,
yazmağa gəlmir əlim...
***
SİZƏ ELÇİ GƏLDİ, BİZƏ AYRILIQ(35)
Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
Daha toy havası başında sənin,
yol gəldik şübhədən yalana qədər.
Ümidim hələ də can verməmişdi,
aşıqlar “vağzalı” çalana qədər.
Məni nə havada buraxıb getdin…
xar oldum obada, millət içində.
Mənim ciyərlərim alışınb-yandı,
sənin elçilərin şərbət içəndə.
Gəldi qapınıza gəlin maşını,
səni çöl çəkirdi, eşik çəkirdi.
Getdiyin yolların ayrıclarında,
mənim baxışlarım keşik çəkirdi.
Sənin getdiyin yol, uzaq yoldu ha…
günüm bahar görməz, işim qışladı.
Sən gəlin köçməyə hazırlaşanda,
mənim ümidimin köçü başladı.
… Daha xatirən də mənə uzaqdı,
gəlir qulağıma bir soraq kimi.
Gördüm bu “döyüşdə” məğlub olmuşam,
əlimi qaldırdım “ağ bayraq” kimi.
Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
***
KƏNDDƏ VƏ ŞƏHƏRDƏ
DARIXMAĞIN ƏKS BƏRABƏRLİYİ(37)
Gülüzlüm, şəhərdə sənsiz
darıxmağa nə var ki,
burda zülmdü-
gül-çiçəkli dağ cığırında
adam ölür darıxmaqdan.
Burda otlar-çiçəklər,
arılar-kəpənəklər,
bənövşələr-böcəklər,
hər şey qoşulub adama
DARIXIR, darıxanda…
…Şəhər küçələrində nə var ki,
sənsiz darıxmağa…
olsa-olsa bir qəpiklik
hörməti olmayan
küçə itləri tək adam darıxar
şəhərdə
Bir də tinlərdə
veyillənən boş şirə qutuları tək…
və bir də dörd fəsli eyni donda
qarşılayan küknar ağacı kimi…
burda darıxmaq canlıdı:
çiçəklər,arılar, kəpənəklər
və bir də böcəklər kimi…
DARIXDIM…
***
OTEL OTAĞINDAN "REPORTAJ"(40)
...uzaqlardasan,
nə görüş vədi var aramızda,
nə də əlvida anı...
Uzun yolların əyninə biçilir
xəyallarım hər gün...
və ayrılıq rəngində
yuxular görürəm hər gecə.
...indi on ikinci otel otaginin
künc-bucağında
xatirələrimiz bar verir:
ayrılıq dadında.
...Səndən sonra ümidimin
şəkillərini cızdım otel
otağının divarlarına.
Şəkıllər ölmür axı.
Dön geri, şəkıllərin saglığına...
***
QADIN...!!!(41)
Həsrət yüklü
duyğularımın
dadını qaçırtdın....
Sən gələndən
hicran adlı hisslərimin
üzünə çıxa bilmirəm.
Bu xaraba qalmamışda
hamı ayrılıqdan danışır.
Mən nə deyim?....
Getməyəcəydinsə
niyə gəlirdin?
AYRILIĞIN
sevmədiyi QADIN...!
***
MESAJ ƏVƏZİ SƏNƏ
YAZILAN ŞEİR...(42)
...bir az içki düşkünüyəm,
niyə səndən gizlədim?
Fərq eləməz şərab olsun,
ya da sənin nəfəsin...
yatammıram nəfsimi
qurban verim yuxuya...
....UYUMUSAN?...
EŞİDİRSƏN?
bircə kəlmə söz deyim:
indi hava çox istidi,
üstü açıq yatmısan,
qoxun gəldi burnuma...
***
PAYIZ ADAM(43)
Payız adam,
bu fəsil sənin çiyinlərindən
nimdaş plaş kimi asılı qalıb.
Qış kürkünü görmədim.
Dörd ildi gözlərimdə
bir fəsildə qalmısan:
bomboz rəngdə.
Payız adam!
Bu fəsil əynində
köhnəldi sənin.
Ürəyinə qabqardığın
heydən düşmüş arzularınla
can üstə olan xatirələrinə
yol gedirsən,
hələlik...
Payız adam...
***
BİR DƏ ÜMİDİM YOX...(44)
Bir bahar mehi tək əsib getmisən,
Bütün gümanımı kəsib getmisən.
O axşam sən elə küsüb getmisən,
Bir də ümidim yox qayıtmağına.
Qal dedim, and verdim səni Allaha,
Baxmadın çəkdiyim həsrətə-aha.
Getdiyin yollara baxmıram daha,
Bir də ümidim yox qayıtmağına.
Dön gör ürəyimdə dərdim nələrdi...
Kim olsa yerinə vallah, gələrdi.
İndi güman yerim xatirələrdi,
Bir də ümidim yox qayıtmağına.
***
AYRILIQ HAVASI(45)
Son duamı oxudum
ayrılıqlar üzünə,
ayrılıqlar qibləsinə dayanıb.
Bütün ayrılıqların
səmti birdi:
ahı ürəkdən qopur.
...Ayrılıqlar oxudum,
bu aylı gecənin
səssiz xatirəsinə...
Ayrılıq duaları dəli
sevdaların
ruhuna bağışlanır.
Bütün ayrılıqların
qibləsi eynidi:
ağrısı soldan başlayır.
***
AY EV YİYƏSİ(46)
Qapını döyürəm, niyə açmırsan?
Gör gələn bir kimdi, ay ev yiyəsi.
Ürək eləmirsən yoxsa açmağa...
Nə adam döyənəm, nə də yeyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Kimim var, üz tutum qayıdım hara?!
Bəlkə də ölməyə gəlmişəm bura.
Bəlkə bir diləyə gəlmişəm bura,
Bəlkə bir sözüm var sənə deyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Məniydim sahibi o qızıl taxtın-
Tez düşdüm, qarğayım mən belə baxtı.
Kim döyər qapını bu gecə vaxtı?...
Mənəm belə dəli ürək yiyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Nəyim var ölçüdən, bölgüdən keçib,
Daha düşünməkdən, bəlkədən keçib.
Onsuz da mənimki sevgidən keçib,
Deyiləm heç kimə ta baş əyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
***
***
İKİNCİ ETİRAF(59)
Yenə doyunca vurdum
sənsizliyin sağlığına...
Nə yeyib, nə içdimsə və
nə düşündümsə
geridə izi qaldı:
yarımçıq pivə bakalı,
bir az
saçaqlı pendir,
"cipsi" ovuntuları,
xəyal qırıntıları,
bir də bir udum həsrət.
Sərxoşam indi,
yenə unutdum səni...
Ayılanda...
***
BİR UDUMLUQ ŞEİR...(60)
Səni payızda sevdim,
“ayrılıqlar ayında”.
Ayrılığın qorxusu
canımdan çıxdı,
“oxay”.
Yəqin biz ayrılanda
başqa aylar olacaq-
“ayrılıqlar ayları”.
Səni payızda sevdim-
ürəklər sevgi barını
ayrılığa satanda:
mənim Payız sevgilim!
***
HƏLƏ YADINDAYAM, BUNA DA ŞÜKÜR...(62)
"Xatirə dəftəri"ndən...
Sən nə sevdin məni, nə atdın məni,
Özün gözəlləşdin, qocaltdın məni.
Bircə həsrətinlə yarıtdın məni,
Hələ yadındayam, buna da şükür.
Bu sevgi deyilən haqdandı yəqin,
Payına nə düşə, baxtdandı yəqin.
Dedim, unutmusan çoxdandı yəqin,
Hələ yadındayam, buna da şükür.
Bilmirəm, hardasan, gəlmirsən yenə...
Eh, nələr eylədi bu dərdin mənə.
Sağ ol, yaddaşında yer verdin mənə,
Hələ yadındayam, buna da şükür!
***
Namiq Dəlidağlı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar