Xəbər lenti
d
Namiq Dəlidağlının ağ ümidli ağ karvanı… “Əllidən ələnənlər”…1970-ci ildə Kəlbəcər rayonunda bir payız günündə dünyaya gələn, doğulduğu torpağın havasına, suyuna aşiq olan şairin həyat hekayəsidir. Şair duyğularını, zaman-zaman yaşadığı anları, hisslərini, sevincini, kədərini, sevgisini, həsrətini, acılarını qəlbində, bütün hücrələrində daşıyaraq zamanı gəldikcə sözlərə çevirmiş, qəlbə işləyən, həssas, kövrək şeir nümunələri ortaya qoymuşdur. Şeirlərini dünyaya gətirmək üçün şair öz təbi ilə, hissləri ilə tənhalığa, xəlvətə çəkilərək macəra dolu eşq yaşayır: Şeir yazanda istəmirəm kimsə məni görsün. Sözləri mızıldaya-mızıldaya təkrarlayanda kimsə eşitsin. Mən təbimlə macəra dolu eşq yaşayıram şeir yazanda. Hamıdan gizlənirəm, hamidan utanıram o an… Sonra şeir doğulur. Şeirin də xoşbəxti, bədbəxti olur, yaşayanı da var, öləni də. On bir yaşında atasızlığın acısınsını dadan şair atasının gecə gəlmiş ruhunu ən əziz qonaq kimi qarşılayır: Bu gecə atamın ruhu qonağım, bu gecə ən əziz qonağım gəlib. Bütün qonaqların şahı qonağım- Mənim arxam gəlib, dayağım gəlib Uşaqlıq illərindən atasını itirdiyindən atasından doymayaraq ayrılan, doyunca “ata” kəlməsini işlətməyən, göz yaşları ilə bu yanğını “soyudan” şair: Atalı günümün düşüb söhbəti məni ovunduran göz yaşım olub… Ata dərdi, intizarı, həsrəti mənimlə doğulub, yaşdaşım olub,- deyərək özünə təsəlli verir. Atasızlığın acısı bitməmiş erməni işğalçıları tərəfindən dogma yurdundan zorla qoparılan, 30 il doğulduğu torpaqlara həsrət qalan Namiq Dəlidağlı güllülənmiş güllərin xatirəsinə: Gülü güllələndi, çiçəyi öldü, yarpaği qurudu, ləçəyi öldü, Dağların ən gözəl göyçəyi öldü, nə ağır yas düşdü dağlara, qardaş, - deməklə üzlərdən gülüşü silən müdhiş qətliamın kədərli havasını qəlbinin simlərində yanğılı şəkildə çalaraq bizə çatdırmağa çalışır. Yarını itirdi, yarı ağladı, üz tutdu dağlara sarı ağladı, kəpənək ağladı, arı ağladı, nə ağır yas düşdü dağlara qardaş. Şəhərin maşınlar şütüyən səs-küylü asfalt küçələrində yaşamaq məcburiyyəti yurduna dönə bilməyən şairi anasının qarşısında da “üzüqara” edir. O “Səni Kəlbəcərə aparammıram” şeirində: Nə umub küsürsən, qurbanın olum, bağlanıb bənd, bərə aparammıram. Məndə təpər yoxdu, düşməndə insaf, incimə boş yerə, aparammıram, -deyib anasına etiraf edir. Söndü o yuvanın odu, ocağı, Yoxdu bizdən daha bir umacağı, unut Dəlidağı, “Novlu bulağ”ı, öyrən bu şəhərə aparammıram,- demək doğrudan da çox ağrılı və əzab vericidir. Vətən yolunda canından keçən, öz doğmalarını vətənə əmanət edib düşmən üzərinə yürüyən aprel şəhidlərimizin əziz xatirəsinə: …Əsgər məktublarını kol dibində nərgizlər, bənövşələr oxudu, kəlmələr qan qoxudu,- deyib ağı deyən şair təsəllini qələbədə görür: Ancaq ağrıma belə…, itirdiyin torpaqdan canına can calandı, canına qurban Vətən… …Sənin sağalmağının bir yolu, bir çəmi var, sənin yaralarının bircə məlhəmi var: onun adı SAVAŞdı – onun adı QƏLƏBƏ… Gözlərini qan tutmuş qəlpələr dəydi sənə, gözü çıxsın yağının… Zaman keçdikcə acı üstünə acı, ağrı üstünə ağrı, ayrılıq üstünə ayrılıq yaşamaq, ayrılıq havasına köklənib ah çəkən şairin ayrılıq qibləsi olan qəlbi artıq ağrılar qarşısında acizdir: Son duamı oxudum ayrılıqlar üzünə. Ayrılıqlar qibləsinə Dayanıb. Bütün ayrılıqların səmti birdi, ahı ürəkdən qopur. ...Ayrılıqlar oxudum, bu aylı gecənin səssiz xatirəsinə... Ayrılıq duaları dəli sevdaların ruhuna bağışlanır. Bütün ayrılıqların qibləsi eynidi: ağrısı soldan başlanır. Payızda doğulmaq belədir, şair. Payızda doğulmaq, payızın ruhunu özündə daşımaq, “Payız adam”ı olmaq deməkdir: Payız adam! Bu fəsil əynində köhnəldi sənin. Ürəyinə qabardığın heydən düşmüş arzularınla can üstə olan xatirələrinə yol gedirsən Bu yol – gecələr ağ yuxularda, ağ arzularla işıqlanmış yolda yürüyən ağ karvana qoşulan şair ruhunu üzü Qərbə -Kəlbəcərə aparan ağ yola çevrilir: Ağ dəvələr ağ gecədə Ağ yollarla yön almışdı üzü Qərbə. Ağ yuxular, ağ arzular çin olmuşdu bu ağ gecə. Bir ağ karvan yol gedirdi ağ günlərin işığına ...Ağ ümidlər, ağ gümanlar Ağ dağlara aparırdı ağ karvanı. Bu gecənin ağ həsrəti, Ağ hicranı əriyəcək. Ağ vüsala qovuşacaq bu ağ karvan. Şeirinin son misralarında : ...Bu bir ağ nağılıydı, bu nağılda ağ elədim, buna heç kim inanmaz. -deyən Namiq Dəlidağlının ağ yuxaları çin oldu. O, əlçatmaz arzu kimi sayıb isindiyi, ...xatirələrim bağımızdakı alma ağaclarının budaqlarından, alça ağaclarının çiçəklərindən asılı qaldı. Bir də atamın məzarına qısılı qaldı,- desə də ağ ümidlərini itirməyən şair, xatirələrini yığmaq üçün bir gün geri dönəcəyinə inanır, bu inamla: Bir gün geri dönəcəm xatirələrimi yığmaq üçün- alma ağaclarının budaqlarından, alça ağaclarının çiçəklərindən. Sən yuxularında ağ etməmişdin, şair, viran qalmış, bacası dağılmış yurduna, ata ocağına çatanda da bilmədin sevinəsən, yoxsa ağlayasan. Sevinclə yasın həyəcanını daşıyan qəlbin yorulmasın, çünki atanın ocağı səninlə təsəlli tapır: Sən o evin sütunusan.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar