Xəbər lenti
P
*** (Sevinc də baxıb)
Həyatımızın müxtəlif dönəmlərində fərqli insanlarla rastlaşırıq və bu hadisəyə müxtəlif don geyindiririk: insan var ki, onunla tanışlığa imtahanımız, insan var ki, onunla tanışlığa cəzamız, insan(lar) da var ki, onu tanımağımıza mükafatımız deyirik. Namiq Dəlidağlı mükafatım deyə biləcəyim şəxslərdən oldu. BDU-nun sonuncu kursunda oxuyurdum. Sumqayıt şəhər N.Gəncəvi adına Kitabxana Klubun bir tədbirində müzakirə olunan kitab haqda fikrimi söylədim. Tədbirdə iştirak edən Əli Kərim adına Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı çıxışımdan sonra mənə yaxınlaşaraq Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin orqanı olan “168 saat” qəzetinə müraciət etməyimi məsləhət gördü. Ertəsi gün anamla həmin redaksiyaya getdik. İlk görüşdən sonra anam, “belə mərd adamın yanında işləyə bilərsən” dedi. İllər keçdikcə anamın nə qədər haqlı olduğunu gördüm. Mərd, alicənab, ədalətli, peşəkar bir şəxsin rəhbərlik etdiyi redaksiyada çalışmaq junalist kimi ilk təcrübəm olsa da, (baxmayaraq ki, o vaxta qədər dövri mətbuatda 50-yə yaxın şeir və məqalələrim çap edilmişdi) qısa müddətdə şəhər tədbirlərində fəal iştirak etdik, əlamətdar günlərə xüsusi buraxılışların hazırlanmasına nail olduq. Belə buraxılışlara mənim məsul olmamı təklif etdikdə, tərəddüd etdim. Amma Namiq müəllimin mənə olan etimadı tərəddüd və həyəcanımı aradan qaldırdı. “168 saat”, “Hər şey Sizin üçün” (“Gəncliyin səsi”), “Dəlidağ” kimi mətbuat orqanlarında fəaliyyət göstərdiyimiz müddətdə hər bir yazının müzakirəsi, təhlil edilən faktlar, ona müxtəlif aspektlərdən peşəkar yanaşma məktəb idi bizim üçün. Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilməyim, Gənc Jurnalistlər Şurasının sədri olmağım, müxtəlif nominasiyalar üzrə diplom, Fəxri Fərmanlar qazanmağım və digər uğurlarım da məhz bu illərə təsadüf edir. Birgə çalışdığımız illərdə Namiq Dəlidağlının hər bir kollektiv üzvünə necə qayğı ilə yanaşdığının şahidi olmuşam. Bəzən hətta şəxsi problemlərin həllində də əlindən gələn köməyi əsirgəməyib. O, hər birimizə müəllim, arxa-dayaq, dost olmağı bacarıb. Əvvəllər baş redaktorum olan Namiq müəllim artıq 30 ilə yaxındır ki, tək mənim deyil, ailəmizin hər bir üzvünün doğmasına, əzizinə çevrilib. İllər uğurlarımızla yadda qalsa da, əlimizdən aldıqları da çox olub. Eləcə də, etibarlı dostlar qazandıq bu həyatda. Namiq müəllim kimi dost qazanmaq hər bir şəxsə yalnız qürur gətirər.
“Müəllif”lərin kitab çapında yarışa girdiyi bir vaxtda əsl poeziya nümunəsi tapmaq müşkül məsələdir.
Amma qalaq-qalaq “kitab”lara meydan oxuyan nümunələrdən də xali deyil çağdaş poeziyamız. Müasir ədəbiyyatın ən parlaq nümayəndələrindən olan Namiq Dəlidağlı kütlə üçün deyil, seçilənlər üçün yazır. O, kifayət qədər axtarılan, oxunan müəlliflərdən biridir. Onun şeirlərinin mahiyyətini açmağa, təhlil etməyə gücüm yetməz, sadəcə, sevə-sevə, dönə-dönə oxuya bilərəm bu nümunələri.
“Belə başı pozuq bəşər içində” özü olaraq qalmaq hər oğulun hünəri deyil. Namiq Dəlidağlı bu hünərin sahibidi. Zaman onu “rəndələyə”bilmədi. Özü sözünü, sözü özünü tamamlayan şairin yaradıcılığına nəzər saldıqda bəşəri duyğuların fərqli tərənnümünü, təzahürünü görürük. Duyğularımızı elə səlist, səliqəli şəkildə ifadə edir ki, hər sətirində özümüzü görürük. Vətən sevgisi, vəfa, sədaqət, dərd, qəm-qüssə sızan hər misranı dönə-dönə oxuyuruq və bu qədər səlist ifadə olunmasını heyrətlə izləyirik. Şair həm də dilin gözəl bilicisi olmalıdır. Sözü, dili sevdirməyi bacaran N.Dəlidağlının əsərlərində bizə tanış olan, hər zaman işlətdiyimiz sözü sanki yeni mənada və ya ilk dəfə rast gəldiyimiz kimi hiss edirik.
“Şeirin də xoşbəxti, bədbəxti olur” - Namiq Dəlidağlının şeirləri xoşbəxdi, ona görə ki hər oxucu özünü tapır, dönə-dönə oxunur və əzbərində olan nümunələrə çevrilir. Şair həm də oxucunu formalaşdırır. Sevimli şairimin oxucuları vəfalı dost, vətəni sevən şəxslərdi. Maraqlı bir məqama toxunmaq istərdim, cinayətkarlar arasında sorğu aparılsa, bir məsələnin doğruluğu təsdiqini tapar. Poeziyanı duyan, sevən şəxs cinayət törədə bilməz.
“Çölümdə mən kiçilirəm, içimdə dərdim böyüyür” misralarının müəllifi dərdlərinə laylay dedi, yurd-yuva həsrəti ilə sınağa çəkildi, itkilərlə, çətinliklərlə, üzləşdi. Dərdini əzizləyən, onunla sirdaş olan şair, nəhayət ki, qalib ölkənin vətəndaşı olmaq qürürunu yaşadı.
Türkçülüyü yorulmadan təbliğ edən sevimli şairimə bütöv Azərbaycanın, Böyük Turanın şahidi olmağı diləyirəm.
Pərvanə Umudlu
10.02.2025
***
Namiq Dəlidağlı haqqında bir neçə kəlimə... (Sevinc də baxıb)
Düşünürəm ki, Azərbaycan ədəbiyyatının xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə xalqımızda daim milli hissləri oyatmağa çalışmış və çalışırlar. Milli özünüdərk, milli oyanış, dirçəliş və inkişaf prosesi xalqımıza birinci növbədə ədəbiyyatımızdan keçir. Bu, bizim anadan şair doğulan, anadan yazıçı doğulan qələm əhlinin əsərlərinin hamısından keçibdir.
Haqqında bir neçə kəlimə bəhs etməyə çalışacağım Namiq Dəlidağlı da məhz anadan şair doğulan söz adamlarımızdan biridir.
Namiq Dəlidağlı mənim doğmam, əzizim, adını soyadımda daşıdığım rəhmətlik babam Vəli kişinin bacısı oğludur. Rəhmətlik anası Əskinaz nənə də şeirə-sözə bağlı adam idi, poeziyanı çox sevirdi. Yaddaşında xeyli söz boxçası var idi. Çox güman ki, elə gənc şairin şeirlərini ilk dinləyib sevinən də onu şair doğan anası olub.
Namiq Dəlidağlının şeirləri bütöv bir dövrün mənzərəsini yaradır. Onun adı çəkiləndə, hər şeydən əvvəl, Vətən yanğılı, nakam sevgi nisgilli şeirlərin müəllifi olan novator ədib təsəvvürümdə canlanmış olur. Bəli, o, yenilikçi şairdir. Təsadüfdənmi ya zərurətdənmi Dəlidağlının ilk şeiri də Kəlbəcərin “Yenilik” qəzetində dərc olunub. Ancaq şairin özünün də vurğuladığı kimi “yenliyə can atmaq, təzə nəsə söyləmək çabası dünəni qamçılamaq, pisləmək kimi başa düşülməməlidi...”
“...Postmodern üslubda qələmə alınan qafiyəsiz poetik nümunələr bu gün çağdaş Azərbaycan poeziyasını qafiyə “virusundan” təmizləməkdədi. Və bu, müasir Azərbaycan ədəbiyyatının dünya ədəbi düşüncəsinə, tələbinə uyğunlaşma prosesinə bir başlanğıcdı. Mən də bu uğurlu yolda olduğum qənaətindəyəm”, deyir şair.
Namiq Dəlidağlı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və ədəbiyyata verdiyi töhfələrə görə Prezident mükafatına layiq görülüb. Son vaxtlar onun "Sevgi sükutu" adlı yeni şeir kitabı Özbəkistanda nəşr olunub. Bu kitab onun dördüncü şeir toplusudur və Azərbaycan kənarında nəşr olunan ilk kitabıdır. Onun yaradıcılığı yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ədəbiyyatında vacib bir yer tutur.
Şairin təmiz, şaqraq və büllur dili, xalq danışıq tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və bədii dildir. Namiq Dəlidağlı mənəvi cəhətdən saf, təmiz bir insandır, tamah hissindən uzaq, aza qane olan, gözü-könlü tox, təmənnasız, insanpərvər bir ziyalıdır.
Namiq Dəlidağlı müxtəlif dövlət və müstəqil mətbuat orqanlarda çalışıb. Bu yol Kəlbəcərdə fəaliyyət göstərən “Yenilik” qəzetində ştatdankənar müxbirlikdən başlayıb. Sonralar müxbir, parlament müxbiri, şöbə müdiri, baş redaktor olaraq davam etdirib. Hazırda da bu sahədə fəaliyyətini davam etdirir və təsisçisi olduğu saytlar var. Gənclərə hər zaman dəstək olan Namiq Dəlidağlı mənim də yazılarımın saytlarında dərc olunmasında daim köməklik edir.
Uşaq yaşlarımdan Namiq Dəlidağlını tanıyır, əzizimiz, doğmamız kimi məcburi köçkünlükdən sonra inşa etdiyimiz baba evimizdə hörmətlə qarşılayır, dərdləşirik. Hər işində yüksək məsuliyyət hissi, düzlük, doğruluq, çörəyi halal, böyüyə hörmət, kiçiyə mərhəmət, ailəyə sədaqətli olmaq kimi yüksək insani keyfiyyətlərlə zəngin olan gənc şair Namiq Dəlidağlı, gözlərim önündə illər keçdikcə sözünə, nəsihətinə ehtiyac duyulan ağsaqqala çevrilib.
Söz belə gətirdi ki, mən Namiq Dəlidağlı haqqında bir doğmam, yaxın qohum kimi danışıram, amma Namiq Dəlidağlı, eyni zamanda, Kəlbəcər nisgilli poeziyamızın yükünü çiyinlərində daşıyan görkəmli şairlərimizdən biridir. Onun vətənpərvərlik mövzusunda bir çox əsərləri var. Dəlidağlının şeirlərində vətən sevgisi və milli dəyərlər geniş yer tutur.
Şükürlər olsun ki, bu gün Kəlbəcər rayonu, şairin doğma kəndi Çovdar azaddır. Və bizim ən böyük təsəllimiz də odur ki, o torpaqlardan sağ çıxan bizlər, eləcə də hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Kəlbəcərə, bütün Qarabağa və Şərqi Zəngəzura azad, ləyaqət və qürurla ziyarətə gedir. Gün gələcək ki, Kəlbəcər şəhərində, Çovdar kəndində yenidən həyat qaynayacaq. O torpaqların əsl sahibləri yurdu yenidən saracaqlar. Yaşayacaq, yaradacaq amma yurdsuzluq nisgilini, o ağrı-acını heç vaxt unutmayacaqlar.
Tural Akif oğlu Vəlizadə
MMU nəzdində Bakı Hərbi Kolleci və
Bakı Qızlar Universitetinin müəllimi
Bakı Dövlət Universitetinin doktorantı
***
ÖMRÜ SÖZLƏ KEÇƏNLƏRDƏN… (Sevinc də baxıb)
Namiq Dəlidağlının 55 yaşı tamam olur
Bəşəriyyətin Ulu çağlarından bu günə kimi söz ən qüdrətli təsir vasitəsidir. İnsan ölür, söz yaşayır. Söz daimidir, həmişəyaşardır, amma baxır hansı söz …
Şairlər üzünə söz tutub ölür
Söz tutub üzünə gedir şairlər
Haqqın dərgahına və ayağına
Bir az yüngül olur şair cəzası,
Sözə bağışlanır nə günahı var…
yazır haqqında söz açacağım söz adamı Namiq Dəlidağlı. “Dəlidağın güllərindən şirə çəkib, şeir hörən“ N.Dəlidağlı istər şair kimi, istər sə də jurnalist kimi Ulu sözün keşiyini əzmlə çəkənlərdəndir.
Kəlbəcər Ədəbi mühitinin nümayəndəsi kimi fəaliyyətə başlayan şairin yaradıcılığlnda əsas aparıcı mövzu vətənpərvərlik mövzusudur. Vətən sevgisi anlayışı N.Dəlidağlı üçün doğulduğu kiçik kənddən başlayır və Turana qədər böyüyür. Kəlbəcər sevgisi nə yazıq ki, sonradan Kəlbəcər dərdi, nisgili, Kəlbəcər harayı, Kəlbəcər həsrəti olur
Sinən səngər çapıqlı, gözlərin qan çanağı…
… Canı ağrıyan Vətən, gözü ağlayan Vətən .
Vətən ünvanlı şeirlərinin əsas mayası xəlqilikdən yoğrulub şairin. O, hamımızın dərdini öz şeirlərində ümumiləşdirib, Sücaət kimi, Bəhmən Vətənoğlu kimi, Məmməd Aslan vəs. kimi el dərdinə tərcüman olub;
Nə umub küsürsən, qurbanın olum,
Bağlanıb bənd , bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
İncimə boş yerə, aparammıram.
…Unut Dəlidağı, Novlu bulağı,
Öyrən bu şəhərə, aparammıram…
Ümumiyyətlə Kəlbəcər ədəbi mühiti özlüyündə işğala qədərki (əsas mövzuları: təbiət təsviri, tərənnüm, sevgi ) və işğaldan sonrakı (vətən dərdi, həsrət, intiqama çağırış harayı) adlı iki hissəyə bölünür. Kəlbəcər boyda yurd həsrətini özüylə aparan Məmməd Aslan yazırdı ki,
Mən harda can verəm, harda gömüləm,
Əlim Dəlidağa uzalı qalar…
Atasının məzarını yağı tapdağında qoymaq məcburiyyətində qalan şairin, anası da əli Dəlidağa uzalı gözlərini əbədi yumur. Şair anasını Kəlbəcərə apara bilmir və bu iki böyük acı onun yaradıcılığının hər dönəmində əks olunur…
Ata, məzarını qoyub gəlmişəm,
Köksümdə qırılıb qəlbimin tağı…
Vurğuladığımız kimi, vətən sevgisi anlayışı N. Dəlidağlı yaradlcılığında Turana qədər böyüyür və şairin belə bir ifadəsi var: “İçimdə Türk sevdası var, bütün sevdalardan öndə…”
Çəkmədiyim zillət yox,
daha öndə zülmət yox,
Türkdən böyük millət yox,
“Tanrı Türkü qorusun!”
Bu Ulu sevdadan yarananların sayəsində, Namiq Dəlidağlının “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər” kitablarından sonra çap olunan sayca dördüncü kitabı “Sevgi sükutu” qardaş Özbəkistanda nəşr olunmuşdur. Həmçinin şair, Qazaxıstanın “Əhməd Yəsəvi” mükafatına layiq görülüb və Qırğızıstan Respublikasının “Çingiz Aytmatov qızıl qələm” medalı ilə təltif edilib.
Hər şair öz dövrünün oğludur deyirlər. N.Dəlidağlı yaxşı mənada öz dövrünün oğlu deyil. Onun qələmi yalançı tərifdən uzaqdır, məddahlıqdan kənardır və yeri gəldikdə çox kəskin, hədəfli satiraya çevrilə bilir.
Ənənə və novatorluq şairin yaradıcılığında bir-birini tamamlayan xətt üzrə inkişaf edir, sanki folklordan müasir poeziyaya uğurlu bir yol gəlir. Şeirlərində xalq ruhundan qaynaqlanan, aşıq şeiri şəkillərində, heca vəznində yazılan nümunələr kifayət qədərdir və xoş haldır ki, aşıqlar tərəfindən oxunur, dildən- dilə keçir. Necə ki, mən “Evimdə yata bilmədim“ şeirini ilk dəfə Aşıq Şəhriyar Kəlbəcərlinin ifasında eşitmişəm. Bununla yanaşı, onun yaradıcılığlnda aparıcı xətti çağdaş üslublu modern şeir təşkil edir:
Buralara qar yağır,
hava ayrılıq dadır,
xatirələr üşüyür,
arzular sazaqdadır…
Gəlirsənmi?…
Hər iki sahənin bu dərəcə uğurlu olması, tutarlı söz adamının istedadının üstünlüyüdür. Sözünün zaman, məkan anlaylşından kənara çıxaraq bölgə sərhədlərini qırmağı, ümumbəşəri, dünyəvi ideyaları özündə ehtiva etməsidir.
Şairin fəaliyyətində diqqət çəkən sevindirici hallardan biri də, onun dəyərli söz adamlarına olan münasibətidir. Məmməd Aslanın dəfnində yazdığı şeir bu fakta ən bariz nümunə kimi göstərilə bilər:
İnsanlar bir tabut söz qaldırdılar,
bu sözün altında hər ürək dözməz.
Torpağa bir tabut söz basdırdılar…
çəkəcək canına sözün qanını,
yeyib dadlanacaq sözü, şeiri,
gözü doymayacaq bu şirin daddan.
Namiq Dəlidağlı Kəlbəcərli günlərə sevinə bilmir. Çünkü Kəlbəcərdə hələ bu gün yoxdur, keçmişin acılı-şirinli xatirələri var və gələcəyə ümid var…
Şər qarışdı, axşam düşdü,
Evimdə yata bilmədim.
Yorğun- arğın yol gəlmişdim-
evimdə yata bilmədim…
İllərdi ki, həsrət çəkən,
Dam - daşın qubar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.
Bu misralardakı kədər o qədər doğmadır ki mənə… 27 il əsirlikdə qalan yurdumu bu yay ziyarət etdim ilk dəfə - Bəhmənin harayı ilə, Sücaətin dağ əridən dərdi ilə, əli Dəlidağa uzalı qalan Məmməd Aslanın həsrəti ilə, Kəlbəcər deyə -deyə dünyadan köçən əzizlərimin nisgili ilə… “Atam tikən, düşmən sökən evimizin yerini də tapmadım... evimdə yata bilmədim…”
Bu gün söz adlı dünyada öz imzası olan, nüfuzlu qələm sahibi kimi tanınan N. Dəlidağlı yaradıcılığı haqqında dolğun fikir söyləmək üçün yetərincə ciddi zaman lazımdır və eyni zamanda yaradıcılığına çoxşaxəli yanaşılıb, ayrı- ayrı mövzularda cild- cild monoqrafiyalar, dissertsiyalar yazılmalıdır və inanıram ki, yazılacaq.
Fəaliyyətini, şeirlərini dövri mətbuatdan, sosial şəbəkələrdən izlədiyim N. Dəlidağlı ilə yaxından tanışlığımız III Türk Dünyası Ədəbiyyat və kitab festifalına təsadüf edir. Qarşılaşdığımız ilk andan doğma münasibətini hiss etdiyim Namiq müəllim məni digər Kəlbəcərli müəlliflərlə tanış etdi və kitabları əldə etməyimə köməklik göstərdi, “Əllidə ələnənlər” kitabını mənə hədiyyə etdi. Namiq müəllim son dərəcə sadəliyi, səmimiliyi, təvazökarlığı ilə sərgiyə birgə getdiyim rəfiqəm, yazıçı İlahə Səfərzadənin də diqqətini cəlb etmişdi. O, bildirdi ki, Jalə, sizin Kəlbəcərlilər nə qədər mehribandır.
AJB-yə üzv olduqda Namiq müəllimə dəstəyi üçün təşəkkür etdim, bircə cümlə dedi: Jalə xanım, haqqınız idi. Onda şairə belə bir sual verdim ki, siz həmişə haqqınız olanı əldə edə bilmisinizmi? - Təbii ki, yox.
Və məlum oldu ki, özəlliklə 90-cı illərdə şair nə qədər haqsızlıqlarla üzləşib, süni yaradılmış problemlərlə qarşılaşıb. Xoşbəxtlik ondadır ki, uğradığı haqsızlıqlar onun xarakterini mənfiyə doğru dəyişməyib, əksinə, inadkarcasına müdrikləşdirib.
“Dəlidağın güllərindən şirə çəkib, şeir hörün” yenə, Kəlbəcərli günlərdə bu dəfə sevincdən yazın, xoşbəxtlikdən yazın, yaradın, dəstək olun, davranışınızla örnək olun, Namiq müəllim. Siz sözə, şeirə, ədəbiyyata, Kəlbəcərə, bizlərə lazımsınız.
Yubileyiniz mübarək!
Jalə Nağıyeva
Bakı Dövlət Universitetinin
Folklorşünaslıq ixtisası üzrə doktorantı.
AJB-nin üzvü
Fevral 2025
***
Ələnməyən dostlar var... (Sevinc də baxıb)
Deyir “Yel qanadlı illər ömürdən gedir”...Gedir. Bir də qayıtmayacaqcasına gedir.
Amma qanadlar həyatımıza elə insanları gətirir ki, ömrü yellərə vermədiyini anlayırsan. Dostluqları ilə, insanlıqları ilə - bir sözlə, keyfiyyətli mənəviyyatları ilə ətrafımızda daim hiss etmək istədiyimiz insanlardan biridir Namiq Dəlidağlı. Uzun zamandırmı tanıdığım? Deməzdim. Amma Uzun zamandır ki, tanışıq. İlk gündən bunu hiss etdirdi Namiq müəllim. Dostlarının xoş gününə elə sevinir ki, elə bil evində toy-büsatdır. Kəlbəcərin havasındadırmı, suyundandırmı, Namiq müəllimin istiqanlığına heyran olmamaq mümkün deyil. Namiq müəllim böyüyə hörməti, kiçiyə sevgisi ilə qazanıb böyük rəğbətimi. Bizi birləşdirən dəyərlərdən biri də Ağa Laçınlıdır. Müəllim Ağa Laçınlı. Sözün dostu Ağa Laçınlı. Bu işıqdan nəsibimizi almışıq Namiq müəllimlə mən.
Namiq müəllimi yazılarımı dərc edən “Dəlidağ.az”, “Manevr.az” saytlarından tanıdım. Sonra mənə elə gəldi ki, onunla dostluq bir ehtiyacdır. Sözlə yoldaş qalmaq üçün, sözlə birləşib tam olmaq üçün.
Sözdə nəfəsdən nəfəsə yenilənən Namiq ruhu gəzir ədəbiyyatımızda...Namiq müəllimə görə, ”payız insanın çiynində nimdaş plaş kimi asılır”. Bəlkə bu birinin son payızıdr. Bəlkə də bu payız elə unutmağın özüdür... Şair deyir ki:
Bilmirdim ki, mən səni
Belə tez unudacam.
Dünən dünəndə qaldı.
Bu gün sənə möhtacam...
Möhtaclıq duyğusu, bəlkə, yeganə duyğudur ki, şairlər içindən çıxa bilmir, Şair! Siz dediyiniz hər kəlmənin böyük dayağısınız. Yoxsa dünyanın, doğrudan da, bir həvəs meydanı olduğunu belə canlı dildə ifadə etməzdiniz:
Baxdım ondan köçən köçə,
Baxdım özüm keçə-keçə,
Baxdım badə içə-içə,
Bu da bir həvəsmiş demə.
Bir gün xəstəxanadaykən baş çəkdim şairə. Gözəl həkimimiz Nazilə Gültacla bərabər. Dedim “Şair, biz çox narahatıq, ürək ağrısının üstündə möhkəm dayanmaq lazımdır”. Dedi “Olmayan şey ağrımaz, məndən nigaran qalmayın. Maraqlananların sayı çoxaldıqca ağrım azalır”. Onda anladım ki, Namiq Dəlidağlı üçün bir ürək azdır. O sevənlərinin ürəyini sinəsində daşıyır.
Keşməkeşlər şairi Namiq Dəlidağlı. İlləri saçındakı bəyazlar kimi alnıaçıq yaşamış insan. Bu sözlərim tərif deyil əsla. Sizin içinizin təmizliyinə mayak olmuş ağ yolunuza şahidliyimdəndir.
Mənim ağ yolum var,
Ağdərə yolu:
ağ günümə aparan yol.
Qara günüm ağarıbsa,
ağ günümün işığına
ağ yollarla getməliyəm..
Yolunuz daim ağ olsun, Şair!
Namiq Dəlidağlı Murovun qarını saçlarına, Kəlbəcərin soyuq bulaqlarını isti damarlarına çəkib yaşayır. Hərdən mənə elə gəlir ki, bu mehriban və səmimi dostumuzun yaşı hüdudsuzdur. Böyüyə böyük, kiçiyə kiçik sevgisi ilə yaşayan Namiq Dəlidağlı, diləyirəm ki, Allahın verdiyi ömür payını sağlam yaşayasınız!
f.ü.f.d. Afət Viləşsoy-BDU-nun müəllimi,
AYB-nin üzvü.
Prezident təqaüdçüsü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar