Xəbər lenti
c
Namiq Dəlidağlı
____________________SURİYADAN SON XƏBƏRLƏR(1)
l
Bu il də Suriyada
ağ göyərçinlər intihar elədi…
…Güllə səsindən qorxan
anaların bətni döl vermədi.
Adına “bəşər” deyilən
və nələr deyilən
adam süd dişini
nişan aldırdı
ağzında körpələrin.
“A”, “B”… hərfləri güllələndi
uşaqların barmaqları arasında.
Mağaza vitrinlərindən
toz basmış uşaq
başmaqları yığışdırıldı.
…Dünən müasir
silahlar gətirildi Suriyaya.
Ağ göyərçinlərin
intiharı davam edir…
ıı
.......................
........................!!!
***İNKAR(2)
Bu məddah şairlər,
yaltaq şairlər
kabab iyi verən şeirləriylə
illərdi ki, zövqümüzü zorladılar
yeməkxana künclərində.
Gah da kürsulərdən
bağıra-bağıra,
qollarını qulaclaya-qulaclaya
duyğularımızı
girov götürdülər,
ancaq ruhumuzu
axtalaya bilmədilər.
Nəfsinə qul şairlər
ölü fikirlərini
bizə sırısalar da,
yaxşı ki, sona qədər
bu yükü daşımadıq.
***
ÖZÜMƏ...(3)
(...və bəzi dostlarıma)
“Yaman basıb-bağlayırdın,
bağ belə, bostan belə”…
Bostanın uralandı, bağını da aldılar.
Dağ üstə dağ qoyacaqdın,
bu istəyin cəhənnəmə,
torpağın paralandı,
dağını da aldılar.
...Özgələrə vəd vermədin,
sən özünü aldatdın, nə qazandın,
nə uddun?!
”Ağzın isti yerdəydi”,
yerə-göyə sığmırdın,
öz içinə sığışdın,
taleyinlə barışdın.
...Bu qədər yalan olmaz,
çox şeyləri demirəm....
Bilmirdin ki, qarşına
namərd-nadan çıxacaq,
zalım dövran çıxacaq?!
... “Özü yıxılan ağlamaz”,
dur çırp üstünü-başını,
sil gözlərinin yaşını.
Yaşamağa “öyrənginən”,
bu dövran sevmir “naşını”.
***
ÖLMƏKDƏN QORXMURAM(4)
Məndən bezdi arzularım da...
Taleyimin acığına neçə arzum
intihar elədi ümidsizlikdən.
Ümidlərim ağ bayraq qaldırdı
qayğılarıma təslim olmağa.
Şirin-şirin diləklərim
boğuldu göz yaşlarımda,
dənizdə dalğalar boğulan kimi.
Mən daha ölməkdən qorxmuram,
yaşamaqdan qorxuram.
***
DƏNİZ DƏ AĞLADI BİR AZ...(5)
(Dənizdə boğulanlara)
Sizin arzularınız
gözünüzdə qalmadı,
gözünüzdə boğuldu.
Sizin ölümünüz bambaşqa ölüm,
su ölümü, dəniz ölümü...!
Sizə balıqlar ağladı, səssiz ağladı,
hamıdan qabaq.
Balıqların göz yaşından
bir az da artdı dəniz,
dəniz də ağladı bir az:
gözünü qan tutmuş dəniz,
əli qana batmış dəniz.
Sahildən qorxub
çəkindi dalğalar,
günahından utandı.
Yosunların arasında,
ilbizlərin kölgəsində
gizləndi dalğalar.
***
ROBOT ADAMLAR…(6)
Çoxalır robot adamlar,
heykəl adamlar
şəhərlərdə, kəndlərdə...
hər yerdə.
Babam demiş,
“lom udmuş” kimi yeriyir
robot adamlar,
heykəl adamlar.
Öz səsiylə danışmır,
öz yerişini yerimir robot adamlar.
Yerişi, danışığı özünün
deyil robot adamların,
heykəl adamların...
İnsanlar özü olmayan
adamlara salam verir, təzim edir.
“Bütləşən” adamlar,
kütləşən adamlar qaçır hamıdan,
qaçırılır hamıdan.
Qorunur insanlardan,
qoruyurlar insanlardan
heykəl adamları...
Əl vursan sına bilər,
sökülə bilər robot adamlar...
Paltarları çiyinlərindən,
qalstukları boyunlarından,
özləri özgələrdən asılı
bu adamlar, yazıq adamlar.
Canlarını özləri yox,
özgələr qoruyur robot adamların,
heykəl adamların.
***
DEMƏ(7)
Keçdim dünyanın içindən,
boşca qəfəsmiş demə.
Qulaqları batıran,
quruca səsmiş demə.
Baxdım ondan köçən köçə,
baxdım özüm keçə-keçə,
baxdım şərab içə-içə,
bu da bir həvəsmiş demə.
Daha hər şeydən bezmişəm,
məzədən, meydən bezmişəm,
əlimi səndən üzmüşəm,
yaşamaq nə pismiş demə.
***
SEVGİ SÜKUTU(8)
Sən verən saatda zaman dayanıb,
əqrəblər donubdu on beş qırx beşdə.
Mənim ad günümdə bağışlamışdın,
sükut ömrü yaşayan bu saatı.
Zamanın ən ağır yükü çiynində,
ən ağır yükünü götürüb vaxtın,
susub ölçüsünü itirib vaxtın,
əlləri qoynunda durub dayanıb.
(Zaman əqrəbləri yorub dayanıb)
Nə mən doğulmuşam on beş qırx beşdə,
nə sən doğulmusan bizə dedilər.
Bəlkə bir-birə olan sevgimiz ölüb o an,
nə mən bunu bilmişəm,
nə sən bunu duymusan.
Təzədən işə salıb qursam da o saatı,
o ömrü ta yaşamaz.
Nakam sevgimizin
matəm anıdı, on beş qırx beş.
Nə isə...
Sənə olan sevgimin,
sonra ölən sevgimin əziz xatirəsini
bir dəqiqəlik sükutla tez-tez yad eləyirəm,
saat on beş qırx beşdə.
***
ETİRAF(9)
Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.
İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar,
dünən yəqin dəm idi.
Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu,
dolanırdı başımda.
Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.
***
MƏNƏ İNANMA(10)
Heç nəyə inanma,
mənim etiraflarım
bilə-bilə törədilən
günahdan sonra
Allaha edilən dua kimidi.
...Heç nəyə inanma,
bu gecə yuxun gəlməsə,
əllərini aç göyə,
dayan üzü qibləyə,
mənim günahlarım
boyda bir ah çək,
dünya dağılsın.
***
AH(11)
Öz təkliyindən bezən
yalquzaq ulartısıdı
sən dönüb gedəndə çəkdiyim ah.
“Səni sevirəm!”
Bu inadımdan da zəhləm getdi,
sən gəlməyən görüş yerindən
zəhləm gedən sayağı.
“Səni sevirəm!”
Sözə bax,
bunu mənmi demişəm?!-
BAĞIŞLA!
***
HƏSRƏT(12)
“Qara kağız”ını aldım bu sevginin,
bir siqara ömrücə vüsalını
duymuşdum.
Ömrü boyu həsrətini çəkəcəm.
Küsdüm səndən də,
eh dəli istəyim,
günah səndədi...
İndi ruhumun
göynərtisinə məlhəm ol!
***
QAYITMA(13)
Çıxıb gedəcəyəm bu şəhərdən də,
çıxıb gedəcəyəm sənin əlindən.
Hicranın əlindən, qəmin əlindən
çıxıb gedəcəyəm bu şəhərdən də...
...İndi yad baxışlar dikilib sənə,
günah səndədi...
Vücudun zorlanır yad baxışlarla,
hələ bezməmisən?
Daha haram tikəsən,
səni uda bilmərəm.
Çox ütülü sözlər, həris baxışlar,
səni aldadacaq hələ bir az da...
Aldanıb üstümə gəlmə sən Allah,
mən aldanmaq istəmirəm.
***
ŞEİR YAZANDA...(14)
Şeir yazanda istəmirəm
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya
təkrarlayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu
eşq yaşayıram şeir yazanda.
Hamıdan gizlənirəm,
hamıdan utanıram o an...
Sonra şeir doğulur.
Şeirin də xoşbəxti, bədbəxti olur,
yaşayanı da var, öləni də.
***
İYUL GECƏSİ(15)
İyul gecəsinə yağdı bu yağış,
buludların istidən nəfəsi təntimişdi.
Bu gecə hörümçəklərin
yaşıl yarpaqlar üstə tor qurmaq
arzusu gözündə qaldı.
İntiharın bir addımlığında
yaşamaq haqqı ölüm sevdasını üstələdi.
İyul gecəsinə yağdı bu yağış...
****
KƏPƏNƏK SEVGİSİ(16)
I
Bir çimdik canınla necə sevirsən
bu qədər gülləri, çiçəkləri sən?
Necə qanın qaynayır sənin gülə-çiçəyə,
sənin ki qanın yoxdur,
qansız da sevgi olar?
...Mənim qanım olsa da,
sənin kimi sevmədim
nə gülü, nə çiçəyi,
nə də ki adamları...
Sənin sevgin dünyada
ən ilahi bir eşqdir!
II
gülləri nə qədər sevsələr də
ölümünə ağlamırlar kəpənəklər.
Bir məqamlıq ömürlərində
gül sevdasını, gül sevgisini
heç nə əvəz eləmir.
Ən ağrılı ölüm belə
ağlatmır kəpənəkləri.
Kəpənəklər güllərin
sevdasından özləri ölür!
***
BİR GECƏNİN GÜNDƏLİYİ(17)
Gecə sükut içində,
ağrılarım oyaqdı.
Saat zamanı ölçür,
ölçür vədəni, vaxtı.
Ayın zülmət işığı,
pəncərəmdə dolaşır.
Arzularım mürgülü,
fikirlərim dolaşıq.
Heç nə ovuda bilmir,
ürəyimin çatını.
Bu zəhər siqaret də,
itirib “bal” dadını.
Ayaq səsi batırmır,
qulağını küçənin.
Taleyimi buraxdım,
insafına gecənin.
Gecə sükut içində,
ağrılarım oyaqdı.
Saat zamanı ölçür,
ölçür vədəni, vaxtı.
***
HARDASAN(18)
İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.
İndi görən hardasan,
əynində hansı donun?!
Dönmək düşmür yadına?!
burda can verir canım.
...Bu dərd elə dil açıb,
hicran çətin susacaq.
Xəyalım qapı-qapı,
hənirtini pusacaq.
İndi görən hardasan?!
de yerini, gəlmirəm.
Sənə məktub yazmışam,
ünvanını bilmirəm.
İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.
***
BİR DİLƏYİM VAR(19)
(DostumTaleh üçün)
Bezdim bu şəhərin küçələrindən,
bezdim bu şəhərin asfalt üzündən.
Çıxıb kəndimizə getməyim gəlir,
geriyə dınməyə üzüm nə gəzir.
Ölüb qalmadım da o kənddə barı,
indi qəbrim nələr boy atmışdı, boy.
üstündə nə qədər çiçək bitmişdi,
ağ, sarı, qırmızı...neçə rəngdə.
Həsəd aparırdı boz kəpənəklər,
bəxtəvər deyirdi çöl arıları.
Geriyə dönməyə nə ixtiyarım,
geriyə dönməyə nə də üzüm var,
bircə diləyim var, gedəm dağlara...
***
TANRIM(20)
I
Qarğıs da tale payıdı,
Nə verdin qəbulum, Tanrım.
Dərd verən əlin var olsun,
Böyükdü səbrim, Tanrım.
II
Bir yer göstər, çıxım gedim,
Yaşaya bilmirəm Tanrım.
Ən əziz dərdimi belə,
Oxşaya bilmirəm, Tanrım.
Saxla o gedən qoşunu,
Yüyürüm mən də qoşulum.
İçimdən ağrım qaşınır,
Qaşıya bilmirəm, Tanrım.
Qəbul eylədim nə verdin,
Dözürdüm, onda nər idim.
Bağışla, indi bu dərdi,
Daşıya bilmirəm Tanrım.
***
BAĞLŞLA(21)
(Məclislərin birində xətrinə dəydiyim xanıma)
Gülüm, bizə nə verəcək bu hicran?!
Bilirəm ki, var günahım, bağışla.
“Qul xətasız olmaz, ağa kərəmsiz”,
Mənim ağam, mənim şahım, bağışla.
Bu həsrətin ürəyimdə bir yükdü,
Əfv etməsən deyəcəyəm, dönükdü.
Məhəbbətim günahımdan böyükdü,
Bunu bilir bir Allahım, bağışla.
Üz tutmuşam, ünvanına gəlirəm,
Dön demərsən, insafın var, bilirəm.
Sənsiz düşən axşamlarda ölürəm,
Necə olur gör sabahım, bağısla.
Yollarıma çökən çənmi, bürkümü,
Taleyimin yoxsa yenə görkümü?!
Niyə belə başa düşdün ərkimi?
Ümid yerim, qibləgahım, bağışla.
****
SONUNCU MƏKTUB(22)
Mən səni sevə bilmədim,
Sən məndən üz döndər, gülüm.
O saralmış məktubları,
Yığ özümə göndər, gülüm.
Bu sevgidən yarımadıq,
Yarı doğma, yarı yadıq.
Ürəyimdə yaraya bax,
O üzümə çöndər, gülüm.
Özgələşdi bir ad məndən,
Ta uzaq gəz, a yad, məndən,
Qoyma qala bu od məndə,
Gedirsənsə söndür, gülüm.
***
ATA HƏSRƏTİ(23)
Bu gecə atamın ruhu qonağım,
Bu gecə ən əziz qonağım gəlib.
Bütün qonağımın şahı qonağım,
Mənim arxam gəlib, dayağım gəlib.
Ay ata, qoy sənə doyunca baxım,
Mən ona bu sözü söyləyəmmədim.
Sənə qulluq edim, atam-qonağım,
Atama mən qulluq eyləyəmmədim.
Doyunca ay ata, sözü demədim,
Ata nəfəsinə isinməmişdim.
Ay ata, həyatı belə bilmədim,
Belə fikirləşib, düşünməmişdim.
Daha fikirləşmək, düşünmək meylim,
Özümə təsəlli tapammasam da.
Ata, böyümüşəm mən indi xeyli-
Boyda tay-tuşlara çatammasam da.
Atalı günümün düşüb söhbəti,
Məni ovunduran göz yaşım olub...
Ata dərdi, intizarı, həsrəti
Mənimlə doğulub, yaşdaşım olub.
1991
***
BU DƏRD(24)
Bu dərd çəkdikcə azalmır,
Çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
İçimdə dərdim böyüyür.
Dön geriyə bax, demədim,
Bu qismətə baxt, demədim.
Nə istədi yox, demədim,
Nəyim var, verdim, böyüyür.
Güvəndim sənin gücünə,
Ürəyim, məndən incimə.
“Bəxtəvərəm”, nə vecimə,
Böyüyür dərdim, böyüyür.
***
SONUNCU ÜMİD(25)
İtirdim sonuncu ümidimi də,
hər şeyin sonudu demək.
Sonuncu ağrıdı ürəyimdəki.
(Ürəyim ağrıyanda ürəyimin
varlığını bilirəm)
Cibimdə sonuncu “Bond” siqareti,
son dərə dilənçi kəsir qarşımı,
cibimdə əlim üşüdü.
***
DÜNYANIN DƏLİ ADAMLARI(26)
Qışın qayğıları,
yazın arzuları vecinə deyil,
dünyanın dəli adamlarının.
Dərdləri özlərindən kənar yaşayar,
dərdlərini başqaları daşıyar,
dünyanın dəli adamlarının.
Bəlkə də dünyanın AĞILLI adamlarıdı,
dünyanın dəli adamları...
...Ev yarmaz, cibə girməz,
pislik nədi...bilməz,
dünyanın dəli adamları.
Dünyanın ən pak adamlarıdı
dünyanın dəli adamları...
Dəli!!!
***
VAĞZAL GƏRAYLISI(27)
Uzun ayrılıqlar
vağzallardan başlayır...
Qatarların, təyyarələrin...
çiyinlərində daşınır şəhərlərə...
Vağzallarda doğulur,
daşınır ayrılıqlar.
...Divarların yaxasına
mıxlanmış tablolar
alın yazımızdı sanki.
Böcək gözlü işıqlar tale
yolumuzu aydınlaşdırır.
Yellənən əllər və "hələlik" sözü
ayrılığın təsdiqidi burda.
Hər qərib baxışın rəsmi cızılır
vağzal divarlarına.
Gedənlərin dilində vağzal bayatısı
ikicə kəlmə-
"mən getdim...."
***
PAYIZ ADAM(28)
Payız adam,
bu fəsil
sənin çiyinlərindən
nimdaş plaş
kimi asılı qalıb.
Qış kürkünü görmədim.
Dörd ildi gözlərimdə
bir fəsildə qalmısan:
bomboz rəngdə.
Payız adam!
Bu fəsil əynində
köhnəldi sənin.
Ürəyinə qabqardığın
heydən düşmüş
arzularınla
can üstə olan
xatirələrinə yol gedirsən.
Hələlik...
***
ŞƏKİLLİ ŞEİR(29)
Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
...bilirsənmi gəlişi
heç hansı ana düşdü?!
sənsizliyin ağrısın çəkən
məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
Mənə şəkil göndərdin...
***
APRELDƏ VƏTƏNƏ YAZILAN ŞEİR...(30)
Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinən səngər çapıqlı,
gözlərin qan çanağı...
Bu il torpaq bətnindən
yazın ölü doğuldu
aprel gecələrində.
Lalələrin məskəni
düzün ölü doğuldu
aprel səhərlərində...
Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından...
...Əsgər məktublarını
kol dibində nərgizlər,
bənövşələr oxudu,
kəlmələr qan qoxudu.
Gözlərini qan tutmuş
qəlpələr dəydi sənə,
gözü çıxsın yağının...
Ancaq ağrıma belə -
itirdiyin torpaqdan
canına can calandı,
canına qurban, Vətən...
...Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının
bircəcə məlhəmi var:
onun adı SAVAŞDI -
onun adı QƏLƏBƏ..
***
GECƏ ŞEİRİ(31)
İçdim yarın nəfəsini,
eşqə düşdüm bu gecə.
Bəxtəvərlər arasından
püşkə düşdüm bu gecə.
Könül vermə yada, sına,
ya əyilə, ya da sına.
Sevdalılar odasına
köşkə düşdüm bu gecə.
Məni sənə çəkən qandı,
bilirdim, bu gecə sondu.
Qoynun güllü-gülüstandı,
müşkə düşdüm bu gecə.
***
PAYIZ MƏKTUBU(32)
Bu payızdan ayrılıq,
dadı-tamı gəlir ha.
Sağlığında yad elə,
öldü, hamı gəlir ha.
Hərdən yolun düşürdü,
bu “xaraba qalmış”a -
Nə vaxtdandı bir güman
ümidinə qalmışam.
Mən “xaraba” deyəndə
bu şəhəri deyirəm.
Sənsiz suyu, havası
bu zəhəri deyirəm.
Deyirsən ki, soyuqdu,
indi “o xaraba”da.
İsti paltar göndərdim
bir köhnə arabada.
Zamanın deyəmmirəm,
nə vaxt ora yetişər.
Deyərəm çıx, qarşıla,
nə vaxt yadıma düşər.
Mən zamana uduzdum,
vaxtı satın alıram.
(Köhnə balabanımda
təzə hava çalıram.)
...Məndən adamlıq umma,
adamlıqdan çıxmışam.
Özümü öldürmüşəm,
günahıma batmışam.
Bu qış bura gəlməyin,
yəqin, baş tutan deyil.
Nə ünüm sənə yetən,
nə əlim çatan deyil.
…Yaxşı, gecə yarıdı,
gedim bir az dincəlim.
Bu da yarımçıq şeir,
yazmağa gəlmir əlim...
***
OVQAT(33)
çox deyilən sözə dözdüm,
birə dözdüm, yüzə dözdüm.
Elə dözə-dözə dözdüm,
dözümdən çıxıb gedirəm.
Zəhər dolub qədəhlərim,
ta daş tutmur ətəklərim.
Qan ağlayır bəbəklərim,
gözümdən çıxıb gedirəm.
Gec olsa da qandım daha,
yoruldum, usandım daha.
Dediyimi dandım daha,
sözümdən çıxıb gedirəm.
Olub-keçəni əynimdən,
gündüz-gecəni əynimdən.
Soyunub məni əynimdən,
özümdən çıxıb gedirəm.
***
AXTARIRAM(34)
Mən özüm-özümə yadam, gəzirəm,
gəzirəm dünyanı, atam, gəzirəm.
Dərdimi deməyə adam gəzirəm,
qəbrimi qazmağa yer axtarıram.
Mən gen yol tutmuşdum, cığıra çıxdı,
bu yol da axırki axıra çıxdı,
nə alıb satdımsa çıxara çıxdı,
mən beş itirmişəm, bir axtarıram.
Bu bəxtlə, qismətlə heçəm dünyada,
xoş günə tapmadım bir çəm dünyada,
bu dəli başımla sərsəm dünyada,
ocaq axtarıram, pir axtarıram.
***
SİZƏ ELÇİ GƏLDİ, BİZƏ AYRILIQ(35)
Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
Daha toy havası başında sənin,
yol gəldik şübhədən yalana qədər.
Ümidim hələ də can verməmişdi,
aşıqlar “vağzalı” çalana qədər.
Məni nə havada buraxıb getdin…
xar oldum obada, millət içində.
Mənim ciyərlərim alışınb-yandı,
sənin elçilərin şərbət içəndə.
Gəldi qapınıza gəlin maşını,
səni çöl çəkirdi, eşik çəkirdi.
Getdiyin yolların ayrıclarında,
mənim baxışlarım keşik çəkirdi.
Sənin getdiyin yol, uzaq yoldu ha…
günüm bahar görməz, işim qışladı.
Sən gəlin köçməyə hazırlaşanda,
mənim ümidimin köçü başladı.
… Daha xatirən də mənə uzaqdı,
gəlir qulağıma bir soraq kimi.
Gördüm bu “döyüşdə” məğlub olmuşam,
əlimi qaldırdım “ağ bayraq” kimi.
Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
***
BAKININ İYUL GÜNDILİYİ(36)
3 iyul…
Hava xəbərçisi
41 dərəcə isti elan edir Bakıda.
Bürküdən şəhərin nəfəsi təntiyib.
Qara qızıl axan damarlarında
tromblaşma yaranıb.
Ürəyi tıncıxır hərdən.
Rəngəbərəng maşınlar
həşərat kimi
daraşıb şəhərin canına.
Təkərlər sıxıb asfaltın
qanını çıxarır.
Maşınların üfürdüyü tüstüdə
şəhər boğulur.
Əli dəyənəkli yol polisləri
həşərat maşınları
şəhərin dadlı
nahiyəsindən qoruya bilmir.
Maşınlar şəhərin mərkəz
nöqtəsinə daşınır.
Yaxasına düymələnmiş
bəzəkli binaları
qoparıb dənizə
qaçmaq istəyir şəhər:
nəfəs dərməyə.
Ancaq sıx-sıx küçələrdən
keçə bilmir.
Hündür-hündür
binalarla şəhər "mıxlanıb
torpağa."
İnsafsız adamlar
evlərindən çıxanda
qapılarını kilidləyirlər şəhərin
üstünə.
Özündən çıxammır şəhər.
Bir yandan da metro tunelləri
havasını ciyərlərinə çəkir Bakının.
Və zavodlar boru ağzından
od püskürür şəhərin üzünə
Xəzərin bir addımlığında
istidən yanır Bakı.
İnsanların əməlindən qupquru
canını götürüb dənizə qaça
bilmir.
***
KƏNDDƏ VƏ ŞƏHƏRDƏ
DARIXMAĞIN ƏKS BƏRABƏRLİYİ(37)
Gülüzlüm, şəhərdə sənsiz
darıxmağa nə var ki,
burda zülmdü-
gül-çiçəkli dağ cığırında
adam ölür darıxmaqdan.
Burda otlar-çiçəklər,
arılar-kəpənəklər,
bənövşələr-böcəklər,
hər şey qoşulub adama
DARIXIR, darıxanda…
…Şəhər küçələrində nə var ki,
sənsiz darıxmağa…
olsa-olsa bir qəpiklik
hörməti olmayan
küçə itləri tək adam darıxar
şəhərdə
Bir də tinlərdə
veyillənən boş şirə qutuları tək…
və bir də dörd fəsli eyni donda
qarşılayan küknar ağacı kimi…
burda darıxmaq canlıdı:
çiçəklər,arılar, kəpənəklər
və bir də böcəklər kimi…
DARIXDIM…
***
QOCA ŞAİR VƏ VAXT...(38)
Qoca şair kürsüyə qalxdı,
şeir oxumaq üçün.
Sinə gərib kürsüyə
şeirin adını elan elədi:
“VAXT”
İlk misranı söylədi:
“Vaxt, artıq o vaxt deyil..”
Unutdu!
Udqundu!
Cibindən əlyazmasını çıxardı.
Eynəyini axtardı.
Əllərini sol cibinin, sağ cibinin
üstünə çırpdı:
özünü döyürmüş kimi.
Tapmadı.
“30-80″ adlı vaxt arasında
qalmışdı eynəyi.
Hər şeyə etiraz eləmək istədi,
qolları açılmadı.
Damarları “30-80″
yaş arasında daralmışdı.
İlk dəfə 50 il əvvəl
bu kürsüyə qalxmışdı,
30 yaşında: kağızsız,
eynəksiz...
Yenə də “VAXT”
adında şeir oxumaq üçün.
İlk misrası beləydi:
“İndi, çox gözəl vaxtdı”.
Kürsüyə elə qalxdı,
belə endi qoca şair.
…astadan tfu,
deyib vaxtın üzünə tüpürdü.
Mikrafon sirr saxlamadı,
səs salona yayıldı:
T F U U U…
***
BU KƏND...(39)
(Cavanları qazanc arxasınca yad ellərə üz tutan,
5-10 qarı-qocanın ixtiyarına qalan kəndin mənzərəsi)
Tin-tin, küçə-küçə qocalır
bu kənd,
üstündən, başından
yetimlik yağır,
damından-daşından
yetimlik yağır.
Küçələrin gözü yol çəkir,
bu kəndin itləri yad nəfəs
gəzir hürməyə...
Gedəni-gələni yoxdu
bu kəndin.
Burda qulaq batır
sükut səsindən.
Qonşu uşağın
ərköyünlüyündən beli əyilən
ağac çəpər,
indi olsa qulağına
səs təpər.
Hörümçəklər tor bağlayıb
qapıların kilid yerində.
Sükutdan rəngi solub,
boyası saralıb
pəncərələrin.
Qulağı bir addım səsinə təşnə.
Çox qoca görünür
bu kənd yaşından,
bu kəndin "cavanı"
yetmiş yaşında,
bu kəndin qocası yaşını
bilmir, itirib ağlını, huşunu,
bilmir.
Burda arzuları dəfn
eləyirlər,
başdaşı qoyurlar
xatirələrdən.
Burda ölüm dəbdə,
əcəl sevilən.
Bir-birə başsağlığı
verməzlər burda.
Qəbristanlıq böyüdükcə,
kənd kiçilir.
Bir gün bu kəndin girəcəyində
bir lövhə asılacaq:
burda insan yaşamır.
Sonuncu ölünü
Tanrı götürəcək yerdən!
***
OTEL OTAĞINDAN "REPORTAJ"(40)
...uzaqlardasan,
nə görüş vədi var aramızda,
nə də əlvida anı...
Uzun yolların əyninə biçilir
xəyallarım hər gün...
və ayrılıq rəngində
yuxular görürəm hər gecə.
...indi on ikinci otel otaginin
künc-bucağında
xatirələrimiz bar verir:
ayrılıq dadında.
...Səndən sonra ümidimin
şəkillərini cızdım otel
otağının divarlarına.
Şəkıllər ölmür axı.
Dön geri, şəkıllərin saglığına...
***
QADIN...!!!(41)
Həsrət yüklü
duyğularımın
dadını qaçırtdın....
Sən gələndən
hicran adlı hisslərimin
üzünə çıxa bilmirəm.
Bu xaraba qalmamışda
hamı ayrılıqdan danışır.
Mən nə deyim?....
Getməyəcəydinsə
niyə gəlirdin?
AYRILIĞIN
sevmədiyi QADIN...!
***
MESAJ ƏVƏZİ SƏNƏ
YAZILAN ŞEİR...(42)
...bir az içki düşkünüyəm,
niyə səndən gizlədim?
Fərq eləməz şərab olsun,
ya da sənin nəfəsin...
yatammıram nəfsimi
qurban verim yuxuya...
....UYUMUSAN?...
EŞİDİRSƏN?
bircə kəlmə söz deyim:
indi hava çox istidi,
üstü açıq yatmısan,
qoxun gəldi burnuma...
***
PAYIZ ADAM(43)
Payız adam,
bu fəsil sənin çiyinlərindən
nimdaş plaş kimi asılı qalıb.
Qış kürkünü görmədim.
Dörd ildi gözlərimdə
bir fəsildə qalmısan:
bomboz rəngdə.
Payız adam!
Bu fəsil əynində
köhnəldi sənin.
Ürəyinə qabqardığın
heydən düşmüş arzularınla
can üstə olan xatirələrinə
yol gedirsən,
hələlik...
Payız adam...
***
BİR DƏ ÜMİDİM YOX...(44)
Bir bahar mehi tək əsib getmisən,
Bütün gümanımı kəsib getmisən.
O axşam sən elə küsüb getmisən,
Bir də ümidim yox qayıtmağına.
Qal dedim, and verdim səni Allaha,
Baxmadın çəkdiyim həsrətə-aha.
Getdiyin yollara baxmıram daha,
Bir də ümidim yox qayıtmağına.
Dön gör ürəyimdə dərdim nələrdi...
Kim olsa yerinə vallah, gələrdi.
İndi güman yerim xatirələrdi,
Bir də ümidim yox qayıtmağına.
***
AYRILIQ HAVASI(45)
Son duamı oxudum
ayrılıqlar üzünə,
ayrılıqlar qibləsinə dayanıb.
Bütün ayrılıqların
səmti birdi:
ahı ürəkdən qopur.
...Ayrılıqlar oxudum,
bu aylı gecənin
səssiz xatirəsinə...
Ayrılıq duaları dəli
sevdaların
ruhuna bağışlanır.
Bütün ayrılıqların
qibləsi eynidi:
ağrısı soldan başlayır.
***
AY EV YİYƏSİ(46)
Qapını döyürəm, niyə açmırsan?
Gör gələn bir kimdi, ay ev yiyəsi.
Ürək eləmirsən yoxsa açmağa...
Nə adam döyənəm, nə də yeyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Kimim var, üz tutum qayıdım hara?!
Bəlkə də ölməyə gəlmişəm bura.
Bəlkə bir diləyə gəlmişəm bura,
Bəlkə bir sözüm var sənə deyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Məniydim sahibi o qızıl taxtın-
Tez düşdüm, qarğayım mən belə baxtı.
Kim döyər qapını bu gecə vaxtı?...
Mənəm belə dəli ürək yiyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Nəyim var ölçüdən, bölgüdən keçib,
Daha düşünməkdən, bəlkədən keçib.
Onsuz da mənimki sevgidən keçib,
Deyiləm heç kimə ta baş əyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
***
AĞDƏRƏNİN AĞ YOLUYA KƏLBƏCƏRƏ
GEDƏMMƏMƏK, AĞ BAYRAĞI QALDIRMAQDI!(47)
Mənim ağ yolum var,
Ağdərə yolu:
ağ günümə aparan yol.
Qara günüm ağarıbsa,
ağ günümün işığına
ağ yollarla getməliyəm...
Qara gündə, qarlı gündə
Murov mənə yol vermişdi
qaçıb gəlim.
İllərdi ki gözləyirəm
düz yoluma d ü z ə l m ə y ə.
Ağ yolları arzuladım,
ağ karvanım d ü z ü l m ə y ə...
Niyə dağa-daşa düşüm?
Özüm çox şeyi bilirkən,
sən deyəni başa düşüm...
Bu yurd mənim yurdumdusa,
qalib mənim ordumdusa,
mən ağ yola çıxmalıyam,
mən düz yolla getməliyəm.
Tunel çəkmək nəyə lazım,
"gündüz yolla" getməliyəm.
...Ağ gün üçün qorumuşuq,
ömrümüzdən qalan vaxtı.
Ağdərənin ağ yoluyla
Kəlbəcərə gedəmməmək,
ağ bayrağı qaldırmaqdı!!!
12.01.2021
***
ŞƏHİD SƏSİ(48)
(Vətən Şəhidlərimizin doğma ruhuna sayğıyla...)
O gün sükut xor oxuyurdu-sükut
o gün sükut xor oxuyurdu-qulaqbatıran
o gün bütün nəğmələr
səssizliyə köklənmişdi
bütün səslər sükut
nəğməsi oxuyurdu
səsi batan saatın
əqrəbləri səssiz çırpınırdı
bütün telefon zəngləri
səssizliyə qurulmuşdu
Qulaqlar səssizliyə şəklənmişdi
quşların səsi boğazına tıxanmışdı
bütün güllələr səssizliyə açılırdı
...Təyarələrin səsini buludlar;
maşınların səsini yollar;
qatarların səsini relslər;
gəmilərin səsini dənizlər;
çayların səsini daşlar;
arıların səsini çiçəklər;
vüsalın səsini
ayrılıqlar udmuşdu...
dalğaların səsini qağayılar;
qağayıların səsini
dalğalar udmuşdu.
...Dizə qədər sükuta batmışdı səssizlik
sonra bütün səslər açıldı
Sən bütün səslərin
ucalığındasan-sükut səsinlə, Şəhidim
bütün səslər batacaq-sənin səsindən başqa!
***
SÖZ VERİB GEDƏN OĞLAN(49)
"...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar, məni alan olmadı. Mən burdan o xanıma səslənirəm: -Gözəl insan, gözəl xanım, sən gecə-gündüz əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, səni axtarıb-tapıb mən özüm alacam", - deyən Şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə...
Savaşda Ana yurdun
dadına yetən oğlan.
Canı, qanı, ruhu,
varlığı-Vətən oğlan!
Vətənlə bir can oldun,
gülləyə nişan oldun,
sinəsi şan-şan oldun,
yaralı bədən oğlan!
-Onu alacam - dedin,
yalanmı çıxdı vədin?!
Niyə geri dönmədin,
dönmədin nədən, oğlan?!
O qız pozdumu andı,
kim deyir adaxlandı?!
Dönəcəksən - inandı,
söz verib gedən oğlan...
***
BAĞIŞLA, NƏ GÜNAHIM VAR...(50)
Bu gün hər bir qarabağlı, laçınlı, ağdamlı... ruhunun qibləsi olan doğma yurd yerinə dönməyə tələsir, o xoş günü səbrsizliklə gözləyir. Eləcə də mən...Bir ilə yaxındır ki, ürək əməliyyatı keçirmişəm. Son günlər çox narahatam. Ürəyimin məni yarı yolda qoyacağından qorxuram. Axı, Kəlbəcəri görmək arzum var...
Əcəldən macal istədim,
Kəlbəcərə gedənəcən!
"Mamır olub dağ-daşında,
qayasında" bitənəcən.
Bəy atamın, xan atamın,
yuvası viran atamın,
ruhu nigaran atamın
məzarından öpənəcən.
Min dərdim var, min ahım var,
güvəndiyim Allahım var-
bağışla, nə günahım var
əlim Ora yetənəcən.
13.12. 2020
***
QARABAĞ (51)
Torpağın elə dadlı,
suyun elə şirindi,
havan elə gözəldi,
daşın elə ağırdı-
düşüb dünyanın başına...
2020
***
MÜHARİBƏDƏN SONRAKI TORPAQ(52)
Köksünə basdırılan minalar
ürəyinin ritmini pozurdu Ana torpağın.
Hər mina çıxarılanda
elə bil ürəyindən tikan çıxarılırdı.
Göz-göz yara kimi görünürdü
sinəsində minaların yeri.
...İndi doğma nəfəsdən
canı isinir Ana torpağın:
iyirmi səkkiz iliydi
döl verməyən qısır bətnində
ah göyərirdi.
2020
***
BİLDİYİMİZİN TƏKRARI...(53)
...dünya məzə yeriymiş,
məzələnib gedirik.
Bələkdən kəfənəcən
çözələnib gedirik.
Xeyrin də, şərin də
kökü var ey...dərində.
Dünya durur yerində-
biz, ələnib gedirik.
Yola düşdüsə qatar,
kim gecikər, kim çatar.
Geyinib kəfən-paltar
təzələnib gedirik...
***
KƏLBƏCƏRDƏ GÖRDÜKLƏRİM...(54)
(Qaracaoğlan sayağı)
Of, içimdə dağ azarı,
üz tutmuşam dağa sarı.
Sərt qayalar - dağ hasarı
zirvələnir yollar boyu.
Qırağında ocaq daşı,-
nə gur yanır, ocaq - daşır.
Çəmən - çiçək ocaqlaşır
zər ələnir yollar boyu.
Misqal-misqal sıxıb balı,
min çiçəkdən sağıb balı,
arıya bax, yığıb balı
şələlənir yollar boyu.
Moruq tutub dərələri,
kim yığa, kim dərə, ləli?!...
Sular axır - dərə ləli
şirələnir yollar boyu.
Bir yol axtar, cığır ara,
bu yol gedib çıxır hara...
Çəhlimlərə, cığırlara
gül ələnir yollar boyu.
Daş ağıllar, qalacıqlar,
mən gedirəm, qalacaqlar.
Cərgə-cərgə alaçıqlar
binələnir yollar boyu.
***
TƏSƏLLİ(55)
(Ürəyimlə dil tapa bilmədim. Məni əməliyyat masasına qədər apardı)
Səni qınamıram, səni, ürəyim,
dəmir deyilsən ki, daş deyilsən ki?!...
Ağrıyla, acıyla silələnmisən,
necə dözməliydin, boş deyilsən ki?!...
Üstündən bir qoşun dərd ötürmüşəm:
vaxtsız ata dərdi, torpaq itkisi.
Dizini qırmağa bəs elədi, bəs-
adını çəkdiyim dərdin iksi...
Sonra sıralandı itirdiklərim,
sonra nələr oldu, nələr yaşadım...
Əlimi yelləyib ötürdüklərim-
qənimim oldular illər - yaşadım.
...Gözüm görə - görə nuş elədilər,
qanımı içdilər qansız adamlar.
Məni yüz ağrıya tuş elədilər,
bu ruhsuz adamlar, cansız adamlar.
Canımda ağrını daha çoxaltdı,
bir naşı həkimin yazdığı dərman.
Yüz qaysaq yaramı yenə qopartdı,
bir nadan hakimin verdiyi fərman.
...Gözümdə, könlümdə qışlayan ağrı,
həsrətdən sinəmə min "naxış" vurdu:
Dərbənddən, Təbrizdən… başlayan ağrı,
göynəyən ruhumda bir yuva qurdu.
…Ağrı yetişdikcə göynəyir s i n ə,
kədər şirin-şirin yeyir ü r ə y i.
Hərdən də təsəlli verirlər mənə:
-xəstə olmalıdı şair ü r ə y i.
Yanvar 2020
***
PAYIZ NAĞILI(56)
Elə ki payız gəldi-
yenə soyuq, darıxmaq...
Yenə sözümə baxmır
bu ürək ey, bu "axmaq"...
Yarpaqlar veyillənir
tinində küçələrin.
Payız ömrü uzanır
bu qərib gecələrin.
Yavaş-yavaş çəkilir
arılar öz "evinə".
Payız "soğan doğrayır"
kəpənəyin kefinə.
Göydə köçəri quşlar
buludlarla yarışır-
yuyur göyün üzünü,
yuyur payız yağışı.
Cığırlar mürgü döyür,
yol özünə sığınır.
Gedib qonaq-qarası,
kol özünə sığınır.
Sarı yarpaqdan geyib,
böcəklər qış kürkünü.
Durnaların başlayıb
uzaqlara "sürgünü".
...Uzun payız gecəsi
təşnəsiyəm nələrin...
Boyunu oxşayıram
uzaq xatirələrin...
***
BİRNƏFƏSLİK ŞEİR...(57)
Zəng elədim!
İçində
çiling-çiling
olmuş səsini
calayıb
birtəhər
cavab verdi.
Qırıq və
yamaqlı səsiylə
“yaxşıyam” və
“sağol”
sözünü dedi.
...İçinin dərinliklərində
nəfəsi kəsilmişdi
darıxan ADAMIN!
***
ADAM(58)
Bu gidi dünyanın hər üzünə bələddi, “İpinin üstünə odun yığmaq mümkün olmadığını” məndən yaxşı bilir əziz dostum, dəyərli söz adamı Famil Müseyibov. Zaman-zaman həm də bəzi doslarının dönüklüyünü çox görüb. Ona görə də heç nədən, heç kimdən küsüb-incimir. Ancaq özündən gileylənir. Xeyli müddətdi öz iç dünyasına çəkilib, onu sevən dostlarını susmaqla cəzalandırır. Qeyri-standart düşüncələri, fərqli xarakteri, necə deyərlər, öz ölçü-biçi meyarı var. Hər adama yovuşmur, buna can da atmır. Qılıq-zad da onluq deyil.
Ukraynada yaşayan dostumla ara-sıra telefon danışığımız olur. Səhhətində baş verən kiçik problemdən sonra nitqində qüsur yarandığını israrla boynuma qoymaq istəyir və bundan utandığını dilə gətirir. Ancaq dost olaraq mən bunu hiss etmirəm.
Bu kiçik şeirə müqəddimə yazmasaydım, oxucumuz söhbətin nədən getdiyini bilməyəcəkdi. İfadələrimin bəzilərində ərk eləmişəm, Famil müəllim bağışlayar yəqin...
Tanrı duasıyla baş-başa qalan,
ruhu sevdalara köklənən Adam.
Bütün doğmaların-dostun içində-
ancaq öz köçündə təklənən Adam.
Hərdən bu dünyadan bezən, usanan,
əli qürbət yerdən yurda uzanan.
Bəzən öz halından özü “utanan”,
bütün sevgilərdən *şəklənən Adam.
Sözə adaxlanan, şeirə vurulan,
vaxtın axarında axan, durulan.
Ömrü dolaylardan keçib, yorulan
yolu “yoxuşlara” diklənən adam!
Göynək ağrılara ruhu tən olan,
zaman dəyirmandı – günü dən olan.
And yeri bir Tanrı, bir Vətən olan,
dəli duyğularla yüklənən Adam
*Şübhələnmək, inanmamaq…
***
İKİNCİ ETİRAF(59)
Yenə doyunca vurdum
sənsizliyin sağlığına...
Nə yeyib, nə içdimsə və
nə düşündümsə
geridə izi qaldı:
yarımçıq pivə bakalı,
bir az
saçaqlı pendir,
"cipsi" ovuntuları,
xəyal qırıntıları,
bir də bir udum həsrət.
Sərxoşam indi,
yenə unutdum səni...
Ayılanda...
***
BİR UDUMLUQ ŞEİR...(60)
Səni payızda sevdim,
“ayrılıqlar ayında”.
Ayrılığın qorxusu
canımdan çıxdı,
“oxay”.
Yəqin biz ayrılanda
başqa aylar olacaq-
“ayrılıqlar ayları”.
Səni payızda sevdim-
ürəklər sevgi barını
ayrılığa satanda:
mənim Payız sevgilim!
***
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar