Xəbər lenti
F
“ÜRƏYİMDƏ YARAYA BAX…” +(Sevinc də baxıb)
Gəldin sevindirdin axı kimi sən?!
dəryalar qoynunda azan gəmisən.
Ömrün baharında xəzan kimisən
mənim həsrət yüklü iyirmi beş yaşım!
(“Yeni dünya ”qəzeti
8.X.94)
Bu misralar 1970-ci ildə Kəlbəcərdə doğulmuş Namiq Dəlidağlı qələminə məxsusdur.
Söhbət həqiqi sənətdən gedirsə yaş və məkan fərq etməz. Bu mənada N.Dəlidağlının dərc olunmuş yazıları tam əsas verir deyək ki, o şairdir, şeirləri də sənət aləminə təsadüfi bir cığırla düşmədiyini təsdiq edən həqiqi “sənəd”lərdir.
Mən özüm didərgin, sözüm didərgin,
bu il də ad günün mübarək, dərdim.
Sənə dilim gəlmir, deyəm-xoş gəldin,
mənim həsrət yüklü, iyirmi beş yaşım!
(“Yeni dünya ”qəzeti
8.X.94)
Son dərəcə dəqiq, sərrast deyimlər fikrin orijinal bədii ifadəsi, sözlərin çalarını, emosional “rəng”ləri ustalıqla, eyni zamanda xəsisliklə işlətməsi oxucunu inandırır ki, onun boz ədəbiyyata dəxli yoxdur. Böyük ədəbiyyat üçün doğulduğu, diletantlıqdan uzaq olduğu açıq-aşkar görünür:
Əlim torpağına çatmayan məzar,
“yuxusu dağılmış” - yatmayan məzar,
həsrətdən sinəsi çatlayan məzar,
hər gecə yuxumda ağlar, necədir?
(“Murovdağ” qəzeti
5.VIII.94)
Ən başlıcası onun yazılarında oxunan duyğularından inandırıcı bir qənaət hasil olur. İstedad və vətəndaş bir şəxsin - gənc şair Namiq Dəlidağlının simasında birləşir:
Bu sevgidən yarımadıq,
yarı doğma, yarı yadıq.
Urəyimdə yaraya bax,
o üzümə çöndər, gülüm.
(“Açıq söz” qəzet
22.VII.94)
Gənc şair Namiq Dəlidağlının yazıları diqqətli oxucuda düşünmək ovqatı oyadır. Çünki onun şeirlərinin nüvəsində insan, insanın taleyi, sevinci, kədəri durur.
Şübhə etmədən demək olar ki, onun çiyinləri poeziya adlanan əzablar yükünə mənəvi - psixoloji cəhətdən hazırdır.
Məncə, Namiq Dəlidağlının təqdim olunan yazıları fikrə kifayət qədər aydınlıq gətirir.
TANRIya şeir
I
Qarğıs da tale payıdı,
nə verdin qəbulum, Tanrım.
Dərd verən əlin var olsun,
böyükdü səbrim, Tanrım.
II
Bir yer göstər, çıxım gedim,
yaşaya bilmirəm, Tanrım.
Ən əziz dərdimi belə,
oxşaya bilmirəm, Tanrım.
Saxla o gedən qoşunu-
yüyürüm mən də qoşulum.
İçimdən ağrım qaşınır,
qaşıya bilmirəm, Tanrım.
Qəbul eylədim nə verdin,
dözürdüm, onda nər idim.
Bağışla, indi bu dərdi,
daşıya bilmirəm Tanrım.
BİR GECƏNİN GÜNDƏLİYİ
Gecə sükut içində,
ağrılarım oyaqdı.
Saat zamanı ölçür,
ölçür vədəni, vaxtı.
Ayın zülmət işığı,
pəncərəmdə dolaşır.
Arzularım mürgülü,
fikirlərim dolaşıq.
Heç nə ovuda bilmir,
ürəyimin çatını.
Bu zəhər siqaret də
itirib “bal” dadını.
Ayaq səsi batırmır,
qulağını küçənin.
Taleyimi buraxdım,
insafına gecənin.
Gecə sükut içində,
ağrılarım oyaqdı.
Saat zamanı ölçür,
ölçür vədəni, vaxtı.
Əli Rza Xələfli
Bakı, 1997
(Əli Rza Xələfli “Başdaşımın yazıları”,
kitabından.
Bakı-1998, səh.182).
***
BİR SEVGİNİN GÜNDƏLİYİ +(Sevinc də baxıb)
Həyatda elə hadisələr ola bilər ki, insanın ruhu aləmi ilə idrakı, yaşamı arasında ayrılıq yaradar. Əlbəttə, bu, daimi həqiqi həyat mahiyyəti daşıyanda xəstəliyə çevrilir. Ancaq söz-sənət aləmində vəcd anında da ruh idrakı aləmdən ayrılıb özünü diktə etməyə başlayır və bədənə hökmranlıq edir, düşüncə ruha tabe olur, əl onun diktəsini icra edir. Yerüstü qanunlar bu anlarda ruh üçün əhəmiyyətsiz olur.
Nədənsə mənə elə gəlir ki, Namiq Dəlidağlının şeirlərində onun bir müəllif kimi ryhu yaşamının idrakı yaşam üzərindəki hökmranlığı çox aydın görünür, duyulur. Özü də qəribədir ki, düşüncəni dumanlandıran, ruhla idrak arasında ayrılıq yaradan, zahiri vasitələrdən (bihuşedici maddələr, maddələr, içkilər…və.s) fərqli olaraq həyat hadisələri onda belə hal yaradır. O hadisələr ki, insanın mənəvi aləmini dağıtmağa yönəlikdir. Onun ruh sarayını sökmək, dağıtmaq gücündə olur.
Namiq Dəlidağlının müşahidəsində belə təsiredici güc mənbələri, sevgi hissinə qənim kəsilən, məhəbbəti insanın duyğusal aləminin qapısından içəri buraxmayan…kimi antiinsani düşüncə sahibləridir. Onlar insanı Vətəndən ayrı salır, sevgisinə qovuşmasına min cür maneə yaradır, insanın qürurunu məhv etməyə, onun daxili mükəmməlliyini pozmağa məqsədlidir.
Namiq (Vətən) yurd həsrətini dərdi kimi xarakterizə edəndə, adi bir küskünlüklə sevgilisindən, lap elə qısa müddətdə ayrı düşəndə, çox vaxtsız itirdiyi atasını xatırlayanda onu arzularına çatmağa, istəklərinə qovuşmağa imkan verməyən maddi məhrumiyyətlərini gözlərinin önünə gətirəndə…nə bilim, bəlkə də, min bir halda Hegelsayağı ifadə etsək “maqnetik duruma”, yəni ruhi idrakınının ayrılığına tuş gəlir. Və sanki gələcəyi görən bir şaman kimi vəcd anına qalxır. Sanki kimsəyə üz tutmadan özü öz daxili aləmində danışmağa başlayır. Və bu zaman “Bəxtəvərəm, dərdim böyüyür”, “Saxla, o gedən qoşunu, Yüyürüm mən də qoşulum”, “Qarğış da tale payıdı, Nə verdin qəbulum, Tanrım”, “Yollarıma çökən çənmi, bürkümü?”… kimi ifadələr işlədir və bunlar sadəcə ifadə, deyim şəklində qalmır. Bütün çoxçalarlı mahiyyətilə Namiq Dəlidağlının şeirlərində açılır, söz güllərinə, məna külçələrinə çevrilir.
Namiq həm şair kimi, həm də gənc müasirim kimi gözlərimin qabağında böyüyüb. Onun demək olar ki, hər cür durumunu görmüşəm. Amma ruhdan düşdüyünü və sındığını görməmişəm: “- Namiq, çoxdandır görünmürsən, hardasan” – soruşanda, - “Ədəbiyyat yaradıram”, - deyirdi. Bu, 20 il bundan əvvəl Namiqin 25 yaşı olanda dediyidir. O zaman deyirdi ki, onda, ortalıqda hələ bütün ciddiyyətilə nəşr olunmuş bir kitab yox idi. Əvəzində Namiqin güclü, poetik ruhu, sözə doğru yolunda inamı və inadı vardı.
45 yaşlı Namiq Dəlidağlı bu gün Azərbaycanın poeziya sarayında bütün parlaqlığı ilə görünən işıqdır. Ancaq yesirdir, yurd nisgili onu yesir eləyib. Bəlkə də, poeziyasındakı böyük dərd obrazının su içdiyi bulaq da elə bu ayrılıq yesirliyidir. Ayrılığın o başında Namiqin bir parça olaraq qopub gəldiyi, əsirlikdə qalmış dağ var; Kəlbəcər dağları – Dəlidağ!
Bircə arzum var: Dağ əsirlikdən qurtulsun, şair də yesirlikdən!
Əli Rza Xələfli
“Kredo” qəzeti
02.10.2015
***
Hər bir yeni kitab əslində həm də müəllifin oxucu ilə yeni görüşüdü. Bu mənada mən Namiq Dəlidağlının şeirlərinə, imzasına daha çox ayrı-ayrı qəzet və jurnal səhifələrində rast gəldiyim üçün onu bir oxucu olaraq bu qədər yaxından tanımırdım və Namiq bəyin yazdığı səmimi avtoqrafla mənə bağışladığı kitabını məmnuniyyətlə qəbul etdim. Bunun da əsas səbəbi şairin bir kitabda bütöv şəkildə görmək arzum idi.
Doğrudur, bir misra da, bir şeir də müəllifi təqdim edir, onu tanıdır, onun bir növü şəxsiyyət vəsiqəsinə çevrilir. Amma bəzən də olur ki, həmin o təqdimat bəs eləmir. İstəyirsən ki, müəllifi bir az da yaxından, bir az da qollu-qanadlı görüb onunla tanış olasan. Bax, mən də mətbuatdan tanıdığım Namiq Dəlidağlının "Otel otağından reportaj" adlı şeirlər kitabını onun iç dünyasını bütövlükdə görmək üçün oxumağa başladım. Elə buradaca vurğulayım ki, Sumqayıt şəhərindəki "Azəri" nəşriyyatında işıq üzü görmüş kitabın tərtibatı da maraq doğurur. Bu maraq şeirlərlə qovuşur və bir oxucu olaraq məndə mövzuya yanaşmanın diqqətçəkən tərəfini duymaq üçün ipucu olur. Məsələn, dənizin içərisinə, hardasa boşluğa və yaxud da dumana doğru uzanan körpünün görüntüsü adamı dünənə, arxada qalan günlərə, anlara kökləyir. Kökləndiyin dünən də bir yaddaş kitabı kimi vərəqlənir. Bax, həmin dediyim məqamı da müəllif özünün dörd misralıq yaddaş şeirində ifadə edir və yazır:
Çaylaqda daşının sayı yadımda
çöllərdə quşunun sayı yadımda.
Əgər yaddan çıxsa lap soyadım da,
yurdum, yaddan çıxmaz bir çopur daşın.
Bu dörd misra həm də onu deyir ki, şair yaddaşı, şair fəhmi dünəni bir arxiv kimi, bir keçmiş kimi xatırlamır. Bu xatırlatma oyaqdı, diridi. Lap elə əvvəldə qeyd etdiyim həmin o körpü şəklinin altındakı fikirdə bu dediyimi sübut edir. Şair yazır ki:
Keçdim dünyanın içindən,
boşca qəfəsmiş demə.
Bu yerdə müəlliflə razılaşmamaq da olar. Amma Namiq bəy dünyanı bu cür görürsə, bu onun ixtiyarıdı və o da öz hüququndan yararlanır. Sadəcə, dünyanın boş və mənasız bir məkan kimi təqdim etməyin doğruluğu məni razı saldı. Ən azından bu dünyada SÖZ var. Elə Namiq bəyin yazdığı söz də onların sırasındadı. Onun "Apreldə vətən yazılan şeir"i mənim dediyimi özü-özlüyündə təsdiq edir.
Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinəm səngər çapıqlı,
gözlərim qan çanağı.
...Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum,
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından...
Göründüyü kimi burda təsvirlə yanaşı, həm də bir tərənnüm var. Deməli, təsvir və tərənnüm özü-özlüyündə sözə meydan verir. Onda da Namiq Dəlidağlının özü boş saydığı dünyanın sözlə cilalandığını xatırladır...
Mən üç fəsildən ibarət olan bu kitabda mövzu qıtlığının Namiq Dəlidağlı üçün heç bir əhəmiyyət daşımadığını da ifadə etməyi özümə borc bilirəm. Ona görə ki, şairin kitabında Vətən, torpaq, şəhid, tarix və bir də təbii ki, sevgi mövzuları bir-birini əvəz edir. Və bu da şairə imkan verir ki, müraciət etdiyi mövzuda və vəzndə özünü ifadə etsin, öz düşüncələrini şeirə çevirə bilsin. Məsələn, onun "Aparammıram" şeiri anasına ithaf olunub. Daha doğrusu, onun qarşısında etirafdı. Bu etirafın səmimiyyəti çox səmimidi. Həmin səmimiyyət də sifarişli, umacaqlı yox, hardasa həm də içdən, ruhdan qopub gəlir. Şair yazır:
Nə umub küsürsən, qurbanın olum,
Bağlanıb bənd, bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
incimə boş yerə, aparammıram.
Söndü o yuvanın odu, ocağı,
yoxdu bizdən daha bir umacağı,
unut Dəlidağı, "Novlu bulağ"ı,
öyrən bu şəhərə, aparammıram.
Yanırsan, göylərə bülənddi tüstün,
görürəm, çox vədə vurmuram üstün,
çəmənlər pərişan, çiçəklər küskün,
qan tökür dağ, dərə, aparammıram.
Ta demirəm sağlıq olun, ay ana,
boşalanlar bir də dolsun, ay ana,
Namiq adlı oğlun ölsün, ay ana,
səni Kəlbəcərə aparammıram.
Bu şeir əslində yurd-yuvasını itirmiş, içində iynə ucu boyda torpaq sevgisi olan hər bir oğulun ürəyinin etirafıdı, ürəyinin özü qarşısında çəkdiklərinin ifadəsidi. Ona görə də Namiq Dəlidağlının unudulmaz nasirimiz Ağa Laçınlıya yazdığı misralar da adamın içini titrədir.
Üçcə dəfə gördüm Ağa Laçınlını-
ağa kişi kimi;
sözünün ağası kimi;
Ağa Laçınlı kimi.
Söhbətinin dadı qaldı damağımda-
bal kimi;
şəkər kimi;
şərbət kimi.
Sonra araya vaxt düşdü -
ayrılıq kimi;
hicran kimi;
həsrət kimi.
...Çiçəklərin ballanmağı
arılardan qabaq duyurdu
Ağa Laçınlı.
Laçın dağlarından
şirə toplayıb kitab şanlara
hörürdü Bakıda...
auditoriyalarda bal daddırırdı
tələbələrinə...
Sonra karxana auditoriyalardan
beçələrini uçururdu;
şirə çəkməyə, bal toplamağa...
... On beş il Xan Laçına gedə bilmədi
Ağa Laçınlı:
şirə çəkməyə,
bal toplamağa.
Bakıda mayasını yedi və...
Sizə təqdim etdiyim bu şeir mənə elə gəlir ki, artıq sizin üçün də bir ipucu olacaq. Səmimi, duyğulu və düşündürücü şeirləri tapıb oxumaq üçün. Təbii ki, oxuyandan sonra kimlərsə mənimlə razılaşmaya biləcək. Amma mən bəribaşdan deyirəm ki, bir oxucu olaraq mən Namiq Dəlidağlının şeirlərində işıqlı və rəngarəng məqamlar gördüm. Onlar yurd həsrətli misralarda da var, ünvanlı şeirlərdə də, məhəbbət, sevgi mövzularının tərənnümlərində də. Bax, elə yazımın sonunda təqdim etdiyim "Sonuncu məktub" şeirinə diqqət yetirsəniz mənimlə yəqin ki, razılaşarsınız.
Mən səni sevə bilmədim,
sən məndən üz döndər, gülüm.
O saralmış məktubları
yığ özümə göndər gülüm.
Bu sevgidən yarımadıq,
yarı doğma, yarı yadıq,
ürəyimdə yaraya bax,
o üzümə çöndər, gülüm.
Özgələşdi bir ad məndən,
ta uzaq gəz, ay yad, məndən,
qoyma qala bu od məndə,
gedirsənsə söndür, gülüm.
Düşünürəm ki, "Otel otağından reportaj" kitabı mənim üçün maraqlı olduğu kimi, sizlər üçün də arzu edilən şeir toplusu olacaq.
Əbülfət MƏDƏTOĞLU, şair,
Əməkdar jurnalist
Tarix: 14-07-2017
“Burada qəzetin çıxan tarixini göstərmək….” “ƏDALƏT”qəzeti
***
“ÇAĞIRIN KÖMƏYƏ KƏPƏNƏKLƏRİ” +(Sevinc də baxıb)
Bəni insanın həmişə Sözə, Ulu sözə, Bəşəri Sözə ehtiyacı olub, var və dünya durduqca olacaq. Söz elə bir varlıqdır ki, onun haqqında Füzuli əbəs yerə deməyib:
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər an səni o uyğudan bidar söz.
Son vaxtlar Azərbaycan şeirinə bir nəsil yeni səsə, yeni nəfəsə və duyuma malik gənclər gəlir. Onları oxuduqca bir daha inanırsan ki, Söz yaşayır və yaşayacaq.
Belə gənclərdən biri də indi Sumqayıtda yaşayıb-yaradan Namiq Dəlidağlıdır.
Qarğıs da tale payıdı,
nə verdin qəbulum, Tanrım.
Dərd verən əlin var olsun,
böyükdü səbrim, Tanrım.
Tanrıya tapınan, onun verdiyi dərdi tale payı kimi qəbul edən Namiq Dəlidağlının bu dünyayla qovğası nədən olsun axı?
Dərdimə bax, boy atıbdı boyumca-
həsrətimin yollarında qoyum can,
nəşəsindən dadmamışam doyunca,
məni vaxtsız cürüdəcək bu dünya.
Dünya öz nəşələrini güləbətinli yaylığa büküb insana vermir. Onun nəşələrini dadmaq, onlara çatmaq üçün səbr ehtiyatının azlığı onun cavanlığının, dəliqanlılığının, mövcud məqamda bir az da dəlidağlılığının inkası deyilmi?
Vətən haqqında saysız-hesabsız şairin saysız-hesabsız miqdarda şeiri var. Bəs, Namiqin vətənə baxışı hansı bucaq altında boy göstərir?
Çaylaqda daşının sayı yadımda,
çöllərdə quşunun sayı yadımda,
əgər yaddan çıxsa lap soyadım da,
yurdum, yaddan çıxmaz bir çopur daşın.
Görəsən, bu bəndəmi bir şərh lazım? Xeyr, ona ancaq onu əlavə etmək olar ki Namiqin bala vətəni indi yağı tapdağı altındadır. Və bunun ağrısı tamam başqa ağrıdır. Kəlbəcəri tərk etməyən, yaşı 90-nı haqlamış (ötmüş) Ələsgər babaya şair müraciət edir:
Bizə bir xəbər ver, Ələsgər baba,
xəbər ver, kimsəsiz dağlar necədir?
Yolunu ot basmış “Tala bulağı”,
bir ildir qəlbimdə çağlar, necədir?
Əlim torpağına çatmayan məzar,
“yuxusu dağılmış”-yatmayan məzar,
həsrətdən sinəsi çatlayan məzar,
hər gecə yuxumda ağlar, necədir?
(1994)
İlahi, o hansı məzardır hər gecə Namiqin yuxusunda ağlayır?
Ata, məzarını qoyub gəlmişəm,
bu dərd yandıracaq, yaxacaq məni.
Səni itirmişdik, bu ağır bir dərd,
indi də dağladı bu dərd sinəmi.
…Ata, məzarını qoyub gəlmişəm,
köksümdən qırılb qəlbimin tağı.
Səni itirmişdik - bu ağır bir dərd,
indi də itirdik ana torpağı...
(aprel 1993)
Və belə bir torpaq qoyarmı onun oğlu burda sakit, ahəstə seyrçi bir ömür yaşasın? Əsla! Bu elə qövr eləyən yaralardan deyil ki, səni başlı-başına buraxa, ha qaç ondan, görüm hara qaçırsan.
Düşmən gülləsindən qaya çapılıb,
həsrətdən dağların qaşı çatılıb,
sınıq pəncərəli, sınıq qapılı,
Allah, evimizin daşı üşüyür.
Dəli bir haraya kökləndi qəlbim,
dərd yükü çəkməyə köhnədi qəlbim,
dərin bir ah çəkdim, göynədi qəlbim,
ağladım, gözümün yaşı üşüyür.
Bəli, yalnız qəlbini dəli bir haraya kökləyəndən sonra ozan ola bilərsən. Və necə ozan?
Dərd-qəm nədi, bilməziydim o zaman,
indi burda dərd kökləyən ozanam.
Ağlayanda kiridəmmir öz anam,
çətin məni kiridəcək bu dünya.
(1993)
Bu sətirləri oxuyanda məndə belə bir əminlik hasil olur ki, onları yazanın kiriməyə haqqı da yoxdur. Və necə ki o deyir:
Qarışqa özünə yem daşıyan tək,
dərdimi içimə daşıyıram mən.
Şələ götürürəm özümdən böyük,
qarışqa ömrü yaşayıram mən.
Deməli, kiriyən deyil, dərd qoyan deyil o kirisin.
Qorxuram bu yazımdan belə bir təəssürat yarana ki, Namiq yalnız dərd şairidir. Xeyr, Namiqin gözəl sevgi və təbiət şeirləri də var. Və neyləyəsən ki, burda da Namiq həssas qəlbinin çırpıntılarını bir növ dərdə bükülü şəkildə təqdim edir.
Bu sevgi deyilən haqdandı yəqin,
payına nə düşə, baxtdandı yəqin,
dedim, unutmusan çoxdandı yəqin,
hələ yadındayam, buna da şükür.
Çaylar Namiqin şeirində sadəcə çay olub qalmır.
...neçəki dağlar var, çaylar axacaq,
dağların gözünün yaşıdı çaylar.
Yuxarıda gətirdiyim bəzi nümunələr Namiqin “Bitməməş şeirlər” silsiləsindəndir.
O silsilədən çox sevdiyim və bir misrasını sərlövhə seçdiyim bəndlə yazımı yekunlaşdırıram:
Arılar güllərin qanını çəkdi,
çiçəklər təklənib, güllər təklənib.
Neçə çiçək "öldü" arı əlindən-
çağırın köməyə kəpənəkləri...
Bu son misraya söykənib və kəpənəklərin güllərə konkret necə kömək edəcəyini Namiqin öhtəsinə buraxıb ona mübariz ruhlu şair olmağı arzulayıram. Çünki mübarizliyə bu gün xalqımızın da ehtiyacı var, ədəbiyyatımızın da.
Elçin Elgün
08.05.1996
Sumqayıt.
***
(SƏRLOVHƏ SEÇMƏLİ) (Sevinc də baxıb)
“Otel otağından reportaj” – bu şair Namiq Dəlidağlının yeni kitabıdır. Və onun ( ) ilkin məlumatlar da bu günə qədərki ədəbi mühitdə ayrı-ayrı qəzet və dərgilərdə, almanaxlarda yer alıb. Ən başlıcası, bu gün ədəbi mühitimizin ən istedadlı yazarlarından biri kimi Namiq Dəlidağlı haqqında ilkin məlumatı şair-publisist Əli Rza Xələflinin “Baş daşımın yazıları” (Bakı 1998, “Zaman”nəşriyyatı) kitabından alırıq. Həmin kitabda şair Namiq Dəlidağlının haqqında “Ürəymdə yaraya bax” sərlövhəli ədəb-tənqidi yazı dərc olunub. Həmin yazıda oxuyuruq: “Söhbət həqiqi sənətdən gedirsə yaş və məkan fərq etməz. Bu mənada N. Dəlidağlının dərc olunmuş yazıları tam əsas verir deyək ki, o şairdir, şeirləri də sənət aləminə təsadüfi bir cığırla düşmədiyini təsdiq edən həqiqi “sənəd”lərdir.
Mən özüm didərgin, sözüm didərgin,
bu il də ad günün mübarək, dərdim.
Sənə dilim gəlmir, deyəm-xoş gəldin,
mənim həsrət yüklü, iyirmi beş yaşım!
(“Yeni dünya ”qəzeti
8.X.94)
Son dərəcə dəqiq, sərrast deyimlər fikrin orijinal bədii ifadəsi, sözlərin çalarını, emosional “rəng”ləri ustalıqla, eyni zamanda xəsisliklə işlətməsi oxucunu inandırır ki, onun boz ədəbiyyata dəxli yoxdur. Böyük ədəbiyyat üçün doğulduğu, diletantlıqdan uzaq olduğu açıq-aşkar görünür:
Əlim torpağına çatmayan məzar,
“yuxusu dağılmış” - yatmayan məzar,
həsrətdən sinəsi çatlayan məzar,
hər gecə yuxumda ağlar, necədir?
(“Murovdağ” qəzeti
5.VIII.94)
Ən başlıcası onun yazılarında oxunan duyğularından inandırıcı bir qənaət hasil olur. İstedad və vətəndaş bir şəxsin – gənc şair Namiq Dəlidağlının simasında birləşir” (Əli Rza Xələfli “Başdaşımın yazıları”, Bakı-1998, səh.182).
Bu qeydlərin yazıldığı zamandan iyirmi il ötür. Və bu gün Namiq Dəlidağlı “Otel otağından reportaj” şeirlər silsiləsi ilə ədəbi mühitə növbəti və neçənci dəfə qayıdıb. Bu kitabına o, epiqraf kimi dağların qoynunda bir ev rəsmi, bəlkə də, arzularındakı Kəlbəcərdə dağlar qoynunda, meşələr içində quracağı bir evin şəklini və bunun davamınca “Yolları, izləri qar bağlayıbdı, Bu fəsil bir kəndin qışı üşüyür” misralarını maraqlı bir epiqraf kimi gətirib. Namiq Dəlidağlı çox orijinal bir şairdir. Kimsəyə bənzəməyi yox, bizim düşüncəmizdə aprel müxtəlif rənglərdə görünür, amma Namiq Dəlidağlı apreli 2016-cı ilin yazında görür:
“Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinən səngər çapıqlı,
gözlərin qan çanağı…
…Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının
bircəcə məlhəmi var:
onun adı savaşdı,
onun adı Qələbə…”.
Bu əlbəttə, Namiq Dəlidağlının öz yanaşmasıdır, özü də qədərincə orijinal yanaşmasıdır. Əgər belə demək mümkünsə, balaca bir kitaba az qala yüzə qədər şeiri sığışdıran şair hələ üstəlik həmin şeirləri bölmələrə də ayırıb. “Qışı üşüyən kənd”, “Boşca qəfəsin içində”, “Yolların əyninə biçilən xəyallarım”… Bunlar Namiq Dəlidağlının şeirlərinin mahiyyətini ifadə edən şərti bölgülərdir. Çox güman ki, o, səriştəli bir redaktorla gələcəkdə həmin şeirlərini elə bu adlarla təzədən araya-ərsəyə gətirəcək.
Namiq Dəlidağlı sevilən, duyğularla danışan və duyğuları başa düşülən bir şairdir.
...Tər çiçəyin solacaq -
bir gün ürəyin solacaq.
Gülüm, ürəyin soldumu,
onda görəcəm ölmüşəm.
Bu şeir şairin təəssüf dolu duyğularıdır. Bəlkə də içində əbədi həyat arzusu olan duyğularıdır.
Namiq Dəlidağlını bir qədər də indiki görümündə, bir az da sabitləşmiş görümündə "Otel otağından reportaj" kitabının son üzündəki portret cizgilərindən daha qabarıq görmək olar:
"Namiq Dəlidağlının "Otel otağından reportaj" adlı kitabına daxil edilən şeirlərin əksəriyyəti milli kökdən qaynaqlansa da, modern üslubda qələmə alınıb. Şeirlərə nəzər yetirdikdə görürsən ki, N.Dəlidağlının milli-poetik çərçivəni sındırmaq cəhdi heç də milli dəyərlərdən uzaqlaşması demək deyil. Milliliyin yeni üslubda deyilişi yolunda bir axtarış, köhnəyə yeni çalar qatmaq çabasıdı."
"Çağdaş poeziyamızın istedadlı nümayəndələrindən olan Namiq Dəlidağlının növbəti kitabının da dəyərli oxucular tərəfindən maraqla qarşılanacağına imidvarıq. Kitabdakı şeirlərin bir çoxu müəllifin son illərdə qələmə aldığı, müxtəlif mövzuları əhatə edən poetik nümunələrdir".
Ə.R.Xələflinin iyirmi il bundan əvvəlki qeydləri, bəlkə də, ilk addımlarını atan bir şair haqqında öncəgörmə təsiri bağışlayırdı. Bu qeydlər kimlərəsə illüziya kimi görünə bilərdi, amma zaman göstərdi ki, "Otel otağından reportaj" çox güclü mənəvi hazırlıq üzərində yazılıb. Adicə bir təbiət lövhəsi ilə şair bəşəri bir problemi də qoya bilir:
Qarışqa özünə yem daşıyan tək,
Dərdimi içimə daşıyıram mən.
Şələ götürürəm özümdən böyük,
Qarışqa ömrünü yaşayıram mən.
Bu misralar şairin mənəvi gücünün göstəricisidir. Özünün kimliyinə ünvanıdır. Bu ünvanın daşıyıcısı - bir sənətkar təbii ki, bəşər insanın taleyi haqqında yetkin bir düşüncə ilə qənaətini bildirə bilər:
Arılar güllərin qanını çəkdi,
güllər tənhalaşıb, güllər təkəlnib...
Neçə çiçək öldü arı əlindən,
çağırın köməyə kəpənəkləri.
Arılar güllərin qanını çəkdi,
çiçəklər təklənib, güllər təklənib.
Neçə çiçək "öldü" arı əlindən-
çağırın köməyə kəpənəkləri...
(Bu bəndin hansı daha uyğundu, o veriləcək.)
Belə şeirlərin izahı eləmək düşüncənin xırdalığıdır, belə şeirlərin mahiyyətini, mənasını gərək hər kəs özü bilsin.
Bizim Əli Rza Xələfli deyir ki: “Namiq Dəlidağlı kimi şairlər, əslində, psixoloji hazırlığı olan oxucu üçün yazır. Onların düşüncə sistemi Tanrı-insan arasındakı mərhələdədir. Yəni yuxarısı göydə olmadığı kimi, aşağısı da yerdə deyil”.
Namiq Dəlidağlının kənd mənzərələri də, Tanrıya ünvan yazdığı şeirlər də, şairlərin soyulmağı haqqında düşüncələri də, lap elə bir gecənin gündəliyi də maraqlıdır. Əlbəttə, oxuyan olsa. Və oxuyandan sonra duyan olsa. Bu şeirlərin hər birində ağrı ovqatı var. “Otel otağından reportaj” məni bir az da uzaqlara apardı.
...Bir az da özümü kino bilicisi hesab edirəm. Və bu yerdə Namiq Dəlidağlıya deyirəm ki, Anarın “Otel otağı”ndakı iztirablar poeziyada da yaşayırsa, demək, bəşəri iztirablardır.
Şəhla Hacıyeva
“Kredo” qəzeti
22 mart 2018
***
(Sevinc də baxıb)
Usanmadan, məhsuldar çalışan həmkarım "Manevr.az", “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyi və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri, Prezident mükafatçıısı Namiq Dəlidağlını gənc yaşlarımdan, otuz ildən çoxdur tanıyıram. Sumqayıta yurdu viran olmuş məcburi köçkün kimi pənah gətirmişdi. Çox sadə və səmimi idi. Zəhmətə qatılıb yaradıcılıq yollarında pillə-pillə addımlamağa başlamışdı. Kəlbəcər torpağı təbiətin bir möcüzəsidir. Bu torpağın suyunu içənlər, havasını udanlar şair olmaya bilmirlər. Sanki anadan şair doğulurlar. Bəli, şairlik Allah vergisidir. Şair olmaq üçün istedadlı doğulmalısan. Onun üçün heç nə edə bilməzsən. Sadəcə, mütaliə lazımdır. Təbin rəvan olmalıdır. Öz üzərində çalışmalısan. Namiqi də poeziyanın sehri çoxdan ağuşuna alıb. Sənətə böyük məsuliyyətlə yanaşır. Kitablarını dönə-dönə vərəqləyir, oxuyur, onun söz dünyasna, şeir aləminə, duyğular dənizinə dalıram... Bu şeirlərin hər biri məhəbbətlə, sözün həqiqi mənasında, Vətənini, yurdunu sevib-oxşayan bir insanın ən gözəl duyğuları ilə süslənib. Və görürəm ki, hər bəndində, misralarında deyilən mətləb onun poetik amalı, bədii-estetik kredosudur. O, ölümsüz söz eşqilə yaşayır, yaradır... Namiqin şeirlərində kənd saflığı, dağ vüqarı, bulaq sərinliyi, çay harayı var. Yazılarında bəzən publisistik yön ifratlanır. Bu da onun jurnalist fəaliyyəti ilə bağlıdır. Bu isə təbiidir. İki üslub(ub)un qovuşuğunda gerçəkləşir onun fikirləri, duyğuları…
Şair qələminin səsini ruhunda, təbində eşidir. O, daim axtarışda olan, günbəgün, ilbəil böyüyən şairdir. Qələmindən çıxan sözlər, duyğular oxucunu sehrləyir. Özü də torpağa, Vətənə, insana qədir-qiymət yükü daşıyır... Şairin şeirləri doğma yurdu Kəlbəcərin mənzərələrinə çox oxşayır, düşüncələri sanki ayna sularda durulub. Həyati məna yükü ilə doludur, uyumludur, duyumludur. Rəvan və oxunaqlıdır, lirizmdən süzülür, mətləb dərinliyinə varır. Duyğuları sənə doğma gəlir, sənin öz duyğuna çevrilir.
Yaradıcılığının özəyində bütöv TURAN var, əslində bütün soytürk ruhu şeirlərində cəm olubdur. Mənim qənaətimə görə, şair öz şeirinə, şeiri isə şairin özünə oxşayır. İnanıram ki, 55 yaşının dolaylarında gərdiş edən Namiq Dəlidağının yaradıcılığı daima inkişaf edəcək, oxucularını sevindirəcək, poeziyamızı zənginləşdirəcək, gur alovlanacaqdır...
Usanmadan, məhsuldar çalışan həmkarım Namiq Dəlidağı yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, bolluca uğur və sevinc arzulayıram!
İlhamə Məhəmmədqızı,
Azərbaycan Yazıçılar Birliyinin
və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
şair-jurnalist
***
Yaşayan və ölən şeirlər (İşdənməlidir) (Sevinc də baxıb)
(Namiq Dəlidağlının bir kitabı haqqında təəssüratım)
Bu günlərdə mənə yaxın olan dostlarla görüşümüz oldu. O dostların içində Kəlbəcər elinin Dəlidağ vüqarlı şair oğlu Namiq Dəlidağlı da vardı. Otuz beş ildən çox bədii yaradıcılıqla məşğul olan və Azərbaycan ədəbiyyatında tanınan Namiq Dəlidağlını mən, 2016-cı ildən tanıyıram. O, çox səmimi, dostcanlı insandır. Mən özüm ədəbiyyata çox gec gəldiyimdən (yəni ikinci dəfə) yazar dostların çoxunu da gec tanımışam.
Namiq Dəlidağlı o görüşdə mənə təzə çapdan çıxmış “Əllidə ələnənlər” adlı kitabını hədiyyə etdi. Bu kitabı çox böyük həvəslə oxudum. Kitab balaca olsa da, amma? dəyəri, burada olan şeirlərin tutumu, dərinliyi 300 səhifəlik bir kitabın dəyərindən də artıq olan bir toplumdur. “Əllidə ələnənlər” kitabının içindəki şeirləri oxuduqca şairin ürək döyüntülərini, zamana, həyata münasibətini, dünyanın gərdişini fəlsəfi mənada necə hiss etdiyini eşitmək və görmək olur. Neçə illərdi bala vətəni Kəlbəcərdən ayrı düşmüş şair Namiq Dəlidağlının yurd həsrətli şeirlərini oxuduqca onun ürəyindəki közü, ağrını hiss etməmək mümkün deyil.
Kitabdakı şeirlərin hamısı insanı duyğulandıran və düşündürən şeirlərdi. Amma “Kəpənək ağladı, arı ağladı” şeiri mənə daha çox təsir elədi. Çox maraqlıdır ki, şair bu şeiri dağlarda güllələnən güllərin əziz xatirəsinə ithaf eləyib. Bu, elə özü ədəbiyyatda bir tapıntıdır.
Gülü güllələndi, çiçəyi öldü,
yarpağı qurudu, ləçəyi öldü.
dağların ən gözəl göyçəyi öldü,
nə ağır yas düşdü dağlara, qardaş.
Yarını itirdi, yarı ağladı,
üz tutdu dağlara sarı, ağladı,
kəpənək ağladı, arı ağladı,
nə ağır yas düşdü dağlara, qardaş.
Böcəklər ah çəkdi, ağlaya bilmir,
sızlayan yarasın bağlaya bilmir,
bülbüllər göz yaşın saxlaya bilmir,
nə ağır yas düşdü dağlara, qardaş.
Dərələr güllərə ta açmır qucaq,
əli qoynundadı hər künc, hər bucaq,
yağını güllərin ahı tutacaq,
nə ağır yas düşdü dağlara, qardaş.
Bu şeirin təsiri, müəllifin hadisələri təxəyyülündə görərək təsvir etməsini mən də gördüyümə, təsəvvürümdə yaratdığıma görə məni də ağlatdı, əziz qardaşımız Namiq Dəlidağlı! Artıq Azərbaycanımızın dilbər guşəsi olan Kəlbəcərimiz düşməndən azad olub. Yəqin ki, bu bahar o dağların nə çiçəyi, nə də kəpənəyi ağlamır. Çünki, Vətənimiz, Qarabağ adlı cənnətməkan yurdumuz yağı düşməndən azad olunub. Bu da Ali Baş Komandanımızın böyük ağlının, böyük siyasətinin və bizim igid oğlanlarımızın, rəşadətli ordumuzun qanı bahasına başa gəldi. Allah Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı versin. Daha qəm eləmə, Şair, daha da həvəslə yaz, yarat. Böyük Yaradanın köməyi ilə tezliklə Kəlbəcərə, o cənnətməkan yerə getmək bizlərə də qismət olar.
“Əllidə ələnənlər” kitabında Vətən ruhlu şeirlərlə birlikdə sevgi dolu şeirlər də çoxdur. Onlardan biri -“Mənə inanma” şeiri duyğularıma çox böyük təsir elədi. İnanıram bu şeiri oxuyan hər bir insana təsir edəcək:
Heç nəyə inanma,
mənim etiraflarım
bilə-bilə törədilən
günahdan sonra
Allaha edilən dua kimidi.
...Heç nəyə inanma,
bu gecə yuxun gəlməsə,
əllərini aç göyə,
dayan üzü qibləyə,
mənim günahlarım
boyda bir ah çək
dünya dağılsın.
Əziz oxucular, görürsünüzmü, çox qısa olan bu şeirin bir poema qədər maraqlı və dərin mənası var.
Namiq Dəlidağlının bu şeiri isə onun böyük filosof olduğuna tam sübutdur. Çünki kəpənək və güllə bağlı mən çox şeirlər oxumuşam və özüm də yazmışam. Amma Namiq Dəlidağlının “Kəpənək sevgisi” adlı şeiri kimi yüksək mənalı və belə fəlsəfi dərinliyə malik şeiri ilk dəfə idi ki, oxuyurdum:
I
Bir çimdik canınla
necə sevirsən, bu qədər gülləri,
çiçəkləri sən?
Necə qanın qaynayır
sənin gülə-çiçəyə,
sənin ki, qanın yoxdur,
qansız da sevgi olar?
... Mənim qanım olsa da,
sənin kimi sevmədim, nə gülü,
nə çiçəyi, nə də ki, adamları...
Sənin sevgin dünyada
ən ilahi bir eşqdir!
II
... gülləri nə qədər
sevsələr də
ölümünə ağlamırlar
kəpənəklər.
Bir məqamlıq
ömürlərində gül sevdasını,
gül sevgisini
Heç nə əvəz eləmir.
Ən ağrılı ölüm belə
ağlatmır kəpənəkləri.
kəpənəklər
güllərin
sevdadından
özləri ölür!
Namiq Dəlidağlı 1970-ci ildə Kəlbəcərdə anadan olub. Ali təhsillidi. Artıq ömrünün 51-ci baharını yaşayır. Bədii yaradıcılığa hələ orta məktəbdə (illərində) təhsil aldığı vaxtlardan başlayıb. İlk şeirləri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində çap olunub. O, 1994-cü ildən mətbuatda çalışır. Bir sıra qəzetlərin, saytların müxbiri, parlament müxbiri, şöbə müdiri, baş redaktor müavini işləyib. “168 saat”, “Hər şey sizin üçün”, “Gəncliyin səsi”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub. Şeirləri, publisist yazıları, məqalələri mütəmadi olaraq respublika qəzetlərində, saytlarında və xarici mətbuatda çap olunur. Namiq Dəlidağlı “Manevr.az”, “Dəlidağ.az, “Sumqaitfakt.az" xəbər saytlarının qurucusu və Türkiyədə fəaliyyət göstərən ”Kapsamhaber” saytının köşə yazarıdır. “Dəlidağ” Ədəbi Birliyinin sədridir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, “Qızıl qələm” və başqa media mükafatlarına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin xətti ilə verilən Prezident təqaüdünə də layiq görülüb.
Namiq Dəlidağlı uzun illər mətbuat səhifələrində çalışdığına görə həm öz yaradıcılığına və həm də başqalarının yaradıcılığına qarşı çox məsuliyyətli və tələbkardır. Onun rəhbərlik etdiyi saytlarda və qəzetdə zəif şeirlər çap olunmur. Bax belə cavabdeh olan insan “Şeir yazanda” adlı maraqlı bir şeiri yaza bilərdi və yazıb.
Şeir yazanda istəmirəm
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya
təkrallayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu
eşq yaşayıram şeir yazanda.
Hamıdan gizlənirəm,
hamıdan utanıram o an...
Sonra şeir doğulur.
Şeirin də xoşbəxti,
bədbəxti olur,
yaşayanı da var,
öləni də.
Əziz qardaşım Namiq Dəlidağlı. Sizin “Əllidə ələnənlər” kitabınız inanırıq ki, hamının stolüstü kitabı olacaq. Buradakı şeirlər də həmişə yaşayacaq. Arzumuz budur ki, “Yüzdə ələnənlər” kitabınızı Kəkbəcərdə yazmaq sizə qismət olsun. Həmin kitabınız da inanırıq ki, hamının sevdiyi və yüksək dəyərləndirdiyi bir kitab olacaq. Və mən ona da inanıram ki, sizin yaradıcılığınız tənqidçilər tərəfindən lazım olan səviyyədə araşdırılacaq və sizin bir-birindən maraqlı şeirləriniz böyük oxucu marağına səbəb olacaq. Çünki siz, maraqlı bir şair kimi heç kimi təkrar etmirsiniz və özünüzün maraqlı ədəbi cığırınızı, yolunuzu yaratmısınız. Ona görə də qətiyyətlə deyirəm ki, sizin şeirləriniz heç vaxt ölməyəcək və həmişə yaşayacaq. Siz, ədəbiyyat sahəsində otuz beş ildən çox böyük təcrübəsi olan insan kimi artıq çoxlu cavan yazarların da yaradıclığına bacardığınız kim köməklik edirsiniz. Ona görə də siz əsl ziyalı və əsl yaradıcı insansınız. Belə yaradıcılar da həmişə, hamı tərəfindən sevilir və müsbət qarşılanır.
Lilpar CƏMŞİDQIZI,
Şairə-jurnalist
***
***
(Redaktə edilib)
SƏRLÖVHƏ QOYMAQ (Sevinc də baxıb)
Namiq Dəlidağlı Kəlbəcər rayonunun Dəlidağın ətəyində yerləşən Çovdar kəndində müəllim ailəsində dünyaya gəlib. Atası Talış müəllim böyük ziyalı və el ağsaqqalı idi. Allah rəhmət eləsin.
Biz yaxın qohumuq. Namiqin atası Talış müəllim mənim anamın doğma xalası oğludur. Talış müəllim Çovdar və Şahkərəm kəndlərində dərs deyən ilk müəllim olub və onu da deyim ki, onun dərs dediyi şagirdlər əla oxumaqla həmişə fərqlənib, 80-90 faizi sonradan ali təhsil alıb. Talış müəllim mənim də müəllimim olub və həmişə onunla fəxr eləmişəm.
Namiq müəllimin anası da çox gözəl insan idi. Belə bir ailədə göz açan Namiq Dəlidağlı əlbəttə fərqlənməlidir. Namiq hələ kiçik yaşlarından poeziyaya, yazıb-yaratmağa maraq göstərib.
O, bu gün Dəlidağlı təxəllüsü ilə yazıçılar və şairlər arasında məşhurlaşmış və Türk dünyasında yaradıcılığı ilə tanınır.
Namiq Dəlidağlı ilə mənim ilk qiyabi tanışlığım 5 mart 2010-cu ildə nəvəmin xeyir işində olub. Namiq Dəlidağlının böyük qardaşı, “xalaoğlu” deyərək müraciət etdiyim Arif müəllimi həmin xeyir işə dəvət etmişdim. Kiçik toyda Arif müəllim mənə bir dəvətnamə verdi. Bizi ailəlikcə 6 mart 2010-cu ildə Sumqayıt şəhərinə toya dəvət etdi. Elə bildim ki, Arif müəllimin oğlunun xeyir işidir. Dəvət olunan vaxt Sumqayıt şəhərinə Namiq bəyin xeyir işinə gəldim. Toy məclisində yaxın qohumlar ilə görüşdüm və orda bildim ki, Namiq bəy Arif müəllimin qardaşıdır. (Bu məsələni indiyə kimi heç kəsə söyləməmişəm). Mənim tanışlığım xalaoğlu Namiqlə belə oldu. Biz qohum olsaq da, Namiqi yaxından tanımamağıma əsas səbəb mənim erkən yaşlarımdan kənddən çıxmağım və ölkə xaricində yaşayıb işləməyim olub.
Bir neçə illər keçdi, işğalda olan torpaqlarımız Ali Baş Ko(p)mandanın rəhbərliyi və ordumuzuzun yüksək hərbi hazırlığı ilə düşməndən təmizləndi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.
Torpaqlar alınandan sonra bizim Çovdar və Şahkərəm kəndlərini ilk olaraq Namiq Dəlidağlı və əmim nəvəsi Vidadi Murtuzayev getdilər.
Onlar Kəlbəcər rayonunun Çovdar və Şahkərəm kəndlərini ziyarət edəndən sonra Yevlax şəhərinə gəlmişdilər. Mənə də xəbər etdilər ki, Yevlax şəhərində görüşək. Mən həyat yoldaşım Dilbər xanımla Yevlax şəhərinə gəldik. Qohumlar ilə görüşdük (Namiq Dəlidağlı, Vidadi müəllim, dayı nəvələri Mamed müəllim və Həsən müəllim və sairə).
Namiq Dəlidağlı və Vidadi müəllim kəndlərimizin düşmən tərəfindən necə xarabalığa çevrildiyini ürək ağrısı ilə danışdılar. Telefonun yaddaşına köçürdükləri foto və videoçəkilişləri bizə göstərdilər. Əlbəttə, bu mənzərə bizə çox pis təsir etdi.
Sonra mən azad olunan kəndlərimizdə bəzi işlərimizi həyata keçirmək üçün hansısa qaydada maliyyə fondu yaratmağın zəruri olduğunu təklif etdim. Bu mövzuda bəzi müzakirələrimiz oldu. Bir müddət sonra Namiq Dəlidağlı iki kəndin aktiv sakinlərini cəlb edərək votsap qrupu yaratdı.
Daha sonra geniş fəaliyyət göstərməyimizə, 28 illik uzun fasilədən sonra iki kəndin sakinlərini bir arada cəm etməyimiz üçün “Çovdar və Şahkərəm” Cəmiyyətini yaratmaq qərarına gəldik. İlk olaraq iki kəndin yaşlı sakinlərinin doğma yurd-yuvalarını ziyarət etmələri üçün müvafiq qurumlara müraciət etdik. Yaşlı insanlarımızın kəndlərimizi ziyarəti üçün müəyyən imkan yaratdıq. Belə ki, yağı düşmən tərəfindən dağıdılmış, uzun müddət gediş-gəliş olmayan kənd yollarını öz hesabımıza müəyyən qədər təmir etdik, iki çay üzərində körpü saldıq. Bu gün də davamlı olaraq “Çovdar və Şahkərəm” Cəmiyyəti kəndlərimiz üçün bəzi işləri həyata keçirməkdədir.
Bunları deməkdə məqsədim odur ki, Namiq Dəlidağlı bu görülən işlərdə fəal iştirak etdi. Bu 2-3 ildə Namiq Dəlidağlı ilə çox işlər gördük. Belə bir atalar sözü var: deyir qardaşını tanıyırsan? Deyir ki, yol yoldaşı olmamışam.
Namiq Dəlidağlı ilə həm yol yoldaşı, həm də dost oldum. Bu vaxta qədər Namiq Dəlidağlı “Çovdar və Şahkərəm” Cəmiyyəti üçün çox işlər gördü. O həm jurnalist, həm şair, həm də yaxşı ailə başçısı kimi özünü doğruldub. Namiq Dəlidağlı kəndlərimizin, rayonumuzun, həm də Azərbaycanın fəxridir. Onu da deməliyəm ki, onun yaradıcılığı artıq ölkə hüdudlarından kənarda da sevilir. Belə demək mümkünsə, Namiq Dəlidağlı həm də Türk xalqlarının şairidir.
Bu il 55 yaşı tamam olur. Ona uzun ömür, ailəsinə xoşbəxtlik və yaradıcılıq işlərində uğurlar arzulayıram.
Şükür Əzimov,
ehtiyatda olan polis polkovnik-leytenantı,
Birinci Qarabağ müharibəsi veteranı.
25.01.2025
***
Ü R Ə K D Ə AĞ R I Y L A Y O Ğ R U L A N Ş E İ R… (Sevinc də baxıb)
Ürəyim coşub-çağlayan, yaxıb-yandıran bir nəğmə istəyir—hardasan, ay dəli Tərtər?!.. Ağıllım, quzum, dəlim, sərsərim, ahım-harayım, bayatım, simfoniyam ana Tərtər!.. Ürəyim qəmlə yırğalanır, bir layla de, ana Tutqu!.. Bir ağı de, ağrılarıma sığal çək, Dəlidağın göz yaşlarını könlümə axıt, ey yetim ruhumun anası, nəğməkarı, “Kərəmi”si, “Qaraçı”sı, “Dübeyti”si Tutqum!.. Cismim, ruhum ağuşuna qovuşarmı, Yurd TORPAQI?!.. Ağla məni, anam torpaq. Cığır-cığır, bərə-bərə, çiçək-çiçək, yarpaq-yarpaq ruhuma köçürtdüyüm yurd yerləri! Cığır-cığır, tala-tala, bulaq-bulaq içimə hopmuş, özüm də bir zərrəciyi olduğum Anam Torpaq… Babalarımın ruhunu tutya kimi sinəsinə sıxıb, yüz illər boyu əmanət saxlayan, heykəlləşdirən aşiyan daglar!. Bir şeir istəyirəm… Bir qəmli, həzin oda, içimi inildədən, ovudan, həm öldürən, həm dirildən bir qəmli ballada keçir ürəyimdən— hardasan, ay NAMİQ D Ə L İ D A Ğ L I ?!… Dəlidağın nəğməkar, bəstəkar, şair övladı! Bir şeir çələngi göndər, könlünü də bük arasına. Misralarına bal qat, göndər! Qələminin göz yaşını, könlünün həsrətini, ürəyinin qübarını göndər… Təşnə dodaqlarınla vəslinə yetdiyin sevgilim bulaqlardan öpüş nübarı göndər, dodaqlarım cadar oldu… Bənövşə əvəzi bir dəstə şeir göndər…
Dünən Kəlbəcərdə doğulan, bu gün Avropanın mərkəzində—Cenevrədə, Milanda, İtaliyada, Romada, Belçikada… səslənən Kəlbəcər şeirlərindən bir boxça, bir çələng göndər! Özbək, qırğız… türk qardaşlarımızın dillərinə çevrilmiş ürək əsintilərini göndər… Səmərqəndə salam dedinmi? Əzəmətli türk kişisi ÇİNGİZ AYTMATOVUN abidəsi önündə mən əvəzdən də əyildinmi?… Yeri gəlmişkən, əziz dostum, “ ÇİNGİZ AYTMATOV—QIZIL QƏLƏM”in mübarək olsun! Sən bu təltifə layiqsən. Və bu mükafat, bu təltif, bu ad—adların tacıdır. Çingiz Aytmatov ruhuna salam və ehtiramlar olsun.
Məni kimi hər şeir yaza bilən, ş a i r olmur. Şairlik— taleyin, Tanrının, təbiətin s e ç i l m i ş l ə r ə ənam etdiyi bir xüsusi, fərdi ənamdı, iltifatdı, imtiyazdı, paydı, nemətdi, istedaddı… Şair— sıradan bir nəzmkar, gördüyünü qafiyələndirib ahəngə uyğunlandıra bilən adam deyil. Şair, ən əvvəl ruh adamıdır. Bir ayağı Yerdə, bir ayağı göydə; ruhu ənginliklərdə pərvaz edən mələk, zəkası və fəhmi ilə dəryalara baş vura bilən qəvvasdır… Namiq Dəlidağlı da belə ruh adamlarındandı. O, şair doğulmuşlardandı və poeziya ocağı olan Kəlbəcərimuzin klassik şairlərindən yeni ruhu, yeni sözü ilə fərqlənən çox azsaylı şairlərimizdən biridir. Mən onun poeziyasından, şeirlərindən daha çox qəlbinin, ruhunun incəliyinə, mənəvi zənginliyinə və paklığına, daşıdığı ruhun ucalığına, içində gəzdirdiyi vicdan, ölçü, ədalət, haqq… məfhumlarına üzvü surətdə bağlı olduğuna sevdalyam. Uzun yazı bu günkü oxucunu yorur. Əslində bu— yazı deyil, bir lirik haşiyədir… Yarımçıq, çox vaxt rabitəsiz, sönük, ifadə edə bilmək iqtidarında olmadığım, savadsız, Namiq bəyə layiq olmayan bu cızma-qara üçün dostlar məni məzur tutsunlar. Qurur duyur, iftixar yaşayıram ki, Ənvər Rza, Bəhmən Vətənoğlu, Məmməd Aslan, Sücaət… poeziyasının odunu, ocağını bu gün sədaqətlə qoruyan yeni nəsil yetişir və onların sorağı uzaqlardan gəlir. Namiq Dəlidağlının şerləri kimi ÜRƏKDƏ AĞRIYLA YOĞRULAN ŞEİR DİLLƏRDƏ YANĞIYA DÖNÜR, YAŞAYIR! DÜNƏN KƏLBƏCƏRDƏ DOĞULAN ŞEİR, BU GÜN AVROPADA DİNİR, YAŞAYIR…

"Otel otağından reportaj" kitabı mənim üçün maraqlı olduğu kimi...
(Sevinc də baxıb)Hər bir yeni kitab əslində həm də müəllifin oxucu ilə yeni görüşüdü. Bu mənada mən Namiq Dəlidağlının şeirlərinə, imzasına daha çox ayrı-ayrı qəzet və jurnal səhifələrində rast gəldiyim üçün onu bir oxucu olaraq bu qədər yaxından tanımırdım və Namiq bəyin yazdığı səmimi avtoqrafla mənə bağışladığı kitabını məmnuniyyətlə qəbul etdim. Bunun da əsas səbəbi şairin bir kitabda bütöv şəkildə görmək arzum idi.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar