Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Heç Kəramət bunu mənə etməmişdi, deputatımız etdi... – Sevil Gültəndən ağrılı sözlər

Tarix: 20-09-2019 12:38     Baxış: 4220 A- / A+
Heç Kəramət bunu mənə etməmişdi, deputatımız etdi... – Sevil Gültəndən ağrılı sözlər

Mən məmurlarun qəbuluna düşüb onlardan nəsə xahiş edən insanlardan deyiləm. Nədənsə bu ilin may ayında deputat Rafael Hüseynovun bir statusunu oxuyandan sonra onun qəbuluna düşmək, daimi işə düzəlməkdə mənə, qızlarıma kömək etməyini xahiş etməyi qərara aldım.

Manevr.az bildirir ki, bu sözləri qaynarinfo-ya tanınmış tərcüməçi Sevil Gültən işsizlikdən, ağır sosial vəziyyətindən danışarkən deyib. O, deputatla görüşməyə qərar verməsini onun ədəbiyyat adamı olması ilə əlaqələndirib:

"Düzdür, deputatın vəzifəsi kiməsə iş tapmaq deyil. Çox güman ki, belə qərar verməyimə səbəb onun ədəbiyyat adamı olmağı idi. Qəbula yazıldım. Məni çox yaxşı qarşıladı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsinin sifarişi ilə ingilis dilinə tərcümə etdiyim
"Erməni əsirliyində” kitabını, eləcə də Azərbaycan dilinə tərcümə etdiyim bir neçə bədii kitabı da özümlə götürdüm. Məni çox yaxşı qarşıladı, sadə, səmimi. Tərcümə etdiyim kitabların siyahısına baxıb heyrətləndi. Kiçik qızımın anadangəlmə göz qüsuru olduğunu bildirdim, əlavə etdim ki, qızım gözlərinə ciddi təsir edən işdə çalışır, xahiş edirəm, ona uyğun iş tapmaqda, mənimsə daimi bir işə düzəlməyimə kömək etsin. Bu vaxt Rafael müəllim daha sadə addım atdı. Mənim telefonumla qızımla danışdı, necə bir işdə işləmək istədyini soruşdu. Sevincimin həddi-hüdudu yox idi. Gözlərimə, qulaqlarıma inana bilmirdim. Ondan xahiş etdim ki, xalq yazıçısı Anarla mənim barəmdə söhbət etsin. Bildirdim ki, dövlətin AYB-yə ayırdığı puldan mənə aylıq qonorar verilsə, ədəbiyyatımızın layiqli nümayəndələrinin əsərlərini ingilis dilinə tərcümə edərəm”.

Sevil xanım bundan sonra baş verənləri, qəbulun nəticələrini də danışıb:

"Bir gün kirayə qaldığımız evə məktub gəldi ki, deputat mənimlə bağlı Tərcümə Mərkəzinə məktub yazıb. Tərcümə Mərkəzindən Vilayət Hacıyev mənə zəng etdi. Getdim. Vilayət müəllim mənə dedi ki, mərkəzdə tərcüməçi ştatı yoxdur, ekspert ştatı var. Yəni iki cüt-bir tək kitab tərcümə edənlər ekspert ştatında işləyə bilər, mən yox. İnanın, hətta korrektor ştatında işləməyə razı olardım. Bu fikrimi də bildirdim. Sözsüz, "yox” cavabı aldım.
Yəqin maraqlanırsınız ki, bütün bunları indi niyə deyirəm? Dünən səhər Rafael Hüseynov mənim sevimli müəllimim İsmixan Rəhimov haqda status yazmışdı. Mən də rəy yazıb İsmixan müəllimin mənim bacarığıma necə qiymət verdiyini, hətta xəbərim olmadan mənim tərcümə hekayəmi "Dünya” (II) tərcümə almanaxında çap etdirdiyini, qonorar almaq üçün məni "Yazıçı” nəşriyyatına göndərdiyini yazdım. Əlavə etdim ki, İsmixan müəllimin tələbəsinə, yəni mənə, Sevil Gültənə adi bir korrektor ştatına işə düzəltməkdə kömək etmək onun ruhuna hörmət olardı.
Mənim "sadə, səmimi” hesab etdiyim Rafael Hüseynov rəyimə cavab yazıb ki, tərcüməçi üçün əsas şərt yaşdır, eləcə də bütün insanlar üçün yaddaşın vacib olduğunu xatırladıb. Bir sözlə, məni unutqanlıqda günahlandırır. Yazıb ki, mən onun qəbulunda olarkən hansısa özəl nəşriyyata zəng edib. Tərcüməçi üçün əsas şərtin yaş olduğunu deyən deputata etiraz etmək istədim. Rəy yazdım ki, qətiyyən elə deyil, tərcüməçinin gücü onun təcrübəsindədir. Şəxsən mən 15 il bundan qabaq azərbaycancadan ingiliscəyə gün ərzində üç səhifəlik mətni güclə edirdim. İndi isə, 58 yaşımda bir günə 15 səhifə tərcümə edə bilirəm. Şübhəsiz, təcrübəm sayəsində. Rəy yazıb ona xatırlatmaq istədim ki, o həmin özəl nəşriyyata qızım Gültənə görə zəng etdi. Amma zəng etdiyi nömrə bağlı oldu.
Nə isə. Heç bir təhqiredici sözdən istifadə etmədən yuxarıda yazdığımı ona da yazdım. Di gəl, rəyim çap olunmadı. Mənə nə məlum olsa yaxşıdır? Bizim deputat məni nəinki dostluqdan silib, hətta bloka atıb. Doğrusu, bu hərəkəti heç ondan gözləməzdim. Hətta Kəramət Böyükçölü tənqid etsəm də, o heç vaxt məni bloka atmayıb. Bu qənaətə gəlirəm ki, Rafael Hüseynov mənim haqlı olduğumu çox yaxşı bildiyi üçün bu addımı atıb. Məni bloka atmaqla haqq sözü eşitmək istəmədiyini bəyan edib.

Tərcüməçi üçün əsas şərtin cavan yaş olduğunu deyən ədəbiyyatçı-alimə demək istərdim ki, ola bilər, o məni çox qoca hesab edib. Vallah, cəmi 58 yaşım var. Son dəfə özümə nə vaxt təzə paltar aldığımı unutmuşam. Bəlkə geyimimə, heç vaxt rəngləmədiyim saçıma əsasən məni 70 yaşda hesab edib. Qoy hörmətli Rafael Hüseynov ona bağışladığım "Erməni əsirliyində” kitabını bir cavan tərcüməçiyə versin. Həmin tərcüməçi o kitabı 10 günə Azərbaycan dilində güclə oxuyub bitirər, nəinki 320 səhifəlik çətin kitabı 25 günə inglis dilinə tərcümə edər. Elə bilirdim o kitabı səhifələyəndə necə böyük iş gördüyümə bir daha əmin olub mənə iş tapmaq üçün var gücünü əsirgəməyəcək! Heyif onun necə sadə, səmimi insan olmağına olan inamımdan!”

Xatırladaq ki, Sevil Gültən 1978-ci ildə Xarici Dillər İnstitutunun ingilis-dili fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirib. Hələ tələbə vaxtından bədii yaradıcılıqla məşğuldur. 1987-ci ildə ailə qurub. Həyat yoldaşı 2003-cü ildə dünyasını dəyişib. Yasəmən və Gültən adlı iki qızı var. "Küsüb getmək istəyirəm dünyadan”, "Ürəyimin göz yaşları” adlı şeir kitablarının, "Uşaqlıq illərimin şəkiləri” adlı esselər kitabının müəllifidir. İngilis dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ingilis dilinə çoxlu sayda kitablar tərcümə edib. Eləcə də, "Kaspi”qəzetində esseləri, tərcümə etdiyi 140-dan çox hekayələr çap olunub. Tərcümə ilə bağlı məqalələri, şeirləri, tərcümələri "525-ci qəzet”də, ” Ulduz” və "Azərbaycan” jurnalında işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar